Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qədim Naxçıvan torpaqlarının altı xəzinə, üstü cənnətdir
Naxçıvan MR-in özünəməxsus iqlim şəraiti vardır. Bu iqlim özünün kəskin kontinentallığı ilə Azərbaycanın digər ərazilərinin iqlim xüsusiyyətlərindən fərqlənir.

Ekoloq Ə. M. Şıxlınski Naxçıvan MR-in iqlimini tədqiq edərək, burada üç iqlim tipi ayırmışdır ki, onun da yalnız biri Arazboyu maili düzənliyə aid edilib.

Orta Arazboyu düzənlikdə yayı quraq keçən soyuq yarımsəhra və quru çöl iqlim tipi hökm sürür. Bu iqlim tipi Muxtar Respublikada 1000-1200 m yüksəkliyə qədər olan ərazini əhatə etməklə, az və zəif nəmlənmə şəraiti ilə, sərt və qarlı qışı ilə səciyyələnir. Burada günəşli saatların illik miqdarı 2600-2800 saat, günəş radiasiyası isə 140-160 kkal/ sm2 –dir. Muxtar Respublikada təbii şəraitin mürəkkəbliyi Arazboyu düzənlikdə və dağətəyi zonada iqlimin sərt və quraq keçməsi ilə nəticələnmişdir. Yəni Arazboyu düzənlik hər tərəfdən dağlarla əhatə olunduğundan regionun digər ərazilərindən fərqli olaraq burada iqlim tipi kəskin kontinentallığı ilə seçilir. Əraziyə daxil olan hava kütləsi düzənlik üzərində uzun müddət qala bilir. Bunun nəticəsində temperaturun yayda həddən çox yüksəlməsinə, quraqlığın yaranmasına və qışda isə havaların kəskin soyumasına, güclü şaxtaların yaranmasına gətirib çıxarır. Çoxillik müşahidələrdən aydın olmuşdur ki, Arazboyu düzənlikdə temperatur yayda 40-43°C, qışda isə –32°C-yə qədərdir.

Naxçıvan Muxtar Respublikasında 200-dan artıq mineral bulaqlar vardır. Onların əksəriyyəti Şərqi Arpaçay, Naxçıvançay, Əlincəçay, Gilançay, Ordubadçay və Qaradərə ilə Əyilis çaylarının vadilərindədir.

Naxçıvan möcüzələri

Ərazidəki mineral bulaqlar ən qədim geoloji dövrlərin süxurlarından (onların yaşı 400 mln.-700 min il arasındadır) çıxırlar. El arasında yerin təkindən çıxan qazlı sulara “Tanrı möcüzəsi” kimi inam gətirilərək, “yel suyu”, “sirli su”, “şor su” və başqa adlar deyilmişdir. 1843-cü ildən başlayaraq bu cür sular diqqəti cəlb etməklə sonrakı əsrlərdə mükəmməl öyrənilmişdir. Naxçıvan çuxurunda olan mineral sular 6 tipə, 16 sinfə və 33 növə ayrılmışlar. Suların 98 %-i karbon qazlı olub, hidrokarbonatlı mineral sulara aiddir. Təbii mineral suların temperaturu +8-22 Cº arasındadır. Sirab və Darıdağdakı mexaniki üsulla qazılmış borularla çıxan mineral suların temperaturu isə +50-60 Cº arasındadır. Ekoloq Firuz Bağırovun araşdırmalarına əsasən,bütün Azərbaycanda olan mineral suların 35 %-i Naxçıvan Muxtar Respublikası ərazilərindədir. Mineral suların ion tərkiblərində Ca (kalsium) qələvilər, Na+K və Mg kationları ilə birlikdə HCO3 (hidrokarbonat), SO4 (sulfat) və Cl (xlor) anionları da vardır.

Naxçıvan MR-da mövcud mineral bulaqlarından gün ərzində (sutkada) 24 milyon litr su axıb gedir. Culfa rayonunda 85 mineral bulaq (onlardan 42-si mexaniki üsul ilə qazılmışdır), Ordubad rayonunda isə 29 mineral bulaq vardır. Darıdağ mineral bulaqları qurupundan sutkada 3125783 litr termal mineral su axıb gedir. Həmin suların bir neçəsi fontanla yer səthinə çıxırlar. Darıdağ mərgümüşlü mineral suları, dünyada məşhur olan İtaliyadakı “Cənubi Tirol”, “Ronçenyo”, Fransadakı “Lua-bulbul” mərgümüşlü mineral sularından istər keyfiyyət və istərsə də çıxma debütünə görə çoxdur.

