Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyada yeni qanun qüvvəyə mindi: Azərbaycanlı miqrantları nə gözləyir?
Rusiyada yeni qanun qüvvəyə mindi: Azərbaycanlı miqrantları nə gözləyir?

Rusiyada əmək miqrantları və onların ailə üzvləri üçün qüvvəyə minən yeni qaydalar yaşayış və işləmə şərtlərini xeyli sərtləşdirir. Yeni tələblər xüsusilə gəlir səviyyəsi və miqrant ailələrinin ölkədə qalma imkanları ilə bağlı ciddi müzakirələrə səbəb olub.

  • Bu dəyişikliklər Rusiyada çalışan azərbaycanlı əmək miqrantlarının sayına və vəziyyətinə necə təsir göstərə bilər?

Milli Məclisin deputatı Azər Allahverənov bildirib ki, Rusiyada ölkə başçısının imzaladığı yeni qanuna əsasən miqrantlarla bağlı yeni qaydalar qüvvəyə minir.

Deputatın sözlərinə görə, yeni tələblər miqrantların gəlirlərinin ailə üzvlərinin minimum yaşayış ehtiyaclarını ödəyəcək səviyyədə olub-olmaması ilə bağlıdır.

Onun qənaətincə, miqrantın əldə etdiyi gəlir ailə üzvlərinin minimum ehtiyaclarını qarşılamaq üçün kifayət etməlidir. Əks halda, onlar ciddi sanksiyalarla üzləşə bilərlər.

Azər Allahverənov xatırladıb ki, yeni qaydalara əsasən, 18 yaşına çatmış miqrant övladı əmək fəaliyyəti ilə məşğul olmalı və bunun üçün əmək patenti əldə etməlidir. Əks halda, onun Rusiyada qalması mümkün olmayacaq.

Deputat bildirib ki, bu qaydalar təkcə azərbaycanlı miqrantlara deyil, başqa ölkələrdən olan əməkçi miqrantlara da şamil olunur.

“Burada selektiv yanaşma yoxdur və yeni tələblər xüsusilə maddi imkanları məhdud olan miqrantlara ciddi təsir göstərəcək.

Artıq miqrantların bəyan etdikləri gəlirlər ailənin minimum ehtiyaclarını ödəyəcək səviyyədə olmalıdır.

Əvvəllər bəzi şəxslər müxtəlif səbəblərdən gəlirlərini tam bəyan etmirdilər. Lakin yeni qanun onları gəlirlərini rəsmi şəkildə bəyan etməyə və ailələrinin minimum yaşayış səviyyəsini təmin edə bildiklərini sübut etməyə məcbur edir.

Hökumət bununla bir tərəfdən iqtisadi baxımdan faydalı hesab etdiyi miqrant kontingentini saxlamaqda maraqlı olduğunu göstərir, o biri tərəfdən isə gəlirlərin leqallaşdırılmasına nail olmağa çalışır. Leqallaşdırılan gəlirlərin vergiyə cəlb olunması dövlət büdcəsinə əlavə vəsaitin daxil olması deməkdir”-deyə o bildirib.

Deputat deyib ki, yeni qanun cərimələrin və rüsumların artırılması ilə yanaşı, miqrantların gəlirlərini leqallaşdırmasını da stimullaşdıra bilər.

Bu, miqrantların Rusiyada qanuni əsaslarla uzun müddət qalmasına müsbət təsir göstərə bilər.

“18 yaşına çatmış ailə üzvlərinin əmək fəaliyyəti ilə məşğul olması tələbi də bu qanundan irəli gəlir. Bu, həm dövlət, həm də miqrant ailələri üçün müəyyən mənada faydalıdır. Çünki ailənin gəlirləri artır və minimum yaşayış tələblərini qarşılamaq daha asan olur.

Hazırda bu dəyişikliklərdən neçə nəfərin təsirlənəcəyini dəqiq söyləmək çətindir. Müxtəlif mənbələrdə fərqli rəqəmlər səsləndirilsə də, əmək patenti və əmək müqaviləsi ilə işləyənlərin sayının təxminən 200 min nəfərə yaxın olduğu bildirilir.

Rusiyada bundan daha çox miqrant yaşayır və minimum gəlir tələbi ödənilmədiyi halda onların ailə üzvlərinin ölkədən çıxarılması zərurəti yarana bilər”-deyə o əlavə edib.

Deputat vurğulayıb ki, bu vəziyyətdən daha çox Mərkəzi Asiya ölkələrindən olan miqrantlar təsirlənə bilər. Çünki Rusiyada ən böyük miqrant qruplarından biri məhz həmin ölkələrin vətəndaşlarıdır.

Bununla belə, deputat vurğulayıb ki, yeni qaydalar Azərbaycandan olan miqrantlara da şamil ediləcək.

Deputat bildirib ki, Rusiyada miqrasiya qanunvericiliyi dövrün tələblərinə uyğun şəkildə təkmilləşdirilir və normativ baza kifayət qədər genişdir.

Qanuni əsaslarla yaşayan miqrantların təhsil və səhiyyə xidmətlərindən istifadə etmək kimi hüquqları mövcuddur. Buna baxmayaraq, miqrasiya qanunvericiliyinin getdikcə sərtləşdirilməsi yeni qaydaların tətbiqini qaçılmaz edir və bu, ölkədə daha ciddi nizam-intizamın yaradılmasına xidmət edir.

Azər Allahverənov əlavə edib ki, miqrantlar bu dəyişiklikləri öz hüquqlarının müəyyən mənada məhdudlaşdırılması kimi qiymətləndirə bilərlər. Xüsusilə ailənin minimum gəlir tələbi ödənilmədiyi halda, ailə üzvlərinin Rusiyada qalması çətinləşə və onların geri qaytarılması gündəmə gələ bilər.

Deputatın qənaətincə, belə problemlərlə üzləşməməyin ən optimal yolu əmək qabiliyyətli ailə üzvlərinin əmək patenti əldə edərək rəsmi əmək fəaliyyəti ilə məşğul olmasıdır. Əks halda, həm miqrantın özü, həm də ailəsi ciddi çətinliklərlə üzləşə bilər.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »