Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Səbir daşı nədir, o həqiqətən varmı?

Səbir daşı, səbir daşı, Çatladı bağrımın başı...

Azərbaycan xalq  folklorunda səbir daşı ilə bağlı bu kimi nümunələrə çox  rast gəlmək olar. Ümumiyyətlə el dilində işlədilən hər bir məsəlin, bayatının, xalq mahnısının, deyimin mütləq şəkildə bir tarixçəsi vardır. Bu gün Bizimyol.info səbir daşı ifadəsinin necə  yaranması barəsində kiçik tarixçəni təqdim edir.

Səlcuqların hakimiyyəti dövründə Anadolunun türkləşdirilməsi işlərinin aparılması üçün  Hoca Əhməd Yasəvi tərəfindən  müxtəlif ellərə göndərilən dərvişlər getdikləri yerdə təkkələr qurur, şagirdlər yetişdirirdilər. Dərvişlər indiki anlamda qapı qapı gəzən insanlar  deyildilər, onlar dini biliklərə dərindən yiyələnmiş, öz fəlsəfi  fikirləri olan mütəfəkkirlər idilər. Bu biliklərə yiyələnmək üçün də mütləq şəkildə zamana, həyat təcrübəsinə və böyük səbirə  ehtiyac var idi.

Təkkəyə gələn şagirdlərin səbrini və dözümlülüyünü yoxlamaq üçün qaldıqları hücrənin qarşısına gətirib bir qaya parçası qoyardılar. Bu qaya  parçasını yonub içərisindən iki və ya üç  zəncir halqası keçirmək üçün  deşik açmaları tələb olunardı. Şagird  illər boyu bu qaya parçasının üzərində işləməli olurdu. Zəncir bağlamaq üçün hazırlanan bu daşa "səbir daşı" deyərdilər. Əgər şagirdin səbri tükənib daşa çəkici bərk vurardısa, daş çatlayardı və "səbir  daşı çatladı" deyərək onu məktəbin həyətində sərgiləyərdilər. Bu bir ayıb hesab olunurdu. Məktəbə davam etmək istəyən şagirdə yeni bir qaya parçası verilər və o yenidən puç etdiyi zəhmətini bir daha yenidən başlamaq məcburiyyətində qalardı. Zəncir taxılmış səbir daşları da digər şagirdlərə örnək və nümunə olaraq  göstərilirdi.

Gələn dəfə başqa bir deyimin iziylə tarixə səyahət edəcəyik.

İlhamə Loğman

Son xəbərlər
Bütün xəbərlər »