Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bəhram Bağırzadə: Cahil bakılıdansa, mədəni kəndli yaxşıdır
Tanınmış azərbaycanlı şoumen, əfsanəvi KVN komandası olan “Bakılı oğlanlar”ın iştirakçısı Bəhram Bağırzadə Azərbaycandakı kadr siyasətindən narazıdır.

O, bu və digər məsələlərlə bağlı Oxu.Az-a müsahibəsində danışıb:

– Öz doğma şəhəri olan Bakını sevən birisi üçün paytaxtın yeni görünüşü necə təsir bağışlayır?

– Mən tək Bakını deyil, öz ölkəmi, xalqımı, Allah yaradan hər şeyi sevirəm. Əgər mən Bakıda deyil, Azərbaycanın digər şəhərləri olan Yevlax, Kürdəmir, Lənkəran, Mingəçevir, Ordubad, Gəncə, Qazax və başqa yerlərdə yaşasaydım, onları da belə sevərdim.

Bakıya gəlincə, burada çox şey mənim xoşuma gəlir, amma medalın digər üzü də var. Əlbəttə, bəzi şeylər var ki, xoşuma gəlmir.

Bakının tıxac və bu kimi bəzi həll oluna bilən problemləri var ki, öz yerində olmayan adamlar səbəbindən bunlar hələ də qalır.

Təəssüf ki, bizim düzgün kadr siyasətimiz yoxdur. Kobud desək, kolxoz işçisi tikinti ilə məşğul ola bilməz.

– Güclü yumor hissi olan insana sual: Çoxları deyir ki, əyləncəli verilişlərdə zarafatlar primitiv olub və bəzi şoumenlər izləyicini güldürmək üçün bayağı üsullardan istifadə edir. “Bakılı oğlanlar” şöhrətinin zirvəsində olduğu müddətdən bu günə çox şey dəyişib?

– Mən nə yerli, nə də xarici televiziyalara baxıram. Televizordatəkcə futbol izləyirəm.

Yumorlara gəlincə isə, mən müasir “Bakılı oğlanlar”ın və KVN-nin çıxışlarını izləmirəm.

“Comedy club” da mənə maraqlı deyil və xoşuma gəlmir. Bu zarafatlara bu gün mənim oğlum Cavid Bağırzadə gülür.

– Əgər sizin əlinizdə “Qüdrətli Brus” filmindəki baş qəhrəman kimi iqtidar olsaydı, ilk növbədə nə edərdiniz?

– Mən ilk növbədə elə edərdim ki, Azərbaycan xalqı dünyada ən savadlı xalq olsun. Əgər savadlı millətimiz olsa, hər şeyimiz olacaq. Bütün suallar cavabını tapacaq.

– Müasir gənclikdən razısınız? Onlara nə məsləhət görərdiniz?

– Razıyam. Ancaq mən gənclərin mədəni, təhsilli və düzgün formada böyüməsinə imkan yaratmayan böyüklərdən narazıyam.

Ziyalı və sağlam gənclərimiz var, ancaq onların üzərində işləmək lazımdır. Bizim vaxtımızda komsomollar bizdə hansısa stimullar yaradırdılar. İndi belə bir sistem yoxdur.

Bax, sistemin yoxluğu ilə əlaqədar bu gün biz gənclər arasında cinayət hallarının artmasını müşahidə edirik. Gənclərin bu kateqoriyası üçün məşğuliyyət tapmaq lazımdır.

Təhsil, səhiyyə, gənclər və idman nazirlikləri gənclərə doğru yol göstərməlidirlər.

– Bir müddət əvvəl cəmiyyətimizdə bakılılar və paytaxta gələn kəndlilər məsələsi geniş müzakirə edildi. Belə bir ifadə işlədildi: Bakı bakılılar üçündür, çünki bakılılar rayon əhalisinə nisbətən daha intellektualdır. Bakılı kimi bu məsələyə necə baxırsınız?

– Birincisi, qeyd etmək istəyirəm ki, 1863-cü ildə Bakının əhalisi yeddi min nəfər olub.

Hazırda paytaxtımızda üç milyondan çox əhali var. Onların çoxu ölkənin müxtəlif yerlərindən gəlib. Ulu babam onlardan biri olub.

Ana və atam Bakıda anadan olub. Mən və bacım burada doğulmuşuq. Övladlarım Bakıda dünyaya gəlib. Biz bakılı hesab olunuruq.

Azərbaycanın bölgə və rayonlara bölünməsinin tərəfdarı deyiləm. Adamların mədəni və cahil insanlar kimi bölünməsinin tərəfdarıyam. İnsanları mədəniyyətinə, mənəvi keyfiyyətlərinə görə bölmək lazımdır.

İnsan Bakıda 50-60 il yaşaya, ancaq mədəni olmaya, zibili hara oldu ata, ictimai yerlərdə tum çırtlaya bilər. O da özünü bakılı hesab edir. Mənə mədəni kəndli daha yaxındır, nəinki belə bakılı.

Rayondan Bakıya gələn insanlar ilk növbədə öz mədəniyyətlərini göstərməlidirlər.

Sovet dövründə rayondan Bakıya gələn insanlar şəhərlilərdən geyin formasını, qalstuk bağlamağı, universitetə necə getməyi öyrənirdilər. Təhsili başa vurduqdan sonra onlar Bakıda işə düzəlirdilər. Onların həyatı yaxşılaşırdı.

Çox təəssüf ki, indi bununla heç kəs məşğul olmur.

Son xəbərlər
Bütün xəbərlər »