Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yaşıl Yer kürəsi naminə “yaşıl biznes”ə keçid zəruriyyəti
Yüzilliklər boyunca ənənəvi iqtisadi inkişaf modeli bir qum saatını xatırladır: yüksək inkişaf tempi təbii sərvətlərin daha kəskin şəkildə istismarı deməkdir, başqa sözlə sosial rifah halı yaxşılaşdıqca, təbii sərvətlər də azalır.

2000-ci illərdən etibarən enerjidən səmərəli istifadə edən və ekoloji cəhətdən əlverişli texnologiyaların – “yaşıl” texnologiyaların – tətbiqi geniş vüsət almışdır. “Yaşıl” texnologiyalar təbiətdən yararlanan qurğuların hazırlanması, işə salınması və bu zaman ətraf mühit üçün tam zərərsiz və ya minimal zərərlə çalışan texnologiyalardır. Bunu nəzərə alaraq, bir sıra ölkədə “yaşıl” texnologiyaların tətbiqi göstərilən problemlərin həll edilməsi yollarından biri hesab edilir.

Mütəxəssislərin apardıqları tədqiatalrın son nəticəsi belə deməyə imkan veriri ki, son 50 ildə dünya üzrə təbii resurslara tələbat ekoloji fəlakətləri də özüylə gətirib.Müvafiq hesablamalar görə 1961-ci ildə təbii resurslara tələbat yer kürəsinin bioloji bərpaetmə gücünün 70%-nə barabər idi. 1980-ci illərə sözügedən tələbat artıq yer kürəsinin gücünü üstələməyə başlamış və 1999-cu ildə istifadə edilən təbii resurslar yer kürəsinin yenidən bərpa gücünün 120%-ni təşkil etmişdir. Yəni istehlak edilmiş resursların bərpa olunması üçün 1,2 ədəd Yer kürəsi tələb olunur.

Yaşıl iqtisadiyyat, əslində yeni iqtisadiyyat anlayışı olaraq da ifadə edilə bilər və ya klassik iqtisadiyyatın təməllərinə insan və təbiət faktorlarının əsaslı bir şəkildə əlavə olunması kimi də təyin oluna bilər. İnsanın və təbiətin dəyərinin bilinməsi, insanların rifahını yüksəldib yoxsulluğun azaldılması, məhdud təbii ehtiyatların effektiv və optimal şəkildə istifadə edilməsi bu yeni iqtisadi anlayışın təməlini meydana gətirir. Hazırda yaşıl iqtisadiyyat anlayışının nəyi əhatə etdiyinin dəqiq olaraq müəyyənləşmiş və hamı tərəfindən qəbul edilən tərifi yoxdur. Bu səbəblə, ayrı-ayrı ölkələr özlərinin xüsusi şərtləri çərçivəsində fərqli təriflər ortaya qoyurlar.

Əslində bu günkü dövrdə yaşıl iqtisadiyyatın anlaşılması və ona müvafiq addımların atılmasının dövlətdən-dövlətə fərqlənməsi normaldır. Çünki iqtisadi cəhətdən inkişaf etmiş ölkələrin insan kapitalı ilə inkişaf etməkdə olan və ya yeni sənayeləşmiş ölkələrin insan kapitalı arasında keyfiyyət baxımından böyük fərq vardır və bu fərq müvafiq ölkələrin yaşıl iqtisadiyyatla bağlı atdıqları addımlarda da özünü göstərir.

Son illərdə aşağıdakı yeni iştirakçılar yaşıl iqtisadiyyatın təbliği prosesinə cəlb olunublar: - Qlobal Yaşıl İnkişaf İnstitutu , Yaşıl İqtisadiyyat üzrə Fəaliyyət üçün Tərəfdaşlıq İnstitutu, BMT Sənaye İnkişafı Təşkilatı (United Nations Industrial Development Organization , BMT Tədris və Tədqiqat İnstitutu, Yaşıl İnkişaf Fəaliyyəti Alyansı və Yaşıl İqtisadiyyat Koalisiyası və s.

Yaşıl iqtisadiyyatla bağlı həyata keçirilməkdə olan proqramların əsas təşəbbüskarları yuxarıda adı çəkilən əsas təşkilatlarla yanaşı Norveç, Danimarka, Avtraliya, Almaniya, İspaniya və İsveç kimi fəal ölkələr vardır.

Almaniya yaşıl artım siyasəti sahəsində qabaqcıl ölkələrdən biridir. Yaşıl artım sahəsində götürülmüş öhdəliklər iqtisadiyyat üçün olduqca faydalı hesab edilir. Almaniya hökumətinin məlumatına görə bərpa olunan enerji sahəsində məşğulluq 2004-cü ilə nisbətən 2010-cu ildə 129% artmışdır. Bu isə 367,4 min yeni iş yerinin yaradılması deməkdir.

Azərbaycanda yaşıl iqtisadiyyat

2012-ci ildə qəbul edilən “Azərbaycan 2020: Gələcəyə baxış” inkişaf konsepsiyası yaşıl iqtisadiyyatın inkişafına geniş imkanlar yaradır. Konsepsiyanın əsas hədəflərindən biri ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa nail olmaqdır. Sənəddə göstərilib ki, biomüxtəlifliyin qorunması, yanacaq-enerji kompleksinin ətraf mühitə mənfi təsirinin neytrallaşdırılması, dənizin və onun akvatoriyasının çirklənməsinin aradan qaldırılması və qorunması, yaşıl ərazilərin bərpası və mövcud resursların səmərəli mühafizəsi istiqamətində zəruri tədbirlər gələcəkdə də davam etdiriləcəkdir. Konsepsiyanın əhatə etdiyi dövrdə Azərbaycanda orta hesabla bir vahid ÜDM istehsalı üçün istifadə edilən enerjinin və emissiya olunan karbon dioksidin miqdarı İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələri üzrə müvafiq göstəriciyə yaxınlaşdırılacaqdır

Azərbaycanda bərpa olunan enerjinin resurslarının böyük olmasına baxmayaraq, yalnız hidroenergetika geniş yayılıb və ölkədə istehsal olunan enerjinin 12%-i Su Elektrik Stansiyalarının payına düşür.Ölkədə külək enerjisindən istifadə ediləcək Ələt və Yalama layihələrinin həyata keçirilməsi layihələşdirilir. Artıq bir sıra bölgələrdə istirahət zonalarında günəş kollektorlarından su qızdırılması üçün istifadə edilir. Azərbaycanın külək potensialı çox böyükdür.Amma potensialdan tam gücü ilə istifadə olunmur.

Bu günə kimi alternativ və bərpa olunan enerji mənbələrinin inki- şafına 300 milyon manat investisiya yatırılıb, onun 70 milyon manatı dövlət, qalanı isə özəl investisiyaların payına düşür.

Daha təmiz enerjiyə keçid dövründə limanlar mühüm rol oynayır. 2013-cü ildə Avropa İttifaqının ekoloji, iqtisadi və sosial təminatlarının təmin edilməsi üçün yaşıl infrastrukturdan istifadə strategiyası qəbul edilib. Yeni strategiyanın əsas məqsədi dəniz nəqliyyatı və limanlarda yaşıl infrastrukturun inkişafına yönəlib. Hazırda Bakı Limanı Yaşıl Liman statusu almaq üçün bu sahədə Avropa İttifaqı ilə əməkdaşlıq etməkdədir.

Bakı Limanının baş direktoru Taleh Ziyadovun sözlərinə görə, Bakı Limanının dünya səviyyəli Yaşıl Liman və logistika mərkəzi kimi inkişaf etdirilməsi üçün ən son texnologiya və ekoloji standartlara üstünlük verilir.“Ələt qəsəbəsində inşa olunan yeni Bakı Limanı MDB ölkələri arasında Yaşıl Liman statusuna malik ilk liman olacaq. Bu məqsədlə limanda Xəzər hövzəsində ilk dəfə olaraq neftlə çirklənmiş və məişət suları təmizləyən qurğular istismar olunur.Yaşıl limanlara investisiya qoymaq və onları enerji baxımdan daha da səmərəli etmək gələcəyin iqtisadiyyatına qoyulan sərmayədir.”.

Son illərdə dünyanın inkişaf etmiş ölkələri öz siyasətlərini daha çox davamlı inkişafı təmin etmək istiqamətində qururlar. İqtisadi inkişafın bir modeli olan davamlı inkişafda əsas məqsəd ətraf mühiti qorumaqla mövcud resurslardan insanların ehtiyacları üçün istifadə olunmasını təmin etməkdir. Belə ki, bu resurslar istifadə olunarkən yalnız hazırki vəziyyət deyil, eyni zamanda gələcək nəsillərin potensial ehtiyacları da nəzərə alınmalıdır.

Enerjiyə və enerji resurslarına olan tələbatı nəzərə alsaq onda davamlı enerji siyasətinin nə qədər əhəmiyyətli olduğunu görə bilərik. Davamlı enerji siyasəti əsas iki istiqamətdən ibarətdir. Bunlardan biri alternativ və bərpaolunan enerji mənbələrindən istifadənin artırılması, digəri isə enerjiyə qənaət və enerji səmərəliliyinin artırılması siyasətləridir. Ənənəvi enerji resurslarının emalı nəticəsində ətraf mühitə verilən ziyan, bu resursların tükənməsi və ölkələrin enerji təhlükəsizliklərini təmin etmək istəmələri davamlı enerji siyasətinin hər iki istiqaməti ilə bağlı tədqiqatların və layihələrin artmasına gətirib çıxarmışdır.

2012-ci ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Davamlı İnkişaf Konfransındakı (Rio+20) danışıqlardan sonra hökümətlər qərar verdilər ki, yaşıl iqtisadiyyat davamlı inkişaf üçün çox mühüm alətdir.

Buna əsasən beynəlxalq səviyyədə yaşıl iqtisadiyyatın həyata keçirilməsi üzrə təşəbbüslər əsasən aşağıdakı altqruplarda öz əksini tapir: - beynəlxalq yaşıl iqtisadiyyat platformaları və forumları; - beynəlxalq yaşıl iqtisadiyyat üzrə əsas iştirakçılar; - əsas beynəlxalq yaşıl iqtisadiyyat proqramları; - beynəlxalq yaşıl iqtisadiyyat üzrə fondlar/mexanizmlər/obyektlər.

Ümumi olaraq, yaşıl iqtisadiyyatın inkişafı naminə indiyə qədər və hazırda da davam edən 59 beynəlxalq təşəbbüsə cəhd olunmuşdur ki, onun 14-ü bu istiqamətdə olan beynəlxalq forumların payına düşür. Həmin platformaların əsas hədəfləri informasiya mübadiləsi, elmin və biliyin idarə olunması, qlobal iqlim dəyişkənliyidir.

Yaşıl Biznes

Yaşıl biznes qlobal və yerli səviyyədə ətraf mühitə, cəmiyyətə, icmalara və iqtisadiyyata zərərli təsir etməyən, iqtisadi inkişafı, sosial tərəqqini və ətraf mühitin mühafizəsini təmin edən müəssilərdir. Biznesin yaşıl olması üçün onun aşağıdakı dörd amilə cavab verməsi zəruridir. - dayanıqlı inkişaf prinsiplərini biznes qərarlarına daxil edilir; - ekoloji təmiz məhsul istehsal edilir, xidmətlər göstərilir və bunlar “yaşıl” olmayan xidmət və məhsulları əvəzləyir; - ənənvi rəqabətə nisbətdə yaşıldır; - kommersiya fəaliyyətində ekoloji prinsiplərə sadiqliyini bəyan edilir. Yaşıl biznesin əsas təşəbbüsü xidmət və istehsal prosesi zamanı meydana gələn zərərli kimyəvi maddələrin, material və tullantıların təsirini azaltmaq yaxud aradan qaldırmaqdır.

“Yaşıl” inşaat materialları istehsalı sanitar və ekoloji normativlərə cavab verən, enerji qoruyucu inşaat materiallarının istehsalı yaşıl biznesə nümunədir.( ardı var)

İlhamə Loğman

Son xəbərlər
Bütün xəbərlər »