Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ailəni dağıdan pul deyilmiş – Əsl səbəb açıqlandı
Ailəni dağıdan pul deyilmiş – Əsl səbəb açıqlandı

Bir tərəfdən "əsas pul deyil, əsas diqqət və qayğıdır" fikri ön plana çəkilir, digər tərəfdən maddi təminatın ailənin davamlılığı üçün vacib olduğu vurğulanır. Mütəxəssislər hesab edirlər ki, sağlam ailə modeli nə yalnız maddi imkanlar, nə də təkcə emosional yaxınlıq üzərində qurula bilər. Əsas məsələ ailədə maddi məsuliyyət, qarşılıqlı hörmət və emosional dəstək arasında düzgün balansın yaradılmasıdır.

Psixoloq Rafiq Allahverdiyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, "əsas pul deyil, əsas diqqət, qayğı və münasibətdir" yanaşması birmənalı şəkildə doğru deyil. Onun sözlərinə görə, bu, insanların mal-mülk əldə etmək, qazanc qazanmaq, işləmək, arzularını reallaşdırmaq və öz prinsipləri əsasında yaşamaq əzmini zəiflədən düşüncə tərzidir.

"Cəmiyyətə belə bir fikir aşılanır ki, pul önəmli deyil, əsas diqqət, dəyər, qarşılıqlı hörmət və münasibətdir. Təbii ki, insan münasibətləri, sevgi, hörmət və qayğı çox vacibdir. Amma bunları maddi məsuliyyətdən tamamilə ayırmaq düzgün deyil", – deyə psixoloq bildirib.

Psixoloqun fikrincə, "ac ol, kişi ol" kimi yanaşmalar da insan psixologiyasına, bəşəri inkişaf qanunlarına və sosial münasibətlərin mahiyyətinə uyğun deyil. İnsan yaranandan bu günə qədər tədavül və mübadilə münasibətləri sistemi daxilində yaşayıb. Hələ ibtidai icma quruluşundan başlayaraq insanlar öz ehtiyaclarını ödəmək üçün əllərində olanı dəyişdiriblər.

"Əkinçi məhsul yetişdirib, onu başqa ehtiyaclarını ödəmək üçün dəyişib. Dulusçu hazırladığı qabı verib, əvəzində özünə lazım olan başqa məhsulu alıb. Maldar heyvanını və ya süd məhsullarını verib, buğda və digər ərzaqlar əldə edib. Sənətkar hazırladığı əşyanı təqdim edib, müqabilində öz ehtiyaclarını qarşılayıb. Yəni insan öz yaşaması, ailəsini təmin etməsi üçün öz imkanları, bacarığı və intellekti çərçivəsində çalışıb, istehsal edib, dəyişib və qazanıb.

Bu, normal sosial münasibət modelidir. İnsan passiv şəkildə oturub başqalarının onu təmin etməsini gözləməməlidir. Çünki belə yanaşma insanlarda məsuliyyət, borc və cavabdehlik hissini zəiflədir. Əvəzində "heç kim məni başa düşmür", "mənə baxan yoxdur", "anam, atam, qohumlarım, dövlət mənim qayğıma qalmalıdır" kimi düşüncələr güclənir.

Son dövrlərdə sosial yardımlar, uşaq pulu və digər sosial təminat məsələləri ilə bağlı müzakirələrin müəyyən hissəsində də bu yanaşmanın təsirini görmək mümkündür. Halbuki hər bir insan öz bilik və bacarığı çərçivəsində pul qazanmaq, özünün və ailəsinin ehtiyaclarını təmin etmək qabiliyyətində olmalıdır", – deyə o bildirib.

Psixoloq vurğulayıb ki, pul insan həyatında birinci yerdə dayanan məqsəd deyil, lakin vacib vasitədir. İnsan halal yolla qazandığı gəlirlə özünün, ailəsinin, övladlarının maddi, mənəvi, əxlaqi və sosial rifahını təmin edir. Pul insanın həyatını idarə edən yeganə dəyər deyil, ancaq həyatın davamlılığı üçün mühüm vasitələrdən biridir.

"Ona görə də 'pul qazanmaq önəmli deyil' demək düzgün yanaşma deyil. İnsan pul qazanmalıdır, çalışmalıdır, zəhmət çəkməlidir. Əsas məsələ pulun hansı yolla qazanılması və insanın qazanca münasibətidir", – deyə o qeyd edib.

