Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünyada və Azərbaycanda yeni iqtisadiyyat - yaşıl biznes hərəkatı
BMT-nin Ətraf Mühit Proqramı (UNEP) tərəfindən “yaşıl iqtisadiyyat” termini insan rifahını və sosial ədaləti təmin edən və eyni zamanda ətraf mühiti risklərini kəskin şəkildə azaldan iqtisadiyyat kimi müəyyən edilirYaşıl biznes müəssisələri qlobal və yerli səviyyədə ətraf mühitə, cəmiyyətə, icmalara və iqtisadiyyata zərərli təsir etməyən, iqtisadi inkişafı, sosial tərəqqini və ətraf mühitin mühafizəsini təmin edən müəssilərdir.

Biznesin yaşıl olması üçün onun aşağıdakı dörd amilə cavab verməsi zəruridir.

- dayanıqlı inkişaf prinsipləri biznes qərarlarına daxil edilir;

- ekoloji təmiz məhsul istehsal edilir, xidmətlər göstərilir və bunlar “yaşıl” olmayan xidmət və məhsulları əvəzləyir;

- ənənvi rəqabətə nisbətdə yaşıldır;

- kommersiya fəaliyyətində ekoloji prinsiplərə sadiqliyini bəyan edilir. Yaşıl biznesin əsas təşəbbüsü xidmət və istehsal prosesi zamanı meydana gələn zərərli kimyəvi maddələrin, material və tullantıların təsirini azaltmaq yaxud aradan qaldırmaqdır.

İnkişaf etmiş ölkələrdə 1970-ci illərdə bu ölkələrdə ekologiya üzrə müxtəlif dövlət qurumları yaradılmağa başlamışdır. Bu qurumların vəzifəsi yığılan faktlar əsasında müvafiq siyasətlərin işlənilməsi və həyata keçirilməsi idi. İqtisadi inkişaf nəticəsində bir tərəfdən texnoloji yeniliklərin enerjiyə tələbatı, digər tərəfdən isə məişət və sənaye tullantılarının, çirkab suların həcminin artması da müşahidə edilməkdədir. Hazırda adıçəkilən sahələrin idarə olunması, ətraf mühitin mühafizəsi, insanların sağlam təbii şəraitdə yaşaması, təbii sərvətlərdən dünya əhalisinin rifahı naminə daha dolğun istifadə olunması kimi məsələlər əsas prioritetlərdir. Bu prioritetlər daxilində son zamanlar enerjidən səmərəli istifadə edən və ekoloji cəhətdən əlverişli texnologiyaların – “yaşıl” texnologiyaların – tətbiqi geniş vüsət almışdır. “Yaşıl” texnologiyalar təbiətdən yararlanan qurğuların hazırlanması, işə salınması və bu zaman ətraf mühit üçün tam zərərsiz və ya minimal zərərlə çalışan texnologiyalardır.

Bunu nəzərə alaraq, bir sıra ölkədə “yaşıl” texnologiyaların tətbiqi göstərilən problemlərin həll edilməsi yollarından biri hesab edilir. Müvafiq hesablamalar görə 1961-ci ildə təbii resurslara tələbat yer kürəsinin bioloji bərpaetmə gücünün 70%-nə barabər idi. 1980-ci illərə sözügedən tələbat artıq yer kürəsinin gücünü üstələməyə başlamış və 1999-cu ildə istifadə edilən təbii resurslar yer kürəsinin yenidən bərpa gücünün 120%-ni təşkil etmişdir. Yəni istehlak edilmiş resursların bərpa olunması üçün 1,2 ədəd yer kürəsi tələb edilir.

Buna cavab olaraq, təbii resursların daha qənaətlə istifadə edilməsi və həmçinin ətraf mühitin qorunması məqsədilə ilk növbədə inkişaf etmiş ölkələrdə “yaşıl texnologiyalar” konsepsiyası irəli sürülmüş və bu konsepsiyaya aşağıdakı kriteriyalara uyğun olan məhsullar, avadanlıq və sistemlər aid edilir: - ətfar mühitin deqradasiyasını minimuma endən; - istixana effekti qazlarını havaya aşağı həcmdə buraxan və ya heç buraxmıyan; - bütün həyat formaları üçün sağlam və yaxşılaşdırılmış ətraf mühiti təmin edən; - enerjinin və təbii resursların istifadəsinə qənaət edən; - bərpa edilən enerji mənbələrinin istifadəsini təqviq edən.

Yaşıl iqtisadiyyat yeni iqtisadiyyat anlayışı olaraq da ifadə edilə bilər və ya klassik iqtisadiyyatın təməllərinə insan və təbiət faktorlarının əsaslı bir şəkildə əlavə olunması kimi də müəyyən oluna bilər. Eyni zamanda, hazırda yaşıl iqtisadiyyat anlayışının nəyi əhatə etdiyinin dəqiq olaraq müəyyənləşmiş və hamı tərəfindən qəbul edilən tərifi yoxdur.

Hazırda yaşıl iqtisadiyyatın inkişafı üçün təhlillər, araşdırmalar və yatırımlar əsasən aşağıdakı sahələri əhatə edir: - Bacarıqların inkişafı (“capacity building”) – treninqlər, məsləhət xidmətləri, texniki yardımlar və s.; - Maliyyələşdirmə xidmətləri – qrantlar, layihələrin maliyyələşdirilməsi və s.; - Elmi araşdırmalar xidmətləri – əsas bilik bazaları və s.;

İnformasiya xidmətləri – informasiya mübadiləsi, maariflənmənin inkişafı, elmin idarəedilməsi və s.; - Texnologiya transferi xidmətləri – texnologiya mübadiləsi və s.

Yaşıl iqtisadiyyatın inkişafında fiskal siyasətin rolu önəmlidir. Beləki, hər bir ölkənin özünəməxsus fiskal alətləri vardır. Bu alətlərə yanacaqdan istifadəyə görə vergi güzəştləri, ekoloji cəhətdən zərərli şəkildə fəaliyyət göstərən sahələri daha təmiz fəaliyyətə təşviq edən subsidiyalar, təmiz texnologiya və davamlı istehsal fəaliyyəti ilə məşğul olan sektorlara maliyyə güzəştlərinin köməyi və digər alətlər daxildir. Bütün bunları ümumiləşdirsək yaşıl fiskal siyasətdə istifadə oluna biləcək alətlərin aşağıdakı variantlarını qeyd etmək olar: - ekoloji vergi alətləri (məsələn, karbon vergisi); - intensiv çirkləndirməyə görə cərimə; - müsbət ekoloji fəaliyyətin mükafatlandırılması üçün yaşıl subsidiyalar (məsələn, “feed-in” tarifi), qrantlar, kreditlər; - ekoloji cəhətdən zərərli fəaliyyətlərə subsidiyaların verilməsinin aradan qaldırılması; - birbaşa dövlət xərcləri (məsələn, ekoloji təmiz infrastruktur və ya təmiz texnologiya üçün elmi tədqiqat fəaliyyətinin təşkili).

Dünyanın müxtəlif ölkələrində geniş istifadə edilən yaşıl fiskal siyəsətlər biri karbon vergisidir (CO2 vergisi). Karbon vergisi qlobal istiləşmə və iqlim dəyişikliyinin ən əhəmiyyətli mənbələrindən biri olan və neft, kömür və təbii qaz kimi yanacaqların yanmasından meydana gələn karbon emissiyasını azaltmaq məqsədiylə alınan vergidir. Karbon vergisi “yaşıl” subsidiyaların çatışmazlıqlarını nisbətən kompensasiya edir. Beləki, karbon vergisinin əsas məqsədi gəlir götürmək və təbii resurslardan istifadənin qarşısını almaq deyil, qlobal çirklənməni azaltmaq və təbii resursları qorumaqdır.

Effektiv enerji tikililəri istiqamətində keçid prosesi bir çox yeni iş yerlərinin yaradılması və eyni zamanda mövcud olan iş yerlərinin “yaşıllaşması” gözlənilir. Bu texnologiyalar yalnız müasirləşdirmə və izolyasiya etməni nəzərdə tutmur, eyni zamanda adaptiv və elastik dizaynı ehtiva edir. Bu isə öz növbəsində yeni texnologiyaların təchizatının asanlaşdırılmasına imkan yaradır. Davamlı enerji mənbələri kimi əsasən alternativ enerji mənbələri nəzərdə tutulur (su elektrik stansiyaları, günəş enerjisi, külək enerjisi, dalğa enerjisi, geotermal enerji, bioenerji). Bu adətən enerji effektivliyini təkmilləşdirən texnologiyaları da ehtiva edir. Alternativ enerji sektoruna sərmayə yatırılması iqtisadi məna kəsb edir (dünya üzrə bu sektora 2030-cu ilə kimi 630 milyard ABŞ dolları sərmayə yatırılması və ən azı 20 milyon yeni iş yerinin yaradılması gözlənilir)

Azərbaycanda yaşıl biznes hərəkatı

Ötən il Azərbaycanın ilk dəfə qoşulduğu “Yaşıl biznes” dünya ideya müsabiqəsində təmsilçilərimizin təqdim etdiyi layihə ən uğurlu 15 startapdan biri seçildi. Kiprdə baş tutan final mərhələsinə 35 ölkədən 105 startap təqdim edilmişdi.

Azərbaycan komandasının layihəsi böyük maraqla qarşılanaraq, ilk 15-liyə daxil edilib. “Yaşıl biznes” ideya müsabiqəsi dünyada sayca 4-ü dəfədir keçirilirdi. Müsabiqənən ölkə mərhələsinin əsas tərəfdaşı Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkı olub.

BMT-nin Ətraf Mühit Proqramının Avropa üzrə regional kordinatoru Mahir Əliyev jurnalistlərə açıqlamasında deyib ki, "yaşıl iqtisadiyyat"ın yaradılması üçün Azərbaycanda əlverişli şərait var. Bu istiqamətdə görülən işləri də BMT çox yüksək qiymətləndirir.

Onun sözlərinə görə, hazırda bu istiqamətdə əsasən 3 sahə araşdırılır və öyrənilir. Bunlar energetika, kənd təsərrüfatı və nəqliyyat sahələridir. Bu sahələrdə "yaşıl iqtisadiyyat"a keçid üçün mühüm potensial var. Azərbaycanda xüsusilə energetika sahəsində bərpa olunan enerjidən istifadə, aqrar sektorun müasir tələblərə əsasən inkişafı, nəqliyyat sahəsində seçim zamanı mövcud texnologiyalara üstünlük verilməsi üçün bütün münbit şəraitlər mövcuddur.

BMT-nin Ətraf Mühit Proqramının regional direktoru Jan Dusik hələ 2012-ci ildə bəyan etmişdi ki, Azərbaycan regionda lider dövlət kimi "yaşıl iqtisadiyyat"ın inkişafında mühüm rol oynayacaq.

Müstəqil Azərbaycanın gələcək inkişafı ilə bağlı düşünülmüş mühüm proqramlardan biri də modern sənayeləşmədir. Son illərdə yeni dövrün tələblərinə uyğun həyata keçirilən uğurlu sənayeləşmə siyasəti davamlı iqtisadiyyatın sənayeləşməsini daha da sürətləndirib.

Bu gün ölkə iqtisadiyyatının neft amilindən asılılığının azaldılması, qeyri-neft sektorunun inkişafında kompleksliliyin artırılması, dünya iqtisadiyyatına kifayət qədər dərin inteqrasiya olunması, enerji və resurslara qənaət edən ekoloji təmiz texnologiyaların istehsalının stimullaşdırılması, sənayenin ayrı-ayrı sahələrinin bir- biri ilə uzlaşmış şəkildə fəaliyyət göstərməsi Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Məhz bu səbəblər, eləcə də sənaye sahəsində əldə edilən göstəricilər bir daha sübut edir ki, artıq Azərbaycan regionun güclü sənaye mərkəzinə çevrilməkdədir.

Yaşıl biznes nümunəsi olaraq hazırda ölkəmizdə Sumqayıt Kimya Sənaye, Qaradağ, Mingəçevir, Pirallahı və Balaxanı sənaye parkları fəaliyyət göstərir.

Azərbaycan ətraf mühit qanunvericiliyinin aşağıdakı prinsipləri yaşıl iqtisadiyyatın inkişafını vurğulayır: - sosial-iqtisadi, mənəvi-əxlaqi problemlərin qarşılıqlı həlli; - təbii sərvətlərdən dayanıqlı istifadənin təmin edilməsi; - ekoloji tarazlığın qorunub saxlanması və mühafizəsi; - ətraf mühitin mühafizəsinin və təbii sərvətlərdən istifadənin tənzim edilməsinə ekosistemli yanaşma; - ətraf mühitin çirklənmsinə dair sanksiyalar; - təbiətdən istifadənin ödənişli olması; - ərazilərdə ekoloji tarazlığın təmin edilməsi və pozulmuş təbii ekoloji sistemlərin bərpası; - təbii ehtiyatların səmərəli istifadə olunması və bərpası, təbiətdən istifadənin və ətraf mühitin mühafizəsinin iqtisadi stimullaşdırılmasının tətbiq edilməsi; - ətraf mühitin biomüxtəlifliyinin qorunmasının təmin edilməsi;

Bu gün həqiqətən ölkəmizdə uğurla həyata keçirilən sənayeləşmə siyasəti çərçivəsində müasir texnologiyalara əsaslanan yeni-yeni müəssisələr yaradılır, rəqabətqabiliyyətli və ixracyönümlü sənaye məhsullarının istehsalı artır. Bütün bunlar isə Prezident İlham Əliyevin həyata keçirdiyi yeni iqtisadi strategiyanın uğur formuludur.

İlhamə Loğman

Son xəbərlər
Bütün xəbərlər »