Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dənizdən dənizlərə böyük Azərbaycan
Böyük xəyallar triosu və ya Cənub Qaz Dəhlizi haqqında publisistik düşüncələrim

“Elm bütün uğurlarına görə xəyala borcludur”. Bu müdrik cümləni 19-cu yüzildə məşhur amerikalı yazıçı-mütəfəkkir, esseist, filosof Ralf Emerson qurub. Gördüyümüz hər böyük işin, qazandığımız uğurların (elə qazanmadıqlarımızın da) zəmini xəyaldır. Yüzillərlə bizim – millətimizin hər bir düşünən, özünü, milli kimliyini dərk edən fərdinin, özəlliklə də aydınlarının ən böyük xəyalları müstəqillik, müstəqil dövlətçilik, azad yaşamaq olub. Bu günlərdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi tamam oldu. Bax, bu Cümhuriyyətin də özündən qabaq xəyalları qurulmuşdu. AXC süqut edəndən sonra onu yenidən geri qazanmaq xəyalları quruldu və bu xəyallar da ilk real fürsətdə - Cümhuriyyətin süqutundan 71 il sonra reallaşdı.

Böyük xəyallar triosu

Bəlkə də bir az uzun giriş oldu. Xəyallardan uzun yazmağımın nədəni var. Müstəqillik, təhlükəsizlik, rifah. Yəqin ki millətimizin bütün xəyallarını, bu xəyallardan doğan arzularını, bu arzuların doğruduğu planlarını bu üç sözlə ən ümumi şəkildə ifadə etmək olar. Müstəqil dövlətdə yaşamaq, təhlükəsiz yaşamaq, rifah içində yaşamaq. Bu sözlər, bu frazalar əgər real məzmunla doldurulmasa, sadəcə, yalnız quru pafosdan başqa bir şey deyil. Azərbaycanın müstəqilliyi 1991-ci ildə gözlərimin qarşısnda – həm milli-azadlıq hərəkarının qatılımçısı, həm də yazar olaraq mənim də şahidliyimlə gerçəkləşdi. Həmin il avqustun 30-da müstəqilliyimizi bəyan etdik. Oktyabrın 18-də parlamentdə Müstəqillik haqqında Konstitusiya Akti qəbul olundu, debabrın 29-da isə referendumla təsdiq edildi. O zaman Naxçivanın da Muxtar Respublika olaraq verdiyi mühüm qərarlar vardı. Bunlar çox böyük tarixi addımlar idi və çox şeylər ifadə edirdi. Ancaq bunlar hələ hər şey demək deyildi. Müstəqilliyimizin yenidən qazanılmasında birinci ən mühüm mərhələ milli-azadlıq hərəkatı və onun qələbəsi, ikinci mərhələ müstəqilliyin bəyan, qəbul və təsdiq edilməsi, üçüncü mərhələ isə müstəqilliyin daha da möhkəmləndirilməsi və dönməz edilməsidir (Xatırlatmağa gərək yoxdur ki, iyirmi üç aylıq Cümhuriyyətimizin itirilməsi kimi acı təcrüməmiz artıq vardı). Müstəqilliyin qorunması, dövlətin və millətin təhlükəsizliyinin təmin olunması və ölkənin imkanlarından yararlanmaqla əhalini rifaha qovuşdurmaq bu mərhələnin ən başlıca amalları, vəzifələridir.

Tarixi uğurlar zənciri...

Hər şeyin dörd dördlk olduğunu iddia etməkdən uzağam. Bu tamamilə başqa bir yazının mövzusudur. Dövlət insanlardan ibarətdir və canlı orqanizm olaraq onun da öz gücü və öz zəiflikləri ola bilir. Bizim də bir dövlət olaraq əlimizin, fikrimizin, gücümüzün hələ tam yetmədiyi nöqtələr də var, daxildə özümüzün kənar müdaxiləsiz həll etməli olduğumuz problemlərimiz, sıxıntılarımız da var. Bəli, bizim Qarabağ kimi problemimiz var. Bu, Ermənistanın arxalandığı böyük güclərin dəstəyi ilə Azərbaycana hərbi təcavüzü sonucunda yaranmış və beynəlmiləlləşmiş bir münaqişədir. Yaranmasında olduğu kimi davam etməsində də maraqlı olan böyük güclər var. Bu münaqişə bizim həm müstəqilliyimizə, həm təhlükəsizliyimizə, həm rifahımıza təhdiddir və real zərər verir. Azərbaycan nə üçün Ermənistani bütün regional layihələrdən təcrid etməyə çalışıb və çalışır? Arxasındakı güclərin dəstəyini zəiflətməklə işğala son qoymağa məcbur etmək üçün. Ən böyük dəstəyi də, təbii ki, Türkiyə Cümhuriyyətindən alırıq bu günə qədər. Bu baxımdan, Azərbaycanın 1994-cü ildən – “Əsrin kontraktı”ından başlayaraq Bakı-Tbilisi-Ceyhan neft kəməri, eləcə də, Xəzər qazını Supsaya , Novorossiyskə və Ərzuruma çıxaran qaz kəmərləri xətləri ilə davam edən, Şahdəniz -2 layihəsi ilə mühüm mərhələyə qədəm qoymuş strategiya çox tarixi uğurlar zənciri idi. Azərbaycanı sivil dünyaya geostrateji və geoiqtisadi baxımdan bağlamaq demək idi. Azərbaycanı beynəlxalq miqyasda çəkisi olan bir dövlətə, geoistrateji faktora çevirən xətt idi. Və məntiqi olaraq Şahdəniz -2 layihəsi çərçivəsində Cənub Qaz Dəhlizi layihəsinin reallaşması Azərbaycanın dünya xəritəsindəki yerini və önəmini inanılmaz dərəcədə artıracaq.

Zəruri haşiyə: İnsan təbiəti belədir ki, özünün iştirakçısı olduğu və ya gözünün qarşısında baş verən olayları, prosesləri çox zaman adekvat qiymətləndirmir. Bəzən özümüz yaşadıqlarımızın önəmini, anlamını yetərincə dərk etmirik. Və bu gün bir çox insanlarımız bəlkə də elə Cənub Qaz Dəhlizi ətrafında danışılanları, yazılanları bir xüsusi, şişirdilmiş təbliğat kampaniyası kimi qəbul edir. Yəqin bu yazı da bir çox məlumatsız və xüsusilə də, qərəzli dairələrdə həmin anlamda qavranılacaq. Bunlar önəmli deyil (Və əslində olduğu kimi təbliğ etməkdə də bir qəbahət yoxdur, əksinə daha geniş təbliğ olunmalı hadisədir). Demək istədiyim odur ki, bu gün Cənub Qaz Dəhlizi layihəsinin bütün anlamı bəlkə də lazımınca dərk edilmir. Ancaq zaman keçdikcə, nə demək olduğunu hər kəs dərindən hiss edəcək, biləcək və çox ümid edirəm ki, sonuclarını öz həyatında pozitiv anlamda yaşayacaq.

Nə deməkdir Cənub Qaz Dəhlizi?

Bu, birinci növbədə hazırda var olan Cənubi Qafqaz Boru Kəmərini Azərbaycan və Gürcüstan ərazidindən keçən yeni boru kəməri ilə daha da genişləndirməkdir. Bunun ardınca Trans Anadolu Boru Kəməri (TANAP) ilə Şahdəniz qazını Türkiyə ərazisi boyunca ötürmək, nəql etməkdir. Daha sonra isə Trans Adriatik Boru Kəməri (TAP) vasitəsi ilə Yunanıstan və Albaniya ərazisindən İtaliyaya qədər aparıb çıxarmaqdır. Avropanın bir başından o biri başına Xəzər qaz ehtiyatlarını çatdırmaqdır. Yeddi dövləti və 11 şirkəti əhatə edən bu layihə Azərbaycanın öz qaz ehtiyatlarını dünya bazarına çıxarması baxımından, girişdə dediyimiz xəyallarını gerçəkləşdirmək baxımından çox mühüm uğurdur. Bu layihəyə ABŞın mühüm dəstəyi , Avropa Birliyinin böyük marağı var. Eyni zamanda Azərbaycanın sərhəd qonşuları və dünya qaz bazarında önəmli oyunçular olan Rusiya və İran kimi biri qlobal, biri iri regional geosiyasi güc olan dövlətlərin də bu layihəni öz maraqlarlna təhlükə kimi görməməsi, mane olmağa çalışmaması da diqqətdən qaçmamalıdır. Bunda Azərbaycanın da çox mühüm siyasi-diplomatik payı olduğunu düşünürəm. Hər kəsin gördüyü iş onun şəxsi keyfiyyətlərinin davamıdır. Bu gün reallaşdırılan bu böyük layihələr onları xəyal edən, planlaşdıran və icrasını həyata keçirən dövlətlərin, şirkətlərin, komkret şəxslərin xəyal gücünü, daxili konstitusiyasını, təşkilatçılıq qabiliyyətini, erudisiya səviyyəsini və xarakter keyfiyyətini göstərir. Eyni zamanda, təbii ki, bu layihələrin onun ölkəmizdə təhlüksizliyə və xüsusilə də, rihafa xidmə edəcəyi qədər üstün dəyər qazanacağını da vurğulamaq lazımdır. Hər bir görülən iş özünün real və pozitiv sonucları ilə qiymətlidir. Ona görə də düşünürəm ki, yaxın gələcəkdə biz bu nəticələri ölkənin həyatında və özümüzün gerçək yaşamımızda hiss edəcəyik.

Dənizdən dənizə... Azərbaycan

...Mən dövlətimizi Ermənistanla hər hansı anlamda bir tutmaq istəmirəm. Sadəcə, fikrimi izah etmək üçün bu cümlələri yazıram. Ermənistan siyasi-hərbi elitası, ermənilik Qara dənizdən Xəzər dənizinə qədər “Böyük Ermənistan” xülyası ilə yaşayırlar (ki, o dənizlərin heç birinə əlləri çatmır – bu ağılla, bu düşüncə tərzi və bu siyasətlə dənizi olmayan bir ölkə olaraq da qalacaqlar hər zaman). Hər nə qədər Qarabağı işğal altında saxlamış olsalar da, Türkiyəyə qarşı ərazi iddialarını hətta Konstitusiyalarında təsbit etsələr də, işğalçı qonşumuzun bu “dənizdən dənizə...” xülyası xülya olaraq qalır, heç xəyala çevrilməyib belə. Ancaq Azərbaycan öz strategiyası ilə dənizləri birləşdirib artıq – Xəzərlə Qara dənizi, Aralıq dənizini birləşdirən layihələri reallaşdırıb. Cənub Qaz Dəhlizi işləməyə başlayan zaman Xəzər bu dəfə həm də Adriatik dənizi ilə “birləşəcək”. Bununla yanaşı Bakı-Tbilisi-Qars dəmiryolu, Şimal-Cənub Nəqliyat Dəhlizi layihələrini də reallaşdırmaqla (təşəbbüskarı və iştirakçısı olaraq) dənizdən dənizlərə böyük bir coğrafi arealda Azərbaycan var olacaq. Əsgər göndərmək, silah işlətmək deyil, baş işlətmklə, ağlın və iradəni gücü ilə dənizdən dənizə çatmaq da varmış. Və bu zaman başqa dövlətlərə zərər vurmuruq, əksinə, öz maraqlarımızla başqa dövlətlərin maraqlarının uzlaşma nöqtələrini tapırıq. İşğalçı qonşumuz elə bilir ki, dövlət ancaq və ancaq başqasının torpaqlarını işğal edib ələ keçirməklə böyüyə və dənizdən dənizə çata bilər. Ancaq çağdaş tarixdə, konkret olaraq da Azərbaycanın timsalında biz başqasının torpağında gözü olmayan dövlətin necə dənizdən dənizə çata bildiyini görürük. Dediyim kimi, Cənub Qaz Dəhlizi də bu gerçəyin daha bir sübutu olacaq.

Bahəddin Həziyev

Son xəbərlər
Bütün xəbərlər »