Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çirkab suları təmizlənmədən dənizə axıdılır
Qorumasaq hamımızın sərvəti olan Xəzər hamımızın itkisi olacaq

Havaların isinməsi ilə inanların üz tutduğu ən sevimli məkanlardan biri də dəniz sahili və çimərliklərdir.Bəs çimərliklərimizdə ekoloji mühit nə səviyyədədir, sağlamlıq üçün təhlükə varmı?

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən “Bizim Yol” qəzetinə verilən məlumata görə,Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub sahil zolağında, çimərlik zonalarında və mühüm rekreasiya əhəmiyyətli qumsallıqlarda mütəmadi monitorinq keçirir.

Ekoloji monitorinqin və laboratoriya tədqiqatlarının aparılmasında məqsəd dəniz ekosisteminə təsir edə biləcək çirklənmənin illər üzrə dəyişmə dinamikasının elmi əsaslandırılan təhlili və müəyyən edilmiş nəticələrdən gələcək fəaliyyətin planlaşdırılmasında istifadə edilməsidir.

“Nazirlik Abşeron yarımadasının kanalizasiya şəbəkəsi olmayan Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı qəsəbələrinin sahil zolağında və “Amburan” çimərliyi ərazisində, eləcə də Novxanı və Corat bağlarının sahil boyu ərazilərində beynəlxalq standartlara cavab verən 17 ədəd modul tipli çirkab sutəmizləyən qurğu quraşdırıb. Aparılan monitorinqin nəticələrinə görə, 2007-ci illə müqayisədə mikrobioloji baxımdan çirklənmənin qarşısı alınıb. Artıq Abşeron yarımadasının şimal zonasındakı ərazilərdən dənizə axıdılan tullantı suları idarə olunur. Təmizləyici qurğuların istismarı müddətində dənizdə mikrobioloji baxımdan çirklənmənin dərəcəsi tədricən azalmağa başlayıb, son 10 il ərzində qeyd olunan sahələrdə bağırsaq çöplərinin və şərti patogen bakteriya olan "Escherichia coli"nin (E.coli) miqdarı minimum həddə çatıb. Aparılan tədqiqatların nəticələrinə görə, qeyd olunan çimərlik ərazilərində çirklənmə dərəcəsi norma daxilindədir. Lakin belə qurğuların quraşdırılmadığı məntəqələrdə (Sumqayıt, Səbail rayonunun Şıx və Qaradağ rayonunun Sahil qəsəbəsinin çimərlik ərazilərində) bu il də mikrobioloji baxımdan çirklənmə qeydə alınıb. Bu ərazilərdə böyük həcmlə axıdılan tullantı suları müvafiq norma və standartlara uyğun təmizlənmədən və zərərsizləşdirilmədən dənizə axıdıldığına görə sözügedən ərazilərdə bağırsaq çöpü bakteriyalarının və şərti patogen "E.coli"nin miqdarı normadan artıq müəyyən olunub”,- deyə məlumatda bildirilir.

Təbii ki, Xəzər dənizinin ekoloji mühitinə neft hasilatı işləri böyük təsir göstərir

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) ekologiya idarəsi tərəfindən hər il ekoloji monitorinqin yerinə yetirilməsi üçün layihə hazırlanıb, yataqlarda mövcud ekoloji vəziyyətin öyrənilməsi və qiymətləndirilməsi məqsədilə bütün zəruri indikatorlar bulayihəyə daxil edilib.

Şirkətdən verilən məlumata görə, sonuncu dəfə “Günəşli” yatağında aparılan ekoloji monitorinqə uyğun olaraq yataq ərazisində seçilmiş stansiyalarda dəniz dibindən dib çöküntüləri, bentos, mikrobioloji, fitoplankton, zooplankton nümunələri götürülərək qablaşdırılıb. Hidrobioloji tədqiqatlar üçün canlı orqanizmlər formalin məhlulu ilə fiksasiya edilib. Dənizin 3 qatından (alt, orta, üst) 90-160 metr dərinliklərdən götürülmüş su nümunələrinin fiziki-kimyəvi parametrləri təyin olunub. Monitorinq zamanı su axınları, havanın keyfiyyəti, səs-küy və digər parametrlər mobil cihazlarla təyin edilib, qeydlər aparılıb. Götürülmüş nümunələr, dib çöküntüsü və suyun kimyəvi, fiziki-kimyəvi, hidro və mikrobioloji analizlərinin aparılması üçün ekologiya idarəsinin kompleks tədqiqatlar laboratoriyasına təhvil verilib. Monitorinqin nəticələrinin təhlili, əvvəlki monitorinq göstəriciləri ilə müqayisəsi və yataqda ekoloji vəziyyət haqqında hesabat hazırlanır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi tərəfindən Qaradağ rayonunun Xəzər dənizi sahil zolağında ekoloji qanunvericiliyin tələblərinə riayət olunması ilə bağlı aparılan monitorinqlərin nəticələri Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən araşdırılıb. Araşdırma zamanı Qaradağ rayonunun Lökbatan, Sahil, Ümid, Qobustan və Səngəçal qəsəbələrində formalaşan məişət-çirkab tullantı sularının Qırmızı gölə və Xəzər dənizinə axıdılması faktı aşkar olunub.

Dənizin ekologiyasına təsir edən yaşayış obyektərindın biri də Pirallahı rayonudur. Pirallahı Bakı şəhərinin yeni yaradılmış rayonlarından biridir. Rayonun ərazisi 30 km2, əhalisinin sayı 20000 nəfərə yaxındır. Rayonun eyniadlı adasında yerləşən qəsəbədə ətraf mühitin mühafizəsi istiqamətində keçirilmiş ekoloji monitorinq zamanı bəzi pozuntu halları müşahidə edilib.

Rayon sakini, bioloq Əhməd Mehmanovun dediyinə görə, adada tullantı sularının axıdılması nəticəsində formalaşan süni gölməçələr yay mövsümündə havaların isti keçməsi ilə əlaqədar olaraq qismən quruyur. Bunun nəticəsində ətrafda üfunətli bataqlıqlar əmələ gəlir. Payız və qış fəsillərində həmin gölməçələr sahil xətti boyunca yenidən öz formasını alır. Həmin süni gölməçələr adanın ekosisteminə mənfi təsirini göstərməklə yanaşı, müxtəlif xəstəliklərin yaranmasına da şərait yaradır.

“Pirallahı qəsəbəsində formalaşan tullantı suları mövcud qanunvericiliyin tələblərinə uyğun idarə olunmur. Bioloji Təmizləyici Qurğuya tullantı suların nəqli üçün qurulmuş nasosxanalar lazımı qaydada istismar olunmur. Keçirilən monitorinq zamanı 2 saylı nasosxananın qəza xətti ilə tullantı sularının birbaşa Xəzər dənizinə axıdılması aşkar edilmişdir. Həmçinin BTQ-yə baxış zamanı qurğunun layihədə nəzərdə tutulan texnologiyaya uyğun işləmədiyi müəyyən edilmişdir. Nəticədə, tullantı suları təmizlənmədən və zərərsizləşdirilmədən dənizə axıdıldığından heç bir ekoloji normalar gözlənilmir

Hövsan kanalı Bakı şəhəri ərazisindən Xəzər dənizinə ən çox təmizlənməmiş tullantı suları axıdan axarlardan biridır. Kanal vasitəsi ilə axıdılan tullantı suları “10-cu qovşaq” adlanan sahədə neftdən təmizlənərək dənizə axıdılır. Mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi olmayan Zabrat-1, Zabrat-2, Sabunçu, Ramanı, Suraxanı və Binə qəsəbələrində formalaşan tullantı sularının bir hissəsi də təmizlənmədən və zərərsizləşdirilmədən Hövsan kanalı vasitəsi ilə Xəzər dənizinə axıdılır.”.

Hövsan kanalına “Balaxanı Oil Company” və “AzGerneft” MMC kimi neftçıxarma müəssisələrinin tullantı suları, eləcə də “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə məxsus olan 12 saylı nasosxana vasitəsi ilə səviyyənin tənzimlənməsi üçün Böyükşor gölündən götürülən su axıdılır.

Hövsan kanalı vasitəsilə təmizlənmədən və zərərsizləşdirilmədən gün ərzində Xəzər dənizinə axıdılan tullantı sularının həcmi 100 min m3-ə yaxındır. Kanalın qapalı kanal formasına salınması və dənizə çıxışı qarşısında Bioloji Təmizləyici Qurğunun tikilməsi nəzərdə tutulsa da, ancaq 4 km-ə yaxın hissəsi qapalı formaya salınmış, qalan hissəsi isə açıq formadadır.

Kanalın dənizə töküldüyü yerdə təmizləyici qurğunun tikintisi barədə hələ də heç bir tədbir görülməyib. Xəzər dənizinin ekoloji tarazlığının bərpasına yönəldilən bu tədbir yerinə yetirilmədiyindən tullantı sularının təmizlənmədən və zərərsizləşdirilmədən dənizə axıdılması davam etdirilir.

Hövsan kanalı vasitəsilə dənizə axıdılan tullantı suların keyfiyyət göstəricilərinin Xəzər dənizinə mənfi təsir göstərdiyini dənizdən götürülən su nümunələrinin təhlilləri bir daha sübut edir. Bu tullantı suları dənizə mənfi təsir göstərməklə yanaşı dənizdə çirkləndirici maddələrin miqdarının artmasına və su hövzələrində çirklənmə dərəcəsinin artaraq dəniz ekosisteminin növ tərkibinin, sayının, biokütləsinin azalmasına və məhvinə zəmin yaradır.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanının balansında 2 ədəd “MNMS” gəmisi var. Bu gəmilərdən dənizkənarı parkın sahilindən - su səthindən neft ləkələrinin, müxtəlif bərk məişət tullantılarının yığılması üçün istifadə olunur.Dəniz vağzalı ətrafında suyun səthindən müxtəlif tullantılar vaxtı-vaxtında təmizlənməzsə, dənizin daha da çirklənməsinə gətirib çıxara bilər.

Dənizin ekomühütinin pozulmaması üçün gəmilərdə formalaşan tullantı və döşəməaltı suların, eləcə də məişət tullantılarının təhvil verilməsinə ciddi nəzarət olunmalıdır. Dənizə axan böyük çaylar dənizin çirklənməsində əsas rol oynayırlar. Xəzər dənizinin ətrafında beş müstəqil dövlətdən hər biri dənizin təbii sərvətlərinin mənimsənilməsini və ətraf mühitin mühafizəsini ilk növbədə öz milli maraqlarına uyğun başa düşür və fəaliyyətlərini də buna uyğun qurur. Lakin şübhəsiz ki, hər iki məsələnin həllində müvəffəqiyyət əldə etmək üçün dövlətlərarası əməkdaşlıq tələb olunur. Bu istiqamətdə son onillikdə müəyyən irəliləyiş vardır. İllər boyu külli miqdarda sənaye tullantıları Xəzərə atılmışdır ki, bu da dənizin ekologiyasına əhəmiyyətli zərər vurmuşdur. 2003-cü il noyabrın 4-də Tehranda beş Xəzəryanı dövlətin nümayəndələri tərəfindən “Xəzər dənizinin dəniz mühitinin mühafizəsi haqqında "Çərçivə Konvensiyası” imzalanmışdır. Əldə edilmiş dövlətlərarası razılaşmanın əsas müddəalarından olan “Çirklənmənin qarşısının alınması, azaldılması və ona nəzarət” və “Dəniz mühitinin mühafizəsi, qorunub saxlanması və bərpası” bölmələri tərəflərin öz aralarında konstruktiv əməkdaşlıq üçün yeni imkanlar yaratmışdır. “Çərçivə konvensiyasında” diqqəti cəlb edən maddələrdən biri də “Dənizin yaxınlığının təsiri altında olan qurunun idarə edilməsi” bəndidir. Həmin bənddə qeyd edilir ki: “Razılığa gələn tərəflər dənizin yaxınlığının təsiri altında olan quru hissənin planlaşdırılması və idarə edilməsi istiqamətində milli strategiyaların və planların hazırlanması və yerinə yetirilməsi üzrə zəruri tədbirlərin görülməsinə cəhd göstərirlər”. Xəzər dənizinin mühafizəsi ilə bağlı sahil ərazilərin strateji inkişaf planlarının tərtib edilməsinin vacibliyinin ayrıca maddədə göstərilməsi sahil ərazilərinin idarə edilməsinin əhəmiyyətini qabarıq şəkildə əks etdirir. Xəzər dənizinin nadir ekosistem olduğunu və onun mühafizəsinin vacibliyini nəzərə alaraq Avropa İttifaqı və iri beynəlxalq maliyyə qurumlarının dəstəyi ilə 1995-ci ildə “Xəzər ekoloji proqramı” həyata keçirilməyə başlandı. Proqramın reallaşdırılması üçün Xəzəryanı ölkələrin müvafiq dövlət və qeyri-dövlət təşkilatları işə cəlb olundu. Bənzər digər beynəlxalq razılaşmalara əməl olunması üçün Xəzəryanı dövlətlərin hər birinin ayrılıqda Xəzər dənizinin və ətraf mühitin mühafizəsi ilə bağlı ölkədaxili müvafiq qanunlar qəbul etməsi vacibdir. Əks halda hamımızın sərvəti olan Xəzər hamımızın da itkisi olacaq.

İlhamə Loğman

Son xəbərlər
Bütün xəbərlər »