Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İnsanın təbiətə vurduğu zərbə bumeranq effekti daşıyır
Eloloqların bildirdiyinə görə, son 100 ildə atmosferdə karbon qazının konsentrasiyası 12-13, toz bulanması 10-20 faiz artıb, oksigen ehtiyatı 10 milyard ton azalıb, su ekosistemləri, xüsusilə dəniz planktonları məhv olub, yerin işıqlanması isə 7-10 faiz azalıb. Dünya müharibələri, etnik münaqişələr, terrorizm, sənaye və kənd təsərrüfatının intensivləşməsi, nüvə-raket sınaqları, texnogen qəzalar, nəqliyyat vasitələri və s. nəticəsində atmsofesrə atılan zəhərli və zərərli qazlar (karbon, azot, kükürd oksidləri, etanol və hallogenlər) onu tamamilə çirkləndirib və böhran həddinə çatdırıb. BMT və digər nüfuzlu beynəlxalq təşkilatlar dünya ölkələrinin qarşısında atmosferin çirkələnməsinin, buzlaqların əriməsinin və qlobal istiləşmənin qarşısının alınması, parnik effekti, ozondağıdıcı təsir edən və qlobal iqlim dəyişiklikləri törədən qazların atmosferə buraxılmasına yol verilməməsini təxirəsalınmaz məsələlər kimi ön plana çəkən xüsusi tövsiyələr hazırlayıb.Yer üzündə bioloji müxtəlifliyin qorunması hər dəövlətin boynuna düşən vacib məslə halına gəlib.

Bioloji müxtəliflik yer üzərində bütün canlıların - mikroorqanizm, bitki və heyvanların müxtəlifliyi deməkdir. Təbii sərvətlərin ayrılmaz hissəsi olan bioloji müxtəliflik nəhəng, lakin hələ də tam qiymətləndirilməmiş zəngin ehtiyat mənbəyidir. O, bütün ekosistemləri əhatə etməklə həyatın mövcudluğunun əsasmı təşkil edir. Bioloji müxtəliflik insanları ərzaq, geyim, enerji və digər materiallarla təmin edir.

Hazırda dünyada 15 milyondan çox canlı növlər mövcuddur və hər gün onların yüzə yaxını bərpa olmadan məhv olur, onların məhv olması bir çox hallarda hiss olunmur. Lakin bəşəriyyətə belə itkilərdən olduqca böyük ziyan dəyir. Yer kürəsinin təbii zənginliyi gündən-günə azalır. Bioloji müxtəliflik təkcə növlərin müxtəlifliyi deyil, o, bütün canlı aləmin yaşayıb inkişaf etməsinə imkan verən əlamətlərin cəmindən ibarətdir.

Bioloji müxtəlifliyin belə sürətlə itkisi Yer kürəsində həyatın özünü təhlükədə qoymaqla qlobal faciəyə səbəb ola bilər. BMT-nin ekspertlərinin məlumatına görə, Yer kürəsində təbii meşələrin 45%-i, əsasən son illərdə qırılaraq məhv edilib.

Ekoloji durumun yaxşılaşdırılması, tarazlığın bərpa olunması, ətraf mühitin mühafizəsi və təbiət-cəmiyyət, cəmiyyət-biosfer münasibətlərindəki disbalansın və ziddiyyətlərin qarşısının alınması müasir dövrün ən aktual və qlobal əhəmiyyətli problemidir. Əgər bu problem yaxın gələcəkdə öz müsbət həllini tapmazsa, onda bəşəriyyəti daha böyük və iri miqyaslı ekoloji böhran və fəlakətlər gözləyir. Çünki XIX və XX əsrlərdə insanların antropogen fəaliyyəti nəticəsində təbiətə, onun yeraltı və yerüstü sərvətlərinə, təbii ətraf mühitə, flora və faunaya, bioloji müxtəlifliyə həddindən artıq zərbə vurulub və ekoloji disbalans yaranıb.

Rio-de-Janeyro şəhərində 1992-ci ilin iyun ayında keçirilmiş Yer Zirvə toplantısında ilk dəfə olaraq bioloji müxtəlifliyin qorunması, bütün bəşəriyyətin ümumi vəzifəsi və davamlı inkişafın tərkib hissəsi kimi qəbul olunub və müvafiq Konvensiya imzalanıb. Konvensiyanın əsas məqsədi bioloji müxtəlifliyin qorunması, ondan sabit istifadə olunması və birlikdə əldə edilən gəlirdən eyni səviyyədə ədalətli faydalanmaqdan ibarətdir. Biomüxtəliflik üzrə Konvensiya Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 2000-ci ilin mart ayında qəbul olunub.

Azərbaycanda ekoloji, o cümlədən bioloji müxtəlifliyin problemləri həlli vacib olan prioritetlər kimi müəyyən edilmiş və bu sahədə ciddi səylər göstərilir. Belə ki, bu problemlərin həlli istiqamətində xeyli işlər görülmüş, «Bitkilərin genetik ehtiyatlarına dair» Dövlət Proqramı, «Ətraf mühitin mühafizəsi üzrə» Milli Fəaliyyət Planı, «Ekoloji cəhətdən dayanaqlı sosial-iqtisadi inkişafa dair» Milli Proqram və digər proqramlar qəbul edilərək həyata keçirilir.

Məlumdur ki, iqlimin dəyişilməsi biomüxtəlifliyin itirilməsinin başlıca səbəbidir. Alimlər hesab edirlər ki, qlobal iqlim dəyişikliyi gələcəkdə yad növlərin yayılması və torpaqdan istifadə edilməsində baş verən dəyişikliklərlə birgə, bəzi növlərin miqrasiya imkanlarını məhdudlaşdıracaq və onların itməsini sürətləndirəcək. İqlimin dəyişilmələri ərzaq, həyat üçün gəlir və vasitələrin vacib mənbəyi olan daxili su ekosistemlərinə də mənfi təsir göstərir. Belə ki, son 10 ildə dünyada balıqlarının 20 faizindən çoxu ya itmiş, ya itmək təhlükəsi altındadır, ya da nadir hesab oluna bilər. Dəniz ekosistemləri də iqlim dəyişilmələrinə qarşı çox həssasdırlar.

Mal-qara otlaqlarının normadan artıq istifadəsi də torpaqların sıradan çıxması ilə nəticələnir. İqlim dəyişmələri kənd təsərrüfatında da mənfi izlər buraxır, zərərverici və xəstəliklərin yayılmasına şərait yaradır, bitkilərin məhsuldarlığına təsir göstərir. Eyni zamanda, yağıntıların rejiminin dəyişməsi, güclü yağış zamanı torpaqdan faydalı maddələrin daha intensiv yuyulması, küləklərin güclənməsi və daha quru rayonlarda təsadüfi meşə yanğınlarının sayının artması nəticəsində də ətraf aləm ciddi ziyan görür.

Azərbaycan florasına müxtəlif dərman, efiryağlı, dekorativ, meyvə, texniki və digər faydalı bitkilər daxildir. Təəssüflə qeyd etmək lazımdır ki, uzunmüddətli planlaşdırılmamış təsərrüfat fəaliyyəti nəticəsində respublikamızın bitki örtüyünün bioloji müxtəlifliyi deqradasiyaya məruz qalmış, dəyişilmiş, kasatlaşmış, azalmış, bəzən məhv edilmişdir. Bitki örtüyünün bioloji müxtəlifliyinin pozulması və ya məhv edilməsi ilə əlaqədar respublikamızın bəzi regionlarında müasir bitki örtüyünün bioloji müxtəlifliyi müasir iqlimə uyğun gəlmir. Bunu aşağıdakı misallarla izah etməyə çalışaq. Kiçik Qafqazın şimal yamacında vaxtilə məhsuldar iberiya palıdı meşələri yayılan aşağı dağ-meşə qurşağının yerində hazırda çox yerdə kserofil qaratikan kolu üstünlük təşkil edən müxtəlif şiblək qruplaşmaları formalaşmışdır. Bunun əsas səbəbi oradakı palıdlıqların məhv edilməsi, ərazinin kənd təsərrüfatı bitkiləri altında və örüş kimi istifadə olunmasıdır. Meşəsizləşdirilmiş ərazilər yamacların baxarından və meylliyindən asılı olaraq bu və ya digər dərəcədə eroziyaya uğramışdır. Belə sahələrdə antropogen təzyiq dayandırılarsa, ilkin bioloji müxtəlifliyin bərpası prosesi konkret sahədə bioloji müxtəlifliyin pozulma dərəcəsindən, onun fizikicoğrafi yerləşməsindən (dəniz səviyyəsindən yüksəkliyindən, yamacın cəhəti və dikliyindən), torpağın pozulma dərəcəsindən və s.-dən asılıdır. Məsələn, meşəsizləşdirilmiş dik yamaclarda palıd meşələrinin yerində formalaşan ikinci dərəcəli ağac cinslərindən (əsasən dəmirqara) ibarət ağaclıqarı mal-qaradan mühafizə etmək yolu ilə tədricən ilkin palıd meşəsini bərpa etmək olsa da, onun bioloji müxtəlifliyini olduğu kimi qaytarmaq mümkün deyildir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, hazırda ölkəmizdə ümumi sahəsi 892546,49 hektar olan xüsusi mühafizə olunan təbiət əraziləri, o cümlədən, 9 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. Ümumilikdə xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 10,3 faizini, o cümlədən, milli parklar 3,7 faizini təşkil edir.

Azərbaycanda bioloji müxtəlifliyin qorunması istiqamətində həyata keçirilən tədbirlər sırasında milli parkların yaradılmasını xüsusi olaraq qeyd etmək lazımdır.

Milli parklar xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi-tədqiqat idarələri statusuna malik olan ərazilərdir.

2014-cü ildən həyata keçirilən Cənubi Qafqazın quraq və yarım-quraq ekosistemlərində aqro-biomüxtəlifliyin Qorunması və Davamlı istifadəsi üçün İqlim Dəyişmələri təsirlərinə cavab olaraq uyğunlaşma həssaslığının müəyyənləşdirilməsi və həyata keçirilməsi” layihəsi Qafqaz üzrə Regional Ekoloji Mərkəz tərəfindən 3 Cənubi Qafqaz ölkəsində həyata keçirilən regional layihədir. Yerli icmaların imkanlarının genişləndirilməsi, habelə iqlim dəyişmələri haqqında ümumi məsələlər üzrə qərar qəbul edən şəxslər və yerli hakimiyyət orqanları və onların aqro-biomüxtəliflik və davamlı kənd təsərrüfatı təcrübələrinə təsiri layihənin əsas məqsədləri olduğu üçün hədəf qruplar üçün seçilmiş pilot rayonlarda bir sıra təlim sessiyalarının təşkili nəzərdə tutulur.

Bu proqramın məqsədi aşağıdakı məsələlər üzrə yerli əhali və hakimiyyət orqanları arasında məlumatlılığı artırmaqdır:

Ümumi iqlim dəyişmələri fenomeni və qlobal, regional və yerli səviyyədə onunla əlaqədar problemlər

İqlim dəyişmələri ilə əlaqədar həyata keçirilən tədbirlər, cari milli siyasət və hüquqi çərçivə

Mövcud proqnoz və tədqiqatları nəzərə almaqla iqlim dəyişmələrinin aqro-biomüxtəlifliyə, yerli istehsal sistemlərinə və ərzaq təhlükəsizliyinə təsiri

Davamlı kənd təsərrüfatı təcrübələri və mövcud uyğunlaşma modulları və ənənəvi istifadə olunan aqro-biomüxtəliflik genefondunun mühafizəsi üçün istifadə olunan təcrübələr və uyğunlaşmanın ən yaxşı beynəlxalq təcrübələrinin tətbiqi və yerli uyğunlaşma proqram və planlarının inkişafı

Azərbaycandafaunanın 18 min növü, məməlilərin 97, quşların 357, balıqların 100-ə yaxın, amfibiya və reptiliyaların 67 növ və yarımnövü, həşəratların isə 15 minə yaxın növü qeydə alınıbdır. Ölkəmiz Yer kürəsində palçıq vulkanlarının unikal və klassik inkişaf regionu kimi tanınıb.Bu təbii sərvəti müqəddəs bilərək qorumaq hər bir soydaşımızın borcudur.

2010-cu ildə cəngəlliklərlə öğrtülü Borneo adasına Ekspedisiya qrupunun ilk səfəri zamanı adada 60-a qədər yeni, indiyədək elmə məlum olmayan heyvan (29 onurğasızlar, 17 balıq, 5 qurbağa, 3 ilan, 2 kərtənkələ, 1 quş və 3 həşərat) və 67 müxtəlif bitki növü aşkar olundu. Heyvan növləri arasında 2 fərqli- ağciyərsiz və uçan qurbağa, uzunluğu 0,5 m olan yeni həşərat, al-qırmızı başlı, mavi bədənli ilan kimi ekzotik növlər də vardır. Lakin 2017-ci ilin fevral ayında adaya səfər edən 2-ci ekspedisiya qrupu bu adada dünyanın heç bir yerində rast gəlinməyən 10 yeni məməli, 350 quş, 150 sürənən və 10 min bitki növü aşkar etmişdir. Dünyanın təbiətşünas alimləri bu əsrarəngiz adada hələ elmə məlum olmayan çoxlu sirlərin mövcud olduğunu nəzərə alaraq onun mühafizə olunmasını planetar əhəmiyyətli məsələ kimi dəyərləndirirlər.Bu məlumatı çatdırmaqda məqsəd nədir.Böyük neft qaz ehtiyatları olmasına baxmayaraq Borneo adası təbbi sərvət qoruğu kimi qeydə alınıb və bura insan ayağı demək olar ki dəymir. Məhz bu təcrübə görməyə imkan verir ki, insanın təbiətə təsiri olmadan təbiət özünü hifz edir, artır, zənginləşir.

Təbiətin mühafizəsi, ehtiyatların səmərəli istifadəsi, xüsusilə də, unikal növlərin qorunması - milli və bəşəri məsələlərdir. Bu gün yer üzündə hansısa canlı və ya bitki növü məhv olursa bunun ilk günahkarı insandır.Yer kürəsi ümumi evimiz olduğu üçün onun mühafizəsi də hər birimizdən asılı məsələdir. Məhv olanlar gedib və geri qayıdan deyil. İtkilərin sırasına yenilərini daxil etməmək üçün hansısa ölkənin vətəndaşları olaraq deyil Yer kürəsi sakinləri olaraq səfərbərlik zamanıdır.

İlhamə Loğman

Son xəbərlər
Bütün xəbərlər »