Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qərənfillərin gələcəyə daşıdığı əfsanə, iydə ağaclarının  keçmişdən qalan sirri...
Bu gün işə  gələrkən  Nobel prospekti boyunca çiçəklənmiş qızılgülləri görəndə heyrətləndim. Bunlar adət etdiyimiz dekorativ ətirsiz güllər deyildi, uşaqlıqdan bağ- baxçalarımızda görməyə adət etdiyimiz ətri ilə insanı bihuş edən zərif qızılgüllər idi. Maşın bir az irəlilədikcə yol kənarında təkcə qızıgüllərin deyil, ağ və sarı  rəngli calaq edilmiş güllərin də  ətrafa yaraşıq verdiyini gördüm. Bu gözəllik  gözümü- könlümü oxşayırdı,  küləkdə həzin həzin yellənən  çiçəklər “uzaqda durma yaxın gəl  deyirdi”. Ətrini çoxdan hiss etmək istədiyim  qızılgüllərin qoxusunu daha yaxından çiyərlərimə çəkmək   üçün yaxınlaşdım.

Və beləcə bu çiçəklərin bağbanı Mirzə dayı ilə tanış olduq. Mirzə Şirinov 30 ildir bağbanlıq edir. Deyir əvvəllər Kəlbəcər  rayonunda ədəbiyyat müəllimi işləyib. Qaçqınlıq ömrü yaşdıqdan sonra  torpağa olan həsrətini Bakıda bağban işləməklə ovutmağa çalışıb. İndi 70 yaşı var. Əlləri torpaq kimi cadar-cadardır.Deyir hər gün bu əllərlə güllərimə, ağaclarıma, torpağa sığal çəkməsəm özümü yaxşı hiss etmirəm.  Bu mənə yemək, hava , su qədər lazımdır. Torpaqdan qüvvət alıram.

Mən yaxınlaşanda gül kollarının dibini boşaltmaqla məşğul idi. Güllərə heyran heyran baxdığımı görüb, Görülən işdən gül iyi gələr, gül də cənnət bitkisidi, görürsənmi nə gözəldilər”-dedi.

- Bu gül kollarını nə əcəb burda əkmisiniz, adətən şəhərdə  dekorativ çiçəklər görməyə  adət etmişik

-Qızım, qızılgül kolu təmizlik olmayan yerdə bitməz. Eşitdiyimiz bir rəvayətə görə, qızılgüllər peyğımbərimizin tərindən yaranıb. Müqəddəsdir. Bu kolları öz həyətimdə də baxıb becərirəm. Bahalı deyil. Sonra çiliklərini əkirəm, böyüdürəm, gətirib buralarda çoxaldıram. Gördüyün bu sarı gülləri, ağ gülləri isə  calaq eləmişəm. Daha  dözümlü olsunlar deyə. Qızılgüllərin isə sortu dəyişməsin deyə onlara əl vurmuram, qoy olduqları kimi qalsınlar. Calaq edəndə digər sortların  xüsusiyyətləri də bunlara keçir, öz ilkin görkəmlərini itirilər

-Sizçə nə üçün bütün şəhəri belə gözəl yerli güllərlə bəzəmirlər?

-Şəhərin yaşıllaşdırılmasında müxtəlif  bitkilərdən istifadə olunur.  Xaricdən gətirilən palmalar, sekvoyalar, bahalı şam ağacları, toz ağacları,  Afrika şabalıdları, banan ağacları və sair olur. Şam ağaclarını əsasən ona  görə əkirlər ki, bu ağacların  ətrafdakı toz  və çirki özündə saxlamaq  xüsusiyyəti var. Bundan əlavə şam ağacıları həm də antiseptik  xüsusiyyətə malikdirlər. Zərərli mikrob və bakteriyaları məhv edirlər. Sizə maraqlı bir hadisə danışım. İndi şəhərlərimizdə iydə ağaclarına  çox az rast gəlmək olar. Amma  müharibə illərində, müharibədən sonrakı dövrdə Bakıda da elə  rayon mərkəzlərində də bəzək bitkisi kimi əsasən iydədən istifadə olunurdu. Bunun da öz sirri var idi. İydə ağacları çiçəkləyəndə onun tozu və çiçəklərinin qoxusu  qadınlara antiafrodiziak təsiri edir. Yəni insanın  cinsi istəyini azaldır. Müharibədən sonrakı dövrlərdə bu ağacların  çox əkilməsinə səbəb kişilərin müharibədə tələf olması və əksər qadınların həyat yoldaşlarını itirməsi idi. Sonralar demoqrafik balansı qorumaq  üçün bu ağacların əkilməsinin qarşısı alındı, onların yerini zeytiun kimi faydalı və yerli iqlimə çox uyan ağaclara verdilər.

-Bəs əsasən müxtəlif tənttənəli günlərdə şəhər bağlarını bəzəyən dekorativ çiçəklər barəsində nə deyə bilərsiniz? Maraqlıdır ki, çiçək açmış bənövşələr, nərgizlər və ya tülpanlar həftəylə solmur.

-Onları satışa çıxarmazdan öncə müxtəlif minerallarla  bəsləyirik. Diqqət tmisinizə həmin çiçəklər birbaşa torfda əkilir, torpaqları üyüdülmüş qəhvə tozunu xatırladır. Çox  keyfiyyətli olur. Həyətində  gül- çiçək bəsləmək istəyən insanlara məsləhət görəridim, məhz bu torpaqlardan alıb dağlardan, meşələrdən gətirilmiş zəngin tərkibli torpaqlara əlavə eləmək lazımdır. Dibçək çiçəklərinə xüsusi diqqət göstərməsən solub gedəcək. Onların içərisində çiçək açdıqdan sonra  çiçəyi budağında ən çox qalıb, evləri bəzəyən çiçək orxideyadır.Bənövşələrin çiçək açdıqdan sonra ömrü 15-20 gün davam edir. Lazımi  tədbirlər görülsə ömürlərini uzatmaq olar. İndi mağazalarda  müxtəlif növlü güllər satırlar. Onların bir ədədi isə 3- 4 manatdır. Daha çox satılan da elə bu qızılgüllərdir. Bayram olmayan ərəfələrdə gülləri ad günləri, nişan, toy və ya sadəcə olaraq evə qoymaq üçün alırlar. Qeyri-adi güllər də var. Onlardan biri də riyatris gülüdür. Bu gülün özəlliyi gec solmasındadır. Qızılgül sərin hava şəraitində saxlanılarsa 10 gün qalır. Digər güllər isə növündən asılı olaraq 15-20 gün arasında solmur. Tövsiyə edirəm ki, qızılgül alarkən onların qönçələrini yoxlayın. Qönçəni əlinlə yoxlayırsan, əgər möhkəmdirsə, demək, gül təzədir. Yumşaqdırsa, almağa dəyməz. Belə gül artıq təravətini itirib və tez solacaq. Çəmən güllərinin ortası yaşıldırsa, demək, tam yetişməyib. Yanlarında da ara-sıra qönçələr görünürsə, gül körpədir. Ümumiyyətlə, kalalar bir həftə, çəmən gülləri 15-20 gün, qış aylarında hətta 1 ay da qala bilər. Qızılgüllər ev şəraitində 4-5 gün qalır. Amma mağazada düzgün qulluq sayəsində gec solur. Güllərin gec quruması üçün otağın havası tez-tez dəyişilməlidir. Otaqda təmiz hava olmalıdır, temperatur 15-20 dərəcəni keçməməlidir. Temperatur 20 dərəcədən yuxarı olarsa, güllər məhv olar. Ümumiyyətlə, güllərin gec solması üçün onları vaxtaşırı olaraq soyuq su ilə doldurulmuş pulverizator vasitəsilə sulamaq lazımdı".Ən bahalı gül orxideya hesab olunur. Orxideyanın 1 dənəsini 50 manatadır.

