Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İlan mələyən çöllərdəki xəzinələr
Bioresurslardan istifadə və biomüxtəlifliyin qorunması

Azərbaycan Prezidenti qeyri-neft sektorunun inkişafı ilə bağlı məsələyə Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında da münasibət bildirmiş, bu sahənin respublikanın gələcək inkişafında mühüm əhəmiyyət daşıdığını bir daha vurğulamışdır: “Bu gün qeyri-neft sektorunun inkişafı böyük əhəmiyyət daşıyır. Son illər ərzində bu istiqamətdə böyük işlər aparılmışdır. Əgər biz vaxtilə qeyri-neft sektorunun inkişafı ilə məşğul olmasaydıq, hazırda iqtisadi inkişafımız o qədər də uğurlu olmazdı. İqtisadi şaxələndirmə, qeyri-neft sektorunun inkişafı bundan sonra da iqtisadi sahədə əsas prioritet olacaqdır. Əminəm ki, biz cari il ərzində bu istiqamətdə daha böyük uğurlara nail olacağıq. Neftdən asılılıq azalmışdır. Ancaq biz bu asılılığı minimum səviyyəyə endirməliyik ki, gələcəkdə neftin qiymətindən asılı olmayaq. Vəzifə bundan ibarətdir. Hesab edirəm ki, biz düşünülmüş siyasət, gərgin iş nəticəsində buna nail ola biləcəyik”

Azərbaycanda bu gün istifadə olunmayan, az xərclə böyük gəlir vəd edən sahələrdən biri də ilan zəhərinin istehsalı və ixracı sahəsidir. Bu sahəni onların sayına və biomüxtəlifliyin qorunması məsələlərinə vurmadan həll etmək ayrı bir məsələdir.

Burada xüsusi xərc tələb edən texnoloji avadanlıqlara da ehtiyac yoxdur: İlanların saxlanması üçün xüsusi yerlərin inşa edilməsi böyük vəsait tələb etmir. İlan zəhəri çox gəlirli sahədir. Dünyada qurudulmuş ilan zəhərinin bir qramı 600-800 dollar arası dəyişir. Zəhər təmizlənib sertifikatlaşdırıldıqdan sonra bu qiymət təxminən 2 dəfə artır. İlan zəhərinin qiyməti kifayət qədər yüksəkdir. Bir qram ilan zəhərinin qiyməti bir barel neftin qiymətindən bir neçə dəfə çoxdur. Azərbaycan üçün neftdən asılılığın aradan qaldırılması bu gün əsas məqsədlərdəndir. İlan zəhərinin istehsalının təşkil edilməsi birmənalı şəkildə imkan verəcək ki, Azərbaycan əlavə mənbələrdən gəlir əldə edə bilsin.

Bir neçə il öncə Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutu məlumat yaydı ki, ölkədə ilan və arı kimi heyvanların zəhərinin toplanıb istifadə olunmasına dair yeni konsepsiya üzərində işlənməyə başlanılıb. Bu zəhərlərin yığılması üçün adı sadalanan heyvanların necə toplanılmasına gəldikdə isə institutdan bildirilib ki, bunun üçün ilk növbədə ərazidə olan heyvanların sayı qiymətləndirilməli, müvafiq dövlət qurumlarından icazələr alınmalıdır. Həmin heyvanlar zəhərin toplanılması üçün qapalı şəraitdə saxlanılaraq yemlənilir: Amma hazırda bu işin reallaşması üçün ən ciddi maneə ilan zəhərinin ən strateji mallar siyahısına daxil edilməsidir. Azərbaycanın Zirə kəndində ilan zəhəri istehsal etmək üçün fəaliyyət göstərən Herpetoloji Kombinat 70-ci illərdə SSRİ-nin müxtəlif əczaçılıq zavodlarına hər il olduqca yüksək qiymətə zəhər idxal edirdi. Bu zəhərdən müxtəlif farmakoloji kombinatlarda dərman preparatlarının hazırlanmasında istifadə olunurdu. Sovet dövründə ilanı tutub təhvil verənləri isə mükafat gözləyirdi. Ancaq SSRİ-nin süqutundan, Zirə Herpetoloji Kombinatının dağıdıldı.Araşdırmalar nəticəsində məlum oldu ki, 1995-ci ilə qədər yığılan 19 kiloqram zəhər indi da anbarda qalmaqdadır. Başlıca problem zəhərin istehsalçısı olan mərkəzin fəaliyyət göstərməməsidir. Bunun nəticəsi olaraq, hazırda Azərbaycanda zəhərlə bağlı problemlərlə məşğul olan da yoxdur.

Qeyri-neft sektorunun inkişafı məqsədilə istehsal yönümlü elmi tədqiqat işlərinin genişləndirilməsi, innovativ tədqiqat proqramları və layihələrin hazırlanması olduqca vacibdir.Bu baxımdan zəhərli ilanlar və ilan zəhəri ilə bağlı perspektivli və innovativ istiqamətlərdə tədqiqatların aparılması tələb olunur. Bunun üçün Azərbaycanın zəhərli ilanlar faunasının müasir sistematikasının və ekoloji vəziyyətinin öyrənilməsi, istehsal məqsədilə zəhərli ilanların süni şəraitdə saxlanması və yetişdirilməsi probleminin həlli istiqamətində elmi-təcrübi tədqiqatların aparılması, zəhərli ilanların təbii resurslarının davamlı istifadəsinə nail olmaq üçün innovativ texnoloji proqramın hazırlanması; ilan zəhəri, onun tərkibindəki ayrı-ayrı fermentlərin biokimyəvi və farmakoloji xüsusiyyətlərinin öyrənilməsi, onların tətbiq sahələrinin araşdırılması, yeni məhsulların istehsalına dair texnologiyaların hazırlanması; göstərilən istiqamətlərdə elmi-təcrübi tədqiqatların aparılması üçün müasir maddi-texniki bazanın (serpentari və volyerlər, biokimyəvi, farmakoloji, toksinoloji tədqiqatlar aparmağa imkan verən laboratoriya və s.) olması vacibdir.

Qeyd edək ki, AMEA Zoologiya İnstitutu Ağsu rayonunda yerləşən Dayaq Məntəqəsində zəhərli ilan növlərinin volyer şəraitində saxlanması və yetişdirilməsi problemlərini öyrənmək üçün təcrübi tədqiqatlara başlayıb. Zoologiya İnstitutunda, həmçinin ilan zəhəri və digər bioloji aktiv substansiyaların biokimyəvi, toksinoloji və farmakoloji tədqiqi üçün müasir laboratoriya yaratmaq da nəzərdə tutulur.

Məlumat üçün qeyd edək ki, dünyanın ilan zəhərinə olan illik tələbatı 10 kiloqramdır. Bu məhsulu dünya bazarına əsasən Cənubi Koreya, Çin, Vyetnam, Hindistan kimi Asiya ölkələri, eləcə də isti iqlimə malik digər ölkələr çıxarır.

Ən yaxşı zəhər kobra ilanının zəhəridir. Hər bir ilan növünün zəhəri ayrı-ayrı xəstəliklərdə istifadə olunur. Kobra ilanının zəhəri sinir-əsəb sistemi ilə bağlı olan xəstəliklərin, gürzə və gürzə kimi ilanların zəhəri ürək-qan-damar sistemi xəstəliklərinin müalicəsində istifadə edilir. Son dövrlərdə alimlərin verdiyi maraqlı açıqlama diqqət çəkir. Məlumdur ki tibbdə ağrıkəsici vasitə kimi narkoz və digər narkoloji vasitələrdən istifadə olunur. Kral Kobra ilanı kimi dəhşətli bir canlını ovlaya bildiyinə görə,"Qatillərin qatili" adını qazanmış mərcan ilanıın zəhəri ən yaxşı ağrıkəsici vasitə ola bilər. Cənub-şərqi Asiyada, eləcə də Azərbaycanda yaşayan və iki metr uzunluğu olan ilannın zəhəri "demək olar ki, dərhal təsir göstərir" və ovunun qıcolmasına səbəb olur. Alimlərin yeni araşdırmalarına görə o, insan bədənində ağrıya qarşı istifadə edilə bilər. " Bir çox ilanlar güclü ağrıkəsici gücü olan yavaş təsirli zəhərə malikdirlər. Ölməmişdən öncə insan yuxulu olur, lakin bu ilanın zəhəri dərhal təsir göstərir, çünki o adətən çox təhlükəli heyvanları ovlayır və onları əks hücuma keçmədən öldürməlidir.Zəhər bizim ağrını ötürmə mərkəzi olan natrium kanallarımızı hədəfə alır. Biz bundan ağrını kəsmək üçün istifadə edə bilərik. Gələcəkdə mərcan ilanının zəhəri çox qiymətli tibbi material kimi istifadə olunacaq",- deyə ilanların zəhəri ilə bağlı araşdırma qrupunun üzvlərindən olan doktorr Bryan Fri bildirib.

