Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Su anbarlarımız yay fəslinə hazırdırmı?
Azərbaycanda 134 su anbarı var ki, bunun 34-ü daha böyük əhəmiyyətə malikdir. İçməli su anbarlarının təhlükəsizliyinin təmin edilməsi strateji vəzifə sayıla bilər.

İnsanların təhlükəsizliyi üçün su anbarlarının mühafizəsi xüsusi diqqət tələb edir. Bu prosesdə hər hansı sanitar epidemioloji qaydanın pozulması insan həyatı üçün təhlükəyə səbəb ola bilər. Məsələn, su anbarına hansısa zəhərli kimyəvi maddənin və ya zərərli bakteriyanın düşməsi insanlar arasında kütləvi təhlükəyə səbəb ola bilər. Ona görə su anbarlarının ekoloji durumu, sanitar epidemioloji normaları və hidrotexniki və sutəmizləyici qurğuları daim yoxlanılır. “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı “Bizim Yol”  qəzetinə bildirib ki, su anbarlarının mühafizəsi ilə bağlı mütəmadi tədbirlər keçirilir və anbarlara lazımi səviyyədə nəzarət edilir: “Bakıdakı yaşayış məhəllələrində və binaların həyətlərində olan su anbarlarında mütəmadi yoxlamalar aparılır. Köhnə su anbarları standartlara uyğun təmir edilir. Su anbarının ətrafı abadlaşdırılır, hasarları yenidən qurulur, ərazidə işıqlandırma sistemləri quraşdırılır. Anbarların içi mütəmadi təmizlənir və əhalinin təmiz içməli su ilə təminatına xüsusi diqqət yetirilir”

Su hövzələri və su anbarlarının təhlükəsizliyi, mühafizəsi ilə bağlı Azərbaycanda kifayət qədər qanunvericilik aktları var. Dövlətin istifadəsində olan su anbarları və su obyektlərinin mühafizəsi müvafiq icra hakimiyyətləri orqanları tərəfindən həyata keçirilir. Bundan başqa, həmin obyektlərin mühafizəsi ilə bağlı “Sanitar epidemioloji salamatlıq haqqında” qanun və Azərbaycan Su Məcəlləsi də mövcuddur. Qanunvericilik aktlarında su anbarlarının mühafizəsi, onların hidrotexniki qurğularla təchizatı göstərilib. Su anbarlarının mühafizəsinin təşkili bu qanunvericilik aktları vasitəsilə tənzimlənir. Qanunvericiliyə görə, su anbarlarının mühafizə zolağının yaradılması vacib hesab edilir. Sənəddə su anbarlarında mühafizə zolağının təşkilində hidroloji, hidrobioloji sanitar qaydalar da göstərilib

Ölkəmizdə içməli su mənbələrinə nəzarət edən su-kanal polis şöbələri var.

Paytaxtın su təminatı

Təmiz içməli su insan sağlamlığı üçün əsas şərtdir. Su olmadan həyat da olmur. Azərbaycanda uzun illər əhalinin içməli suya tələbatı tam ödənmirdi. Əhali artdıqca, həyat şəraiti dəyişdikcə su təchizatı sektorunda yeni texnologiyaların tətbiqinə, layihələrin icrasına ehtiyac yaranırdı. Ölkənin su təchizatı məsələsi böyük problem olaraq qalırdı. 1969-cu ildə ulu öndər Heydər Əliyevin respublika rəhbərliyinə gəlişindən sonra digər sahələr kimi su təchizatı sektorunda da dönüş yarandı. Əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına yönəlmiş nəhəng layihələrin, mühüm işlərin böyük bir hissəsi ulu öndərin adı ilə bağlıdır. 1970-ci ilin iyunun 10-da Heydər Əliyevin rəhbərliyi ilə keçirilən Azərbaycan KP MK-nın növbəti iclasında Kür su kəmərinin birinci növbəsinin istifadəyə verilməsinin sürətləndirilməsi ilə bağlı müvafiq təşkilatlar qarşısında tapşırıqlar qoyulur. Bundan sonra işlər sürətləndirilir və 30 aya görülməli olan işlər qısa müddətdə başa çatdırılır.  1970-ci il sentyabrın 27-də Birinci Kür su kəmərlərinin birinci növbəsi istifadəyə verilir. Bir il sonra - 1971-ci il sentyabrın 15-də birinci Kür su kəmərlərinin ikinci xəttinin istifadəyə verilməsi böyük sevincə səbəb olur.

1980-88-ci illərdə İkinci Kür su kəmərləri sistemi ilə  Bakıya daha üç magistral su kəməri çəkilir. Bununla da, Kür su kəmərləri ilə Bakı və Abşerona nəql olunan suyun həcmi 3 dəfəyə yaxın artırılaraq saniyədə 9,5 kubmetrə və ya sutkada 820 min kubmetrə çatdırılır. Sistemin ikinci növbəsinin istismara verilməsi yeni salınmış Günəşli və Əhmədli yaşayış massivlərində su qıtlığı problemini aradan qaldırır.

1998-2005-ci illərdə “Böyük Bakının su təchizatı sisteminin yenidənqurulması layihəsi” çərçivəsində Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankının ayırdığı kredit hesabına Kür sutəmizləyici qurğular kompleksində yenidənqurma işləri nəticəsində emal olunan suyun keyfiyyəti yüksəldilib.Abşeron yarımadasının içməli su təchizatında mühüm əhəmiyyət daşıyan Ceyranbatan sutəmizləyici qurğular kompleksinin inşasında da ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri olub. 1961-ci ildə istismara verilmiş kompleksin üçüncü növbəsi, məhz ulu öndərin rəhbərliyi dövründə, 1978-ci ildə işə salınıb.

Ceyranbatan su anbarı və anbarın sahilində tikilmiş sutəmizləyici qurğular kompleksi Abşeron yarımadasının içməli su təchizatında böyük paya malikdir. Su anbarında toplanan su 80% təbii durulmadan keçdikdən sonra emal prosesinə ötürülür. Xəzər, Abşeron, Sabunçu, Suraxanı rayonları və Sumqayıt şəhərinin əksər yerlərində bu kompleksdə emal olunan su verilir.

Müstəqillik dövrünün ən böyük yerli infrastruktur layihələrindən olan Oğuz-Qəbələ-Bakı su kəmərinin ideya müəllifi də ulu öndər Heydər Əliyevdir. 2002-ci il dekabrın 19-da keçirilən müşavirədə prezident Heydər Əliyev paytaxta yüksək keyfiyyətli bulaq suyunun gətirilməsi vaxtının çatdığını bildirmiş və bu məqsədlə Oğuz-Qəbələ zonasının yeraltı sularının öyrənilməsi barədə tapşırıqlar verib. Ulu öndərin irəli sürdüyü bu ideya onun layiqli davamçısı prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildi.

Hazırda Abşerona 4 mənbədən - Xaçmaz, Kür, Ceyranbatan və Oğuzdan ümumilikdə saniyədə 22,5 kubmetr su nəql olunur. Bunun 15,5 kubmetri Bakı şəhərinə daxil olur, yerdə qalanı isə magistral kəmərlər boyu yaşayış məntəqələrinə verilir.

Hazırda içməli su təchizatında müəyyən qədər gərginlik olan, problem yaşanan sahələr Bakıətrafı kənd və qəsəbələri əhatə edir. Hansı ki, bu ərazilər suyu Ceyranbatandan Maştağa su anbarınadək uzanan iki xətdən alır. Diametri 1200 mm olan bu xətlər üzərində həddindən çox istehlakçı var. Demək olar ki, Masazırdan başlayaraq Şüvəlan və Mərdəkana qədər böyük bir ərazini əhatə edir. Təbii ki, havaların həddən artıq isti keçməsi, həmçinin həmin ərazilərdə yaşayan əhalinin böyük əksəriyyətinin həyət evlərində yaşaması - yəni bunların məişət problemləri ilə yanaşı təsərrüfatlarının suvarılması ilə də bağlı problemləri ödəməlidirlər – bu baxımdan xəttə verilən suyun həcmi istehlakçıların tələbatından aşağıdır.

Oğuz xəttinin 2010-cu ilin sonunda  istismara verilməsi Bakı şəhərinin su təchizatında güclü bir dəyişikliyə səbəb oldu. Bu gün Bakıya bu kəmərlə saniyədə 5 kubmetr su verilir.

Şəhərdə yeni tikililərin artması ilə onların içməli su təchizatı ilə bağlı şikayətlərin də sayı artıt. Vətəndaşlar içməli suyun çox zaman bulanıq olmasından gileylənirlər. Məsələyə aydınlıq gətirən  “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllının  bildirdiyinə görə, yeni tikilən binaların əksəriyyəti daxili su anbarlarının yuyulma qrafikinə əməl etmirlər. İldə ən azı bir dəfə yuyulmalı olsa da, əksəriyyət anbarı təmizləməyərək sakinlərə çirkli su verir:”Bununla əlaqdar olaraq “Azərsu ASC bütün yeni tikililərə bildiriş göndərib ki, anbarları yuyaraq əhalini təmiz su ilə təmin etsinlər. Bəzən bizə şikayətlər olub və biz yerində araşdırma aparıb anbardakı bulanıqlığı ölçmüşük. Məlum olub ki, girişdə gələn su təmizdir və anbardan çıxan su isə 3-4 dəfədən çox çirklənib. Hətta elə yeni tikililər var ki, 10 ildir anbarı yumurlar. Anbarda su azalanda və “Azərsu” suyu təzyiqlə verdikdə anbarın dibinə çökən zir-zibil və lil suya qarışaraq mənzillərə gedir”.

Oğuz-Qəbələ-Bakı kəməri ilə Bakıya verilən suyun keyfiyyəti Dünya Səhiyyə Təşkilatının standartlarına tam uyğundur. Hazırda kəmərlə Bakı şəhərinə kəmərin layihə gücü həcmində, yəni saniyədə 5 kubmetr su verilir. Bu su kəməri ilə paytaxtın Yasamal və Nəsimi rayonları bütövlükdə, Səbail, Nərimanov və Binəqədi rayonlarının əksər hissəsi, Nizami, Xətai və Sabunçu rayonlarının isə bir hissəsi içməli su ilə təchiz olunur.

Son illər Bakı şəhəri və Abşeron yarımadasında infrastrukturun sürətli inkişafı nəzərə alınaraq, su təchizatı və kanalizasiya sektorunda görüləcək işlərin səmərəliliyini artırmaq məqsədi ilə “2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Abşeron yarımadasının qəsəbə və kəndlərində su təchizatı, kanalizasiya sistemləri və yağış sularının idarə olunması üçün Master Plan” hazırlanıb. Sənədin hazırlanması zamanı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin “Böyük Bakının Regional İnkişaf Planı”, Dövlət Statistika Komitəsinin və digər qurumların məlumatları nəzərə alınıb. 18 bölmədən ibarət olan Master Planda şəhərsalmanın inkişafı, əhalinin artımı və sıxlığı, turizmin inkişafı, təmizlənmiş çirkab suların təkrar istifadəsi, ekoloji tarazlıq və göstərilən digər əsas amillər içməli su təchizatında müstəsna əhəmiyyət kəsb edir.

2016-cı ildə dövlət başçısı Azərbaycan prezidenti İlham Əliyev su anbarlarının istismar vəziyyətinin yaxşılaşdırılması ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb.

Şəmkir, Yenikənd, Mingəçevir, Varvara, Ceyranbatan və digər su anbarlarının istismar vəziyyətinin öyrənilməsi ilə əlaqədar Dövlət Komissiyası yaradılıb:Dövlət Komissiyası su anbarlarının hidrotexniki qurğularında və su mühafizə zonasında mövcud problemləri araşdırmalı, su anbarlarının bəndlərinə təhlükə yaradan amilləri müəyyənləşdirməli və texniki təhlükəsizliyini təmin edən tədbirlərlə bağlı təkliflər hazırlamalıdır.

Su həyatdır, su mədəniyyətdir. Böyük Nizaminin “Xeyir və Şər”əsərində bir içim suyun  insan gözünə bərabər tutulması əbəs yerə vurğulanmayıb. Dünyanın sudan qıtlıq çəkən ölkələrində insanların bir litr su  üçün hansı  zəhmətlərə qatlaşdığını  eşidirik, müxtəlif  telekanallar vasitəsi ilə şahidi oluruq. Bizim üzərimizə düşən nədir? Su mənbələrinin  təmizliyinin qorunması işinə töhfə vermək və bu əvəzolunmaz nemətə qənaət etmək.

İlhamə Loğman

Son xəbərlər
Bütün xəbərlər »