Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda bitkilərin genetik ehtiyatlarının qorunmasına dövlət nəzarəti
Biomüxtəlifliyin mühafizəsində, davamlı ərzaq təhlükəsizliyinin və təbiətin mühafizəsinin təmin olunmasında, fermerlərin rifah halının yaxşılaşdırılmasında genetik ehtiyatlar həlledici rol oynayır. Bu ehtiyatların canlı təbiətdə öyrənilməsi və mühafizəsi, məqsədyönlü toplanaraq kolleksiyalarda qorunub saxlanılması, hərtərəfli tədqiq edilərək seleksiya proqramlarında səmərəli istifadəsi müasir dövrün ən mühüm problemlərindəndir.

Azərbaycan mədəni bitkilərin genetik mühafizəsi və ehtiyatların qorunması sahəsində müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.

Bu ilin aprel ayında Qazaxıstanın Manqışlaq Eksperimental (MEB) Botanika Bağı ilə AMEA Mərkəzi Nəbatat Bağı arasında qarşılıqlı əməkdaşlıq üzrə Razılaşma memorandumu imzalanıb.

Mərkəzi Nəbatat Bağından “Bizim Yol” qəzetinə verilən məlumata görə, sənəd Qazaxıstanın Manqışlaq Eksperimental (MEB) Botanika Bağının nümayəndə heyətinin Mərkəzi Nəbatat Bağında keçirdiyi görüş zamanı imzalanıb. Razılaşmaya əsasən, tərəflər arasında bitki ehtiyatları, bağçılıq və reproduksiyası sahəsində birgə tədqiqatlar, kadr və təcrübə mübadiləsi, müştərək layihələrin və ekspedisiyaların təşkili, toxum və herbari materiallarının mübadiləsi aparılacaq.

2011-ci ildə Azərbaycanda ilk dəfə bitki genetik ehtiyatları üzrə informasiya məkanının formalaşdırılmasının əsasları işlənib hazırlanıb və yeni tipli proqram təminatı - informasiya axtarış sistemi yaradılıb.

Respublikada BGE-nin milli kolleksiyaları inventarlaşdırılıb, bunun əsasında Mərkəzi Məlumat Bazası yaradılıb və Milli İnformasiya Mübadiləsi Mexanizmi qurulub: “Respublikanın 10 rayonunda 200-dən çox fermer təsərrüfatından toplanmış məlumatlar əsasında müasir informasiya texnologiyalarının köməyi ilə nar bitkisinin bioekocoğrafi tədqiqi aparılıb və müəyyən edilib ki, zənginlik indekslərinin göstəriciləri yüksək müxtəlifliyin mövcudluğunu sübut edir.

Yaradılmış informasiya sistemindən səmərəli istifadənin prinsip və qaydaları işlənib hazırlanıb. İnformasiya texnologiyalarının vasitəsilə BGE üzrə milli kolleksiyaların taksonomik tərkibi öyrənilir, məlumat bazası Azərbaycan florası və regional kolleksiyalarla müqayisədə təhlil edilir və tövsiyəl hazırlanır. İnformasiya sisteminin yaradılması ilə bağlı çoxillik tədqiqatlar akademik Cəlal Əliyevin rəhbərliyi ilə həyata keçirilib.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə 2003-cü il Genetika və Seleksiya İnstitutunun bazasında Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatları İnstitutu yaradılıb.

İnstitutun əsas elmi istiqamətləri mədəni bitkilərin və onların yabanı əcdadlarının, qiymətli, nadir, itməkdə və nəsli kəsilməkdə olan cinslərin, növlərin, aborigen sort və formaların, kənd təsərrüfatı heyvanlarının yerli cinslərinin inventarlaşdırılaraq pasportlaşdırılması, toplanması, introduksiyası, bərpası, çoxaldılması, beynəlxalq deskriptorlar əsasında qiymətləndirilməsi, ex situ və in situ şəraitində mühafizəsi ilə bağlı elmi problemlərin araşdırılması və mühafizə işinin təşkili, davamlı, yüksək məhsuldar, keyfiyyətli nümunələrin aşkar edilərək seleksiya işinə cəlb edilməsi üzrə elmi tədqiqatların aparılmasından və müvafiq sahələrdə ölkə institutlarının fəaliyyətinin əlaqələndirilməsindən ibarətdir.

İnstitutda dənli-taxıl, dənli-paxlalı, meyvə və giləmeyvə, tərəvəz-bostan, yem, dərman və qeyri-ənənəvi bitkilərinin çox böyük elmi və praktiki dəyərə malik 395 cinsə, 1110 növə aid nadir, qiymətli xalq seleksiyası sortlarının, endemik, relikt formalarının 10 minə qədər nümunəsi 11 beynəlxalq və 30-dan çox yerli ekspedisiya, daxili və beynəlxalq elmi mübadilə yolu ilə toplanaraq, Milli Genbankda etibarlı mühafizəsi təşkil edilmişdir. Bu nümunələr genetik, morfoloji, fizioloji, biokimyəvi, immunoloji, texnoloji, sitogenetik və təsərrüfat əhəmiyyətli göstəricilərə görə qiymətləndirilir, yüksək keyfiyyət tərkibinə malik, biotik və abiotik stress amillərinə davamlı donor formalar seleksiyada səmərəli istifadə olunmaq məqsədi ilə seçilir.

İnstitutun genefond bağında keçən əsrin ortalarından başlayaraq, dünyada analoqu olmayan, tut bitkisinin təkamül dinamikasını əks etdirən 28-dən 308-ə qədər ploidlik sırasının sort və formalarının 360 nümunəsi cəmlənmişdir. Təəssüflər olsun ki, institutun Qarabağ Tədqiqat Bazasının 1700 hektarlıq əkin sahələrində, istixana və anbarlarında 40 il ərzində toplanmış 100 mindən artıq nümunədən ibarət milli genefond erməni işğalçıları tərəfindən tamamilə talan edilib yandırılmış, birdəfəlik məhv edilmişdir.

2004-cü ildə institutun fəal iştirakı ilə ölkədə biomüxtəlifliyin vəziyyətinə, idarə olunmasına və perspektivlərinə həsr edilmiş I Milli Məruzə hazırlanmışdır. Bunun əsasında işlənib-hazırlanmış “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair Milli Strategiya və Fəaliyyət Planı” 2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə qəbul edilmiş və həyata keçirilməkdədir. Milli Strategiya və Fəaliyyət Planının AMEA institutlarına aid maddələrinin yerinə yetirilməsi GEİ tərəfindən koordinasiya edilir.

İnstitut bir sıra digər milli proqramların hazırlanmasında və həyata keçirilməsində də fəal iştirak edir. Burada “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramını” göstərmək olar.

2006-cı ildə FAO ilə institut arasınada bağlanmış müqavilə əsasında Azərbaycanda Ərzaq və Kənd Təsərrüfatı Bitki Genetik Ehtiyatları (ƏKTBGE) üzrə Qlobal Fəaliyyət Planının (QFP) yerinə yetirilməsinin monitorinqi həyata keçirilmiş, ilk dəfə olaraq, BGE üzrə ölkə şəbəkəsi və Milli İnformasiya Mübadiləsi Mexanizmi (MİMM) qurulmuş, mexanizmin Məlumat Bazası və İnternet portalı yaradılmış, ƏKTBGE-nin vəziyyətini əks etdirən və strateji xarakter daşıyan 2-ci Ölkə Hesabatı hazırlanmış, FAO-ya təqdim edilərək onun mütəxəssisləri tərəfindən yüksək qiymətləndirilmişdir. Milli İnformasiya Mübadiləsi Mexanizmi və onun məlumat bazası məlumatların zənginliyinə görə FAO-nun ekspertləri tərəfindən mexanizmin bu vaxta qədər qurulduğu 37 ölkə arasında ən yaxşı iki işdən biri kimi yüksək dəyərləndirilmişdir.

İnstitutun alim və mütəxəssislərinin Bitki Genetik Ehtiyatları sahəsində Milli Proqramın müvəffəqiyyətlə həyata keçirilməsində əldə etdikləri elmi nəticələr 100-dən çox beynəlxalq qurultay, konqres, seminar, konfrans, simpoziumlarda və digər mötəbər tədbirlərdə dəfələrlə təqdim edilərək beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilmişdir.

İnstitutda Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda ilk dəfə olaraq, orta (20-30 il) və uzun müddətli saxlama (50-100 il) şəraiti olan Milli Genbank yaradılmışdır Hazırda xarici ölkələrin genbanklarında toplanmış Azərbaycan mənşəli nümunələrin geriyə qaytarılaraq Genetik Ehtiyatlar İnstitutuna cəmlənməsi prosesinə başlanılmışdır. Bunun üçün ABŞ Kənd Təsərrüfatı Departamenti, Ümumrusiya Bitkiçilik İnstitutu, İCARDA, bir neçə digər beynəlxalq, regional və milli genbanklarla müvafiq razılaşmalar əldə edilmişdir. İnstitutun təcrübə sahələrində nadir, qiymətli bitkilərin, dünya miqyasında çox böyük dəyərə malik kolleksiyaların, eləcə də geriyə qaytarılmış nümunələrin bərpası və çoxaldılması həyata keçirilir.

Yerli bitki genetik müxtəlifliyinin 6500-dən çox nümunəsi kompleks qiymətləndirilmiş, təsərrüfat əhəmiyyətli genlərə malik, stress amillərə davamlı 550-dən çox donor forma aşkar edilərək ərzaq təhlükəsizliyi məqsədilə seleksiaya proqramlarında səmərəli istifadə olunur. Onların əsasında respublikanın elmi-tədqiqat institutlarında, o cümlədən GEİ-də yeni sort-formalar yaradılmışdır. Kompleks xüsusyyətlərinə görə standart sortlardan üstün olan 2 pambıq sortu AR Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasına təqdim edilmişdir. 200-dən çox nümunə genetik formullarına görə pasportlaşdırılmışdır.

Genbankda saxlanılan bitki nümunələrinin həyatilik potensialının və ömür sürəkliliyinin fünksional diaqnostikası və irsi proqnozlaşdırılmasının elmi əsasları işlənib hazırlanmışdır. Mürəkkəb cinsarası hibridləşmələr sayəsində qısaboylu və yeni tipli şaxəli buğda formasının alınma mexanizmi aşkar edilərək, həmin əlamətin 1 resessiv genlə idarə olunduğu müəyyənləşdirilmişdir. Buğdanın növarası hibridlərində meyoz prosesi zamanı xromosomların konyuqasiya dərəcəsinin gözlənilən səviyyədə olmamasının səbəbi, onları təşkil edən genomların və meyoz prosesini tənzimləyən gen və ya genlər sisteminin təkamülünün hər bir növ üçün avtonomluğu ilə izah edilmişdir. Bəzi buğda və buğda hibridi nümunələrində qliadinkodlaşdıran lokusların yeni allel komponentlər bloku identifikasiya edilmişdir. *Azərbaycanın müxtəlif bölgələrindən toplanmış yabanı, iki və altıcərgəli mədəni arpa növlərinə aid nümunələrin dənlərində, ilk dəfə olaraq, ehtiyat zülalları hordeinlərin sintezinə nəzarət edən hordeinkodlaşdıran lokusların allel komponentləri identifikasiyasiya edilmişdir.

Növarası hibridləşmədən alınan bir neçə yüksəkməhsuldar bərk və yumşaq buğda forması, meyvə və giləmeyvə bitkilərinin kompleks qiymətli təsərrüfat əlamətlərinə malik, xəstəlik və zərəvericilərə qarşı davamlı 15 perspektiv forması seleksiya mərhələlərini müvəffəqiyyətlə keçmişdir.

Az vəsait və vaxt sərf etməklə qısa müddətdə kompleks yüksək göstəricilərə malik yeni tut ipəkqurdu cinslərinin yaradılması üsulu işlənib hazırlanmışdır. Tut ipəkqurdunun 2 yeni cinsi və 2 hibridi SNSM üzrə Dövlət Komissiyası tərəfindən rayonlaşdırılıb təsərrüfata tətbiq edilir. Daha 2 cins və 2 hibrid isə təqdim edilmişdir.

Mürəkkəb hibrid kombinasiyasından F2-də mutasiya nəticəsində qeyri-ənənəvi formalı, yolkayabənzər şaxəli sünbülləri olan və indiyədək dünya ədəbiyyatı və təcrübəsində rast gəlinməyən yeni buğda bitkisi (2n=28) əldə edilmişdir.

Azərbaycanda ilk dəfə olaraq, Milli Proqrama uyğun toplanmış bitki genetik ehtiyatlarının pasportlaşdırılması əsasında 11000- ə yaxın bitki nümunəsinin pasport məlumatlarını əhatə edən Mərkəzi Məlumat Bazası yaradılaraq, Bitki Genetik Ehtiyatları üzrə Avropa İnternet Axtarış Kataloqunun (EURİSCO) və FAO-nun saytlarında yerləşdirilmişdir. Bu məlumat bazası FAO-nun, İPGRİ-nin, İCARDA-nın rəhbərləri tərəfindən Avropada, eləcə də Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda bitki genetik ehtiyatları sahəsində ən qabaqcıl və kamil informasiya sistemlərindən biri kimi dəyərləndirilmişdir.

İlhamə Loğman

Son xəbərlər
Bütün xəbərlər »