Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
7 ballıq zəlzələ 25000  trotil gücündə bombanın partladılmasına bərabərdir – Fəlakətlərə qarşı necə hazırlanmalı?
Bu gün ölkəmizin Zaqatala rayonu ərazisində  6 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində insan itkisi olmasa da bir nəfərin stress yaşayaraq insult keçirməsi barəsində xəbər yayıldı. Bu o deməkdir ki, ölkəmizin insanları təbii fəlakətlərə psixoloji cəhətdən hazırlıqlı deyillər.Nəzərə alınmalıdır ki, Azərbaycanda aktiv tektonik ocaqlar var. Biz zəlzələ və bu kimi fövqəladə hallara hər zaman hazır olmalıyıq ki, özümüzün və başqa insanların həyatını  təhlükə qarşısında qoymayaq.

Dağıdıcı zəlzələ zamanı hətta hazırlıqlı insanlar belə özlərini itirə bilər. Bundan sonra bir qədər vaxt lazımdır ki, nə olduğunu anlayasan, vəziyyəti qiymətləndirəsən və birinci növbədə, nə etmək lazım olduğunu dərk edəsən. Bəzi insanlar tez yardıma qaçırlar, digərləri isə hələ nə baş verdiyini belə anlamırlar.

Əksər hallarda insanlar böyük fəlakətlər yaşamadıqları və fəlakətə qarşı hazırlıq keçmədikləri üçün güclü emosional stress keçirirlər. Lazımi hazırlıq işlərinin aparılması bu halları bir qədər azalda və ya aradan qaldıra bilər. Fövqəladə Hallar Nazirliyinin əlaqədar qurumları (Dövlət Yanğın Nəzarəti Xidməti, Dövlət Yanğından Mühafizə Xidməti, Mülkü Müdafiə Qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti), Təcili Tibbi Yardım və müvafiq polis bölmələrinin mütəxəssis heyətinin nizam-intizamlı işi bu hazırlığın lazımi səviyyədə aparılmasının etibarlı təminatçısıdır.

Qeyd edək ki, 2000-ci il noyabrın 25-də Azərbaycan tarixində son yüz ilin ən güclü zəlzələlərindən biri baş verib. Zəlzələ saat 21:30 radələrində Bakıda 6,8 bal gücündə hiss olunub. Zəlzələnin episentri Xəzər dənizi sektorunda yerləşirdi. Güclü təkanlar iki dəfə dalğavarı olmaqla 22 saniyə çəkib.

Maqnitudası 4,5 baldan artıq olan zəlzələlər eyni bölgədə 17 ildən sonra yenidən təkrarlana bilər.

Bunu “Bizim Yol” qəzetinə AMEA-nın Yer Elmləri Bölməsinin rəhbəri, Geologiya və Geofizika İnstitutunun Seysmologiya və geodinamika şöbəsinin müdiri, akademik Fəxrəddin Qədirov deyib.

Onun sözlərinə görə, Qafqaz, o cümlədən Azərbaycan ərazisi seysmik bölgə olduğundan burada zəlzələlərin baş verməsi gözləniləndir:

”Biz alimlərin əsas tədqiqatlarından biri də güclü zəlzələlərin nə vaxt ola biləcəyi ehtimallarını öyrənməkdir. Bu gün bu həm alimləri, həm əhalini, həm dövlət strukturlarını maraqlandıran prosesdir. Biz də öz tədqiqatlarımızı aparırıq”.

F.Qədirov bildirib ki, tədqiqatların aparılmasının müxtəlif metodları var. Metodlardan biri də baş verən hadisələrin klaster analizidir: “Biz tarixən baş verən təkanları və 1990-cı ildən bu günə kimi olan zəlzələləri analiz etmişik. Aydın olub ki, burada bir neçə klasterlər, yəni periodlar ortaya çıxır. Müşahidə olunan hadisələri zamana görə düzsək, bunların içərisindən gizli periodları tapa bilərik. Bu gizli periodları biz tapmışıq. Bunlardan biri 17, o biri isə 54 ildir. Burda söhbət maqnitudası 4,5-dən böyük olan zəlzələlərdən gedir. Bu o deməkdir ki, 17 il keçdikdən sonra maqnitudası 5-i ötən zəlzələ eyni bölgədə təkrarlana bilər. Bizim bölgəmizdə zəlzələ 6,4 maqnituda ilə olmuşdu. Bunu da biz analiz etdik və gördük ki, 17 il kifayət edir ki, həmin hadisə yenidən baş versin. Amma bu mütləq deyil, 1-2 il səhv də ola bilər. GPS tədqiqatları da göstərir ki, Abşeronun cənub tərəfində, dəniz hissəsində gərginlik toplanır. Bu elmi tədqiqatdır, amma hələ sadəcə öyrənilmə ərəfəsindədir. Eyni zamanda bu ortamüddətli bir proqnozdur. Yəni qısa vaxt ərzində zəlzələni proqnoz etmək mümkün deyil”.

AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli isə bununla razı olmadığını diqqətə çatdırıb. Q.Yetirmişli bildirib ki, zəlzələlər hər hansı bir tarixi ardıcıllıq və ya statistika ilə baş vermir və səsləndirilən bütün fikirlər sadəcə ehtimallardır.

Yer kürəsində baş verən təbii fəlakətlərin yarıdan çoxu seysmik və ondan törəyən digər (sunamilər, sürüşmələr, uçqunlar, subasmalar) fəlakətlərdir.

Seysmoloqlar tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının seysmik cəhətdən səciyyələnən zonaları aşağıdakılardır: Böyük Qafqazın cənub yamacı, Naxçıvan, Yuxarı Qarabağ, Gəncə-Qazax, Bakı şəhəri, eləcə də Xəzər dənizinin Xudat-Xaçmaz sahilyanı əraziləri.

Zəlzələ nədir?Zəlzələ yer qabığı daxilində qırılmalara görə yaranan titrəyişlərin dalğalar halında yayılaraq yer üzünə əks olunması prosesidir. Bu dalğalar yayılarkən keçdiyi və çatdığı hər yeri təsiri altına salaraq, dağıntılara səbəb olur. Başqa sözlə, əslində hərəkətsiz qəbul etdiyimiz, üzərinə inamla basıb, evlərimizi tikdiyimiz torpağın hərəkət edərək üzərində olan hər şeyə zərər verməsi hadisəsidir. Zəlzələ zamanı evlər və binalar dağılır, insan tələfatları və yaralanmalar olur.

Zəlzələni araşdıran elm sahəsi isə seysmologiya  adlanır. Ölkəmizdə bu işi Respublika Seysmoloji Xidmət Mərkəzi görür. Seysmoloji xidmət zəlzələnin necə yarandığını, zəlzələ dalğalarının yer qabığı içərisində hansı istiqamətdən hansı tərəfə doğru hərəkət etdiyini, təkanların gücünü və ölçüsünü öyrənən elm sahəsidir.

Zəlzələlərin böyük bir hissəsi yer kürəsinin 12 km dərinliyinə qədər çatan elastik hissədə yaranır. Bu hissədən daha aşağılarda temperatur 400 dərəcədən artıq olduğu üçün hər hansı bir titrəyiş olmur. Elastik olan üst hissədə isə hər il bir neçə santimetrlik sürüşmə yaranır. Bu kiçik hərəkətlər uzun illər toplanır və böyükdə bir neçə metrlik sürüşmələrə səbəb olur. Bunlar isə özünü yer üzündə zəlzələ adlandırdığımız təkanlar kimi göstərir.

Zəlzələ yer qabığındakı fay adı verilən laylar üzərində yaranır. Fay kövrək quruluşa malik qayaların yüksək təzyiqə və gərilmələrə məruz qalaraq qırılmasından yaranan formalardır. Bu gərilmələr yer kürəsinin müxtəlif hissələrində ola bilir. Zəlzələlər isə qayalıq sahədə yaranan gərilmənin ani bir hərəkətə səbəb olacaq qədər yüksəlməsi ilə yaranan yer hərəkətidir. Bu gərilmələrin boşalması güclü enerji yaranır. Yaranan enerjinin ətrafındakı qayalıqlarda yaratdığı titrəyiş nəticəsində isə zəlzələlər baş verir. Yaranan enerjinin qiymətinin hidrogen bombasının gücündən də 100 dəfə çox olması məlumdur. Bu gərginlik boşalması layların sərhəd zonalarında baş verdiyi kimi, onların orta hissələrində, möhkəmliyi zəif zonalarda da yarana bilər.

Zəlzənin daim baş verdiyi yerlər seysmik qurşaq adlanır. Dünyada 2 seysmik qurşaq var. Alp-Himlay qurşağı, Sakit okean qurşağı.

Xəritədə eyni zəlzələ şiddətindəki nöqtələri birləşdirən xətlərə izoseyestlər deyilir.

10 dəqiqə davam edən 7 ballıq zəlzələ 25000 TNT-nin eyni vaxtda partladılmasına bərabərdir. 10 ballıq zəlzələ 100/km-i 32 saniyəyə qət edir. Zəlzələlər bir neçə növə bölünür.

1.Tektonik zəlzələlər: Yer üzündə yaranan zəlzələlərin 90%-i tektonik zəlzələlərdir. Yer qabığını təşkil edən layların bir-birinə təzyiq göstərməsi və bir-birlərini hərəkət etdirməsi nəticəsində yaranan zəlzələ növüdür. Azərbaycanda baş verən zəlzələlərin böyük hissəsi tektonik zəlzələlər qrupundadır.

2.Vulkanik zəlzələlər: Vulkan partlayışları nəticəsində yaranan zəlzələlərdir. Azərbaycanda isə fəal vulkan olmadığından bu cür zəlzələlər müşahidə edilmir.

3.Çöküntü (denudasiya) zəlzələlər: Yerin altında yaranan boşluqlarda torpağın əriməsi, yumşalması və ya dağılması nəticəsində yaranan zəlzələlərdir. Çöküntü zəlzələlərin yaranmasında yeraltı sərvətlərin çıxarılması zamanı aparılan qazıntı işlərinin mənfi təsiri olur. Bundan əlavə, bəndlər tikilərkən fay xəttinə düşüb, torpağın çökməsi də çöküntü zəlzələlər yarada bilər.

Denudasiya zəlzələləri həm də torpağa süzülən su nəticəsində baş verir.Belə zəlzələlərin hissedilmə ərazisi yerli olduğundan, enerjiləri və təsirləri digər növlərə nisbətən daha azdır.

4.Sunami: Zəlzələ ocağı dənizin altında olan və dənizin içərisində baş verən zəlzələ növüdür. Dəniz zəlzələlərinin ən çox müşahidə edildiyi ölkə Yaponiyadır. 1896-cı ildə bu ölkədə sunamidən 30.000 nəfər dünyasını dəyişib.

Zəlzələ zamanı nə etməli, necə qorunmalı?

Zəlzələdən qorunmanın ən başlıca və əsas şərtlərindən biri tikilən bina və qurğuları elə etibarlı və keyfiyyətli inşa etmək lazımdır ki, onlar baş verə biləcək yeraltı təkanların təsirinə tab gətirsinlər. Bir sözlə, tikinti işlərini elmi əsaslandırılmış və təcrübədə sınaqdan keçirilmiş zəlzələyə davamlılıq tədbirlərinə tam və keyfiyyətlə riayət etmək şərti ilə aparmaq lazımdır.

FHN-dən verilən məlumata görə, harada olduğunuzdan asılı olmayaraq, əgər zəlzələ ilə üzləşməli olsanız, özünüzü necə aparmalı və hərəkətlərinizi hərtərəfli ölçüb-biçməniz vacib şərtlərdən biridir. “Hər zaman hər hansı fəlakətə qarşı bəzi hazırlıq işləri də görülməlidir. Bunlar sizə qəflətən baş verə biləcək fəlakət zamanı qəza vəziyyətindən sağ-salamat çıxmağınıza kömək edə bilər.Bunun üçün öncə görülən ehtiyat tədbirləri var ki ündəlik həyatda buan riayət edilməlidir.

