Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İlan mələyən çöllərdəki xəzinələr
Bioresurslardan istifadə və biomüxtəlifliyin qorunması

Azərbaycanda Aran zonasınıntəbiəti dağlıq ərazilərə görə çox da zəngin sayılmaz. Lakin Aranda bitən bitkilərin də özünəməxsusluğu, spesifikliyi var. Aran zonasının meşələri dedikdə ilk növbədə yada uzanıb gedən yulğun çölləri, palıd,qovaq, çinar, söyüd, iydə ağaclarından ibarət meşələr düşür. Təəssüf ki, bir zamanlar gün işığı düşməyən o Tuqay meşələri indi əvvəlki əzəzmətini itirib. Türyançayın sahilləri boyu uzanan, bir zamanlar subtropik cəngəllikləri xatırladan o göy meşələr indi keçəlləşmiş saç kimi seyrəlib. Bu seyrəlmə öz növbəsində bitki aləmi kimi, heyvanat aləminə də təsir edir. Tuqay meşələrində bir zamanlar yerli camaatın bilməyərəkdən yaz pişiyi adlandırdığı vaşaq yaşayırdı. İndi əlində çıraqla gəzsən tapa bilməzsən. Meşələr yox olduqca onun sakinləri də yoxa çıxdılar.

Təbiətə insan əliylə dəyən zərbələr biomüxtəlifliyin qorunması məsələsini aktuallaşdırır. Bu işə bu gün başlamasan sonra gec olacaq. Bir ağacın yetişməsi, bir heyvan nəslinin yenidən artıb çoxalması uzun zaman alır və böyük zəhmət tələb edir. Təbii sərvətlərin ayrılmaz hissəsi olan bioloji müxtəliflik nəhəng, lakin hələ də tam qiymətləndirilməmiş zəngin ehtiyat mənbəyidir. Bioloji müxtəliflik insanları ərzaq, geyim, enerji və digər materiallarla təmin edir

Təbii sərvətlərin qorunması və davamlı istifadəsi XXI əsrdə bütün dünyadaən mühüm problem kimi qarşıda durur. Bioloji müxtəliflik yer üzərində bütün canlıların - mikroorqanizm, bitki və heyvanların müxtəlifliyi deməkdir. Hazırda dünyada 15 milyondan çox canlı növü mövcuddur və hər gün onların yüzə yaxını bərpa olmadan məhv olur, onların məhv olması bir çox hallarda hiss olunmur. Lakin bəşəriyyətə belə itkilərdən olduqca böyük ziyan dəyir. Yer kürəsinin təbii zənginliyi gündən-günə azalır.

Son illərdə insanların fəaliyyəti nəticəsində, ekosistemlər deqradasiyaya uğramış, bir çox növlərməhv olmuş və ya onların sayı kəskin azalmışdır. Bioloji müxtəlifliyin belə sürətlə itkisi Yer kürəsində həyatın özünü təhlükədə qoymaqla qlobal faciəyə səbəb ola bilər. BMT-nin ekspertlərinin məlumatına görə, Yer kürəsində təbii meşələrin 45%-i, əsasən son illərdə qırılaraq məhv edilmişdir

Azərbaycanda daekoloji, o cümlədən bioloji müxtəlifliyin problemləri həlli vacib olan prioritetlər kimi müəyyən edilmiş və bu sahədə ciddi səylər göstərilir. Belə ki, bu problemlərin həlli istiqamətində xeyli işlər görülmüş, "Bitkilərin genetik ehtiyatlarına dair" Dövlət Proqramı, "Ətraf mühitin mühafizəsi üzrə" Milli Fəaliyyət Planı, "Ekoloji cəhətdən dayanaqlı sosial-iqtisadi inkişafa dair" Milli Proqram və digər proqramlar qəbul edilərək həyata keçirilir.

Biomüxtəliflik üzrə Konvensiya Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 2000-ci ilin mart ayında ratifikasiya olunmuşdur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, bioloji müxtəlifliyinə görə Azərbaycan dünyadavə Qafqazda özünəməxsus yerlərdən birini tutur. Burada zəngin bitki və heyvan növləri cəmlənmişdir. Müasir Azərbaycan faunası 18000 canlıdan ibarət olub məməlilərin 97 növünü əhatə edir, bunlar 7 dəstəyə, 22 ailəyə və 39 cinsə daxildir. Təkcə onurğalılar faunamızda 700 növlə təmsil olunmuşdur. “Qırmızı Kitab”a yarasaların 3, yırtıcıların 7 və dırnaqlıların 4 növü daxil edilmişdir. Respublikamızın florasında 4200 bitki növü məlumdur, onun 370-i Azərbaycanın endem bitkilərinə aiddir.

“Səhra bitki örtüyü əsasən Kür-Araz ovalığı və Abşeron yarımadası üçün səciyyəvidir. Göstərilən bitki tipləri bir çox bitki qruplaşmaları əmələ gətirir. Azərbaycanın ayrı-ayrı coğrafi landşaft bölgələrinin flora zənginliyi müxtəlifdir. Naxçıvan MR-in ərazisi bitki növləri ilə daha zəngindir. Buranın bitki növləri respublika florasının 43%-ni təşkil edir. Quba-Qusar dağ massivinin bitki növləri floramızdakı bitki növlərinin 40%-ni, Kiçik Qafqazın mərkəzi dağlıq hissəsi 34,5%-ni, Böyük Qafqazın şərq massivi 29,4%-ni, Talışın dağlıq hissəsi 27%-ni təşkil edir. Kiçik Qafqazın şimal yamacında bitki növləri nisbətən azdır. Kiçik Qafqazın dağlıq hissəsinin aşağı dağətəyi massivi, Böyük Qafqazın dağlıq massivinin qərb hissəsi, Kür-Araz ovalığı florası orta dərəcədə (23-26%) bitki növləri ilə zəngindir. Kür düzənliyi, Abşeron yarımadası, Qobustan, Samur-Dəvəçi florasında bitki növləri azdır", - deyə məlumatda bildirilir.

Təəssüf ki, Kür-Araz ovalığı, Samur-Dəvəçi düzənliyi, Qanıx-Həftaran vadisi və Lənkəran ovalığındatəbii meşələr məhv edilərək kənd təsərrüfatı sahələri və meyvə bağları (aqrosenozlar) və ya seliteb landşaftlarla əvəz olunub. Respublikanın bütün dağ sistemlərinin yüksək dağlıq zonasında subalp meşələri məhv edilmiş, ora uzunmüddətli intensiv yay otlaqları kimi istifadə olunduğundan meşənin yuxarı sərhədi 400-1000 m aşağı salınmışdır.

Tozağacı, şərq palıdı və trautvetter ağcaqayını ağaclıqlarının bioloji müxtəlifliyin antropogen seriyalarına yalnız dik qayalı yamaclarda təsadüf etmək olar . Qoruqlar, yasaqlıqlar və milli parklar bioloji müxtəlifiyin qorunmasında mühüm rol oynayır.

Amma bəzən bu ərazilərdə də xoşagəlməz faktlarla qarşılaşılır. Qoruq, Milli park və yasaqlıq ərazilərində qanunsuz kəsilən ağaclara tez-tez rast gəlinir. Göygöl, Zaqatala, İlisu, İsmayıllı qoruqlarında meşənin yuxarı sərhədi yay otlaqları kimi istifadə olunur. Qarayazı, Türyançay, Pirqulu qoruqlarında, həmçinin şəhər, qəsəbəətrafı yaşıl zonalarda, Yalama Milli Parkı meşə sahəsində isə ilboyu mal-qara otarılır. Bunun nəticəsində meşə ekosistemlərinin bioloji müxtəlifliyi bu və ya digər dərəcədə deqradasiyaya uğramışdır.

Birləşmiş Millətlər Təşkilatının “Bioloji müxtəliflik haqqında” Konvensiyasının üzvü olan ölkələrin 2010-cu ildə Yaponiyanın Naqoya şəhərinin Aiçi Prefekturasında keçirilən 10-cu görüşü çərçivəsində 2011-2020-ci illər ərzində bioloji müxtəliflik sahəsində mühüm nəticələrə nail olmaq üçün əməkdaşlığın genişləndirilməsi, flora və faunanın qorunması və davamlı istifadəsi, bu sahədə qarşıya qoyulan məqsədə çatmaq üçün yenilənmiş milli strategiyalar hazırlanmasının vacibliyi vurğulanmışdır. Azərbaycan Respublikasında bioloji müxtəlifliyin dayanıqlılıq prinsipləri əsasında qorunması və səmərəli istifadəsi, həmçinin sözügedən Konvensiya üzrə qarşıda duran öhdəliklərin yerinə yetirilməsi məqsədi ilə “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair 2017-2020-ci illər üçün Milli Strategiya” təsdiq edilib.

Milli Strategiyanın əsas məqsədi genetik ehtiyatlardan səmərəli istifadə, bioloji müxtəlifliyin qorunması və gələcək nəsillərə çatdırılması, yoxsulluğun aradan qaldırılması, ekoloji tarazlığın tənzimlənməsi, ”yaşıl iqtisadiyyat”a keçidin təmin edilməsi, ekoloji təhsilin stimullaşdırılması, endemik flora və yerli fauna növlərinin bərpası, xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin təkmilləşdirilməsi, bioloji müxtəlifliyə təzyiqlərin azaldılması istiqamətində tədbirlərin həyata keçirilməsidir.

