Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yaşıl gübrə haqqında bilmədiklərimiz
Azərbaycanda ekoloji əhəmiyyətli siderat bitkilərdən az istifadə olunur

Respublikamızda adambaşına 0,18 hektar əkin sahəsi düşür düşür ki, bu da dünyada orta göstəridən xeyli azdır. Bu qədər sahədən alınan məhsulla ölkə əhalisini taxılla, tərəvəzlə, heyvandarlıq məhsulları ilə və sənayeni xammalla təmin etmək lazımdır. Bu da əkinçiliyin intensivləşməsini, əkin sahəsindən məhsuldarlığının yüksəldilməsini tələb edir. Aqrokimya elminin banilərindən biri hesab edilən D. Pryanişnikov apardığı elmi-tədqiqat işlərinin nəticələri və dünya təcrübələrinin təhlilinə əsasən belə qərara gəlib ki, məhsul gübrənin törəməsidir.

Əksər torpaqlar bitkilərin böyüməsi üçün lazımi qida maddələri ilə zəngin olmur. Onda görə də, torpağa həm üzvi, həm də mineral gübrələr verilir ki, məhsula sərf olunan qida maddələrinin yerini doldursun. Məlumdur ki, bitkilər 20-dən çox qida maddəsi tələb edir. Bütün vaxtlarda peyin ən təsirli gübrə sayılmışdır. Hər 100 kv.m. sahəyə 200 kq peyin verilən zaman torpağa təxminən 1 kq azot, 0,6 kq fosfor, 1,2 kq kalium, az miqdarda isə kalsium, maqnezium və digər qida elementləri verilmiş olur.

Torpağın münbitliyini artırmaq üçün siderat bitkilər ən yaxşı vasitə hesab olunur.Sideratlar bitkidir, onların yaşıl kütləsi torpağı üzvi maddələrlə və azotla zənginləşdirir. Əkinçilik praktikasında yaşıl gübrələrdən çoxdan istifadə olunur. Qərbi Avropa və Amerika ölkələrində yaşıl gübrə üzvi əkinçilik sisteminə daxildir və ekoloji təmiz məhsul almaq məqsədi ilə tətbiq olunur.

Sideratları toprağa payızda, şaxtalar düşənə qədər və bitkilərin toxumlamasından qabaq verilməsi qəbul olunmuşdur. Siderat bitkilər dərin yox, dayaz basdırılmalıdır. Çünki oksigen keçməyəndə çürümə ləngiyir və yaşıl kütlə torfabənzər kütləyə çevrilir. Basdırma dərinliyi yüngül torpaqda 12-15 sm, ağır torpaqlarda isə 6-8 sm olmalıdır.

Təssüf ki, Azərbaycanın isə məhsul istehsalçılarının əkin sahələrində sidetlar az tətbiq olunur. Siderat bitkilər sahələr boş olan vaxt, yəni istiliksevən bitkilərin səpininə qədər və ya payızda məhsul yığımından sonra əkilir.

Peşəkar əkinçilərin fikrinə görə, torpağı örtüksüz saxlamaq olmaz. Bu qaydanı həyata keçirtmək üçün erkən yazda əsas bitkinin, məsələn, pomidorun əkininə qədər sahəyə soyuğadavamlı və tez böyüyən bitkilərdən xardal, paxlalılar, ağ turp, noxudla vələmir qarışığı səpilir. Şitillərin basdırılma vaxtı yaxınlaşanda sahə şumlanır və yaşıl kütlə torpağa qarışdırılır. Fakt budur ki, eyni sahədə tərəvəz və kartof bitkilərinin arası kəsilmədən yetişdirilməsi torpağın zəifləyib, gücdən düşməsinə, xəstəlik törədiciləri və ziyanvericilərin toplanmasına səbəb olur. Bu zaman sideratlar, aralıq bitki kimi, təsərrüfatçıların köməyinə gəlir. Eyni bir yerdə fasiləsiz olaraq bir bitkinin, yaxud bir ailədən olan bitkilərin əkilməsi zəncirini uyğun gələn sələf seçməklə qırmaq olar.

Yaşıl gübrələr də torpağın hazırlanmasını tələb edir. Onları şumlamamış, yaxud yumşaldılmamış torpağa səpmək olmaz. Əlbəttə, bir botaniki ailədən olan siderat və əsas bitkini eyni sahədə dalbadal əkmək də olmaz. Məsələn, yağlı ağ turp kələmin və digər kələm fəsiləsinə daxil olan bitkilərin sələfi ola bilməz.