-Bəs bir zaman şəhər bağlarını bəzəyən o məşhur lalələr, başqa adıyla desək Holland tülpanlarını  bizdə yetişdirmək olmazmı?

-Niyə olmur. Holland tülpanlarının ana  vətəni elə Türkiyə, Azərbaycan olmayıbmı? Sadəcə hollandlar onu aparıb öz ölkələrininin biznesi  halına gətirə biliblər. Bütün  dünayay satdıqları hazır çiçəkləri isə elə şəkildə satırlar ki, onlardan toxum  əldə etmək olmur. Olsa belə onların soğanaqları meyvə vermir. Bir zamanlar Maştağa tərəfdə insanların böyük qərənfil istixanalrı olardı. Qərənfil sevənlərin  çiçəkləri idi. İnsanlar bu gözəl çiçəkləri məmnuniyyətlə alırdılar və  qərənfil əkənlər də  bundan qazanc əldə edə bilirdilər. 1990-cı ilin 20 Yanvar hadisəsindən sonra  qərənffil  anki matəm gülünüə çevrildi. İndi onu şənliklər üçün deyil, məzarları bəzəmək üçün alırlar. Bəlkə də  yüzillər sonra elə qərənfilin  hekayəsi ilə insanlar 20 Yanvar haqqında əfsanəni bir daha  eşidəcəklər.bəlkə bu da bizim qəhrəmanlıq tariximizin  simvoluna  çevriləcək kim bilir.

Qeyd edim ki,xarici ölkələrdə hər bir gül nəyisə simvolizə edir. Məsələn, bir çox ölkələrdə ən məşhur gül qızılgül sayılır. Xüsusilə də Bolqarıstanda bu güllər çox məşhurdur. Lotos gülü isə Hindistanın rəmzi hesab olunur. Bu güllər rəssamların əsərlərində, tikililərin sütunlarında və məbədlərdə təsvir olunur. Hindistan xanımları bu çiçəklərlə öz saçlarını bəzəməyi xoşlayırlar. Hesab olunur ki, bu güllərin müalicəvi əhəmiyyəti var. Elə ölkələr də var ki, orada güllərə xüsusi yanaşırlar. Rusiyada çobanyastığı günü təbiəti simvolizə edir. İspaniya və İtaliyanın rəmzi isə zanbaq gülüdür. Fransada da ağ zanbağa böyük əhəmiyyət verilir. Lakin elə ölkələr də var ki, güllər mənfi hadisələri simvolizə edir. Bu səbəbdən də gül hədiyyə etməzdən əvvəl bu haqda ətraflı məlumat öyrənmək lazımdır.Məsələn, Almaniyada zanbaq gülü ölülərin dünyası ilə assosiasiya edilir.

Yazın gül bülbülü, bülbül gülü çağırdığı bu məqamında  yolunu dağlara, meşələrə salmağa imkanı olmayanalra tövsiyə edirəm Bakının Nəbatat bağlarına  üz tutsunlar. Mərkəzi Nəbatat Bağında elə bitkilərlə tanış olmaq mümkündür ki, onlar artıq itmək təhlükəsi altındadırlar. Seyrçilər sahəsi 45, 5 hektar olan Mərkəzi Nəbatat  Bağının xiyabanları ilə irəliləyərkən maraqlandıqları bitkinin adını, cinsini, vətənini azərbaycan, rus və latın dillərində bitkilərin üzərindən asılmış lövhəciklərdən öyrənə bilirlər. Bu lövhələrdən də məlum olur ki, Bağda Azərbaycan florasından olan bitkilərlə bərabər, dünyanın müxtəlif botaniki-coğrafi zonalarından - Şərqi Asiya, Şimali Amerika, Aralıq dənizi hövzəsində və digər yerlərdən qiymətli ağac, kol, çiçək, ot bitkiləri var.

