Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qədim Naxçıvanın füsunkar təbiəti və təbii sərvətlərinin mühafizəsinin təşkili
Yolumuz qədim Naxçıvan ellərindən düşdü bu günlərdə. Naxçıvana deyil, cənnətə, Nəqşi cahana ayaq basdım bu səfərlə.

Təbiət gözəlliyinə biganə qalmayan hər kəsi özünə heyran buraxır bu füsunkar diyar.

Qədim Naxçıvanın təbiətini fərqləndirən əsas xüsusiyyətlərdən biri onun rəngarəngliyidir.Burada təbiət dəyişkən, canlı, dinamikdir, hər addımda yeni mənzərə ilə qarşılaşırsan. Yaxın məsafədə uca dağları, bir az sonra yamaclara sərilmiş meşələri, kükrəyən dağ çaylarını, yaşıl çəmənləri, qısa müddət sonra düzənlikləri, abadlaşmış elləri-obaları görmək mümkündür.

Alınmaz qala bürcləri kimi yalçın qayaları, yol üstündə qaynayan buz bulaqları, əzəmətli Haçadağı, Xan Arazı, Arpaçayı, insanı valeh edən "üzən adası", Zor bulağı, Pəzməri şəlaləsi, Göy gölü muxtar respublikanın təbiət gözəlliyinin simvolları sırasındadır. Bəlkə də buna görə muxtar respublikaya səhayət edən turistlər qədim yurdumuzu həm də təbiət möcüzəsi adlandırırlar.Batabat gölü isə səni səndən alır, göy çəmənlərlə əhatə olunmuş, yatağında nazlanan göllər gözəli təbiətin qüdrət fırçasının möhtəşəmliyinin təcəssümüdür.Səfərimiz 5 iyunda ətraf mühitin mühafizəsi günü baş tutmuşdu.

5 iyun - Dünya Ətraf Mühitin Mühafizəsi Günüdür. 1972–ci ildə Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin İsveçin paytaxtı Stokholmda keçirilən iclasında 5 iyun tarixinin Dünya Ətraf Mühitin Mühafizəsi Günü kimi qeyd olunmasına qərar verilmişdir. O vaxtdan etibarən hər il bu gün bütün dünyada təntənəli şəkildə qeyd olunur. Bu gün ölkəmizdə ekoloji problemlərin həllinə, ətraf mühitin mühafizəsi məsələlərinə daha çox diqqət yetirilir. Milli parkların yaradılması işi uğurla davam etdirilir, təbii ehtiyatların qorunması üçün uzunmüddətli dövlət planları nəzərdə tutulub. Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər il 5 iyun “Ümumdünya ətraf mühit günü” ərəfəsində ətraf mühitin qorunması, təbiətdən, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası və mühafizəsi, bioloji müxtəlifliyin qorunub saxlanılması məqsədi ilə müxtəlif tədbirlər həyata keçirir. XIX əsrin sonlarından başlayan elmi–texniki tərəqqi, sənayenin sürətli inkişafı nəticəsində ətraf mühitə edilən təsirlər XX əsrin ortalarında öz mənfi nəticələrini büruzə verməyə başladı. Artıq insanlar təbiətə münasibətlərini dəyişməyəcəkləri, onun ehtiyatlarından səmərəsiz istifadəyə son qoymayacaqları təqdirdə bu prosesin onların özlərinə qarşı çevriləcəyini və arzuolunmaz nəticələrə gətirib çıxaracağını anladılar. Bu problemin gələcəkdə qlobal kataklizmlərə səbəb olacağını başa düşən alimlər, ekoloqlar öz etiraz səslərini ucaltmağa, həyəcan təbili çalmağa başladılar. Problemin ciddiliyini dərk edən beynəlxalq təşkilatlar, tərəqqipərvər dünya ictimaiyyəti də öz növbəsində məsələni daim diqqət mərkəzində saxlamağa çalışırdı.Azərbaycanda ekologiyaya dövlət səviyyəsində münasibətin göstərilməsi ümummilli liderimiz ¬Heydər Əliyevin adı ilə bağlıdır. Ötən əsrin 70-ci illərində ulu öndərin rəhbərliyi ilə ekoloji problemlərin həlli istiqamətində mühüm qərarlar qəbul edilmiş, ictimaiyyətin diqqəti ətraf mühitin mühafizəsinə yönəldilmiş, geniş yaşıllaşdırma tədbirləri aparılmışdır. Dahi rəhbər demişdi: “Təbii sərvətlərə qayğı ilə yanaşılması, planetin genofondunun qorunması, ekoloji sağlamlıq və digər qlobal problemlər ayrılıqda hər bir dövləti ciddi düşündürsə də, onları yalnız birgə səylərlə həll etmək mümkündür”. Ümummilli lider ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra da ekoloji problemlərin həlli diqqətdə saxlanılmış, bu sahədə dövlət siyasətini tənizmləyən zəngin qanunvericilik bazası yaradılmış, “Ekoloji təhlükəsizlik haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının qanunları qəbul olunmuşdur.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Bizim Yol qəzetinə verilən məlumata görə, ətarf mühitin mühafizəsi günü Muxtar Respublikada müxtəlif tədbirlərlə qeyd edilir.

“Ulu öndərin muxtar respublikaya rəhbərliyi dövründə əsasını qoyduğu təbiəti mühafizə tədbirləri bu gün Naxçıvan Muxtar Respublikasında uğurla davam etdirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamları ilə muxtar respublikada əlverişli ekoloji mühitin yaradılması məqsədilə dövlət proqramları qəbul edilmiş, ardıcıl tədbirlər görülmüşdür. Muxtar respublika ərazisinin 27 faizdən çoxunun xüsusi mühafizə olunması, fauna ehtiyatlarının qorunması məqsədilə ova qadağaların qoyulması, yaşıllıqların artırılması sahəsində görülən işlər nüfuzlu təşkilat və ekspertlər tərəfindən nümunə kimi qəbul edilir. Muxtar respublika ərazisində təbii iqlim və torpaq xüsusiyyətləri nəzərə alınaraq yaşıllıqların qorunması və artırılmasına xüsusi diqqət yetirilir. Meşələrin qorunması ilə yanaşı, yeni yaşıllıqların salınması istiqamətində də mühüm işlər görülür. Bu tədbirlərin əsası ulu öndərimizin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində işlədiyi dövrdə qoyulmuşdur. Həmin illərdə blokada çətinliklərinə baxmayaraq, ümummilli liderimizin səyi nəticəsində muxtar respublikada iməciliklərin keçirilməsinə başlanılmış, təbiətin, yaşıllığın qorunması və bərpası işlərinə diqqət artırılmışdır. Son illər muxtar respublikada 17 min hektardan çox sahədə yaşıllaşdırma tədbirləri həyata keçirilmiş, yaşıllıqların sahəsi 10 dəfədən çox artmışdır. Muxtar respublikamızda aparılan yaşıl¬laşdırma tədbirlərində ekoloji əhəmiyyətlə bərabər, iqtisadi səmərəlilik də əsas götürülərək meyvə bağlarının salınması sahəsində də tədbirlər görülmüşdür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qəbul etdiyi Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə dövlət proqramlarına uyğun olaraq muxtar respublika ərazisində 4927 hektar sahədə meyvə bağları salınmışdır. Ərazilərin torpaq ehtiyatlarının münbitliyinin qorunması, relyef xüsusiyyətləri nəzərə alınaraq və sudan səmərəli istifadə edilməsi məqsədilə 1100 hektardan çox sahədə damcı yolu ilə suvarma sistemləri qurulmuşdur»- deyə bildirilib.