Sideratlardan kompostlaşdırmada və əlavə yemləmə üçün duru gübrələrin hazırlanmasında da istifadə edilir. Siderat bitkilərin həm yaşıl kütləsi, həm də kök sistemi mikroorqanizmlərin təsirinə məruz qaldığından bakteriyaların köməyilə torpağı humusla, azotla, fosforla, kükürdlə zənginləşdirir. Sideratlar təkcə gübrə deyil, həm də torpağın strukturunun bərpasında onun sanitarları hesab olunur.

Kənd təsərrüfatı bitkilərindən yüksək məhsul alınmasıda bitkilərinin gübrələnməsi əsas amildir. Gübrələr mineral və üzvi (yerli) gübrə olmaqla iki yerə bölünür. Mineral gübrələr makro- və mikrogübrələrdən ibarətdirlər.

Məlumdur ki, müasir dövrdə kənd təsərrüfatında istehsalın davamlı və dinamik inkişafı, torpaqların münbitliyinin qorunub saxlanması və yüksəldilməsi, bitkilərin məhsuldarlığının artırılması və keyfiyyətinin yaxşılaşdırılması üzvi və mineral gübrələrdən istifadə etmədən mümkün deyil.

Torpaqlarda azot, fosfor və kaliumun çatışmazlığı bütövlükdə kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılmasında əsas məhdudlaşdırıcı amilə çevrilmişdir. Bitkilərin qida maddələri ilə tam təmin olunmadığı şəraitdə hətta ən yaxşı bitki sortunun toxumundan istifadə olunsa, aqrotexniki tədbirləri optimal müddətlərdə və keyfiyyətlə həyata keçirilsə belə, yenə də gözlənilən səmərəni almaq mümkün deyil.

Kənd təsərrüfatı

elmləri doktoru, professor Zeynal Mövsümovun “Bizim yol” qəzetinə bildirdiyinə görə, 1 kq azot (təsiredici maddə hesabı ilə) verilmə dozasından asılı olaraq 12-15 kq payızlıq buğda dəni, 100-120 kq kartof, 10-12 kq xam pambıq məhsulu, 1k fosfor 7-8 kq buğda, 50-60 kq kartof, və 5-6 kq xam pambıq, 1kq kalium isə 3-4 kq buğda, 40-50 kq kartof, 2 kq xam pambıq məhsulunun artımına səbəb olur.

“Azot, fosfor və kalium gübrələri ayrılıqda deyil, birlikdə, həmdə müəyyən olunmuş nisbətdə torpağa verildikdə yüksək səmərə alınır.

Eyni zamanda qeyd etmək lazımdır ki, yuxarıdakı göstəricilər mineral gübrələrin orta potensial səmərəliliyini səciyyələndirir, belə ki, becərilən bitkilərin məhsuldarlığı konkret-iqlim şəraitindən, becərilən sortdan, aqrotexnikanın səviyyəsindən və s. asılıdır.

Əsas qida maddələri kimi azot, fosfor və kalium bitkilərin həyatında çox böyük əhəmiyyətə malikdir.

Azot bitkinin yaşıl kütləsini daha çox artırmaqla onun kütləsinin çoxalmasına və boyunun uzanmasına yaxşı təsir göstərir. Eyni zamanda azot əsas qida maddəsi hesab olunan zülalın, amin turşularının və bir çox bioloji aktiv maddələrin tərkibinə daxildir.

Fosfor bitkinin bar orqanlarının əmələ gəlməsinə və inkişafına daha yaxşı təsir göstərməklə onun vegetasia müddətini azaldır. Fosfor təkcə məhsuldarlığı artırmır, o həmçinin şəkərli bitkilərin şəkərini, yağlı bitkilərin yağını, lifli bitkilərdə lif çıxımını artırmaqla məhsulun keyfiyyətini yüksəldir.

Bitkilərin kimyəvi tərkibinə kalium da təsir göstərir. Kalium bitkidə üzvi birləşmələrin tərkibinə daxil olmasa da, maddələr mübadiləsinə aktivləşdirici təsir göstərir. Kalium gübrəsi verdikdə bitkidə saxarozanın, yağların, nişastanın sintezini gücləndirir.

Torpaq münbitliyinin artırılmasında, fiziki-kimyəvi xassələrinin yaxşılaşmasında, bitkilərin məhsuldarlığının və keyfiyyətinin yüksəldilməsində üzvi gübrələrin, o cümlədən, peyinin əhəmiyyəti böyükdür. Üzvi gübrələrə peyin, peyin şirəsi, fekalii, quş zılı, kompostlar, şəhərin üzvi tullantıları, yaşıl gübrələr (sideratlar) və s. aiddir. Peyinin tərkibində 0,5 % azot, 0,25 % fosfor, 0,6 % kalium, bir çox makro-mikroelementlər vardır. Peyinin tətbiq edilməsi nəticəsində bitkilərin torpaqdan aldıqları qida maddələri yenidən torpağa qaytarılır. 20 ton peyinqin tərkibindəki qida maddələrinin miqdarı 3,0 sentner ammonium nitrata, 2,5 sentner superfosfata, 2,0 sentner kalium xloridə bərabərdir.

