Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Netanyahu Trampa İranla bağlı yeni kəşfiyyat məlumatları təqdim edəcək
Netanyahu Trampa İranla bağlı yeni kəşfiyyat məlumatları təqdim edəcək

İsrailin Baş naziri Benyamin Netanyahu iyulun 28-də ABŞ Prezidenti Donald Trampla keçiriləcək görüşdə Vaşinqtona İranın hərbi potensialını bərpa etdiyi və nüvə silahı yaratmaq istiqamətində fəaliyyətini sürətləndirdiyini iddia edən yenilənmiş kəşfiyyat məlumatlarını təqdim etməyi planlaşdırır.

Bizimyol.info xəbər verir ki, bu barədə "N12" telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, Netanyahu Trampı son regional hadisələrin İranın danışıqlarda səmimi olmadığını göstərdiyinə, Tehranın nüvə proqramını davam etdirdiyinə, həmçinin raket və pilotsuz uçuş aparatları imkanlarını təkmilləşdirdiyinə inandırmağa çalışacaq. Bildirilir ki, Netanyahu təhlükənin ciddiliyini ABŞ liderinə çatdırmaq niyyətindədir, lakin eyni zamanda Vaşinqtonu birbaşa hərbi qarşıdurmaya cəlb etməyə çalışan siyasətçi təsiri yaratmaq istəmir.

"N12" iddia edir ki, son aylarda ABŞ administrasiyasında Netanyahunun bəyanatlarına münasibət dəyişib. Vaşinqondakı mənbələrin telekanala bildirdiyinə görə, Amerika tərəfi görüş zamanı Netanyahunun dediklərinə, təkcə İran məsələsində deyil, ümumilikdə daha skeptik yanaşacaq. Məlumata əsasən, Trampın yaxın çevrəsində Netanyahunun İranla müharibə ilə bağlı Vaşinqtona verdiyi vədlərin özünü doğrultmadığı qənaəti formalaşıb.

Son həftələrdə Netanyahunun həm Trampın qərarlarına, həm də ümumilikdə ABŞ administrasiyasına təsiri nəzərəçarpacaq dərəcədə azalıb. Buna misal kimi Türkiyə ilə "F-35" qırıcıları üzrə razılaşma, İsrailin az məlumatlı olduğu Səudiyyə Ərəbistanı ilə nüvə enerjisi sahəsində saziş və İsrailin demək olar ki, iştirakı olmadan imzalanmış İranla qarşılıqlı anlaşma memorandumu göstərilir.

Telekanalın məlumatına görə,  Tramp və Netanyahunun Vaşinqtonda görüşü 19:00-a planlaşdırılıb. Bu, Trampın Ağ evə qayıdışından sonra iki lider arasında keçiriləcək səkkizinci görüş olacaq. Telekanalın iddiasına görə, Netanyahu Trampın İsrail qoşunlarının Livanın cənubu və Suriyadakı əlavə ərazilərdən çıxarılması ilə bağlı əvvəlki tələbini rədd etməyi planlaşdırır. O, bunu təhlükəsizlik zonalarından qoşunların çıxarılmasının İsrailin şimal bölgələrinin sakinlərini dərhal təhlükə altına salacağı ilə əsaslandıracaq.

Netanyahu iyulun 27-də İsraildən ABŞ-a yola düşməzdən əvvəl bildirib ki, Tramp ilə görüşdə gündəmdə olan bütün məsələləri, ilk növbədə isə İran mövzusunu müzakirə etmək niyyətindədir. Baş nazir təyyarəyə minməzdən əvvəl etdiyi çıxışda vurğulayıb ki, bu mürəkkəb dövrdə qətiyyət və müdrikliklə hərəkət etmək vacibdir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »