Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ovçu, insaf elə... Azərbaycanda mühafizə olunan vəhşi heyvanların sayı artmaqdadır
Araşdırmalar göstərir ki, dünyada hər gün 1 heyvan növü itir. Bəs ölkəmizdə nəsli kəsilməkdə olan heyvanların mühafizəsi ilə bağlı hansı işlər görülür?

Ekologiya və Təbii Sərvətlər nazirliyindən “Bizim Yol” qəzetinə verilən məlumata görə, Ceyranların balalama dövrü başa çatmaq üzrədir. Havaların mülayim keçdiyi illlərdə ceyranların artımı mart-aprel aylarında, nisbətən soyuq hava şəraitində isə aprel ayından iyunun əvvəlinə qədər davam edir.

XX əsrin 40-cı illərinədək ceyranlar respublikanın Acınohur, Kürəkçay vadisində, Eldar düzündə, Sarıca, Qarabağ, Mil, Muğan, Şirvan düzlərində, Qobustan çöllərində geniş yayılıb. 1960-cı illərə qədər ceyranların sayı kəskin azalmağa başlayıb.

Lakin Azərbaycan Respublikası Prezidentinin 2003-cü il Sərəncamı ilə Şirvan Milli Parkı yaradıldıqdan sonra ceyranların nəslinin kəsilməsi təhlükəsi aradan qaldırılıb və hazırda Azərbaycanda ən böyük ceyran populyasiyasının yayıldığı ərazi Şirvan Milli Parkıdır.

May ayından Şirvan Milli Parkının ərazisində ceyranların balalama dövrü başlayıb. Hazırda Milli Parkda yeni doğulmuş ceyran balaları müşahidə edilir.

Ceyranların say tərkibinin tədricən çoxalması nəzərə alınaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Heydər Əliyev Fondu, İDEA Kampaniyası və Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan Nümayəndəliyinin əməkdaşlığı ilə “Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası” layihəsi çərçivəsində 179 baş ceyran tarixi ərazilərinə reintroduksiya olunub.

Hazırda Azərbaycan Respublikasında ceyran populyasiyasının sayının 7 min başa qədər olduğu müəyyən edilib.

Digər mühafizə olunan heyvanlara gəldikdə isə, bunlar bəbir, qartal, talış qırqovulu, ayı və canavarlardır. Xüsusən də bəbirlərin qorunmasına daha ciddi önəm verilir. Çünki bəbirlərin sayı bütün dünyada kəskin azalmağa doğru gedir. Məlumata görə, Azərbaycanın mühafizə olunan təbiət qoruqlarında ümumilikdə 15-17 sayda bəbir var. Hirkan meşələrində bəbirin balalaması faktı da qeydə alınıb. Bəbir balalayırsa, deməli, o, özünü Azərbaycanda çox rahat hiss edir və artımı davam edəcək.

XX əsrin 60-cı illərində ceyranlar tükənmək üzrə idi. 60-cı illərin sonunda ölkə ərazisində vertolyotla 171 ədəd ceyran sayılmışdı. Amma indi görülən tədbirlər nəticəsində azı 7 min ədəd ceyran saymaq mümkündür. 2010-cu ildən etibarən Ekologiya və Təbii Sərvətlər Nazirliyi “IDEA” İctimai Birliyi ilə birlikdə Heydər Əliyev Fondunun dəstəyi ilə ceyranların reintraduksiya tədbirlərini aparır.

Ümumiyyətlə, son 40 il ərzində Yer kürəsindəki vəhşi heyvanların sayı yarıya qədər azalıb

Azərbaycan Qafqaz regionunda ən zəngin təbii sərvətlərə malik ölkədir və təbii şəraitin müxtəlifliyi ilə əlaqədar heyvanlar aləmi də rəngarəngdir. Əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə olunması aktual məsələlərdəndir. Bu baxımdan ekoloji siyasətin əsasını təşkil edən ətraf mühitin sağlamlaşdırılması sahəsində nəticə əldə etmək məqsədilə Avropa qanunvericiliyinin tələblərinə uyğunlaşdırılmış bir sıra mühüm qanunlar qəbul olunub, normativ hüquqi sənədlər, dövlət proqramları hazırlanıb və təsdiq edilib. Sözügedən problem dünya ölkələrinin gündəmindədir. Belə ki, Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondu (WWF) və London Zoologiya Cəmiyyətinin alimləri tərəfindən aparılan böyükmiqyaslı araşdırmaların nəticələrinə əsasən, son 40 il ərzində Yer kürəsindəki vəhşi heyvanların sayı yarıya qədər azalıb. Bu iki təşkilat tərəfindən yayımlanan hesabatda bildirilir ki, 1970-2010-cu illərdə planetimizdəki məməlilər, quşlar, sürünənlər, suda-quruda yaşayanlar və balıqların 50 faizdən çoxu məhv olub. İnsanların qida üçün heyvanları kütləvi şəkildə öldürməsi, onların yaşadığı təbii mühiti kirlətməsi və məhv etməsi quruda, çay və dənizlərdə yaşayan heyvanların belə misli görünməmiş surətdə və miqyasda məhvinin əsas səbəbidir.

Qərb alimlərinin qənaətinə görə, Yer kürəsində 8600 növ heyvan məhvolma təhlükəsi ilə üzləşib. Tədqiqatçılar buna səbəb kimi insanların kənd təsərrüfatı fəaliyyətini, ovçuluğu və mövcud iqlim dəyişikliklərini göstəriblər. Bu göstərici 72 faiz nadir heyvan növünə və digər fauna nümayəndələrinə aiddir. Mütəxəssislər vəziyyətdən çıxış yolunu nəsli kəsilməkdə olan heyvanların qorunması ilə bağlı insanlar tərəfindən həyata keçiriləcək tədbirlərdə görürlər.

Sözsüz ki, bu həyəcan təbili Azərbaycan üçün də keçərlidir. Kiçik həşəratlar da daxil olmaqla, ölkəmizdə 15 minə qədər heyvan növü var. Bunların 200 dən çox növü “Qırmızı kitab”a salınıb: “Dünyada qəbul olunan təcrübəyə əsasən nadir, heyvan növlərinin qorunması üçün bir sıra tədbirlər həyata keçirilir. Bunlardan biri də “Qırmızı kitab”ın tətbiq edilməsidir. Bu o deməkdir ki, təhlükədə və nəsli kəsilməkdə olan heyvan növlərinin adları bu kitaba salınır. Beləliklə, bu heyvanların qorunub-saxlanması istiqamətində dövlət tərəfindən lazımi işlər görülür. Digər vacib tədbirlərdən biri də xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılmasıdır. Son 10 ildə bu sahədə Azərbaycanda çox böyük işlər görülüb. XXI əsrin ilk illərində xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi 478 min hektar idi, ölkə ərazisinin heç 5 faizi də deyildi. İndi isə belə ərazilərin sahəsi 892 min hektardır və ölkə ərazisinin 10,3 faizini təşkil edir. Bu ərazilərdə həyata keçirilən tədbirlər nəticəsində istər bitki, istərsə də heyvan növləri təbii yolla çoxalır və növdə azalma təhlükəsi aradan qalxır”

Heyvanlar aləminin mühafizəsinə və istifadəsinə dövlət nəzarətinin məqsədi fiziki və hüquqi şəxslər tərəfindən heyvanlar aləminin mühafizəsi sahəsindəki vəzifələrin yerinə yetirilməsini, heyvanlar aləminin istifadəsi üzrə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydalara və tələblərə əməl olunmasını təmin etməkdən ibarətdir.

Heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində dövlət nəzarətini həyata keçirən dövlət orqanlarının vəzifələri aşağıdakılardır: heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində dövlət siyasətini həyata keçirmək; heyvanlar aləmi obyektlərinin mühafizəsi, səmərəli istifadəsi və bərpası qaydalarına və normalarına əməl olunmasına nəzarət etmək; ov qaydalarına və heyvanlar aləminin ovçuluq obyektlərinə aid edilmiş vəhşi heyvan növlərinin istifadəsinə nəzarət etmək; su hövzələrində balıqların sənaye, idman və həvəskar ovu, habelə elmi tədqiqat məqsədilə istifadə edilməsinə və təbii mühitə uyğunlaşdırılmasına nəzarəti həyata keçirmək; ov və balıqçılıq obyektlərinə aid edilməyən vəhşi heyvanların tutulması və vurulması qaydalarına əməl olunmasına nəzarət etmək; heyvanlar aləminin obyektlərindən elmi tədqiqat, mədəni-maarif, tərbiyəvi və estetik məqsədlər üçün istifadəyə nəzarət etmək; vəhşi heyvanların həyat fəaliyyətinin məhsullarını əldə etmək məqsədilə istifadə olunmasına nəzarət etmək; vəhşi heyvanların qeyri-sərbəst və ya yarımsərbəst şəraitdə saxlanmasına, yetişdirilməsinə və bu məqsədlə tutulmasına nəzarət etmək; heyvanlar aləminin sayının tənzimlənməsinə nəzarət etmək;vəhşi heyvanların yaşayış mühitinin, çoxalma şəraitinin, habelə miqrasiya yollarının mühafizəsinə nəzarət etmək; istehsal proseslərində və nəqliyyat vasitələrinin istismarında heyvanlar aləminin məskunlaşdığı mühitin təsir dairəsində fəaliyyət göstərən obyektlərin bioloji təhlükəsizliyinə nəzarət etmək; nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan vəhşi heyvan növlərinin mühafizəsi, törəyib artması və istifadəsinə nəzarət etmək; zooloji kolleksiyaların yaradılması, saxlanılması və zənginləşdirilməsinə nəzarət etmək; bitki mühafizə vasitələrinin tətbiqi zamanı heyvanlar aləminin və onların yaşayış mühitinin mühafizəsi tələblərinin yerinə yetirilməsinə nəzarət etmək; vəhşi heyvanların köçürülməsi, iqlimə uyğunlaşdırılması və artırılması tədbirlərinin həyata keçirilməsinə nəzarət etmək; ayrı-ayrı heyvanlar aləmi obyektlərinin Azərbaycan Respublikasına gətirilməsi və onun hüdudlarından kənara aparılmasını qadağan etmək və ya məhdudlaşdırmaq, habelə "Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti haqqında" Konvensiyanın (CİTES) tələblərinin yerinə yetirilməsinə nəzarət etmək; heyvanlar aləminin mühafizəsi, səmərəli istifadəsi və törəyib artması xeyrinə torpaq, meşə, su və başqa təbii ehtiyatların mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarmı məhdudlaşdıran tədbirlərin həyata keçirilməsinə nəzarət etmək; heyvanlar aləmi obyektlərinin dövlət uçotunun və dövlət kadastrının hə-yata keçirilməsini təmin etmək və onların aparılması qaydalarına əməl olunmasına nəzarət etmək, vəhşi heyvanların təbii və süni artmasına, onların yaşayış mühitinin qorunmasına və yaxşılaşmasına yönəldilən kompleks tədbirlərin yerinə yetiril-məsinə nəzarət etmək; heyvanlar xəstəliyə yoluxduqda, onların yaşayış mühiti pisləşdikdə, heyvanların məhv olmaq təhlükəsi yarandıqda xəstəliklərin profilaktikası və ləğvi üzrə kompleks tədbirlərin həyata keçirilməsinə nəzarət etmək; bitişik ərazilərin hüdudlarında heyvanlar aləmi obyektlərinin mühafizəsinin həyata keçirilməsinə, Azərbaycan Respublikasının "Qırmızı Kitabı"na daxil edilmiş və xüsusi mühafizə olunan heyvan növlərinin mühafizə rejiminə əməl edilməsinə, habelə heyvanlar aləmi obyektlərinin istifadəsi və mühafizəsi sahəsində istifadəçilərin qanunvericiliklə müəyyənləşdirilmiş digər vəzifələrinin yerinə yetirilməsinə nəzarət etmək; qanunvericiliklə müəyyən edilən digər vəzifələri həyata keçirmək.

"Heyvanlar aləmi haqqında" Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 294 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. "Heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi qaydaları", "Heyvanlar aləmindən istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və qeyri-qanuni heyvan ovuna cərimələr" və "Heyvanlar aləmi obyektlərindən istifadəyə görə ödənişlərin və qeyri-qanuni vəhşi heyvan ovuna görə cərimələrin istifadəsinə dair Təlimat" təsdiq edilib.

Göründüyü kimi dövlət lazımi tədbirləri görüb. Qalıb insanların bu məsələdə öz təbiət sevgisini göstərməsi.Azərbaycan çöllərində sayı azalmaqda olan vəhşi heyvanların mühafizəsi bir tərəfdən də vicdan məsələsidir, bu məslədə hər vətəndaş öz mövqeyini ortaya qoymalıdır.Bir neçə il öncə Qəbələ zonasında qəfəsdə saxlanılan bir ayının məmur övladı tərfindən kəsdirilməsi məsələsi böyük söz -söhbətlərə səbəb olmuşdu. Hansısa harın bir insanın 15 dəqiqəlik həvəsi, mənəm- mənəmlik sevdası anamız təbiətə, dolayı yolla elə hamımıza vurulan zərbədir.Bunu unutmaq gələcəyi təhlükəyə atmaq deməkdir.

İlhamə LOĞMAN

Son xəbərlər
Bütün xəbərlər »