Muxtar Respublikanın su ehtiyatları

Naxçıvan Muxtar Respublikasında səth sularının əsasını çaylar və göllər təşkil edir. Muxtar Respublika səth sularının ehtiyatına görə Azərbaycan Respublikasının digər ərazilərindən geridə qalır. Belə ki, ərazidə Araz çayı itisna olmaqla səth suları il ərzində 0,61 km3 təşkil edir. Naxçıvan Muxtar Respublikasında çay şəbəkəsi bərabər inkişaf etməmişdir. Naxçıvançaydan qərbə olan zonada çay şəbəkəsi olduqca zəifdir. Ondan şərqdə isə Zəngəzur dağlarından axan çaylar nisbətən sıx şəbəkə təşkil etsə də həmin çaylar az suludur. Professor S. H. Rüstəmovun hesablamalarına görə ərazinin əsas çaylarının ümumi uzunluğu 1750 km, çay şəbəkəsinin sıxlığı isə 0,33 km/km2 -dir.

liyi suvarmasız təsəvvür etmək qeyri mümkündür. Bununla əlaqədar olaraq çay sularından istifadə etmək üçün Muxtar Respublikada suvarma sahəsində bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, mühüm əhəmiyyət kəsb edən çaylar üzərində müxtəlif həcmdə su anbarları və sututarlar yaradılmış, kanallar çəkilmiş, su nasos stansiyaları tikilib istifadəyə verilmişdir. Nisbətən yaxşı inkişaf etmiş çay şəbəkəsi, Naxçıvançaydan şərqə olan regionu, yaxud Zəngəzur silsiləsinin cənub-qərb yamaclarından axan çayları əhatə edir. Onun inkişafına mürəkkəb kompleks fizikicoğrafi amillər təsir göstərir ki, bu da öz növbəsində çay hövzələrinin yüksəklik vəziyyəti ilə əlaqədardır. Yüksəkliyin çoxalması ilə çay şəbəkəsinin sıxlığı da artır.

Naxçıvan Muxtar Respublikasında olan təsərrüfatlardakı əkin yerlərini suvarmaq məqsədi ilə irilixırdalı otuza qədər su hövzələri vardır. Naxçıvan MR Meliorasiya və Su Təsərrüfatı Agentliyinə məxsus təbii və süni yolla yaradılmış göllərin təsnifatı aşağıdakı kimidir.

1) Göygöl-təbii olaraq okean səviyyəsindən 3065m. yüksəklikdədir. Su tutumu 9,75 min m³, sahəsi 15 hektar

2) Salvartı-təbii olaraq okean səviyyəsindən 2849m. yüksəklikdədir. Su tutumu 1,0 milyon m³, sahəsi 3,2 hektardır.

3) Qanlı göl-suni olaraq tikilərək 1965-ci ildə istifadəyə verilmişdir. Okean səviyyəsindən 2420m. yüksəklikdədir. Su tutumu 1,0 milyon m³, sahəsi 0,10 kvadrat kilometrdir.

4) Batabat gölü I-suni olaraq tikilərək 1951-ci ildə istifadəyə verilmişdir. Okean səviyyəsindən 2113m. yüksəklikdədir. Su tutumu 1,0 milyon m³, sahəsi 0,18 kvadrat kilometrdir.

5) Batabat gölü II-suni olaraq tikilərək 1953-cü ildə istifadəyə verilmişdir. Okean səviyyəsindən 2110m. yüksəklikdədir. Su tutumu 1,0 milyon m³, sahəsi 0,7 kvadrat kilometrdir.

6) Batabat gölü III-suni olaraq tikilərək 1955-ci ildə istifadəyə verilmişdir. Okean səviyyəsindən 2109m. yüksəklikdədir.

7) Araz dəryaçası- 1971-ci ildə Araz çayı üzərində tikilmiş Araz SES (gücü 20 MQW) nəticəsində suni sürətdə yaradılmışdır. Okean səviyyəsindən 777m. yüksəklikdədir.

8) Arpaçay dəryaçası-1977-ci ildə Arpaçayı üzərində tikilmiş bənd nəticəsində suni surətdə yaradılmışdır. Okean səviyyəsindən 959m. yüksəklikdədir. Su tutumu 140-150 milyon m³, sahəsi 6,30 kvadrat kilometrdir.

