Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna bu qış Rusiyanın bəzi bölgələrində elektrik kəsintiləri yarada bilər
Ukrayna bu qış Rusiyanın bəzi bölgələrində elektrik kəsintiləri yarada bilər

Ukrayna Silahlı Qüvvələri bu qış Rusiyanın ayrı-ayrı bölgələrində lokal elektrik kəsintilərinə səbəb ola biləcək imkanlara malikdir.

Bizimyol.info xəbər verir ki, bu fikri Razumkov Mərkəzinin enerji proqramları üzrə direktoru Vladimir Omelçenko ölkə mətbuatına müsahibəsində səsləndirib.

Ekspertin sözlərinə görə, Rusiyanın enerji sistemi bütövlükdə sıradan çıxarıla bilməz, lakin ayrı-ayrı regionlarda elektrik təchizatının pozulması və hərbi sənaye müəssisələrinin fəaliyyətində fasilələrin yaranması mümkündür.

"Bu mümkündür. Düşünürəm ki, Ukrayna Silahlı Qüvvələrinin artıq buna nail olmaq üçün müvafiq vasitələri var. Lakin söhbət bütün Rusiya ərazisindən deyil, ayrı-ayrı lokal nöqtələrdən gedir", – deyə Omelçenko bildirib.

O deyib ki, Rusiya iqtisadiyyatı üçün ən həssas obyektlər neft emalı zavodlarından çox, Baltik və Qara dənizdə yerləşən neft ixrac terminallarıdır. Onun fikrincə, Ust-Luqa, Primorsk, Vısotsk, Şesxaris və Tuapse terminallarının fəaliyyəti Rusiyanın neft ixracı və valyuta gəlirləri baxımından strateji əhəmiyyət daşıyır.

Ekspert həmçinin "Transneft" şirkətinin ixrac marşrutlarında istifadə olunan əsas elektrik yarımstansiyalarını və Qara dənizlə Baltik dənizində fəaliyyət göstərən tanker donanmasını da mühüm hədəflər sırasında göstərib.

Omelçenkonun fikrincə, Ukrayna və Rusiyanın enerji sistemləri əsasən Sovet dövründə qurulduğu üçün oxşar xüsusiyyətlərə malikdir. Bununla belə, o hesab edir ki, Rusiya enerji infrastrukturu daha zəif qorunur.

Ekspert bildirib ki, Ukrayna son illərdə enerji obyektlərinin, xüsusilə "Ukrenerqo"nun yarımstansiyalarının mühafizəsini gücləndirib, eyni zamanda ölkədə paylanmış enerji istehsalı genişləndirilib. Rusiyada isə həm infrastrukturun müdafiəsi kifayət qədər güclü deyil, həm də ölkənin geniş ərazisi bütün obyektlərin effektiv şəkildə qorunmasını çətinləşdirir.

Omelçenko enerji obyektlərinə qarşı hücumların dayandırılması ilə bağlı mümkün razılaşma ehtimalına da toxunub. Onun sözlərinə görə, bu məsələ ABŞ və Ukrayna rəhbərliyi arasında müzakirə oluna bilər və daha sonra Rusiyaya təklif edilə bilər. Lakin ekspert hesab edir ki, Moskvanın belə bir təşəbbüsə razılıq verəcəyi hələlik sual altındadır.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »