Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya-Ukrayna: sülh axtarışları ertələndi, savaş şiddətlənəcək
Rusiya-Ukrayna: sülh axtarışları ertələndi, savaş şiddətlənəcək

Məlum olduğu kimi, Rusiyanın prezidenti Vladimir Putin Ukraynanın bəzi ərazilərinin üç dövlət arasında bölünəcəyini deyib. Bu fikirləri o, Sankt-Peterburqda Hərbi Dəniz Qüvvələrinin şəxsi heyəti ilə görüşdə səsləndirib.

Söhbət hansı ərazilərdən, hansı dövlətlərdən gedir?

Ukraynanın Lvov (Lviv), Volın və Ternopil vilayətləri İkinci Dünya müharibəsinədək Polşanın tərkibində olub. Şimali Bukovina (Çernivtsi vilayətinin əsas hissəsi), Ruminaya ərazisinə daxil idi. Transkarpatya isə Macarıstan Krallığının, daha sonra Çexoslavakiyanın tərkibində olub.

Putin deyib: "Əminəm ki, gec-tez Ukrayna bu qərb torpaqlarını itirəcək. Vaxtilə Polşaya, Macarıstana və Rumıniyaya məxsus olan ərazilər gec-tez tarixi yerinə qayıdacaq. Bu, sabah da ola bilər, 10-15 ildən sonra da".

Bəli, doğrudur ki, İkinci Dünya Müharibəsinin gedişində bu ərazilər Sovet İttifaqının tərkibinə keçirilib. Ukrayna SSRİ-yə üzv müttəfiq respublika kimi bu əraziləri qəbul edib. 1991-ci ildə isə Ukrayna müstəqillik qazananda bu ərazilərlə birlikdə tanınıb. Ukrayna və Belorusiya (indiki Belarus) müharibədən sonra SSRİ ilə yanaşı BMT-nin üzvləri idi, bu da Sovet İttifaqına bu qurumda əlavə iki səs hüququ verilməsi demək idi. Həmin vaxt Ukrayna indiki sərhədləri daxilində BMT-yə qəbul edilmişdi. Yəni Sovet İttifaqı dağılanda Ukrayna və Belorusiya BMT-nin üzvləri idi.

Putinin bəyanatına gəlincə, hələ 1975-ci ildə Avropada Təhlükəsizlikvə Əməkdaşlıq Müqaviləsinin Helsinki Yekun Aktı imzalanıb. Bu sənədi imzalayan 35 dövlətdən biri olaraq Sovet İttifaqı Avropada sərhədlərin dəyişdirilməyəcəyinə razılıq verib. 1991-ci ildə SSRİ dağıldıqdan sonra Ukrayna Sovet İttifaqının hüquqi varisi olan Rusiya Federasiyası ilə, eləcə də, Polşa, Rumıniya və Macarıstanla, həmçinin Slovakiya ilə ikitərəfli müqavilələr imzalayıb. Bu sənədlərdə də Ukraynanın indiki sərhədlərinin toxunulmazlığı qəbul edilib. Bundan başqa BMT-nin qətnamələrində dəfələrlə Ukraynanın ərazi bütövlüyü dəstəklənib. Ayrıca nə Polşa, nə Rumıniya, nə Macarıstan heç vaxt rəsmən hər hansı ərazi iddiası irəli sürməyiblər. Yalnız Rumıniya ilə Ukrayna arasında dəniz sərhədlərinin delimitasiyası ilə bağlı mübahisə yaranmışdı. Bu da 2009-cu ildə Haaqa Məhkəməsinin qərarı əsasında kompromiss əsasında həllini tapdı. Doğrudur, Macarıstan Ukrayna ərazisində yaşayan macarların mədəni (dil, təhsil və bu kimi) hüquqları ilə bağlı çağırışlar edir. Ancaq heç bir ərazi mübahisəsi və ya hər hansı torpaq iddiası yoxdur.

Bütün bunları nəzərə aldıqda, Rusiya prezidentinin bəyanatını iki ehtimal əsasında şərh edə bilərik:

Birincisi, bu, Polşaya, Macarıstana və Rumıniyaya Moskva tərəfdən verilən şifahi vəddir. Rusiya demək istəyir ki, əgər bu üç dövlət Ukraynaya dəstəyini kəssə və hətta ona qarşı ərazi iddiaları irəli sürsə, Rusiya Ukrayna üzərində qələbə çaldığı təqdirdə, adı çəkilən əraziləri həmin ölkələrə verəcək. Bu vədlərlə Rusiya həmin üç dövləti neytrallaşdırmağa, hətta öz müttəfiqinə çevirməyə cəhd edir. Bu isə mümkün görünmür. Həmin dövlətlər Ukraynaya dəstəyi kəsib Rusiya ilə yaxınlaşalar, onlar Avropa İttifaqı və NATO çərçivəsində öz dəstəyini zəiflətmiş olacaqlar. Onlar NATO üzvləridir, bu Alyansın qərarlarına, eləcə də, ABŞ-ın və Böyük Britaniyanın, ayrıca Almaniyanın və Fransanın iradəsinə qarşı gedə bilməzlər və getməzlər. Bundan başqa bu dövlətlər öz müstəqilliyinə və ərazi bütövlüyünə böyük təhlükəni Rusiyadan gözləyirlər.

Deməli, burada ikinci ehtimal daha real görünür: Vladimir Putin bu bəyanatla öz ordusunu, komandasını, çevrəsini ruhlandırır, cəmiyyətində qələbəyə ümidləri artırmağa çalışır. Çünki öz cəmiyyətindən, eləcə də, Rusiya ilə dost ölkələrdən gələn çağırışlara baxmayaraq, prezident Putin müharibəni davam etdirmək niyyətində əl çəkməyib. Bunu Vladimir Putinin Silahlı Qüvvələrdə ştat vahidlərinin sayının 1 milyon 535 min nəfərdən 2 milyon 426 min 130 nəfərə qaldırılması qərarı da göstərir. Qərar bu il avqustun 1-dən qüvvəyə minəcək.

Deməli, orduya əlavə 891 min 130 nəfər cəlb olunacaq. Bu isə ümumi səfərbərlik olmadan mümkün deyil.

Başqa sözlə, müharibə daha şiddətlə davam edəcək və yeni - daha geniş miqyaslı mərhələyə daxil olacaq. ABŞ prezidenti Donald Tramp bu müharibənin 2029-cu ilin sonuna qədər davam edəcəyini deyir. Filippində dövlət katibi Rubio da Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşündə Vaşinqtonun Ankoric (Alyaska) müzakirəsinə nöqtə qoyduğunu bildirdi. Yəni Ukraynanın bölüşdürülməsi hesabına sülh variantından imtina edildi. Rusiya isə hərbi əməliyyatları dayandırmaq fikrində olmadığını açıqladı. Ukrayna prezidenti isə öz ölkəsini çətin qışın gözlədiyini dedi. Qazaxıstan prezidenti Qasım-Comərd Tokayevin Moskva səfərindən və müharibəni dayandırmaq çağırışında sonra da Putinin səfərbərliyə doğru yol açan qərar verməsi onun Çini də eşitmədiyini göstərdi. Odur ki, Rusiya-Ukrayna müharibəsinin tezliklə bitəcəyinə dair ümidlər də puça çıxdı...

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info
Son xəbərlər
Bütün xəbərlər »