Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ölkədə ev tikmək qaydaları qəlizləşdi
Ekspert: “Bu qərarın verilməsi müvafiq icra strukturlarının müdaxiləsini genişləndirəcək”

Azərbaycanda tikinti qaydalarına dəyişiklik edilib. Belə ki, Nazirlər Kabinetinin 2014-cü il 11 sentyabr tarixli 303 nömrəli qərarı ilə təsdiq edilmiş “Texniki nəzarətin həyata keçirilməsinin tələb olunmadığı tikinti obyektlərinin siyahısı”nda aşağıdakı dəyişikliklər edilib:

Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0″ səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək – çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir. Onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunacaq.

Qərara əsasən, bu siyahı yalnız icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında əsasnamə ilə dəyişilə bilər.

Həmçinin müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və ya ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi qaydalarında da dəyişiklik edilib.

“Yeni Müsavat”a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, dəyişikliklə bağlı məlumatda anlaşılmayan məqamlar var: “Bir neçə il bundan öncə sadələşdirilmiş qaydaların tətbiqi ilə bağlı qərar var idi. Yəni əgər torpaq vətəndaşın şəxsi mülkiyyətində idisə, hündürlüyü 12 metrə qədər olan yaşayış evləri ilə bağlı layihənin təsdiqindən sonra müvafiq icra strukturuna xəbərdarlıq xarakterli məktub göndərilirdi. Bildirilirdi ki, həmin yerdə tikinti başlanılır. Bu xəbərdarlıqdan sonra vətəndaş mülkiyyətində olan torpaq sahəsində tikinti apara bilərdi. İndi isə belə görünür ki, yenidən müvafiq icra hakimiyyəti strukturları məsələyə müdaxilə edə biləcəklər. Çox təəssüf ki, bu ifadənin özü də yayğındır. Çünki yerli icra hakimiyyəti strukturu var ki, bura icra hakimiyyəti, bələdiyyələr daxildir. Bununla yanaşı, tikintiyə nəzarəti həyata keçirən mərkəzi icra strukturları da var. Məsələn, Fövqəladə Hallar Nazirliyi və ya Arxitektura və Dövlət Agentliyi. Söhbət hansına aiddir və hansı icra strukturunun səlahiyyəti nədirsə, bu mətndən anlaşılmır. Sadəcə olaraq, burada ümumi şəkildə müvafiq icra hakimiyyəti orqanlarının müdaxilə səlahiyyətindən bəhs edilir. Belə üslubda, bu cür yanaşma ilə verilən qərarlarda yayğın ifadələrin olması sonradan neqativ hallara səbəb olur. Bu hallara korrupsiya, müvafiq icra strukturları orqanlarının yersiz müdaxilələri daxildir”.

Ekspert bildirib ki, əslində bu tipli qərarlar daha açıq və səlis dildə yazılmalıdır: “Hər hansı bir şəxs birbaşa özünün mülkiyyətində tikinti aparmaq səlahiyyətindədirsə, layihənin razılaşması o zaman olar ki, təhlükəsizlik qaydalarına, və ya tələbat varsa, rayonun arxitektor qaydalarına cavab versin. Bundan sonra isə müvafiq icra strukturuna xəbərdarlıq məktubu göndərildikdən sonra tikintinin aparılmasına qərar verilsin. Bu, həm də Azərbaycan kimi ölkədə kifayət qədər kəskin olan mənzil probleminin həllini də yaxşılaşdırar. Bir var ki, dövlət sosial məsələlərdə özünün üzərinə əlavə yük götürüb müəyyən tikinti işləri aparsın, bir də var ki, vətəndaşına imkan versin ki, torpağı varsa, tikinti aparıb, mənzil problemini həll etsin. Əslində burada vətəndaşlara daha geniş səlahiyyət verilməlidir, nəinki icra hakimiyyəti strukturlarına. Vətəndaşlar mənzil problemini həll edərək, dövlətin yükünü azalda bilərlər. Türkiyədə belə bir yanaşma mövcuddur. Ancaq orada bu məsələlər bələdiyyələrin səlahiyyətinə daxildir. Bizdə isə bələdiyyələr ölü doğulmuş orqanlardır. Tikintiyə nəzarət və müdaxilə etmək üçün də təqribən 10-12 dövlət strukturunun səlahiyyəti var. Bu səlahiyyətlərin harada başlayıb, harada bitməsi haqqında isə normal əsasnamə də yoxdur. Bütün bunlar çox zaman vətəndaşlarla bu strukturlar arasında ”anlaşmaya” gətirib çıxarır. Bu hal isə əlavə vəsait, xərc, rüşvət deməkdir ki, nəticədə vətəndaş öz pulu hesabına mənzil şəraitini yaxşılaşdıra bilmir”.

Ekspert bildirib ki, indiki qərarla müdaxilələr daha da artacaq: “Əslində 2014-cü ildə verilmiş qərar daha asan və rahat iş görmək üçün kifayət edirdi. Bu qərarın verilməsi müvafiq icra strukturlarının müdaxiləsini genişləndirəcək. Belə qərarlarda sərhədlər müəyyənləşmədikdə müvafiq icra hakimiyyəti strukturları müdaxiləni daha da genişləndirirlər. Yəni qərarda əgər konkret göstərilmirsə ki, hansı hallarda və necə müdaxilə edəcək, o zaman müvafiq icra strukturları daha geniş müdaxilə etmə səlahiyyəti qazanacaq. Bu isə təbii ki, ev tikib mənzil şəraitini öz vəsaiti hesabına yaxşılaşdırmaq istəyən vətəndaş üçün problem yaradacaq”.

Son xəbərlər
Bütün xəbərlər »