- Baş verə biləcək güclü zəlzələ haqqında məlumatlı olmalısınız.

- Mənzillərdəki ağır ev əşyalarının vəziyyətini yoxlamaq, asılmış rəfləri, çilçıraqları, tərpənən və sürüşə bilən əşyaları möhkəm bərkitmək lazımdır. Yeraltı təkanlar nəticəsində düşərək insana xəsarət törədə biləcək ağır əşyaları mebel və hündür rəflərin üzərində saxlamaq məsləhət deyildir.

- Elektrik və qaz xətlərinin vəziyyətini tez-tez yoxlamaq lazımdır.

- Evinizin dəhlizini (çıxış yerlərini) artıq əşyalardan təmizləmək və elə səliqə-sahman yaratmaq lazımdır ki, təhlükə yaranan anda otaqdan çıxmağınıza heç nə maneçilik törətməsin.

- Yataq çarpayılarını böyük şüşəli pəncərələrdən aralı yerləşdirmək məsləhətdir.

Hündür binalarda yaşayanlar zəlzələ baş verən anda evin içində müəyyən yerlərdə dayanaraq ilk təkanların başa çatmasını gözləməlidirlər (məsələn, qapının çərçivəsinin, çarpayının və masanın altında).

Zəlzələ vaxtı nə etməli? Zəlzələ baş verdikdə yerin titrəməsi çox qısa vaxt ərzində, yəni bir neçə saniyə, güclü zəlzələ isə ən çoxu bir dəqiqə müddətində davam edir. Bu titrəmələr insanlarda həddən ziyada xoşagəlməz bir hiss yaradır və onları qorxuya salır. Buna baxmayaraq insanların sakitcə və heç bir təlaş hissi keçirmədən titrəmələrin qurtarmasını gözləməkdən başqa digər çıxış yolu yoxdur.

Yerin və ya binanın titrəməsini hiss edən kimi özünün və yaxınlarının təhlükəsizliyini təmin etmək üçün təcili olaraq müvafiq təhlükəsizlik qaydalarına əməl olunmalıdır.

Təcrübələr göstərir ki, əksər hallarda insanlar ləng tərpəndiklərinə görə binanın silkələnməsi zamanı tavandan, divardan və s. tökülən əşya və qırıntılardan xəsarət alırlar.”

Təbiətdə hər hansı fəlakətdən sığortalanmamışıq. İnsan zaman məfhumu qarşısında gücsüz olduğu üçün  5 dəqiqə sonra nə ilə üzləşəcəyini bilmədən yaşayır. Gələcəyə dair planlar qururuq, hətta 10-20 il sonra nələr edəcəyimizi düşünürük. Bütün bu planların içərisində mütləq şəkildə olası bir fəlakətə qarşı da hazırlıqlı  olmaq kimi düşüncələr olmalıdır. Bunun üçün çox böyük xərclər tələb olunmur. Hər ailə fəlakət zamanı əlinə alıb qaça biləcəyi bir təcili yardım çantasını evin qapısı yanında hazır saxlamalıdır. Bu çantada mütləq şəkildə bir litr içməli su, bint, yod, stress atmağa kömək edən yüngül preparatlar ( valerian, korvalol, təzyiqə qarşı, ağrıkəsicilər, naşatır spirti kimi preparatlar olmalıdır. Məsələn ailə içərisində  daimi bir xəstəliyi olan şəxslər müntəzəm işlətdikləri dərmanlardan da bu çantada ehtiyat üçün saxlamalıdırlar. Və bir də çantaya xarab olmayan ərzaq məhsulları ( qablaşdırılmış qidalar, peçenye və s.) qoyulması məsləhətdir. Bu kimi hazırlıq  tədbirləri sadə olsa da həyat qurtara bilər. Təbiət güclüdür, möhtəşəmdir, onun qəzəbi də özü qədər böyükdür. Lakin insan öz ağlı ilə onu fəth edir.

İlhamə Loğman

Son xəbərlər
Bütün xəbərlər »