9) H. Əliyev adınaVayxır dəryaçası-1999-cu ildə Naxçıvan çayının üstündə qurulmuş bənd nəticəsində suni surətdə yaradılmışdır. Okean səviyyəsindən 1147m. yüksəklikdədir. Su tutumu 100 milyon m³, sahəsi 4,54 kvadrat kilometrdir.

10) Bənəniyar gölü- 1987-ci ildə tikilmiş, Əlincə çayı ilə doldurulur. Okean səviyyəsindən 1200m. yüksəklikdədir. Su tutumu 19 milyon m³, sahəsi 6 min hektardır.

11) Uzunoba gölü-1961-ci ildə tikilmiş, Naxçıvan çayının suyu ilə doldurulur. Okean səviyyəsindən 1000m. yüksəklikdədir. Su tutumu 8,5 milyon m³, sahəsi 1,2 kvadrat kilometrdir

Naxçıvan Muxtar Respublikasında onlarca mədəni bitkilər, taxıl bitkiləri, nişastalı bitkilər, şəkərli bitkilər, zülallarla zəngin bitkilər, tərəvəz və bostan bitkiləri meyvə və giləmeyvələr, dərman və ədviyyat bitkiləri ilə zəngindir. Naxçıvan Muxtar Respublikası ərazisində nadir bitkilər vardır ki, onların əksəriyyətindən dərmanlar hazırlanılır. Naxçıvandakı xalq təbabəti min illərdir ki, ayrı-ayrı “türkə çarəçi”lər tərəfindən sınaqdan çıxarılmışdır. Naxçıvan Elm Mərkəzinin Şıxmahmuddakı nəbatət bağında bir çox faydalı dərman bitkiləri ilə yanaşı bəzək bitkilərini də əkib becərirlər. Arxeoloqlar sübut etmişlər ki, ibtidai insanlar bu ərazilərdə məskunlaşmışlar. Ordubad rayonundakı Gəmiqaya rəsmləri (petroqrifləri) bunu bir daha göstərir ki, ərazidə Erkən Tunc dövrlərində mədəni insanlar yaşayaraq təsərrüfatla məşğul olmuşlar. Naxçıvan diyarı tarix boyu yadelli işğalçılar tərəfindən dağıdılaraq tarixi abidələrlə yanaşı təbii sərvətləri də talan olunmuşdur. Naxçıvan diyarı təbii sərvətlərlə zəngindir. Ərazidə çaylarla göllər və kəhriz suları əkinçilik mədəniyyətinin inkişaf etdirilməsində əsas rol oynayır. Naxçıvan diyarında yer altında bir çox mineral xammal çıxarılaraq iqtisadiyyat inkişaf etdirilir. Akademik Həsən Əliyevin sözləri ilə desək, “Saf su, bol günəş, quru iqlim, təmiz hava və ləzzətli meyvələr təbiətin Muxtar Respublikaya bəxş etdiyi zəngin sərvətidir. Həmin sərvətin qədrini bilmək və ondan səmərəli istifadə olunmasını təmin etmək isə bizim borcumuz və vəzifəmizdir”. 1990-cı ildən Muxtar Respublikanın bir sıra sərhəd əraziləri Ermənistan silahlı qüvvələri tərəfindən ələ keçsə də dözümlü və səbirli naxçıvanlılar müqəddəs Vətən torpaqları uğrunda düşmən qarşısında igidliklə dayanmışlar. Ərazi blokada şəraitində olsa belə naxçıvanlılar nikbinliklə yaşayaraq təbii sərvətlərini qoruyaraq, onlardan səmərəli surətdə istifadə etməyi bacarırlar. Naxçıvanda kənd təsərrüfatı sahələrini inkişaf etdirmək üçün sahibkarlara geniş imkanlar yaradılmış, torpaq və sulardan səmərəli istifadə olunmaqla məhsuldarlığın artması ilə təbiətin qorunmasına diqqət artmışdır.

Burda yerin altı da, üstü də xəzinədir. Bu dəyərli sərvəti gələcək nəsillərə çatdırmaq üçün Muxtar Respublikada lazımi tədbirlərin görülülür və bunu görmək ölkə vətəndaşı olaraq bizləri fərəhləndirir.

Son xəbərlər
Bütün xəbərlər »