Bağda Qafqaz florasından olan 149 növ nadir və nəsli kəsilməkdə olan, adları keçmiş SSRİ-nin və Azərbaycanın “Qırmızı Kitab”larına daxil edilmiş geofit bitkilərin kolleksiyası var. Uzun illər boyu Azərbaycan şəraitinə uyğunlaşan əzvay, zəfəran, çiriş, qulançar və ya mərəcüyüt, onlarla sənaye, texniki, dərman, ətirli ədviyalı, qida əhəmiyyətli bitkilər iş adamlarının diqqətini cəlb edə bilər və az məsrəflə çox gəlir əldə etmək imkanı verər.

Mərkəzi Nəbatat Bağında çiçək bitkilərinin, o cümlədən soğanaqlı bitkilərdən soğangülü, payızgülü, qarğasoğanı, dağlaləsi, nərgiz, sünbülçiçək, süsən və 400-ə qədər qızılgül sortunun kolleksiyası toplanıb.

Mərkəzi Nəbatat Bağı dünyanın 100-dən artıq Nəbatat bağları ilə əlaqə saxlayır, toxum mübadiləsi edir və onlardan introduksiya üçün toxum alır. Respublikamızın mərkəzində yerləşən yeganə Nəbatat Bağının kollektivi onu dünya standartları səviyyəsinə çatdırmaq, gələcək nəsillərə ərməğan etmək və inkişaf etdirmək üçün əlindən gələni əsirgəmir. 2000-ci ildə təşkil olunmuş “Çiçəklik” laboratoriyasında hazırda yeni çeşidli çiçək bitkilərinin introduksiyası ilə yanaşı, əvvəllər Bağda kolleksiyaları olmuş, ancaq zaman keçdikcə itmək təhlükəsində olan çiçək bitkilərinin bərpa olunması işlərinə başlanılıb.

“Çiçəklik” laboratoriyasında tədqiqat işləri əsasən sortların introduksiyası və seleksiyası istiqamətində aparılır. Qızılgül kolleksiyasında müxtəlif bağ qruplarına mənsub ümumi sayı 8 mindən artıq olan 450-yə yaxın qızılgül sortu introduksiya edilib. Kənd Təsərrüfatı Nazirliyinin 4 aprel 2008-ci il tarixli 96 saylı əmrinə əsasən mərkəzi Nəbatat bağında tumurcuq mutasiyası nəticəsində yaradılmış “Əsrin müqaviləsi”, “Sarı gəlin”, “Nazpəri” qızılgül sortları üçün müəlliflik şəhadətnaməsi və Patent alınıb.

Bağda satış məqsədi ilə  qiymətli ağac  tingləri də yetişdirilir. Xarici ölkələrə satılmaq üçün nəzərdə tutulan bu  tinglər Nəbatat Bağının öz xərclərini ödəməyə kömək edir.

Məlum  məsələdir ki, gözəl qoxular, gözəl görüntülər insanın yorğunluğunu yox edir, stresini azaldır, ömrünü uzadır.  Güllər çiçəklər, ümumiyyətlə yaşıllıqlar təbiətin insana bəxş etdiyi ən gözəl hədiyyədir.  Bu gün insanların axın etdiyi Bakı şəhərinin ətraf mühitinin  abadlaşdırılmasına  böyük diqqət yetirilir. Ancaq bir  zamanlar olduğu kimi  yenə də ən gözəl balkon, ən  çiçəkli balkon  yarışmaları keçiriləs gözəl olmazdımı. Ən abad küçə, ən çox güllərlə bəzənmiş məhlə yarışları  bütün şəhər sakinlərini təbiətin və ekologiyanın qayğıkeş mühafizəçilərinə çevirərdi.

İlhamə Loğman

Son xəbərlər
Bütün xəbərlər »