Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İlham Əliyev 3 sərəncam, 5 fərman imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı münasibətilə bir qrup şəxsin təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda ətraf mühitin qorunmasında xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

“Tərəqqi” medalı ilə

Axundov Mehman Maqsud oğlu

Əhmədova Xanım Nutvəli qızı

Əsgərova Aybəniz İman qızı

İsmayılov Məhərrəm Həsən oğlu

Məmmədova Gülnarə Əjdər qızı

Mustafayev Səlim İbrahim oğlu

Sadıqov Zahir Valeh oğlu

Salahov İlham Abdulla oğlu

Səfərov Oruc İsa oğlu

Vəliyev Rəfi Həbibullah oğlu

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

Səttar-zadə Rasim İsrafil oğlu

Yaqubova Solmaz Bala-ağa qızı

Zülfüqarova Vəfa Məhəmməd qızı.

***

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədqiqatlar Mərkəzinin yaradılması haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

“Aqrar sahədə elmi tədqiqat institutlarının fəaliyyətinin gücləndirilməsi, təhlil, qiymətləndirmə və proqnozlaşdırmanın aparılması, aqrar-sənaye kompleksi üzrə müxtəlif xidmətlərin, o cümlədən dövlət sifarişlərinin yerinə yetirilməsi, kənd təsərrüfatının inkişafı ilə bağlı məlumat bazasının yaradılması, proqram və layihələrin hazırlanması, sahənin strateji planlaşdırılmasının və innovativ inkişafının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi Tədqiqat İnstitutu (bundan sonra – Elmi Tədqiqat İnstitutu) publik hüquqi şəxs statusu olan Aqrar Tədqiqatlar Mərkəzinə (bundan sonra – Mərkəz) çevrilmə yolu ilə yenidən təşkil edilsin.

2. Müəyyən edilsin ki, Mərkəzin təsisçisinin “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində qeyd edilən səlahiyyətlərini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi həyata keçirir.

3. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi beynəlxalq ekspertlərin Mərkəzin fəaliyyətinə cəlb edilməsini təmin etsin və onun fəaliyyətinin dövlət-özəl sektor tərəfdaşlığı prinsipi əsasında təşkili ilə bağlı tədbirlər görsün.

4. Mərkəzin nizamnamə fondunun formalaşdırılması üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 1 (bir) milyon manat ayrılsın.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

5.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

5.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

5.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

5.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

7. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Elmi Tədqiqat İnstitutunun istifadəsində olan dövlət əmlakının Mərkəz dövlət qeydiyyatına alındığı tarixdən bir ay müddətində onun balansına verilməsini təmin etsin.

8. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanın 4-cü hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin, “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1756 nömrəli Fərmanının 1.1.3.9-cu yarımbəndində Elmi Tədqiqat İnstitutu üçün nəzərdə tutulmuş vəsaitin qalığının Mərkəzin hesabına köçürülməsi ilə bağlı tədbirlər görsün və Mərkəzin saxlanılması üçün tələb olunan vəsaiti növbəti illərdə dövlət büdcəsinin layihəsində nəzərdə tutsun.

9. Mərkəz “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək Elmi Tədqiqat İnstitutu öz fəaliyyətini davam etdirsin.

10. Azərbaycan Respublikasının Vergilər Nazirliyi Mərkəzin dövlət qeydiyyatı ilə bağlı zəruri tədbirləri həyata keçirsin”.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin maddi-texniki bazasını gücləndirmək məqsədilə qərara alıram:

1. Bu Sərəncamın 1, 2, 3 və 4 nömrəli əlavələrində sadalanan laboratoriyalar, avadanlıq, inzibati binalar, maddi-texniki baza, digər əmlak və bir sıra ştat vahidləri, müvafiq olaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyindən, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyindən, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsindən və ləğv edilmiş Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (bundan sonra – Agentlik) balansına verilsin.2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. bir ay müddətində:

2.1.1. “bir pəncərə” prinsipinə əməl edilməklə ölkəyə idxal olunan qida məhsullarının təhlükəsizlik baxımından yoxlanılması zamanı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə qarşılıqlı fəaliyyətini tənzimləyən normativ hüquqi aktın hazırlanaraq təsdiq olunmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.1.2. bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan əmlakın Agentliyin balansına verilməsini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə birlikdə təmin etsin;

2.2. bu Sərəncamın 1-ci hissəsinə uyğun olaraq Agentliyə keçəcək müvafiq ştat vahidlərinin və “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş vəsaitin Agentliyə ötürülməsi üçün Agentliklə birlikdə zəruri tədbirlər görsün;

2.3. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.5. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.6. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Bu Sərəncamın 1-ci hissəsinin icrası başa çatdıqdan sonra Agentlik Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin öz əsasnamələri ilə müəyyən olunmuş vəzifələrinin icrası ilə bağlı müvafiq laboratoriyalardan ödənişsiz istifadə etmələrini təmin etsin.

4. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi rayon (şəhər) kənd təsərrüfatı idarələrinin inzibati binalarından, Kənd Təsərrüfatı Nazirliyinin vivariumlarından və Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rayon baytarlıq idarələrinin diaqnostika kabinetlərindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin ödənişsiz istifadə etməsini təmin etsin.

5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin”.

Prezident İlham Əliyev “2020-ci ildə futbol üzrə Avropa çempionatının 4 oyununun (üç qrup və bir 1/4 oyunu) Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 9 sentyabr tarixli 2331 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “F.T.Cəfərovun Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 mart tarixli 3783 nömrəli Sərəncamına uyğun olaraq qərara alıram:

“2020-ci ildə futbol üzrə Avropa çempionatının 4 oyununun (üç qrup və bir 1/4 oyunu) Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 9 sentyabr tarixli 2331 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 9, maddə 1526; 2017, № 8, maddə 1521) 1-ci hissəsinin “Təşkilat Komitəsinin üzvləri” bölməsində aşağıdakı dəyişikliklər edilsin:

1. “Hacıbala Abutalıbov – Bakı Şəhər İcra Hakimiyyətinin başçısı, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü”, “, Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini” və “və turizm” sözləri çıxarılsın.

2. “Fatma Abdullazadə – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü” sözləri “Fərəh Əliyeva – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri” sözləri ilə, “təhsil naziri” sözləri “vergilər naziri” sözləri ilə, “Aydın Əliyev” sözləri “Səfər Mehdiyev” sözləri ilə, “Fərhad Hacıyev – Azərbaycan Respublikası Prezidentinin yanında Gənclər Fondunun icraçı direktoru” sözləri “Fərid Cəfərov – Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru” sözləri ilə əvəz edilsin.

3. “Elçin Quliyev – Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi” sözlərindən sonra “Fuad Nağıyev - Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin sədri” sözləri əlavə edilsin”.

***

Prezident İlham Əliyev “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə qərara alıram:

1. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 259, № 3, maddə 460, № 4, maddə 670, № 6, maddələr 1025, 1063, № 7, maddə 1272, № 9, maddə 1468, № 10, maddələr 1613, 1638; 2017, № 2, maddələr 176, 202, № 3, maddə 351, № 4, maddələr 530, 537, № 6, maddə 1101, № 7, maddələr 1314, 1346, № 8, maddə 1521, № 9, maddə 1637, № 10, maddələr 1788, 1798, № 11, maddələr 2003, 2027, № 12, maddələr 2290, 2320; 2018, № 1, maddə 36, № 2, maddə 198, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 mart tarixli 1878 nömrəli,19 mart tarixli 1893, 29 mart tarixli 1895 nömrəli fərmanları) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 4.6-cı bənddən “213.0.2, 219,” rəqəmləri çıxarılsın;

1.2. aşağıdakı məzmunda 4.22-1-ci və 4.22-2-ci bəndlər əlavə edilsin:

“4.22-1. həmin Məcəllənin 213.0.2-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi nəzərdə tutulur;

4.22-2. həmin Məcəllənin 219-cu maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə, qida məhsullarının istehsalı, qablaşdırılması, saxlanması, emalı, utilizasiyası və məhv edilməsi üçün nəzərdə tutulan müəssisələrin, onların buraxılış komplekslərinin, binalarının, qurğularının layihələndirilməsinə, tikilməsinə, yenidən qurulmasına, təkmilləşdirilməsinə, yeni texnika ilə təchiz olunmasına münasibətdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, digər hallarda isə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi nəzərdə tutulur;”;

1.3. 4.33-cü bənddə “43.1 (ikinci halda), 428.3, 544.1 və 544.2-ci maddələrində” sözləri “43.1-ci maddədə (ikinci halda)” sözləri ilə əvəz edilsin;

1.4. aşağıdakı məzmunda 4.34-1-ci və 4.43-1-ci bəndlər əlavə edilsin:

“4.34-1. həmin Məcəllənin 428.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi nəzərdə tutulur;”;

“4.43-1. həmin Məcəllənin 544.1-ci və 544.2-ci maddələrində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə, qida məhsulları, dövlət baytarlıq və fitosanitar nəzarətində olan yüklərin istehlakçılarının hüquqlarının müdafiəsi hallarında Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, digər hallarda isə Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi nəzərdə tutulur;”;

1.5. 5.6-cı bənddə “213 – 220, 225.1” rəqəmləri “213.0.3, 213.0.4 (tibb müəssisələrində yayımlanmasına münasibətdə), 214 – 218, 219 (qida məhsullarının istehsalı, qablaşdırılması, saxlanması, emalı, utilizasiyası və məhv edilməsi üçün nəzərdə tutulan müəssisələrin, onların buraxılış komplekslərinin, binalarının, qurğularının layihələndirilməsi, tikilməsi, yenidən qurulması, təkmilləşdirilməsi, yeni texnika ilə təchiz olunması halları istisna olmaqla)”, 225.1 (qidaların tərkibinə dopinq vasitələri əlavə etməklə onların saxtalaşdırılması və ya satılması halları istisna olmaqla)” sözləri ilə, “428.4” rəqəmləri “428.4 (bioloji fəallığa malik qida əlavələrinin dərman vasitəsi olmadığı barədə məlumat verilmədən reklam edilməsi halları istisna olmaqla)” sözləri ilə əvəz edilsin;

1.6. aşağıdakı məzmunda 5.6-1-ci bənd əlavə edilsin:

“5.6-1. həmin Məcəllənin 213.0.1, 213.0.2, 213.0.4 (hamilə qadınlar və analar arasında yayımlanmasına münasibətdə), 219 (qida məhsullarının istehsalı, qablaşdırılması, saxlanması, emalı, utilizasiyası və məhv edilməsi üçün nəzərdə tutulan müəssisələrin, onların buraxılış komplekslərinin, binalarının, qurğularının layihələndirilməsinə, tikilməsinə, yenidən qurulmasına, təkmilləşdirilməsinə, yeni texnika ilə təchiz olunmasına münasibətdə), 220, 225.1 (qidaların tərkibinə dopinq vasitələri əlavə etməklə onların saxtalaşdırılmasına və ya satılmasına münasibətdə), 288, 289, 428.4-cü (bioloji fəallığa malik qida əlavələrinin dərman vasitəsi olmadığı barədə məlumat verilmədən reklam edilməsinə münasibətdə) maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi baxır;”;

1.7. 5.8-ci bənddə “həmin maddədə göstərilən məhsulların istehsalı və satışaqədər saxlanması mərhələsində Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, həmin məhsulların istehlakçılara təklif olunması mərhələsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi” sözləri “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi” sözləri ilə əvəz edilsin;

1.8. 5.15-ci bənd aşağıdakı redaksiyada verilsin:

“5.15. həmin Məcəllənin 232, 283, 284.1, 284.3, 285, 287, 290.1.7 – 290.1.9, 290.2 (baxılması səlahiyyətlərinə aid edilmiş maddələr üzrə) və 340.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi baxır;”;

1.9. 5.44-cü bənd aşağıdakı redaksiyada verilsin:

“5.44. həmin Məcəllənin 428.1 (bu Fərmanın 5.44-1-ci bəndi nəzərə alınmaqla), 428.2, 428.3, 428.6, 444 (bu Fərmanın 5.44-1-ci bəndi nəzərə alınmaqla), 445, 446, 447.0.1 (bu Fərmanın 5.44-1-ci bəndi nəzərə alınmaqla), 447.0.2 (bu Fərmanın 5.44-1-ci bəndi nəzərə alınmaqla), 447.0.9 (bu Fərmanın 5.44-1-ci bəndi nəzərə alınmaqla), 453 (bu Fərmanın 5.44-1-ci bəndi nəzərə alınmaqla), 544.2-ci (bu Fərmanın 5.44-1-ci bəndi nəzərə alınmaqla) maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi baxır;”;

1.10. aşağıdakı məzmunda 5.44-1-ci bənd əlavə edilsin:

“5.44-1. həmin Məcəllənin 428.1, 444, 447.0.1 – 447.0.6, 447.0.9, 453 və 544.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə həmin işlər qida məhsulları ilə, həmçinin baytarlıq və fitosanitar nəzarətində olan yüklərlə bağlı olduqda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi baxır;”;

1.11. 5.51-ci bənd aşağıdakı redaksiyada verilsin:

“5.51. həmin Məcəllənin 447.0.3 – 447.0.6 (bu Fərmanın 5.44-1-ci bəndi nəzərə alınmaqla), 447.0.7, 447.0.8, 537.2 və 538-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi baxır;”;

1.12. 5.52-ci bənd ləğv edilsin;

1.13. aşağıdakı məzmunda 5.70-1-ci bənd əlavə edilsin:

“5.70-1. həmin Məcəllənin 602-1-ci (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən törədilən inzibati xətalar istisna olmaqla) maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi baxır;”.

2. Bu Fərman 2018-ci il iyulun 1-dən qüvvəyə minir”.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 22 dekabr tarixli 1750 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 22 dekabr tarixli 1750 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (I kitab), maddə 2318) ilə təsdiq edilmiş “Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Nizamnaməsi”nin 5.1-ci bəndində “1 000 (bir min)” sözləri “7.914.367,3 (yeddi milyon doqquz yüz on dörd min üç yüz altmış yeddi manat otuz qəpik)” sözləri ilə əvəz edilsin”.

***

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yol patrul xidməti əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 14 fevral tarixli 378 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yol patrul xidməti əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 14 fevral tarixli 378 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 2, maddə 82) 1-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

“1. Yol hərəkəti qaydalarının və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulmasına görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq etdiyi cərimələrdən, nəqliyyat vasitələrinin müşayiət olunması və haqqı ödənilən digər əlavə xidmətlərdən həmin Nazirliyin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinin II hissəsində nəzərdə tutulan hesabına köçürülən vəsaitin 25 faizi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yol patrul xidmətini həyata keçirən və yol hərəkətinin tənzimlənməsinə cəlb edilən əməkdaşlarının aylıq vəzifə maaşlarına əlavələrin verilməsi üçün istifadə olunsun”.

***

Prezident İlham Əliyev “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 12, maddə 1046; 2017, № 9, maddə 1655) 2.4-cü bəndinə “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi,” sözlərindən sonra “Azərbaycan Respublikasının Vergilər Nazirliyi,” sözləri əlavə edilsin və həmin bənddən “, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti” sözləri çıxarılsın”.

Son xəbərlər
Bütün xəbərlər »