Milli Strategiyaya daxil olan prioritet istiqamətlər aşağıdakılardır:bioloji müxtəliflik və ekosistem xidmətləri ilə bağlı əhalinin ekoloji maarifləndirilməsi üçün cəmiyyətdə ekoloji biliklərin geniş yayılmasının təmin edilməsi; bioloji müxtəlifliyin monitorinqi sisteminin təkmilləşdirilməsi;bioloji müxtəlifliyin, ekosistemin və genetik müxtəlifliyin bərpası və saxlanması;xüsusi mühafizə olunan təbiət ərazilərinin səmərəli idarəedilmə sisteminin yaradılması və mövcud şəbəkənin genişləndirilməsi;. bioloji müxtəlifliyə mənfi təsirlərin azaldılması və bioloji müxtəlifliyin davamlı istifadəsi;bioloji müxtəlifliyin davamlılığını təmin etmək məqsədi ilə bu sahədə normativ hüquqi bazanın təkmilləşdirilməsi;milli və yerli səviyyədə bioloji müxtəlifliyin mühafizəsində ictimaiyyətin iştirakının artırılması; bioloji müxtəlifliyin qorunması işlərinin icrasında birgə idarəçiliyin inkişaf etdirilməsi; bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsi üçün adekvat resursların təmin edilməsi.

Bəs son illər aparıcı dövlətlərin iqtisadiyyat planlarında əvəzolunmaz yer alan "Yaşıl iqtisadiyyat" nə deməkdir?

“Yaşıl iqtisadiyyat" iqtisad elmində son onilliklərdə meydana gəlmiş yeni istiqamətdir.“Yaşıl iqtisadiyyat" təbii mühitin bir hissəsi olan, həmçinin ondan asılı olan bir iqtisadiyyatdır. “Yaşıl iqtisadiyyat"ın konsepsiyası iqtisad elmində və fəlsəfədə mövcud olan postmodernizm, resursyönümlü iqtisadiyyat, ekoloji iqtisadiyyat, ətraf mühitin iqtisadiyyatı, yaşıl siyasət və s. kimi bir çox istiqamətlərin ideyalarını özündə birləşdirir.

Beynəlxalq sənədlərdə “yaşıl sənaye" (green industry), “yaşıl bazar"lar (green markets), “yaşıl məşğulluq" (green jobs) və s. terminlər daha geniş istifadə olunur. Alternativ energetika, elektronəqliyyat, bioloji yanacaq və s. kimi ətraf mühitə minimal təsirə malik yeni texnologiyaları nəzərdə tutan “yaşıl innovasiyalar" da tez-tez elmi ədəbiyyatlarda istifadə olunur.

UNEP-in məruzələrində “yaşıl iqtisadiyyat" insanların rifahını yüksəldən və sosial ədaləti təmin edən, eyni zamanda ətraf mühit üçün riskləri və onun deqradasiyalarını kəskin dərəcədə azaldan iqtisadiyyat kimi təyin olunur. Bu iqtisadiyyat təbii resursların effektiv istifadəsi, təbii kapitalın qorunması və artırılması, çirkləndirmənin azaldılması, ekosistem xidmətlərinin və biomüxtəliflliyin itkisinin qarşısının alınması, gəlirlərin və məşğulluğun artması kimi əsas xüsusiyyətlərə malik olur.

"Yaşıl iqtisadiyyat" yuxarıda da qeyd olunduğu kimi təmiz ekologiya, mühafizə olunan ekosistemlər deməkdir. Biz təbiətə ziyan vurmasaq o, özü -özünü milyon illər öncə olduğu kimi tarazlaya və biomüxtəlifliyini qoruyub saxlaya bilər. Yetər ki, insan bir qazan yemək üçün ellər gözəli ceyrana qıymasın, ov həvəsi uğruna ayıya, tülküyə, qırqovula, turacagüllə atmasın. Əksinə, hər zonanın özünəuyğun təbii sərvətlərindən istifadə etməklə həm onları mühafizə etmək, həm də qazanc götürmək olar. Bir zamanlar Aran zonası haqqında söz düşəndə onun haqqında “ilan mələyən çöllər” deyərdilər. Həqiqətən də bu çöllərdə çoxlu sayda zəhərli ilana rast gəlmək olar. Bəs qiymətli ilan zəhəri əldə etmək üçün hansısa təsərrüfat yaratmaq mümkün deyilmi? Əlbəttə, mümkündür. İnsan tullantılardan belə fayda götürə bilərsə bunu da bacarar. Üstəlik bu bir yenilik deyil, bir zamanlar Azərbaycanda belə təsərrüfatlar mövcud olub. Yəni ki, təcrübə də var, tələbat da.

(ardı var)

İlhamə Loğman

Son xəbərlər
Bütün xəbərlər »