Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Təbiətə atılan hər tullantı təkrar emal üçün xammal kimi qiymətləndirilməlidir
Azərbaycanda  əhalinin rifah səviyyəsinin yüksəlməsi nəticəsində istehlak səbətinin genişlənməsi və əhalinin sayının çoxalması tullantıların artmasına səbəb olur.

Dünyada məişət tullantılarının həcmi ildən-ilə artır. Azərbaycanda da əhalinin rifah səviyyəsinin yüksəlməsi nəticəsində istehlak səbətinin genişlənməsi və əhalinin sayının çoxalması tullantıların artmasına səbəb olur.

Adambaşına düşən tullantı miqdarına görə ABŞ ilk sıralardadır. Burada 1 nəfərə illik təxminən 750 kq tullantı düşür. Bu rəqəm İsveçrədə 700, Almaniyada 600, Belçika, Xorvatiya və Türkiyədə 500 kq-dır. Azərbaycanda bu göstərici 400 kq-a yaxındır və bu sahədə artım müşahidə olunmaqdadır.

Ətraf mühitin mühafizəsi problemi Azərbaycanda həmişə diqqət mərkəzindədir. Sənaye müəsisələrinin fəaliyyətinin genişlənməsi, məhsul istehsalı həcminin artması və keyfiyyətin yüksəlməsi ikinci bir problemin yaranmasına səbəb olub. Belə ki, müəssisələrdə məhsul istehsalı zamanı ətrafa külli miqdarda tullantılar atılır ki, bu da ətraf mühitin daha çox çirklənməsinə səbəb olur.

Qərb ölkələri tullantılarından maksimum dərəcədə təkrar emal və enerji xammalı kimi istifadə etməyə çalışır. Bu müasir yanaşma Azərbaycanda da tətbiq olunur. “Təmiz Şəhər” ASC-dən verilən məlumata görə, Azərbaycanda həyata keçirilən tullantıların idarə edilməsi siyasəti nəticəsində son 4 ildə Bakıda basdırılaraq zərərsizləşdirilən tullantıların miqdarı 4 dəfə azalıb.Balaxanı qəsəbəsində tullantıların çeşidlənməsi və yandırılması zavodları fəaliyyət göstərir ki, basdırılmaya qədər yuxarıda qeyd olunan proseslər həmin zavodlarda həyata keçirilir

Ətraf mühiti daha çox çirkləndirən, torpaq sahələrini zəbt edən əsasən bərk tullantılardır. Bunlar isə sənayenin inkişafı ilə daha da genişlənirlər. Sənayenin inkişafı ilə əlaqədar olaraq bərk sənaye tullantılarının miqdarı da artır. Ən çox bərk tullantılar yaradan metallurgiya və maşınqayırma sənaye müəsisələri, istilik stansiyaları, məişət tullantıları, istifadədən çıxmış nəqliyyat vasitələrinin işlənmiş şinləri, elektrik və elektron avadanlıqlarıdır. Bunlar ətraf mühitə ekoloji cəhətdən böyük zərbə vururlar.

Hal-hazırda tullantıların insan sağlamlığı və ətraf mühit üçün yaratdığı təhlükə çox olduğu üçün tullantılarla, bağlı problemlərin həlli və idarə edilməsi məqsədilə bir sıra ixtisaslaşmış beynəlxalq təşkilatlar BMT yanında Elmi Tədqiqat Universitetinin Etullantılar problemlərinin Həlli Təçəbbüsü, Bazel Konvensiyası Katibliyi (SBC), eləcə də bir sıra regional və milli təşkilatlar yaradılmışdır. Son illər qeyd olunan təşkilatların, dünyanın əsas tədqiqat mərkəzlərinin alim və mütəxəssislərinin istər ayrı-ayrılıqda, istərsə də BMT-nin UNİDO proqramı çərçivəsində İSO, UNEP kimi təşkilatları ilə birgə səyləri nəticəsində etullantıların utilizasiyası (təkrar emalı) və zərərsizləşdirilməsi (məhv edilməsi) üzrə orta göstəricilər 10-15% yaxşılaşmışdır.

Metal tullantıların ətraf mühitdə yaratdıqları ekoloji zərəri qiymətləndirmək üçün tullantılarda yaranan korroziya prosesini araşdıraq. Ümumiyyətlə, metalların korroziyası onların kimyəvi, elektrokimyəvi, biokimyəvi təsirlər nəticəsində dağılaraq yararsız hala düşməsidir. Konkret olaraq korroziya xarici mühitin təsirindən metal və ərintilərin dağılmasıdır. Bəzi metallarda dağılma prosesi təkcə metalın səthində deyil, onun daxilində də baş verir. Bu isə metalın kristal qəfəsinin dağılmasına və onun özünəməxsus xassələrinin itirilməsi ilə nəticələnir. Belə metallarda lay-lay parçalanmalar başlayır.

Balaxanı Sənaye Parkının  rezidenti “Ekokat” MMC işlənmiş mühərrik yağlarının təkrar emalını həyata keçirir.Müəssisənin illik istehsal gücü 3000 tondur.Müəssisədə işlənmiş mühərrik yağlarını texnoloji və kimyəvi proseslərdən keçirməklə təkrar emalından 88 faiz həcmdə yenidən istifadəyə yararlı mühərrik yağları istehsal olunur.

Bura  gətirilən işlənmiş yağlar böyük çənlərə boşaldıldıqdan sonra bişirilmə prosesi başlanır. Bu mərhələdən sonra yağın içərisindən lazımsız materiallar götürülür və tərkibinə müəyyən qatqılar qatılaraq təkrar emal olunur. Nəticədə iri tutumlu nəqliyyat vasitələrinin və kənd təsərrüfatı texnikasının mühərriklərində istifadə üçün bütün standartlara cavab verən yağlar - ölkəmizdə ən çox tələbat olan salidol sürtkü yağı, universal sənaye, transformator, transmissiya (sürət qutularında istifadə olunan) yağlar istehsal edilir. Gələcəkdə istehsal prosesi zamanı baza yağları ilə yanaşı, dizel yanacağı da əldə olunacaq ki, bu da istehsalın yanacağa olan tələbatının ödənilməsinə yönəldiləcək. Qalan neft qalıqları isə asfalt, ruberoid və s. istehsalında bitum əvəzedicisi kimi istifadə oluna bilər. Bundan başqa, ölkəmizdə ildən-ilə sürətlə artan avtomobil və digər texnikalarda istifadə olunmuş mühərrik və ya sürtkü yağlarının təkrar emalı bu yağların kənara atılaraq ətraf mühiti çirkləndirməsinin qarşısını alacaq.

Parkda tullantı-plastik məmulatların təkrar emalı nəticəsində müxtəlif plastik qablaşdırma məhsullarının istehsalını həyata keçirən rezidentlər var.

Xammalı Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodundan alan müəssisələrdə

gələn plastik öncə  yenidən çeşidlənir. Sonra dəzgahlarda doğranır və digər qurğularda yuyulub qurudulur. Yenidən yüksək dərəcəli istilik sistemindən keçirilən məhsul xammala çevrilir. Bu xammaldan müxtəlif kənd təsərrüfatı məhsullarının qablaşdırılmasında istifadə edilən yeşiklər hazırlanır.

Daxil olan 250 ton məhsuldan 230 tonluq xammal əldə edilir.

Hazırda Bakı şəhər İcra Hakimiyyətinin strukturları paytaxtdan yığdığı tullantını “Təmiz Şəhər” ASC-ə təhvil verir. Səhmdar Cəmiyyət qəbul etdiyi tullantıların çeşidləməyə yararlı hissəni Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda çeşidləyir. Plastik, metal, kağız, şüşə kimi materiallar ümumi kütlədən seçilir və bu materiallar təkrar məhsul emal edən müəssisələrə göndərilir. Yandırılmaya yararlı hissə digər zavodda – Tullantıların Yandırılması Zavodunda yandırılır və ondan elektrik enerjisi istehsal edilir. Bu enerji ilə həm zavod öz ehtiyaclarını qarşılayır, həm də istehsal etdiyi enerjini ölkənin ümumi enerji şəbəkəsinə ötürür. Tullantıların Yandırılması Zavodu tərəfindən indiyədək  366 milyon 740 min kilovat saat elektrik enerjisi istehsal olunub ki, onun da az bir hissəsi daxili ehtiyaclar üçün sərf olunub və qalan 306 milyon 920 min kilovat saat elektrik enerjisi ümumi şəhər elektrik şəbəkəsinə verilib. Təkrar emala və yandırılmaya yararlı olmayan tullantılar isə Balaxanı şəhər tullantılarının zərərsizləşdirilməsi poliqonunda basdırılaraq zərərsizləşdirilir.

Bu isə son 4 ildə basdırılan tullantıların miqdarının 75% azalması deməkdir. “Təmiz Şəhər” ASC bu istiqamətdə fəaliyyətini davam etdirir və tullantıların tərkibində mövcud xammal və enerji dəyərlərinin bərpasına daha çox üstünlük verilir. 2016-ci ilin sonunda  Balaxanı poliqonunu tam sanitar poliqon səviyyəsinə gətirilib. Burada basdırılan tullantıların çürüməsi nəticəsində əmələ gələn qazlar tutularaq emal edilir və enerji əldə olunur.

Metal tullantıları və onların yaratdığı korroziya da iqtisadiyyata böyük ziyan vuran amillərdəndir. Hər il Avstraliyada bioloji korroziyadan dəyən zərər 25 milyon dollar, Yeni Zelandiyada 5 milyon dollar təşkil edir. ABŞ-da bioloji korroziyanın gəmiçiliyə vurduğu ziyan ildə 10 milyon, yeraltı metal borularda sulfat reduksiyaedici mikrobların vurduğu ziyan milyon dollara çatır.

Daha bir təhlükəli tullantı qurğuşundur. Qurğuşunun təsirindən  insanın mərkəzi əsəb sisteminin zədələnməsi, qorxu hissinin, depresiyanın yaranması baş verir. Qurğuşun uzun müddət orqanizmə daxil olduqda böyrəklərdə nefropatiyanın inkişafı ilə nəticələnə bilən böyrək çatışmamazlığı yaranır.Civə orqanizmə daxil olaraq orqanizmin zülal mübadiləsini və fermentasiya prosesini pozur. Atmosfer havasından insan orta hesabla sutka ərzində 1 mkq civə udur. Udulan civə buxarının 80%-ə qədəri ağciyərlərdə saxlanılır və qana daxil olaraq tez oksidləşir. Orqanizmə daxil olan civənin hamısı praktik olaraq tez ionlaşır. Içməli su və qida məhsulları ilə orqanizmə daxil olan civənin üzvi birləşmələri daha təhlükəlidir. Sutkada qəbul edilən su ilə orqanizmə 0,4 mkq-dan az civə daxil olur. İstehsalatda civə ilə təmasda olmayan hallarda civənin əsas mənbəi qida, başlıca olaraq balıq və balıq məhsulları sayılır. Antropogen təsirlər nəticəsində yüksək çirklənməyə məruz qalmış rayonlarda civənin sutkalıq qəbulu 300 mkq-a çata bilər, bu isə civə ilə zəhərlənməyə səbəb olur. Civənin üzvi birləşmələri qeyri-üzvi birləşmələrə nisbətən orqanizmdə uzun müddət dəyişməz qalır. Yuxarıda soylənənlərə əsaslanaraq demək olar ki, antropogen təsirlər nəticəsində ətraf mühitə atılan çirkləndiricilər ekoloji problemlər yaratmaqla yanaşı, birbaşa yaxud dolayı yolla insan orqanizminə daxil olaraq, insanların sağlamlıqlarının zəifləməsinə, xəstəliklərin yaranmasına səbəb olur.

Azərbaycanda metal tullantılarının təkrar emalı dünya standartları səviyyəsində inkişaf etməmişdir. Buna səbəb hələlik bu sahədə bazanın formalaşmamasıdır. Respublikamızda avtomobil parklarının günü-gündən artması istismardan çıxmış şinlərin sürətlə artmasına səbəb olur. Hər il Bakı şəhərində istismardan çıxmış, lakin istifadəsiz qalmış şinlərin ümumi çəkisi 50 min tondan artıq olur. Işlənmiş şinlər ətraf mühiti çirkləndirən ən qorxulu tullantıdır. Onlar aşağıdakı xüsusiyyətlərə malikdirlər: -Şin bioloji olaraq parçalanmır; - Şin yanğını təhlükəlidir, yanarkən onu söndürmək çətin olur; - Şin topa halında olanda onların arasında müxtəlif həşəratlar və gəmiricilər yuva salır və çoxalırlar. Şin yanan zaman ətrafı qara tüstü bürüyür. Bu isə flora və faunaya böyük ekoloji ziyan vurmaqla yanaşı, atmosfer çirkləndiricilərinin sayını şoxaltmış olur, çünki belə tüstü qazların tərkibində təbiəti müəyyən olmayan çirkləndiricilər vardır.

Istismardan çıxmış rezin-texniki məmulatlar yandıqda böyük ekoloji təhlükə yaranır, Təxmini hesablamalara görə Respublikamızda ildə təqribən 850 min ədəd pokrışka istismardan sonra tullanır. Bu isə 800 mln manat vəsaitin havaya atılması deməkdir.

Bu gün dünya iqtisadiyyatında aparıcı qüvvəyə çevrilən Çinin iqtisadiyyatında təkrar emal məhsulları önəmli yer tutur. Doğrudur, inkişaf etmiş ölkələrdə Çin məhsulları o qədər  də həvəslə alınmır. Amma yəqin ki, texnologiyaların son sürətlə inkişaf etdiyi bu dövrdə artıq 10 ildən sonra tullantı məvhumu yavaş- yavaş yaddan çıxacaq.Təkrar emaldan alınan məhsullar daha güvənilir, daha keyfiyyətli olacaq. Alimlərin söylədiyinə görə, dənizə atılmış bir plastik torba 100 il keçsə belə çürümür və dəniz canlılarını məhv etməyə qadir olur. İnsan  ətraf  mühitə, təbiətə, dənizə, çaylara atılan hər bir tullantıya “zibil” kimi deyil, təkrar emal üçün xammal kimi baxmağı öyrənsə çox şey qazanmış olacaq.

İlhamə Loğman

Son xəbərlər
Bütün xəbərlər »