Sovet dönəmində Estoniyanın Kimya Əczaçılıq Zavodu ilan zəhərindən ən yaxşı dərman hazırlayan əczaçılıq zavodu idi. Azərbaycan 90-cı ilin əvvəllərinə qədər Estoniyaya zəhər ixrac edib. SSRİ-nin tibb bazarını təmin etmək üçün Orta Asiya, Rusiya və Azərbaycanda bir yerdə cəmi 5 kiloqramdan bir az çox quru ilan zəhəri istehsal olunurdu. Onun 70 faizi Azərbaycanın payına düşürdü. İlan zəhəri istehsalı Zirə qəsəbəsi və Ağsudakı herpetoloji kombinatlarda aparılırdı.

Gəlirli bir sektor olduğu üçün 2009-cu ildə bu kombinatların fəaliyyətinin bərpası ilə bağlı qərar verilsə də hələ ki durğunluq hökm sürür. Mütəxəssislərin fikrinə görə, Azərbaycanda bu tip müəssisələrin dövlətin nəzdində fəaliyyət göstərməsi məqsədəuyğundur. İlanların qonşu ərazilərə ziyan vurmaması, xüsusi mühafizə altında qorunması kimi məsələlər olduğu üçün bəzi ölkələrdə dövlət nəzarətində olan bir sektordur. Bu sahəni Azərbaycanda dövlət nəzarətində olan istehsal sektoru kimi formalaşdırıb, gələcəkdə özəl şirkətlərin idarə etməsinə vermək mümkündür.

Arı zəhəri ağrıkəsici təsirinə görə, tiryəki 80 dəfə üstələyir

Biologiya üzrə fəlsəfə doktoru Mahmud Hümbətov KİV-ə verdiyi müsahibəsində daha bir qiymətli təbii, tibbi məmulat- arı zəhəri haqqında məlumat verib. “Arı zəhəri arının zəhər vəzilərindən əmələ gələn şəffaf mayedir, çox mürəkkəb tərkibə malikdir. Bəzən “apitoksin” də adlandırılan həmin mayeni ilk dəfə 1897-ci ildə Çexiyada öyrənməyə başlayıblar. Sonrakı tədqiqatlar göstərib ki, arı zəhərinin tərkibində çox vacib olan amin turşuları kompleksi, zülallar, mineral maddələr və s. var.. Onun verdiyi məlumata görə, tədqiqatlar nəticəsində arı zəhərinin tərkibində olan müalicəvi fermentlər ilan zəhərindəkindən 30 dəfə güclü olduğu sübut edilib. Onun tərkibində olan “adolanin” adlanan peptid çox qüvvətli ağrıkəsici və keyləşdirici təsirə malikdir və həmin keyfiyyətinə görə tiryəki 80 dəfə üstələyir.Ürəyin işemik xəstəliyi, stenokardiya və hipertoniya zamanı onun tərkibində olan böyük təsir mexanizminə malik antiaritmik təsirli maddələrdən istifadə olunur.Eyni zamanda, arı zəhəri damarların kirəcləşməsinin qarşısını alır, onun divarlarını təmizləyir və elastik olmasını təmin edir.Kiçik miqdarda orqanizmə düşən arı zəhəri onun müdafiə qabiliyyətini möhkəmləndirir»-deyə alim bildirib.

Qeyd edək ki, arı zəhəri dəridə olan əlavə törəmələrin təmizlənməsindəki faydasına və tərkibindəki zəngin fermentlərə görə dünya kosmetika bazarında böyük tələbatla istifadə olunur. Arı südü, bal, balın şanı kimi qiymətli vasitələrin lap qədim dövrlərdən bütün xalqlar tərəfindən həm sağlamlaşdırıcı ,həm də gözəllik vasitələri kimi istifadə olunub. Hazırda Rusiyada, Türkiyədə, Avropada arı zəhəri və propolisin qarışığından ibarət kremlər, şampunlar geniş istifadəçi kütləsinə malikdir.Azərbaycan zəngin faunaya malikdir. Bu mühitdəki bitkilərdən bəhrələnən arılardan əldə olunan məhsulların yüksək keyfiyyətinə də yəqin heç bir şübhə olmayacaq. Bir sözlə, zəngin təbiətimizdən də faydalana bilərik, ilan mələyən çöllərimizdən də. Yetər ki, istək ola.

İlhamə Loğman

Son xəbərlər
Bütün xəbərlər »