Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Suallar, suallar...
Buyurun, bu da hazır ssenari, cənab rejissor

Kinorejissor və kinodramaturq Rüstəm İbrahimbəyovun facebook sosial şəbəkə saytındakı öz səhifəsində yazdığı statusa rast gəldim. Onu da dərc etmişik. Cənab İbrahimbəyov “Qafqaz üçlüyü” filminə görə onu tənqid atəşinə tutanlara cavab olaraq paylaşdığı bu statusunda yazır: “Ermənistan rəhbərliyini və təcavüzkar milliyyətçi qurumlarını ölkəmizə qarşı cinayətlərdə ittiham etsəm də, baş verən hadisələrdə bütün erməni xalqını təqsirli hesab etmirəm və hər bir ermənini düşmən kimi qəbul etmirəm”.

Əlbəttə, bu, yaradıcı insan, ziyalı və ümumiyyətlə, bir fərd olaraq Rüstəm İibrahimbəyovun şəxsi fikridir. Mən təbiətcə pafosdan, yersiz patetikadan uzaq adamam və cənab İbrahimbəyovun şəxsi görüşünə hörmətlə yanaşıram. Adam belə düşünür, bu da Rüstəm İbrahimbəyovun şəxsi fkridir. Belə fikirləri təkcə Rüstəm İbrahimbəyov ifadə etməyib ki. Ötən ilin iyulunda Azərbaycanın çox yüksək səviyyəli dövlət məmurlarından biri də nə vaxtsa Azərbaycan xalqı ilə ermənilərin barışacağını, hətta bir süfrədə şərab içəcəklərini arzu etmişdi. Belə bir arzuda olmağı da kimsəyə irad tutmaq və özəlliklə də, qadağan etmək absurd olardı – hər kəsin gələcəyə, o sıradan da, Ermənistan-Azərbaycan münaqişəsinin bitməsinə dair arzuları var, bu arzular fərqli şəkildə ifadə oluna bilər, ancaq ümumi xətti eynidir. Mən o zaman da bu məsələyə münasibətimi bildirmişdim. Yazmışdım ki, azərbaycanlılar zamanında ermənilərlə bir süfrədə oturmuşdular, şərab da içirdilər. Süfrədən qalxıb gedən, gedərkən də süfrəni dağıdan biz deyildik, erməni idi. Bir az əvvəl yemək yediyi, şərab içdiyi süfrəni dağıtmaqla da qalmadı, qonaq gəldiyi evə od vurdu, ev sahibini öldürdü, onun qarşısına yemək qoyan qadını, qızı əsir-yesir edib apardı, hələ də qaytarmayıb. Yazmışdım ki, onlar bizimlə şərab içmək istəmir, bizim qanımızı içir.

Buyurun, Rüstəm müəllim, Sizə hazır film ssenarisi. Halal edirəm, götürün, film çəkin. “Ermənistanın ərazi iddiaları milyonlarla insanın taleyində əksini tapmış dəhşətli nəticələrə gətirib çıxarıb. Xalqımın acısını hiss edirəm və əminəm ki, gec və ya tez Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq” deyə yazmısınız. Alın, bu ssenariyə film çəkin, xalqınızın o hiss etdiyiniz acısını göstərin. Qoy Sizin filminizə baxan görsün “Ermənistanın ərazi iddiaları... dəhşətli nəticələrə gətirib çıxarıb”. “Milyonlarla insanın taleyində əksini tapmış” bu gerçəyi göstərin. Siz, biz, hər birimiz bu dəhşətli nəticələri aradan qaldırmaq üçün əlimizdən gələni birlikdə edə bilsək, onda gerçəkdən əmin ola bilərsiniz ki, “gec, ya tez Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq”. Ancaq heç birimiz heç bir iş görməyək, üstəlik də, düşmənin xeyrinə olan fikriləri, mövqeləri tirajlayaq, həqiqətləri gizlədək, ya da təhrif edək, heç nə olmamış kimi, ermənilərlə dostluq da edək, bizə yaşatdıqları hər şeyi unudaq, sonra da “əmin” olaq ki, ərazi bütövlüyümüz bərpa olunacaq. Yox elə bir dünya! Ərazi bütövlüyümüzdən qabaq özümüzün, millətimizin mənəvi bütövlüyünü bərpa etməliyik. Yoxsa birimiz səngərdə şəhid olacaq, o birimiz erməniyə “qardaş” deyib süfrəsinin başına keçirəcək, birimiz öz millətimizin payından kəsib erməni kilsəsinə pulsuz qaz verək, o birimiz film çəkib işğalçı dövlətin xalqını təbliğ edəcək – bu halda fikir birliyimiz alınmayacaq. Hamı eyni cür düşünsün deyə yox, hətta fərqli düşünənər belə vahid milli məqsədə doğru birlikdə hərəkət etsin deyə. O zaman ərazi bütövlüyümüzün bərpasına əmin ola bilərik.

Siz erməni xalqını düşmən saymaya bilərsiniz, Rüstəm bəy. Bu mövqeyiniz də, özünüz dediyiniz kimi, “illərdir davam edən anlaşılmazlıq” yaradıb. Öz fikrinizdə qalın, öz işinizdir. Ancaq bu “anlaşılmazlıq” niyə illərdir davam edir? Bu haqda düşündünüzmü?! Axi Sizə yaxşı bəllidir ki, bu münaqişə 1991-ci ildən bəri Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında müharibədir. 1905-1907-ci illərdə axı Ermənistan və Azərbaycan dövlətləri yox idi. 1918-ci ilin martında da hələ Azərbaycan Xalq Cümhuriyyəti – yəni dövlətimiz yaranmamışdı və Ermənistan da ayrıca dövlət deyildi. 1948-1953-cü, 1988-1989-cu illərdə də bu iki xalqın ayrıca müstəqil dövləti qurulmamışdı. O zaman niyə ermənilər silahlanıb Azərbaycan türklərini qırırdılar, öz torpaqlarından millətimizi niyə qovurdular?! Məgər tarixi faktlardan aydın deyilmi ki, bu münaqişə dövlətlər arasında deyil, millətlər arasındadır. Daha doğrusu, bir millətin (ermənilərin) başqa bir xalqa qarşı apardığı müharibəydi. Və axı bu tarixi faktlardan aydın görünür ki, ermənilər hər zaman yaranmış tarixi-siyasi şəraitdən kəmfürsətcəsinə yararlanaraq (və yaraqlanaraq) millətimizi öz arealından çıxışdırıb çıxarmağa çalışıblar, bu zaman hətta soyqırım belə törətməkdən çəkinməyiblər. Bu yaxınlarda dostumuz, hazırda ABŞ-da yaşayan millətimizin böyük ziyalı oğlu, GünAz Tv-nin qurucusu Əhməd Obalı özünün ideya müəllifi və sponsoru olduğu bir kitabı mənə hədiyyə etdi. Bu, Birinci CahanSavaşı illərində İran Xarici İşlər Nazirliyinin Urmu (bizim təbirimizcə, Urmiya) İdarəsinin rəisi olmuş Rəhmətulla xan Mütəmədülvüzaranın xatirələrini özündə toplayan “Urmu dünyanı yandıran müharibədə” adlı kitabdır. Kitabı oxudum, dəhşətə gəldim. O illərdə Dünyanın başı böyük savaşa qarışıb, bundan istifadə edən ermənilər Urmuda dövlət qurmaq iddiasına düşüblər, qısa müddətdə 200 min Azərbaycan türkünü qırıblar. Və Dünya bu fəlakətli hadisələri çoxdan və qəsdən unudub. Gördüyünüz kimi, harda imkan düşübsə, orda ermənilər bizim soyumuz tükətmək üçün hərəkətə keçiblər. Ona görə yox ki, biz onlara düşmənçilik etmişik, ona görə ki torpağımızda hər zaman gözləri olub və var.

