Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Anomal iqlim dəyişmələri İnsan əməli yoxsa təbiətin cəza tədbiri?
Mütəxəssislər qeyd edirlər ki, iqlim dəyişiklikləri ilə əlaqədar təbii fəlakətlərin sayı ötən əsrin 80-ci illərilə müqayisədə 3 dəfə artıb

Yay gəlmədən Rusiyanın mərkəzi hissəsində artıq rekord qeydə alınıb. Rusiya kimi sərin iqlimə malik ölkədə may ayında bu istilik artıq anomaliya hesab olunur. Təbii ki, Rusiyadakı hava dəyişikliyi bizim regiona da təsir edəcək.

Azərbaycan Ekoloji Proqnozlar Bürosunun prezidenti, ekoloq Telman Zeynalov “Bizim Yol”qəzetinə bildirib ki, ekoloqların hesablamalarına görə, cari ilin yayında Azərbaycanda isti hava müşahidə ediləcək. Havanın temperaturu yüksək olacaq. Biz Hindistanda baş verən və insan tələfatına səbəb olan anomal istiləri xatırlayırıq.“Düşünürəm ki, ölkəmizdə anomal isti hava şəraiti bu səviyyəyə çatmayacaq, ancaq Azərbaycanda 42-45 dərəcə isti gözləyirik”, - deyə ekoloq qeyd edib.

Ölkə üzrə rekord hava göstəriciləri Azərbaycanın Saatlı, Beyləqan, Sabirabad kimi quraq rayonlarında müşahidə edilə bilər.

Antropogen amillərin iqlimə təsiri məsələsi artıq son onilliklərin tədqiqat mövzusuna çevrilib.

İnsanın öz əməli öz başına bəla olub

Antropogen amillərin iqlimə təsiri yollarından biri üzvi yanacaq növlərin yandırılması nəticəsində havanın tərkibinin dəyişməsidir. Bundan başqa, atmosferdə karbon qazının yaratdığı parnik effektinin iqlimə təsir mexanizmi artıq hamıya məlumdur. Daha bir səbəb aparılan aşkar və gizli nüvə silahları sınaqlarıdır. Nüvə sınaqlarının keçirilməsi zamanı müəyyən ərazidə atmosferə azotlu və başqa aktiv elementlərin tullantıları nəticəsində də lokal şərait iqlimə müəyyən dərəcədə təsir göstərir. Antropogen amillərin regional və qlobal iqlimə təsir imkanları kifayət qədərdir.

Son zamanlar ABŞ-da, İngiltərədə, Rusiyada ümumi atmosfer sirkulyasiyası modellərinin verdiyi nəticə öyrənilir. Bu cür modellər iqlimin müxtəlif parametrlərə qarşı həssaslığını müəyyən etməyə imkan verir və iqlim dəyişmələrinin proqnozu üçün zəmin yaradır.

Böyük və çox ciddi narahatlıq törədən odur ki, Yer kürəsində gündən-günə əhatə və təsir dairəsi genişlənən qlobal iqlim dəyişkənliyi planetimizin mövcud buzlaqlarının əriməsi təhlükəsini yaradır. Həmin buzlaqlar planetimizdə hava cərəyanının tənzimlənməsində, iqlim və onun amillərinin formalaşmasında, eləcə də biosferin və ekosistemlərin homeostazının (sabitliyinin) təmin olunmasında və şirin su ehtiyatının toplanmasında (dünyanın şirin su ehtiyatının 90%-i, planetin buzlaqlarının isə 85%-i məhz Antarktida materikində toplanıb) misilsiz, planetar və bəşəri əhəmiyyət kəsb edir.

1945-ci ildən indiyədək olan müddət ərzində Antarktika yarımadasında orta illik temperaturun 2,5 0C artıb,1980-ci ilə nisbətən 2017-ci ildə buzlaq sahə 50%-ə qədər azalıb.

Buzlaqların, xüsusilə Antarktidanın ekoloji durumunun zəifləməsi və pozulması bəşəri əhəmiyyət kəsb edir. Bu problem azərbaycanlı mütəxəssiləri də narahat edir.

Respublikamızın tarixində ilk dəfə olaraq Azərbaycan-Antarktida ekspedisiyasının 2008-ci il dekabrın 24-də və 2009-cu il yanvarın 11-də Cənub Qütbünə tarixi səyahət edib.

Onlar olduqca əlverişsiz və ekstremal mühitdə və hava şəraitində (-55 0C temperaturda) 500-dən çox meteoroloji müşahidələr aparmaqla xeyli miqdarda süxur və mineral nümunələri toplayaraq kameral və digər müasir analizlər vasitəsilə Cənub Qütbünün geoloji quruluşu, tektonikası, maqmatizmi barədə yeni müfəssəl məlumatlar əldə etmişlər. Bu aksiya bütün İslam və türk ölkələrindən Cənub Qütbünə olan ilk səyahət və yürüş idi.

