Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Məni yataq xəstəsi olmaqdan polislər xilas etdi"
Daxili işlər orqanlarının əməkdaşlarının hər kəs üçün nümunə sayılacaq xeyirxah təşəbbüslərə dəstək verməsi əslində sirr deyil. Əhali ilə ən çox təmasda olan peşənin sahibi kimi onlar vəziyyəti daha ağır olan, daha çox diqqət və yardıma ehtiyacı olan soydaşlarımızı tanıyıb-bilir, onların çətinliklərinin aradan qaldırılması üçün bacardıqları köməyi əsirgəmirlər. Bəlkə də elə bu da çətinə düşən insanların birinci polis əməkdaşlarına üz tutmasının səbəblərindən biridir. Nə isə.. Elə bu günlərdə Astarada polis əməkdaşlarının xeyirxah təşəbbüsü barədə təsadüfən eşitdim.

“İstəyirəm hər kəs bilsin ki, necə qayğıkeş, gözəl polislərimiz var. Bu xoşbəxt təsadüf olmasaydı indi mən yəqinki gəzə bilmirdim” – ilk qarşılaşdığımızda bu sözləri ondan bu sözləri eşitdim. 16 yaşlı Astara şəhər sakini Murad Əhmədovun gözləri dolsa da üzündə təbəssüm var. Söhbətə anası Elmira xanım qoşulur. “Murad anadangəlmə uşaq serebral iflicindən əziyyət çəkir. 2010-cu ildə ikinci dəfə əməliyyat olunduqdan sonra vəziyyəti bir qədər də pisləşdi. Maddi durumum tək böyütdüyüm övladımın dərman və müalicə xərclərini qarşılamağa imkan vermirdi. Xəstəlik o qədər irəlilədi ki, artıq Murad kömək olmadan hərəkət edə bilmirdi... Polislərimizə çox minnətdaram...” – Həyəcandan söz tapmaqda çətinlik çəkir. Amma davam edir: “2016-cı il idi. Polis əməkdaşları təsadüfən əl ağacı ilə güc-bəla ilə hərəkət edən 14 yaşlı Muradı görüblər. Sonradan bildim ki, bu barədə Astara RPŞ-nin rəhbərliyinə xəbər veriblər. Qərara alıblar ki, bizə kömək etsinlər.evimizə gəlib, necə deyim, dərd-sərimizlə maraqlandılar. O gündən Muradın bütün müalicə və dərman xərclərini polis şöbəsi öz üzərinə götürüb. Artıq onun səhhətində müsbət irəliləyiş də var.”

Öyrəndim ki, polis əməkdaşları təkcə Muradın səhhəti ilə bağlı deyil, sosial durumu aşağı olan ailəyə evlərinin təmirində, Muradın 86 yaşlı nənəsi Tamara Əliyevanın müalicəsində də bacardıqları köməyi göstəriblər. “Polis əməkdaşlarından çoxlarının ailə üzvlərindən, doğmalarından görmədiyi yardımı görmüşəm. Onları təkcə xeyirxahlarım yox, doğmalarım bilirəm... Hərəkət edə, gəzə bilmirdim. Yatağa məhkum olacağımı düşünürdüm. Onların diqqət və qayğısı, zəhməti sayəsində məndə yaşamaq eşqi, həyat sevgisi gündən günə artdı. Bu gün artıq köməksiz gəzə bilirəm” – gülümsəyib son olaraq bu sözləri deyir.

Məhəmməd Rzayev

polis leytenantı

Son xəbərlər
Bütün xəbərlər »