Peyin və digər üzvi gübrələr torpağı qida maddələri ilə zənginləşdirir, torpağın münbitliyini və bitkilərin məhsuldarlığını artırır, suya davamlı struktr aqreqatlarının miqdarını yüksəldir, torpağın su-fiziki xüsusiyyətlərini, o cümlədən susaxlama, su və hava keçməni yaxşılaşdırır. Onun tərkibində olan və torpağda yaşayan faydalı mikroorqanizmlərin fəaliyyəti sayəsində torpağın tərkibindəki çətin həll olan mineral qida maddələri asan mənimsənilən formaya çevrilir. Peyinin ətrafında olan mikroblar üzvi maddələri parçalayaraq biləvasitə bitkinin kök sisteminin sorulma zonasında asan mənimsənilən qida maddələrinin miqdarını artırır və bütün vegetasiya boyu gübrənin səmərəli təsir müddətini uzadır.

Peyin və digər üzvi gübrələrmineral gübrələrlə birlikdə tətbiq edildikdə onun səmərəsi daha yüksək olur. Belə ki, torpağa mineral gübrə verilərkən onda qida maddələrinin zərərli artımı müşahidə olunur. Bu zaman qida maddələrinin bir hissəsinin isə çətin həll olan formayasına keçməsinə, başqa sözlə, qida maddələrinin itkisinə səbəb olur. Peyinin mineral gübrələrlə birlikdə tətbiqi bu çatışmazlığı aradan qaldırır».

Ən yaxşı üzvi gübrələrdən biri də biohumusdur. Biohumus dünya bazarında ən keyfiyyətli ekoloji təmiz gübrə hesab edilir.

Biohumusun tərkibində 16 % ümumi humus, 3.2 % ümumi azot, 2,2 % ümumi fosfor, 2 % ümümi kalium və digər zəruri makr-mikroelementlər vardır. Biohumus peyinə nisbətən daha üstün üzvi gübrə hesab edilir. Bioloji əhəmiyyətinə görə 1 ton biohumus 10-15 ton təzə peyinə bərabərdir.

Kənd təsərrüfatı məhsulları istehsalçılarının mineral gübrələrə olan təlabatın ödənilməsi ölkə rəhbərliyitnin, o cümlədən Kənd Təsərrüfatı Nazirliyinin daim diqqət mərkəzindədir. Azəərbaycan Respublikası Prezidentinin «Aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında» 22 sentyabr 2005-ci il tarixli 1019 nömrəli Sərəncamına əsasən dövlət büdcəsi vəsaiti hesabına pestisid və aqrokimyəvi maddələrin alınması və satıılması nəzərdə tutulmuşdur. Gübrə təminatını yaxşılaşdırmaqla vahid əkin sahəsindən yüksək və keyfiyyətli məhsul götürmək, torpaqların münbitliyini bərpa etmək və yüksəltmək, istehsalın səmərəliliyini artırmaqla əhalinin sosial rifah halını yaxşılaşdırmaq, kənddə yoxsulluğu azaltmaq mümkündür.

Torpaq istifadəçiləri ilə aparılan sorğular və müşahidələr bir daha göstərir ki, onların əksərriyyətinin təsəvvüründə mineral gübrə dedikdə ammonium şorası (ammonium nitrat) başa düşülür. Fosfor və kalium gübrələrinə çox az əhəmiyyət verirlər. Bunun da bir çox subyektiv səbəbləri vardır. Peşə yönümündən asılı olmayaraq 867 min ailə torpaq pay almışdır və onlar təsərrüfatlarını idarə edirlər. Onların böyük əksəriyyəti ixtisas və peşəsinə görə kənd təsərrüfatı ilə əlaqəsi olmayan müəllim, həkim, mühəndis və digərləridir.

Ona görə də kənd təsərrüfatı məhsulları istehsalçılarının nəzərinə çatdırırıq ki, bitki üçün bu gübrələrin hamısı eyni dərəcədə lazımdır, biri digərini əvəz edə bilməz. Gübrələrin hər hansı biri ilə birtərəfli gübrələməyə nisbətən onlardan birlikdə istifadə ollunduqda ən yüksək səmərə alınır.

İlhamə Loğman

Son xəbərlər
Bütün xəbərlər »