Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ekoloji mədəniyyət ətraf mühitə qayğıyla yanaşmaqdır
Günümüzün reallığı ekoloji mədəniyyətin təbliği və ekoloji maarifləndirmənin genişləndirilməsini tələb edir

Çoxları ekologiya barəsində dərslik, kitab və ya jurnal dedikdə düşünə bilər ki bu darıxdırcı bir elmi iş, yaxud statistik məlumatlar toplusu olacaq. Amma sözügedən məlumat toplusunu elə bir şəkildə təqdim etmək olar ki,o həm maraq doğursun, həm də hər kəsin stolüstü kitabına çevrilsin. 1982-ci ildə Azərbaycanda “Həyəcan təbili” adlı bir kitab dərc edilmişdi. Bu kitabda çox yüksək keyfiyyətli şəkillələ birlikdə adları qırmızı kitaba düşən canlılar, ölkəmizin qoruqları, yasaqlıqarı barəsində məlumatlar dərc edilmişdi. Çox yaxşı xatırlayıram ki, o kitabı təhsil aldığım məktəbdəki bütün şagirdlər sevə-sevə alırdılar. Hətta oxumağı sevməyən şagirdlər belə maraqlı tərtibatına görə “Həyəcan təbili” kitabını əldə etmək istəyirdilər. Kitabın müəllifi akademik Həsən Əliyev idi. Məhz bu kimi kitab və toplularla uşaqların, gənclərin ekoloji tərbiyəsinə nail olmaq mümkündür. Təbii ki, yalnız kitab yetməz. Lakin böyüklərin balacalara ekoloji tərbiyə verməsi üçün ilk növbədə onların özlərində təbiətə sevgi və ekoloji mədəniyyət olmalıdır.

Ekoloji problemlər insanın, cəmiyyətin mənəvi mədəniyyət səviyyəsinin inikasıdır.

Dünya əhalisinin sayının artması, insanın tələbatının genişlənməsi, Yer sərvətlərinin istifadəsinin durmadan çoxalması, energetika, sənaye, kənd təsərrüfatı, nəqliyyat sahələrində yeni texnologiyaların tətbiqi və istehsalının genişlənməsi, dünya landşaftlarının antropogen dəyişməsi, beynəlxalq təsərrüfat əlaqələrinin mürəkkəbləşməsi və genişlənməsi, eləcə də digər amillər ətraf mühitlə bəşəriyyətin qarşılıqlı əlaqəsinin güclənməsinə və insanı əhatə edən mühitə antropogen yükün (təzyiqin) artmasına səbəb olub. Ətraf mühit insanın həyatına, şəraitinə, səhhətinə təsir edən amillərin toplusudur. XIX əsrin sonlarından başlayan elmi-texniki tərəqqi, sənayenin sürətli inkişafı nəticəsində ətraf mühitə edilən təsirlər XX əsrin ortalarında öz fəsadlarını büruzə verməyə başladı. Bir-birinin ardınca baş verən təbii fəlakətlər - daşqınlar, zəlzələlər, torpaq sürüşmələri dünyanın bütün ölkələrində ciddi narahatlıqlar yaradır. Artıq insanlar təbiətə olan münasibətlərini dəyişməyəcəkləri, onun ehtiyatlarından səmərəsiz istifadəyə son qoymayacaqları təqdirdə bu prosesin onların özlərinə qarşı çevriləcəyini və arzuolunmaz nəticələrə gətirib çıxaracağını anlayırlar.

Hazırda ekoloji tarazlığı, onun mürəkkəb və bir-birilə sıx bağlı mexanizmlərini bilmədən, yəni ekoloji biliyə dərindən yiyələnmədən təbiətdən, onun ehtiyatlarından səmərəli istifadə etmək, təbii mühiti həyat üçün yararlı halda saxlamağı proqnozlaşdırmaq mümkün deyildir. Bu baxımdan ekoloji problemlərin və ətraf mühitin qorunmasında olan çatışmazlıqların həll edilməsinə tələbat və maraq günü-gündən artır.

Bütün bəşəriyyəti narahat edən ekoloji problemlərə Azərbaycanda da böyük diqqət verilir və onların həlli üçün hərtərəfli tədbirlər görülür.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə respublikamızda qlobal xarakterli ekoloji problemlərin həlli üçün görülən işlər, həyata keçirilən layihə və proqramlar da ekoloji durumun bərpası və yaxşılaşdırılması istiqamətində müsbət və təqdirəlayiq hal kimi dəyərləndirilməlidir. Nazirlik həqiqətən, son illər Azərbaycanda təbii ətraf mühitin mühafizəsi, dövlət qoruqları, yasaqlıqlar və milli parkların yaradılması, səhralaşmaya və meşəsizləşməyə qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi, yeni meşə zolaqlarının və tingliklərin salınması, eləcə də ekoloji cəhətdən mühüm əhəmiyyət kəsb edən digər vacib məsələlər sahəsində böyük işlər görüb.

Bu gün ətraf mühitin mühafizəsi Konstitusiyada, prezident fərmanlarında, hökumət qərarlarında öz əksini tapır. Azərbaycan ətraf mühitin mühafizəsi sahəsindəki son on illik fəaliyyətinə görə dünyada ikinci yerdə qərarlaşıb. ABŞ-ın Yel və Kolumbiya Universitetləri tərəfindən hazırlanan “Beynəlxalq Ekoloji Fəaliyyətin Nəticələrinin İndeksi” (Environmental Performance Index) adlı sənəddə Azərbaycanın bu mövqeyi öz əksini tapır. Azərbaycan, həmçinin, meşələrlə bağlı qiymətləndirmədə hər 3 komponent üzrə - meşə ehtiyatlarının vəziyyəti, meşə örtüyünün dəyişməsi və meşə itkiləri sahəsində - həm ətraf mühitin vəziyyətinin indeksi, həm də ekoloji inkişafın göstəricilərinə görə ən yüksək nəticə göstərərək 132 dövlət arasında birinci yeri tutub. Bu faktların hamısı təqdirəlayiq haldır.

Lakin respublikada həllini gözləyən bir sıra ekoloji problemlər var: su hövzələrinin, o cümlədən Xəzər dənizinin məişət və sənaye sularının tullantılar ilə çirkləndirilməsi, Xəzər dənizinin səviyyəsinin dəyişməsi ilə əlaqədar vurulan ziyanlar, atmosfer qatına zərərli qazların yol verilən normadan artıq atılması, biomüxtəlifliyin azalması, torpaqların eroziyaya uğraması və şoranlaşması, sənaye və məişət tullantılarının utilizasiyası və s.

Ekoloji təhsil, ekoloji mədəniyyət anlayışının formalaşdırılmasına insanın uşaq yaşlarından nail olmaq lazımdır.Artıq 3 yaşına qədəm basanda insan bilməlidirlər ki, planetimizin təbii sərvətləri gələcək nəsillərə yararlı halda ötürülməlidir. Çünki təbiət hamı üçündür, bütün canlıların yaşadığı məkandır.

Ekoloji Mədəniyyət dedikdə, insanın təbiətə, ətraf mühitə münasibətində qayğıyla yanaşması nəzərdə tutulur. Ekoloji mədəniyyət heç də təkcə yerə zibil atmamaq deyildir, bununla yanaşı enerjidən, sudan, qazdan, eləcə də təbiətdən və ətrafdan, təbii sərvətlərimizdən düzgün və hər birindən lazımı qədər, yəni qənaətlə istifadə etməkdir, təbiətin digər canlılarına da nəvazişlə yanaşmaqdır. Məktəblilərdə ekoloji mədəniyyətin formalaşdırılmasında əsas məqsəd gənc nəsildə ekoloji düşüncə tərzi tərbiyə etmək, ekoloji mədəniyyətin ən yüksək mədəniyyət olduğunu onlara çatdırmaq, təbiəti qorumağın, öyrənməyin, zənginləşdirməyin vacib məsələ olduğunu başa salmaqdır. Təbiət yaratdığı canlılara özünə qarşı məhəbbət hissi də bəxş edir.

Müasir dövrdə ekologiya elminin öyrənilməsi, təbliğ edilməsi, inkişafı, onun əsas müddəalarının yerinə yetirilməsi, ekoloji cəhətdən təmiz, saf ərzaq məhsullarının istehsalı, ekoloji kənd təsərrüfatına geniş yer verilməsi, bəşəriyyətin sivilizasiya yolu ilə inkişafının ən vacib, ümdə porblemi hesab olunur. Bütün bəşəriyyət ekologiyanın qorunması üçün səfərbərliyə cəlb edilməli, təbiətə, torpağa, havaya, suya, heyvanlara, bitkilərə, balıqlara, quşlara qəddar münasibət göstərənlərə, beynəlxalq, ekoloji və bioloji terrorizmə qarşı müharibə elan olunmalıdır. Akademik Həsən Əliyevin ibarəsi ilə desək, "Təbiətin keşiyini çəkməyə söz silahının gücü ilə geniş kütləni qaldırmaq lazımdır".

İnsan amili ekoloji problemlərin yaranmasında nə qədər böyük rol oynayırsa, ekologiyanın qorunması və bərpasında da o qədər mühüm əhəmiyyətə malikdir.