Əlverişli ekoloji mühitin yaradılmasında mühüm amillərdən biri də təbiət abidələrinin, bitki və heyvan ehtiyatlarının qorunması və bərpa edilməsidir ki, bu da xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması hesabına mümkündür. Muxtar respublikada bu sahədə də mühüm tədbirlər görülüb, xüsusi mühafizə olunan təbiət ərazilərinin şəbəkəsi xeyli genişləndirilib. 1969-cu ildə Ordubad Dövlət Təbiət Yasaqlığı, 2003-cü ildə Akademik Həsən Əliyev adına Ordubad Milli Parkı və Şahbuz Dövlət Təbiət Qoruğu, 2005-ci ildə “Arazboyu” Dövlət Təbiət Yasaqlığı, 2009-cu ildə “Arpaçay” Dövlət Təbiət Yasaqlığı yaradılmışdır. Ölkə rəhbərinin 2009-cu il 25 noyabr tarixli Sərəncamı ilə Akademik Həsən ¬Əliyev adına Zəngəzur Milli Parkının yaradılması təbiəti mühafizə ilə yanaşı, ekoturizmin inkişafına da geniş imkanlar açıb.

Naxçıvan təbiətinin zənginliyi burada nadir bitki və heyvan növlərinin mövcudluğuna imkan verir. Xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması, ekoloji maarifləndirmə tədbirlərinin keçirilməsi muxtar respublikanın fauna və flora müxtəlifliyinin qorunmasına və zənginləşdirilməsinə öz müsbət təsirini göstərir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı il 15 avqust tarixli Sərəncamına əsasən ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının flora və faunasına dair iki cilddən ibarət “Qırmızı kitab” çap edilmişdir. Xüsusi gözəlliyi ilə seçilən təbiət guşələri, yüzillik yaşı olan ağaclar, şəlalələr, mağaralar, elmi-təcrübi, tarixi əhəmiyyətə malik olan obyektlər, təbiət kompleksləri təbiət abidələri kimi qeydiyyata alınaraq pasportlaşdırılmışdır. Müasir dünyamızda turizmin ən çox inkişaf sahəsi olan eko¬turizmin və kənd yaşıl turizmin əsasını da məhz bu təbii zənginliklər təşkil edir. Bu baxımdan təbiət abidə¬lərinin qorunması həm də mühüm iqtisadi əhəmiyyətə malikdir.

Muxtar respublika ərazisində mövcud olan təbii zənginliklərin qorunması və səmərəli istifadəsi məqsədilə həyata keçirilən ekoloji tədbirlərin əsasında elmi-tədqiqat və elmi-təcrübi işlər dayanır.

AMEA Naxçıvan Bölməsinin Bioresurslar və Təbii Ehtiyatlar institutları ilə birgə elmi ədəbiyyatlar hazırlanmışdır. Elmi-tədqiqat müəssisələri ilə birlikdə ixtisaslı kadrların hazır-lanması sahəsində də birgə iş aparılır. Böyük təbiətşünas alim akademik Həsən Əliyev deyirdi ki, təbiətin keşiyində durmaq üçün sözün gücündən istifadə etmək lazımdır. Əgər insan bilsə ki, təbiətə vurduğu ziyan hansı fəlakətlərə səbəb olur, onda bu işləri heç vaxt görməz. Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bu istiqamətdə də ardıcıl tədbirlər həyata keçirilir, teleradio verilişləri və qəzet materialları hazır¬lanır, əhali arasında maarifləndirici söhbətlər aparılır. Görülən işlərin nəticəsi olaraq muxtar respublikanın fauna ehtiyatları müxtəlif növlər üzrə 15-20 faiz artmışdır. Bunlarla yanaşı, muxtar respublika ərazisində 18 dəstə, 51 fəsilə və 142 cinsə daxil olan 241 növ quş, Azərbaycan Respublikasının ərazisində yayılmış 107 məməli heyvan növünün 62 növü məskunlaşmışdır. Həmçinin muxtar respublikada ali sporlu və çılpaqtoxumlu bitkilərin 2895 növünə rast gəlinir.

Muxtar respublikada fauna ehtiyatlarının qorunması məqsədilə ova qadağaların qoyulması, yaşıllıqların artırılması sahəsində görülən işlər Beynəlxalq Ekoloji təşkilatlar tərəfindən nümunə kimi qəbul edilir. Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondunun Qafqaz Təmsilçiliyinin muxtar respublikamızda təbiəti mühafizə sahəsində görülən işləri çox yüksək qiymətləndirməsi bunu bir daha təsdiq edir.( ardı var)

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »