Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qlobal ekoloji böhranın aradan qaldırılmasına Azərbaycan da öz töhfəsini verir
XX və XXI yüzilliklər də tarixdə texniki tərəqqi əsri kimi qeyd ediləcək. Elmi inqilablarla səciyyələnən XX yüzillik həm də dünya müharibələri, ictimai-siyasi və iqttisadi inqilablar, çəkişmələr və ekoloji böhranlarla da yadda qalacaq. Lap yaxın keçmişlə, yəni XX əsrin 50-60-cı illər ilə müqayisə edilərsə son on illiklərdə ekoloji böhran barədə söz-söhbət daha tez-tez təkrarlanır.

Araşdırmalar göstərir ki, bəşəriyyət tarixində ekoloji böhranlar ayrı-ayrı dövrlərdə də yaranmış və müxtəlif regionlarda təbii tarazlığı pozmuşdur. Qobi, Qaraqum, Qızılqum, Saxara səhralarının yerində nə vaxtsa çiçəklənən sivilizasiyaların olmasını elm sübut edib.

Müasir dövrdə bir sıra qərb ölkələrində alimlər «Cəmiyyət-Təbiət» probleminin ümumbəşəri, qeyri-sinfi olmasını, ekoloji böhranın əsasən bütün dövlətlərdə eyniliyini sübut etməyə çalışmışlar. İctimai quruluşundan asılı olmayaraq, bütün ölkələr yerli və qlobal ekoloji böhranlara məruz qalmışlar. Bütün təbii zonalardakı torpaqların təbii məhsuldarlığı aşağı enməyə başlamışdır. Rusiyanın Mərkəzi qaratorpaq zonasında torpaqların sıradan çıxması hamıya məlumdur. Cənubi Ural, xüsusilə Çelyabinsk vilayətinin ətrafı dünyanın ən gərgin ekoloji rayonlarından biri sayılır. Azov, Aral, Xəzər dənizlərinin problemlərinin yaxın zamanlarda həll edilə biləcəyinə güman yoxdur. Təbiətlə qarşılıqlı münasibət məsələləri insanı min illər bundan əvvəl düşündürmüş və dövrün inkişaf xüsusiyyətlərindən asılı olaraq həmin məsələyə müvafiq münasibət bəslənilmişdir. Təbiəti mühafizə problemləri çoxsahəli olmaqla ümumbəşəri və eyni zamanda yerli əhəmiyyətə malikdir

Alimlər həyəcanla bəyan edirlər ki, qlobal ekoloji problemlərə artan dinamizm xarakterikdir. Təbiət kompleksində (ətraf mühiti mühafizə problemləri, fiziki-coğrafi proqnozlaşdırma) və qlobal problemləri sistemləşdirməkdə vacib funksiyalardan biri (biologiyadan sonra) ekologiya elminin üzərinə düşür.Bu gün qlobal problemlər içərisində termo-nüvə silahı həm stratei məslə, həm də böyük ekoloji təhdid hesab olunur.

XX əsrin ikinci yarısından başlayaraq cəmiyyətlə təbiət arasında «maddələr mübadiləsi» olduqca genişlənmişdir. Bunun da nəticəsində cəmiyyətin təbiətə «təzyiqi» urbanizasiyası, sənayeləşmə, kənd təsərrüfatının intensivləşdirilmiş prosesində daha da artmış oldu. Eyni vaxtda ətraf mühitin vəziyyətinin korlaşması müşahidə olunmağa başladı. Bir çox rayon və regionlarda antropogen çirklənmə ekoloji təhlükəyə gətirib çıxartdı.

Məsələn, sututarların çirkab suları ilə çirklənməsi suyun sənayenin müxtəlif sahələrində istifadəsinin artması ilə sıx bağlıdır. Texnoloji proseslərdə istifadə olunmuş su müxtəlif zərərli maddələrlə (neft məhsulları, turşular, fenollar, sintetik yuyucu maddələr, yağlar, üzvi birləşmələr və s.) çirklənərək, sonradan sututarlara daxil olur. Orta gücə (növbədə 50t süd) malik süd emalı zavodunun çirkləndirdiyi suyun miqdarı əhalisi 15min nəfər olan qəsəbənin çirkləndirdiyi suya ekvivalentdir.

Ətraf mühitin mühafizəsi problemləri hazırda əsasən 3 başlıca səviyyədə həll olunur: Ölkə, regional və qlobal səviyyədə. Qlobal səviyyə öz dünyəviliyi ilə, təbii resursların zənginliyinə (atmosfer, dünya okeanı) görə daha vacibdir, çünki bu sərvətlər ümumbəşəri sərvətlərdir. Ətraf mühitin mühafizəsi problemləri, xüsusilə də qlobal səviyyədə bütün dünya ölkələrinin birgə səyini tələb edir. Onun müvəffəqiyyətli həllinin əsas yolu odur ki, insanların istehsal və qeyriistehsal fəaliyyətini yaxın onilliklərdə elə təşkil etmək lazımdır ki, cəmiyyətlə təbiət arasındakı qarşılıqlı münasibət optimal olsun.

Bütün dünya ölkələri kimi Azərbaycan da müxtəlif xarakterli ətraf mühit problemləri ilə üzləşir. Planetdə ekoloji tarazlığın qorunub saxlanması, ehtiyatlardan səmərəli istifadə, suyun, havanın, torpağın çirklənmədən mühafizə edilməsi ümumbəşəri problemdir. Şübhəsiz ki, bu problemlərin həlli Azərbaycanın da qarşısında duran strateji vəzifələrdən biridir. Həmin vəzifənin öhdəsindən gəlmək üçün planlı və uzunmüddətli fəaliyyət proqramları, irihəcmli dövlət investisiyaları tələb olunur. Qeyd etmək lazımdır ki, Azərbaycanda sovet hakimiyyəti dövründə ekoloji tarazlığın qorunmasında yol verilmiş səhlənkarlıqlar sonrakı illərdə böyük problemlərə səbəb oldu.

Nəticədə paytaxt Bakıda, Xəzərin sahilboyu zolağında, Sumqayıtda və digər yerlərdə ağır ekoloji fəsadlar meydana gəlmişdi.. Ötən 20 il ərzində Azərbaycanda ekoloji durumun sağlamlaşdırılmasına yönələn irimiqyaslı dövlət proqramları, milyardlarla manat investisiya tələb edən böyük layihələr həyata keçirilib. Bu miqyasda tədbirlər Azərbaycanın son bir neçə on illik tarixində ilk dəfədir həyata keçirilir və artıq öz bəhrəsini verməkdədir.

Azərbaycan iqtisadiyyatında önəmli rol oynayan Xəzər dənizinin ekologiyası hgər zaman ölkə rəhbərliyinin diqqət mərkəzindədir. Xəzəryanı dövlətlər arasında bu dənizin ekoloji problemləri ilə kompleks şəkildə məşğul olan yeganə dövlət Azərbaycandır.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, Xəzər dənizi problemləri içərisində səviyyə tərəddüdü ilə yanaşı, dəniz suyunun çirklənməsi və bununla əlaqədar ekoloji şəraitin korlanması son dövrün ən mühüm problemidir. Xəzər dənizinin əsas çirklənmə mənbələri onun hövzəsində, sahillərində və akvatoriyalarında yerləşən şəhərlərin və sənaye obyektlərinin tullantı suları, dəniz nəqliyyatından və neft mədənlərindən daxil olan müxtəlif çirkləndiricilərdir. Hazırda Xəzər sahili zonalarda 15 milyona qədər əhali yaşayır ki, onların da həyat fəaliyyəti bilavasitə bu dənizlə (əsasən də balıqçılıqla) bağlıdır. Dünyanın ən məhsuldar su sahəsi olan Xəzər yeganə dənizdir ki, nərə balıqlarının böyük ehtiyatı (təxminən 95 %) burada cəmləşmişdir. Məlumdur ki, nərə balığı dünya bazarında çox qiymətli sayılan qara kürünün "istehsalçısıdır". Ona görə də həmin balıqların Xəzərdəki genofondu ciddi şəkildə qorunur.

Neft-qaz ehtiyatı potensialına görə də o, dünyanın ən iri karbohidrogen xammalı mərkəzlərindən biridir. Ekoloji xarakteristikasına görə Xəzər dənizi digər qapalı hövzələr kimi öyrənilir. Qapalı hövzələrin isə müvafiq problemləri var. Məsələn: təbii ehtiyatların və kəmiyyətcə tükənməsi, antropogen və torpaqüstü təbii ekosistemlərin tənəzzülü, dəniz mühitinin çirklənməsi və su ekosistemlərinin tənəzzülü. Sonuncu ən böyük problem sayılır. Balıq təsərrüfatı və sanitar-toksiki xüsusiyyətləri baxımından Xəzərin durumu hələ Sovetlər Birliyinin sonunda krizis dövrünün başlanğıcı kimi qiymətləndirilirdi. Belə ki, 1992-ci ildə Volqa hövzəsi və Xəzərin sahil zonası "ekoloji fəlakət zonası" adlandırılmışdı.

Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi sistemi fəaliyyətdədir və ona yaxın stansiya vasitəsi ilə bu işə nəzarət edilir.Bu qurğular sayəsində sayəsində çirkab sular ətraf mühit və insan sağlamlığına mənfi təsir göstərən inqrediyentlərdən (o cümlədən bəzi hallarda hər litrdə 2,3 milyon ədəd təşkil edən bağırsaq çöpü bakteriyalarından və normanı 100 dəfə üstələyən üzvi çirkləndiricilərdən) təmizlənərək 250-300 metrədək dənizin dərinliyinə axıdılır. Nəticədə aparılan monitorinq qısa zaman ərzində Xəzər dənizinin suyunun çirklənmə səviyyəsinin aşağı düşdüyünü göstərir. Qeyd etmək lazımdır ki, təkcə 2010-cu ildə Xəzərə axıdılan çirkab sularının təmizlənməsi üçün infrastrukturun yaradılmasına 1 milyard manata yaxın vəsait xərclənmişdi. Hazırda çirkab sularının təmizlənməsi işləri Sumqayıt şəhəri istiqamətində davam etdirilir. Bu tədbirlərin növbəti illərdə də davam etdirilməsi Xəzər akvatoriyasının daha da təmizlənməsi ilə nəticələnəcək və Abşeron yarımadasının Xəzər dənizini çirkləndirən mənbələr sırasından çıxarılmasına nail olunacaqdır.

Beynəlxalq ekoloji proqramların həyata keçirilməsi, təbii sərvətlərin bərpasının təmin edilməsi və mühafizəsi, milli parkların təşkili və ekoloji şəbəkənin yaradılması istiqamətində görülən işlər də bu qəbildəndir. Keçirilən tədbirlərin məqsədi insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişmək, ictimaiyyətin diqqətini ekoloji problemlərin həllinə yönəltmək, əhalinin bu sahədə şüur və təfəkkürünü inkişaf etdirməklə təbiəti qorumağın mümkünlüyünü diqqətə çatdırmaqdır.

Qlobal ekoloji problemlərin həllindən sivilizasiyanın, bəşəriyyətin taleyi, gələcəyi asılıdır.Bu gün vəziyyətdən yeganə çıxış yolu dinc gəncliyin xətrinə bütün dövlətlər fəal əməkdaşlığını nizama salmaqdan, milli mənafeyin, dövlət mənafeyinin ümumbəşəri mənafeyi ilə optimal nisbətini tapmağa imkan verən beynəlmiləl mexanizmlər və təsisatlar yaratmaqdan, onlardan istifadə edib inkişaf etdirməkdən ibarətdir. Bu baxımdan müxtəlif sosial sistemlər və dövlətlərin əməkdaşlığı qlobal problemlərin həll edilməsini şərtləndirən başlıca amildir.

Qlobal ekoloji problemlərin həlli dövlətlərarası əməkdaşlığın inkişaf etdirilməsi yolu ilə mümkündür. Məlumdur ki, insan təbiətdən öz məqsədinə nail olmaq üçün istifadə etməklə ekoloji tarazlığı pozmuş, təbiət isə bunun müqabilində insan mühitinə, insan cəmiyyətinə öz gücünü göstərmişdir. Ekoloji tarazlığın pozulması ümumdünya kontekstində ekoloji böhranın təşəkkül tapmasına səbəb olmuşdur.

Qlobal ekoloji təhlükəsizliyin idarə edilməsi BMT, YUNESKO, YUNEP və digər beynəlxalq təşkilatlar səviyyəsində dövlətlərarası münasibətlərin preroqatividir. Bu səviyyədə idarəetmə üsulları ətraf mühitin mühafizəsi üzrə beynəlxalq aktların qəbul edilməsi, dövlətlərarası ekoloji proqramların həyata keçirilməsi, təbii və ya antropogen xarakterli ekoloji problemlərin qarşısının alınması üzrə hökumətlərarası qüvvələrin yaradılmasını özündə birləşdirir. Qlobal səviyyədə iri miqyaslı bir sıra ekoloji proplem nisbətən öz həllini tapmışdır. Nüvə silahının yeraltı sınaqları istisna olmaqla, bütün mühitlərdə qadağan edilməsi beynəlxalq ictimaiyyətin böyük nəaliyyətidir. Balina ovunun dünya üzrə qadağan edilməsi və balıq, habelə digər dəniz məhsullarının ovlanmasının tənzimlənməsinin dövlətlərarası hüququ barədə razılaşmalar əldə edilmişdir. Keçirilən tədbirlərin məqsədi insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişmək, ictimaiyyətin diqqətini ekoloji problemlərin həllinə yönəltmək, əhalinin bu sahədə şüur və təfəkkürünü inkişaf etdirməklə təbiəti qorumağın mümkünlüyünü diqqətə çatdırmaqdır.

İlhamə Loğman

Son xəbərlər
Bütün xəbərlər »