Ətraf mühitə münasibətimizi çağdaş dövrün tələbləri səviyyəsinə yüksəltmək istəyiriksə fasiləsiz (bağçadan doktoranturaya qədər) ekoloji təhsilə yiyələnməliyik. Təlim prinsiplərində ekologiyanın əsaslarının öyrədilməsi zamanın tələbatına uyğundur. Təsadüfi deyildir ki, Azərbaycanın Ümumi Təhsil Konsepsiyasında (Milli Kurikulumu) da bu məsələyə xüsusi diqqət yetirilir. Şagirdlərdə ekoloji mədəniyyətin formalaşdırılması, onlarda ətraf mühitə qayğıkeş və həssas münasibət yaradılması ön plana çəkilir

Təbiətə qayğıkeş münasibət, ekoloji təfəkkürün yaranması əhalidə və gənc nəsildə ekoloji tərbiyə və mədəniyyətin hansı səviyyədə olmasından asılıdır.

“Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda (2002) ümumi ekoloji biliklərə yiyələnməsi üçün hər kəsə bərabər şəraitin yaradılması, orta təhsil sistemində ekoloji biliklərin tədrisinin icbariliyi, ekoloji təhsil və maarifləndirmə prosesinin fasiləsizliyi dövlət siyasətinin əsas prinsipləri kimi götürülüb

Ekoloji təhsilin məqsədi təbiətə məsuliyyət hissi formalaşdırmaqdır. Ekoloji təhsil və maarifləndirmə zamanı əldə olunan biliklər, qazanılan təcrübələr ekoloji mədəniyyətin yaranmasına səbəb olur. Başqa sözlə, ekoloji təhsil dedikdə, ümumi ekoloji mədəniyyətin və məsuliyyətin formalaşmasına yönəldilmiş fasiləsiz təhsil, tərbiyə və inkişaf prosesi başa düşülür.

Ətraf mühitə düzgün münasibət ekoloji bilik nəticəsində formalaşır. İnsanın ekoloji münasibəti onun ekoloji məsuliyyət hissini inkişaf etdirir. Ekoloji təhsil və tərbiyəyə BMT-nin “İnkişaf Proqramı” xətti ilə nəzarət edilir

Azərbaycanın Ümumi Təhsilin Konsepsiyasında (Milli Kurikulumu) da bu məsələyə xüsusi diqqət yetirilir. Şagirdlərdə ekoloji mədəniyyətin formalaşdırılması, onlarda ətraf mühitə qayğıkeş və həssas münasibət yaradılması ön plana çəkilir

Bu gün Azərbaycanda ekologiyaya dair jurnalların nəşri günün tələbləri səviyyəsində deyil. Bu səbəbdən ekoloji jurnalların nəşri artırılmalı, onlar kütləvi tirajla nəşr olunmalı, bütün bölgələrdə əhali və ictimaiyyət arasında geniş yayılmalıdır.

Ölkəmizdə ekologiyaya aid yeni dərsliklərin, dərs vəsaitlərinin hazırlanmasına xüsusi ehtiyac var. Qiymətli dərsliklərin nəşri üçün müsabiqələr keçirilməli, görkəmli alimlər bu işə cəlb olunmalıdırlar. Eyni zamanda, onlara lazımi şərait yaradılmalı, alimlər həvəsləndirilməlidir.

Unutmamalıyıq ki, hazırkı dövrdə əhali və ictimaiyyət arasında ekoloji təbliğatın aparılmasının çox böyük əhəmiyyəti var.

Planetimizin hər yerində olduğu kimi, respublikamızda da mövcud olan ekoloji bumeranqın (insanların təsərrüfat və digər fəaliyyəti zamanı düşünülmədən təbiətə göstərdiyi antropogen təsirlər nəticəsində yaranan neqativ ekoloji fəsadlar, insanların proqnozunu nəzərə almadan adaptasiya olunduğu məhvedici adətlər, özləri üçün "ölüm hökmü" verməsi) qarşısının alınması təbiətin və onun sərvətlərinin, bütövlükdə isə bütün bəşəriyyətin mühafizəsində həyati vacib amillərdən biridir.

Əlbəttə, dövlət səviyyəsində təbiətin qorunması sahəsində çox ciddi tədbirlərin həyata keçirilməsinə baxmayaraq, əhalinin ekoloji sivilizasiyası və mədəniyyəti hələ də günün tələbləri ilə uzlaşmır və ekoloji bumeranq yenə də davam edir. Bunun ən ümdə səbəbi əhalidə ekoloji şüurun, mədəniyyətin, psixologiyanın, dünyagörüşün yetərli səviyyədə formalaşmamasıdır. Əhalinin, ictimaiyyətin ekoloji mədəniyyətinin müasir tələblər səviyyəsində formalaşması ölkədə ekoloji cəmiyyətin bərqərar olmasının ən əsas təminatçısıdır.

İlhamə Loğman

Son xəbərlər
Bütün xəbərlər »