Yerin tarixində təbii amillərin təsirindən həmişə, hətta insanların Yer atmosferinə təsirinin olmadığı dövrlərdə belə iqlim sistemində dəyişmələr mövcud olub. Günəşin və Yerin hərəkətindəki tsikllərə uyğun olaraq Yerin iqlimində təbii iqlim dəyişmələri baş verir. Tarixi müşahidələr göstərir ki, hər bir istiləşmədən sonra buzlaşma dövrü əmələ gəlir:

Son dövrlərdə isə bu təbii amillərin üzərinə antropogen təsirlər də əlavə olunub. Elmi-texniki tərəqqi, sənayenin inkişafı, insanların artımı, atmosferdə parnik effekti yaradan qazların ilbəil artması iqlimə təsir edir. Bu iki amilin üst-üstə düşməsi Yer atmosferində qlobal dəyişmələrə səbəb olur.

Məlumdur ki, okeanlar iqlim yaradan əsas mətbəx hesab olunur. Okeanlarda isti və soyuq axın cərəyanları Yerin quru ərazilərində iqlimi yaradan əsas amillərdən sayılır. İstər şimalda Qrenlandiya, Arktika buzlaqları, istər cənubda Antarktika buzlaqları isə Yerin ekvatorial zonasında iqlimin, temperaturun mülayimləşməsinə səbəb olur. Bu proseslər olmasa, Yerdə bugünkü optimal iqlim olmazdı. Hazırkı soyuqlaşma da məhz o qlobal istiləşmənin nəticəsidir.

Son illər müşahidə edilən iqlim dəyişmələri Xəzər dənizinin hidrometeoroloji şəraitinə də mənfi təsirini göstərib.

Azərbaycan Milli Elmlər Akademiyası akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizinin hidrometeorologiyası şöbəsindən verilən məlumata görə, iqlim dəyişmələri nəticəsində son 50 ildə Xəzər dənizinin temperaturu, yağıntıları, səthi, duzluluğunda müəyyən dəyişikliklər olub. İnstitut 1961-2010-ci illər üzrə qlobal iqlim dəyişmələrinin Xəzər dənizinin Azərbaycana aid olan hissəsində hidrometeoroloji şəraitə təsirinə dair təhlillər aparıb: “Təhlillər göstərib ki, 1991-2010-cu illər üzrə Xəzərdə havanın temperaturu 1961-1990-cı illərin temperaturundan çox olub. Xəzərdə orta aylıq temperaturlar 4,8-25,4 dərəcə 0C (selsi) aralığında dəyişib. Orta çoxillik temperatur 14,7 dərəcəyə bərabər olub ki, bu da normadan 0,5 dərəcə çoxdur. Artımlar əsasən yaz, yay və payız fəsillərində müşahidə edilib.Xəzər dənizi iqlim dəyişmələrinin indikatorudur və hansısa enib-qalxma baş verərsə, iqlimlə bağlıdır.

Son dövrlərdə dünyanın məhz bəzi yerlərində müntəzəmtəbii fəlakətlərin sürətlə çoxalması insan əliylə yaradılan süni fəlakət ssenariləri görüntüsünü yaradır.

Sanki daşqınlar, zəlzələlər, sunamilər yaranır, təbiət hadisələrinə uyğunlaşdırılmış “iqtisadi müharibələr” gedir.

Araşdırmaçı Tahir Nəsibin fikrinə görə, açıq etiraf edilməsə də artıq “elan olunmamış üçüncü dünya müharibəsi” incə, çox hiyləgərcəsinə “iqlim dəyişikliyi, geoloji hərəkət” və s. adlar altında başlanıb davam edir. “Kütləvi hal almış qeyri-adi xəstəliklər, qəfil ölümlər, texniki qəzalar çox artıb. Həmin qeyri-adi hallar yoxsul, inkişaf səviyyəsində olan ölkələrin, xalqların həyatında daha çox özünü göstərir.

Siyasi -hərbi məqsədlər üçün“geofiziki”, “tektonik”,“təbiət-iqlim“, “radiotexnoloji” silahla atmosferdə, yerin üstündə, altında böyük fəlakətlər, iqtisadi dağıntılar etmək adi hadisələrdir. İqtisadi, hərbi, texnoloji cəhətdən güclü səviyyədə inkişaf etmiş ölkələr zəlzələ, sunami, partladılmş vulkanlar törədəcək hərbi gücə də malikdirlər. XX əsrin 70-80-ci illərində ABŞ və SSRİ arasında “tektonik”, “iqlim” silahlarına yiyələnmək uğrunda amansız yarış gedirdi. Amerikada böyük dağıntılar yaratmış “Katrina” tayfununun da ruslar tərəfindən törədildyini yazırdılar. Geofiziki, tektonik silahların əsasında “triqqer” effekt-geosferada, atmosferdə, yerin altında təbii fonun həyəcanlandırılması, hərəkətinin sürətləndirilməsi deyilən anlayış durur.

Növündən asılı olmayaraq kiçik həcmli enerjiylə geoloji mühitin açar nöqtələrinə təsir etməklə hərəkətə gətirmək mümkündür. Məsələn, ABŞ-ın hərbi təhdidlərinə qarşı ruslar Yellostoun vulkanını, San-Andreas, San-Qabriel, SanXasinto yarıqlarını oyatmaqla, Kaliforniyada, Sakit Okean sahillərində dəhşətli zəlzələlər törətmək, 400-500 m hündürlüyundə sunami dalğaları yaratmaqla hədələyirlər. Son dövrdə geofiziki silahın yeni bir növü haqda da danışılır. Asteroid-meteorid silahla, göy cisimlərinə xüsisi kosmik mühərriklər birləşdirib hərəkət istiqamətini rəqibin ərazisinə yönləndirməklə, atom bombasından da daha dəhşətli dağıntı yaratmaq mümkündür”.

İqlim dəyişmələri nəticəsində insanları narahat edən məsələlərdən biri də səhralaşmaproblemidir. Hazırda səhralaşmanın arealı çox sürətlə genişlənir: bir dəqiqə ərzində 20 ha münbit torpaq sahəsi səhraya çevrilir, il ərzində bu rəqəm 6 mln hektara çatır. Planetimizdə 3,6 mlrd. ha sahə səhralaşmaya məruz qalmışdır, bu Avropanın ərazisindən üç dəfə artıqdır .

Səhralaşma milyonlarla insan üçün faciəli sonluqla nəticələnir. Səhralaşma zamanı məhsuldarlıq fəlakətli dərəcədə aşağı düşür, mal-qara tələf olur, su mənbələri quruyur, əkin sahələri şoranlaşır, qumluqlar yaşayış yerlərinə doğru "hərəkətə" gəlir.

BMT ekspertləri səhralaşma prosesini və onun yayılmasını ekoloji vəziyyətin pisləşməsi kimi qiymətləndirir. Səhralaşmanın iki forması var: səhralaşmış sahələrin arealının genişlənməsi və olduğu yerdə səhralaşma prosesinin dərinləşməsi.

Azərbaycanda səhralaşma prosesi Kür-Araz ovalığı üçün daha səciyyəvidir. Burada son illər əhalinin artması, ərazidə qaçqın və köçkünlərin məskunlaşması, kənd təsərrüfatı, o cümlədən heyvandarlığa olan tələbatın çoxalması, həmçinin təbii qaz və elektrik enerjisinin çatışmaması ilə əlaqədar torpaq və bitki örtüyünün ekstensiv istifadəsi nəticəsində antropogen səhralaşma prosesi güclənmişdir

Kür-Araz ovalığında səhralaşma prosesi Şirvan düzündə daha güclü gedir. Tədqiqatlar göstərir ki, bitki və torpaq örtüyünün səhralaşmasının istiqasməti və intensivliyini yaradan səbəblər ərazinin ekoloji şəraiti (relyefi, bitki örtüyü, torpağı) və antropogen amillərin müxtəlifliyi ilə əlaqədardir. Bu baxımdan ərazini aşağıdakı sahələrə bölmək olar:

1.Kür çayı boyu tuqay meşələrinin deqradasiyası prosesi, orada olan meşələrin məhv edilməsi, hədsiz mal-qara otarılması və meşə torpaqlarından kənd təsərrüfatında istifadə edilməsi ilə əlaqədardır. 2. Regionun ovalıq hissəsində suvarılan ərazilərdə səhralaşma prosesini yaradan əsas səbəblər orada drenaj-kollektor şəbəkəsinin yaradılması və suvarma işləri ilə əlaqədardır. 3. Regionun dağətəyi hissəsində səhralaşma prosesi bitki örtüyünün pozulması, məhv edilməsi, hədsiz mal-qara otarılması, aqrotexniki qaydalara riayət olunmaması ilə əlaqədardır. Səhralaşma əsasən Abşeron yarımadasında torpağın neft və neft tullantıları ilə çirklənməsi ilə əlaqədar da baş verir.

Vətəndaş olaraq bəlkə də fərdi qaydada iqlim dəyişikliklərinin qarşısını ala bilmək üçün böyük işlər görə bilmərik. Amma ən azından yaşıllıqları qorumaq, ağac əkmək, Yerin bitki örtüyünün zənginləşməsinə yardım etməklə, həm öz ömrümüzə, həm də dünyaya töhfə verə bilərik.

İlhamə Loğman

Son xəbərlər
Bütün xəbərlər »