Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezident xəbərdarlığı
Azərbaycan dövlətinin başçısının illərlə söylədiyi gerçəyin bugünkü etirafı

Müqəddəs Ramazan ayı münasibətilə verilən iftar mərasimində çıxış edən Prezident İlham Əliyev çox maraqlı mesajlar verib. Xüsusilə Prezidentin: “Mənim illər ərzində dediyim sözləri indi erməni xalqı deyir” deyə vurğuladığı əsas fikir –Sərkisyanın və komandasının Ermənistanda kriminal, militarist, korrupsioner rejim qurması, Xocalı soyqırımı kimi bəşəriyyət ıleyhinə cinayətdə fəal iştirak etmiş olması, eləcə də, öz xalqına qarşı cinayətlər zənciri törətməsi ilə bağlı idi.

Həqiqətən də Azərbaycan prezidenti illərdən bəri bu barədə istənilən mötəbər beynəlxalq qurumlardan tutmuş, ictimaiyyət nümayəndələri ilə görüşlərdəki çıxışınadək daima Ermənistanın artıq keçmiş rəhbərliyinin cinayətkar bir dəstə olduğunu bütün dünyaya yaymışdı. O, bu cinayətkar rejimin bütün əməllərini ifşa etmişdi.

Əslində Sarkisyan özü də bəzi çıxışlarında, verdiyi müsahibələrdə guya Qarabağda döyüşdüyü zaman “qəhrəman”, xalqı üçün vuruşan bir şəxs olduğunu göstərmək bəzi cinayətlərini açıq etiraf etmişdi ki, bu da Azərbaycan prezidenti İlham Əliyevin onun barədə dediyi fikirləri təsdiq edirdi. Lakin təəssüf ki, böyük dövlətlər, beynəlxalq siyasəti müəyyən edən ona yön verən güc mərkəzləri bu həqiqətləri görə-görə susur, quldur, barbar təfəkkürlü bir şəxs olduğunu bilə-bilə öz maraqlarından çıxış edərək onu ifşa etçəyə tələsmirdilər.

Sarkisyan həm də savadsız, dünyagörüşü məhdud bir şəxs idi. Yerevan Dövlət Universitetinin filologiya fakültəsini 8 ildə güc-bəla ilə başa vuran keçmiş çilingər, quldur rejimin rəhbəri Serj Sarkisyan təbii ki, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunu və müəllimi, SSRİ Xarici İşlər Nazirliyinin diplomatı, İngiltərə tarixinə dair namizədlik, neft strategiyası üzrə doktorluq dissertasiyası yazmış olan, siyasi elmlər doktoru, bir çox nüfuzlu universitetlərinin fəxri professoru İlham Əliyevlə bilik və savad cəhətdən müqayisə belə oluna bilməzdi.

Sarkisyanın çıxışlarında ya öz cinayətkar əməllərini ifşa edən etiraflar yer alırdı, ki, bunların sırasında İngiltərəli jurnalist Tomas de Vaala verdiyi və onun “Qara bağ” kitabında yer alan cinayət etirafları var. Burada o, özünün terrorçu olduğunu gizlətməyib. Yaxud saxta Ermənistan tarixinə dair hələ elmə məlum olmayan sarkazm doğuran, heç bir elmi fakta söykənməyən çıxışlar edirdi.

Azərbaycan prezidentinin siyasi mövqeyi daima konstruktiv olub, Qafqazda sülhün və əmin-amanlığın bərpasına çağırışları özündə ehtiva edib. Sarkisyanın mövqeyi isə Ermənistanı uçuruma aparıb. Eyni zamanda Cənubi Qafqazda sülhə, təhlükəsiliyə, inkişaf və tərəqqiyə təhlükə törədib.

Artıq pafoslu vətənpərvərlik, ötən əsrin 90-cı illərində etdiyi quldurluqlarla öyünməkdən və ölkəni çapıb-talamaqdan başqa əlindən bir şey gəlməyən Sarkisyanın Ermənistanı fəlakətə apardığını görən xaricdəki erməni diasporası hərəkətə keçdi və onu çevriliş yolu ilə uzaqlaşdırdılar. Təbii ki, erməni diasporası Ermənistanın nəinki onların arzuladıqları və illərdir ki uğrunda milyardlar xərclədikləri Böyük Ermənistan yolunda nəinki irəliləmədiyini, əksinə daha da geri getdiyini, tənəzzülə uğradığını gördülər və bu çevriliş qərarını verdilər. Barbar təfəkkürlü dağ-daşda əlində silah quldurluq edən Sarkisyanla müqayisədə ABŞ və Avropada yaşayan, nisbətən geniş dünyagörüşünə malik, illərdir lobbiçilik fəaliyyəti ilə məşul olan və demək siyasi dairələrdə əlaqələri olan, güc mərkəzləri ilə işləyən ermənilər başa düşdülər ki, hazırkı dünyada Ermənistan getdikcə geriləyir, inkişafdan qalır. Quldur Njdenin abidəsini ucaldıb yalançı vətənpərvərlik şüarları səsləndirməklə, saxta tarix uydurub onunla öyünməklə ölkə inkişaf edə bilməz. Saxta keçmiş real gələcəyi qurmağa kömək etmir.

Xüsusilə, günü-gündən çiçəklənən, dünyada nüfuz qazanan Azərbaycanın kölgəsində qalan Ermənistan Sarkisyan rejimindən xilas olmalıdır. Almaniya da, alman xalqı da faşızm rejimindən xilas olduğu günü digər xalqlar kimi bayram laraq qeyd edir. Cünki bir zərərli ideologiyanın pis nəticələrindən ilk növbədə onun öz xalqı əziyyət çəkir.

İlham Əliyev daima bütün bu yuxarıda sadalanan müqayisələri aparmış, bunu dünya ictimaiyyətinin və Ermənistan əhalisinin, erməni xalqının diqqətinə çatdırmışdır. Nəhayət ki, haqq-ədalət qalib gəldi, erməni xalqı bu cinayətkar rejimə yox dedi. Həm də Sarkisyanın əlaltılarlna qarşı hərəkat artıq Dağlıq Qarabağda başlayıb. Lakin bunlar proseslərin hələ ilkin mərhələsi, başlanğıcıdır. Ermənistan o vaxt müvəffəq sayıla bilər ki, Sarkisyan rejiminin təkcə özündən yox, həm də onun bəşəri dəyərlərə zidd ideyalarından qurtulsun bu buxovları təkcə qollarından deyil, beyinlərindən söküb ata bilsin. Prezident İlham Əliyevin illərdir etdiyi çağırışların mahiyyəti elə budur.

Nəzakət Məmmədova, politoloq (xüsusi olaraq “Bizim Yol” üçün)

Son xəbərlər
Bütün xəbərlər »