İran ABŞ-ın beş ay ərzində həyata keçirdiyi zərbələrdən sonra raket qüvvələrinin döyüş qabiliyyətini qoruyub saxlayıb və yeni şəraitə uyğunlaşa bilib.
Bizimyol.info xəbər verir ki, bu barədə “Financial Times” qəzeti ekspertlərə istinadən məlumat yayıb.
Analitiklərin sözlərinə görə, İran mühəndisləri bombardmanlardan sonra yeraltı bazaları qısa müddətdə bərpa etməyə nail olublar. Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş hərbi analitiki Cim Lemson hesab edir ki, İordaniyadakı ABŞ hərbi bazalarına endirilən və hərbçilərin ölümü ilə nəticələnən son zərbələr İranın ABŞ və ərəb ölkələrinin raketdən müdafiə sistemlərini yarmaq qabiliyyətini göstərir.
“Onlar orta mənzilli ballistik raketlərinin müdafiəni yarmaq imkanlarını və hədəfləmə dəqiqliyini artırmağa nail olublar. İran əvvəlki münaqişələrin təcrübəsinə əsaslanaraq həm texniki, həm də taktiki düzəlişlər edir”, – deyə Lemson bildirib.
Vaşinqton Yaxın Şərq Siyasəti İnstitutunun analitiki Fərzin Nədimi isə qeyd edib ki, “ballistik raketlərdən onların uçuşunun son mərhələsində müdafiə olunmaq getdikcə çətinləşir”. Ekspertin fikrincə, bunun üçün ABŞ İsrailin dəstəyinə ehtiyac duya bilər.
Qəzet yazır ki, ABŞ və İsrail bu ilin fevral ayının sonunda İrana zərbə endirdikdən qısa müddət sonra ABŞ müdafiə naziri Pit Heqset əməliyyatın məqsədlərindən birinin “İranın hücum raketlərinin və onların istehsal vasitələrinin məhv edilməsi” olduğunu açıqlamışdı.
Lakin “Financial Times”ın məlumatına görə, yüzlərlə ABŞ hava zərbəsindən beş ay sonra İran raket qüvvələrinin döyüş qabiliyyətini qoruyub və regiondakı hədəflərə, o cümlədən İordaniya, Küveyt, Bəhreyn, Səudiyyə Ərəbistanı və Qətərdə yerləşən obyektlərə yüksək dəqiqlikli zərbələr endirmək imkanını saxlayıb.
ABŞ-İran qarşıdurmasında növbəti gərginlik mərhələsi iyulun 8-də başlayıb. Vaşinqton və Tehran arasında memorandumun imzalanmasından sonra ilk dəfə ABŞ Silahlı Qüvvələri Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olaraq İslam Respublikasının ərazisinə bir neçə zərbə endirib.
Həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəsin dayandırıldığını açıqlayıb. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Omanda yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb. Tərəflər iyulun 24-də qarşılıqlı zərbələri dayandırıblar.
Bizimyol.info