Yaxşı, bizimlə yola getmədilər – onlar üçün sevimsizdik, bizə qədər indiki Apenin yaramadasının, çağdaş İtaliyanın şimalında – Roma İmperiyasında onları kim və niyə sevmirdi?! Ordan gəlib Ön Asiyaya yerləşdilər. Burda niyə sevilmədilər?! Osmanlı ordusu Çanaqqalada ölüm-dirim savaşı verərkən nədən Anadoluda ermənilər üsyan qaldırıb türk qadınlarını, qocalarını, uşaqlarını qətl etdilər?! Nə pislik etmişdi bu millət onlara?! Nəymiş?! Deməli, problem bu millətin özündədir. Yaxud keçən əsrin əvvəlinə bir daha diqqətlə baxaq. Erməni silahlı dəstələri Qubada türklərlə yanaşı yəhudiləri də qırmışlar. Əsrin sonunda isə indiki Ermənstandan təkcə türkləri deyil, başqa millətləri də qovublar. Kürdləri, rusları və başqalarını. Niyə?! Çünki monoetnik dövlət qurmaq məqsədi güdüblər. Bu məqsədlə də başqa millətlərə məxsus olan torpaqları gerçək sahibinin əlindən alırdılar. Ancaq təbii ki, türk soyuna ayrıca olaraq nifrət edirlər.

Bəli, indi bu savaş Azərbaycan və Ermənistan olaraq iki dövlət arasında görünür. Ancaq yad paytaxtların komfortunda oturub təkqanadlı “sülh” göyərçinini uçmağa zorlayanlardan fərqli qərəzsiz, obyektiv düşünən insanlar bilir ki, bu savaşı hazırda Azərbaycan dövlərinə qarşı bütün dünya erməniliyi aparır. Ermənistan dövləti yaranana qədər bizə və Anadolu türklərinə qarşı bu savaşın başında erməni diasporası və erməni kilsəsi vardı və bu gün də var (o kilsə ki, Azərbaycan soyuqdan donmasın deyə, dediyim kimi, pulsuz qaz verir). 1991-ci ildən sonra bu sıraya Ermənistan Respublikası da əlavə olundu və bu üçlü – sacayağı millətimizə qarşı müharibəni davam etdirir. Bu savaşın bir millətin qonşu millətə qarşı açdığını isbatlayan çox tarixi, siyasi və sair faktlar var. Ancaq Rüstəm İbrahimbəyovun mənsub olduğu sahəyə baxaq. Mədəniyyətimizin ən nadir incilərini, Üzeyir bəyin musiqilərindən tutmuş bayatılara qədər oğurlayıb dünyaya özününkü kimi təqdim edən də məgər təkcə Ermənistan dövlətidirmi?! Yox, bütövlükdə erməni millətidir. “Sarı gəlin”i oğurlayan, hətta hazırda həyatda olan Azərbaycan bəstəkarlarının mahnısını oğurlayıb öz adına çıxan bir xalq torpaqlarımızın işğalına “yox” deyəcəkdimi?! Və deyibmi?

Mən bu fikri ötən ilin iyulunda da yazmışdım, bir daha yerinə düşüb deyə təkrar edirəm. Ermənilər dəfələrlə İrəvanın küçələrinə çıxıblar və izdihamlı, çox hallarda da qarşıdurmaya qədər gəlib çıxan, faciəli nəticələri olan mitinqlər, nümayişlər keçiriblər. Hansı kütləvi aksiyada erməni xalqı Ermənistan rəhbərliyindən tələb edib ki, Qarabağdan qoşunlarını geri çəksin?! Qarabağın Azərbaycana məxsus olduğunu etiraf edibmi bu erməni xalqı?! Etməyib. Öz hökumətindən soruşubmu ki, bu nə “dənizdən dənizə Böyük Ermənistan” cəfəngiyyatdır ki, hətta Konstitusiyaya da yazılır?! Bu gün gedən savaşda Azərbaycan əsgəri öz torpağında ölür, erməni əsgəri də Azərbaycan əsgərinin torpağında ölür. Bunun hesabını Ermənistan baçşılarından soruşan erməni xalqı varmı?! “Xalqın namizədi” kimi Ermənistanın başına gələn və bizim ölkəmizdə də bəzi dairələrin “demokratiya mücahidi” olaraq gördüyü Nikol Paşinyanın mitinqlərindəki, yaxud parlamentdəki çıxışlarında Qarabağın erməni deyil, Azərbaycan torpağı olduğunu, Ermənistan ordusunu ordan çəkəcəyini dediyini kimsə eşidibmi?! “Xalqın adamı” dedikləri adamdan söhbət gedir. Deməyib. Əksinə əli dirsəyinə qədər Azərbaycan xalqının qanına batan Qarabağ klanının liderlərindən daha radikal çıxışlar edir. Əgər xalqın mövqeyini ifad edən Paşinyandırsa, o da Qarabağ məsələsində sələflərindən daha radikaldırsa, xalq da deyildiyinə görə, onun arxasındadırsa, bizim düşmənimiz kimdir?! Sadəcə, Qarabağda üzbəüz səngərdə ölən 18 yaşlı cavan erməni əsgrimidir?! Doğrudanmı, Siz buna inanırsınız Rüstəm bəy?!

Və deyirsiniz ki, filmdə azərbaycanlı (Fərhad) erməni dostunun fikrini dəyişdirir. Məntiqli açıqlama kimi görünür. Ancaq Sizə iki sualım var: birincisi, Siz də bunca il Moskvada, Nyu Yorkda yaşamısınız, bunca titullar, ödüllər qazanmısınız, bu qədər erməni ziyalılarının arasındasınız (belə görünür ki, çoxlu erməni dostlarınız da var, o cümlədən, Bakıdan tanıdığınız, birlikdə böyüdüyünüz uşaqlıq dostlarınız). Heç olmasa, birini yazınızın əvvəlindəki üç cümlədən heç olmasa birinə inandıra bilmisinizmi?! Onlardan hansısa biri Sizi dinləyəndən sonra: “Düz deyirsiniz, Ermənistanın ərazi iddiaları milyonlarla insanın taleyində əksini tapmış dəhşətli nəticələrə gətirib çıxarıb” deyə etiraf edibmi?! Etməyibsə, bu “Fərhad”ı və onun “erməni dostunu” nə məqsədlə uydurmusunuz?! İkincisi, Sizin fikrinizcə, “Qafqaz üçlüyü” filmi ilə tamaşaçıları bu iki xalqdan hansının öz davasında haqlı olduğuna inandırdınız?! Yoxsa heç belə məqsədiniz yerli-dibli olmayıb?!

Cavab verməyə bilərsiniz, əslində bunlar daha çox ritorik suallardır...

P.S. Bu arada Rüstəm İbrahimbəyov deyir ki, Ayaz Salayev bu film haqqında niyə üç il sonra yazıb? Haqlı sualdır. Mən də düşünürəm ki, Ayaz Slayev bu məqaləni üç il əvvəl yazmalı idi – bizdən fərqli olaraq, o, peşəkar kino tənqidçisi kimi vaxtındarə rəyini yazmalı idi. Bu da bizim qüsurlarımızdan biridir – ya çay gəlməmiş çirmənirik, ya da toydan sonra nağara. Ancaq burda Salayevin nə zaman yazı yazması ikinci dərəcəli faktdır; daha tənbəl, yaxud daha biganə qalıb beş il sonra da yaza bilərdi. Ancaq məsələnin mahiyyəti bu deyil. Mahiyyət odur ki, filmdə verilən mesajlar 3 il bundan qabaq verilib, 3 il bundan sonra da ona baxacaqlar, bəlkə 3 yüzil sonra da. Ayaz Salayevin filmə resenziyanı yazmaqda 3 il gecikməsi böyük günahdır, yoxsa bəlkə bundan üç yüz il sonraya da verilən yanlış mesajlar?!

Suallar, suallar...

Bahəddin Həziyev

Son xəbərlər
Bütün xəbərlər »