Psixoloq bildirib ki, bəzən belə bir fikir irəli sürülür: kişi pul qazanır, çöldən yorğun gəlir, amma əsas məsələ onun qazandığı pulun miqdarı deyil, evdə necə qarşılanmasıdır. Guya kişi evdə rahatlıq tapmadıqda, diqqət və qayğı görmədikdə ailədən uzaqlaşır.

"Bu yanaşma birtərəflidir. Çünki burada bütün məsuliyyət qadının üzərinə qoyulur. Sanki kişi çöldə yaşadığı bütün problemləri, əsəbi, gərginliyi və davranış problemlərini evə gətirə bilər, qadın isə mütləq onu yaxşı qarşılamalı, çayını verməli, könlünü almalı və onun emosional yükünü daşımalıdır.

Bəs bu zaman qadının funksiyası və hissləri harada qalır? Qadın burada ikinci plana deyil, daha aşağı mövqeyə çəkilir. Kişinin öz xarakterindən, davranışından, iş həyatındakı problemləri idarə edə bilməməsindən və ya şəxsi səhvlərindən yaranan vəziyyətlərin məsuliyyətini qadının üzərinə qoymaq doğru deyil", – deyə o bildirib.

Psixoloqun sözlərinə görə, əgər insan çöldə yaşadığı problemləri idarə edə bilmir və emosional gərginliyini ailəsinə yönəldirsə, bunun səbəbi ailə deyil. İnsan öz davranışına və münasibətinə görə məsuliyyət daşımalıdır.

"Ailə üzvləri bir-birinə diqqət göstərməli, yorğunluğunu və çətinliyini anlamalıdır. Amma bu, yalnız bir tərəfin üzərinə düşən vəzifə deyil. Sağlam ailə qarşılıqlı hörmət, anlayış və məsuliyyət üzərində qurulur.

Bəzən insanlar ailədən soyumağı, başqa münasibətlər qurmağı və ya ailəyə qarşı məsuliyyətsiz davranmağı 'mənə diqqət göstərmədilər', 'məni başa düşmədilər' kimi səbəblərlə izah etməyə çalışırlar. Bu isə çox vaxt insanın öz davranışına bəraət qazandırmaq cəhdidir.

İnsan həm qazanc əldə etməyin, həm də ailənin dəyərini bilməlidir. O, ailəsini, həyat yoldaşını, övladlarını və yaxınlarını təmin etmək üçün işləməlidir. Amma qazandığı pula görə özünü ailədən üstün görməməlidir.

'Mən pul qazanıram, siz hamınız mənə borclusunuz, mənim sözüm keçməlidir' düşüncəsi sağlam ailə modeli deyil. Bu, patriarxal və qeyri-sağlam münasibət formasından yaranan yanaşmadır.

İnsan ailəsini özünün rahatlıq məkanı kimi görməlidir, amma bu rahatlıq başqalarının hesabına qurulmamalıdır. Kişi işləməli, pul qazanmalı, ailəsini təmin etməli, eyni zamanda öz emosiyalarını idarə etməyi bacarmalıdır. Qadın da ailədə dəyər görməli, onun hissləri və ehtiyacları da nəzərə alınmalıdır", – deyə o əlavə edib.

Rafiq Allahverdiyevin fikrincə, əsl problem pul qazanmaqda deyil, insanın həyatındakı prioritetləri düzgün müəyyənləşdirə bilməməsindədir. Pul da vacibdir, ailə də vacibdir, münasibətlər də vacibdir. Bunlardan birini digərinin qarşısına qoymaq düzgün deyil.

İnsan öz imkanları, bacarıqları və zəhməti ilə qazanc əldə etməli, eyni zamanda qazandığı dəyərlər içərisində ailəsinin, övladlarının və yaxınlarının yerini düzgün müəyyən etməlidir.

"Psixoloq Lev Vıqotskinin sosial inkişaf nəzəriyyəsinə görə də insanın şəxsiyyəti və davranışları sosial münasibətlər sistemi daxilində formalaşır. Yəni insanın sağlam inkişafı üçün həm maddi təminat, həm sosial məsuliyyət, həm də emosional münasibətlər vacibdir. Bu amillərdən yalnız birini ön plana çıxarmaq cəmiyyətdə və ailədə balansın pozulmasına səbəb olur.

Bütün nəzəriyyələrdən kənar yanaşaraq mənim fikrim budur ki, insan özünün dəyər verdiyi və dəyərli hesab etdiyi insanların maddi rifahının, eyni zamanda mənəvi rifahının yaxşılaşdırılması üçün çalışmalı və qazanmalıdır. İnsan işləməli, öz bacarığı və imkanları çərçivəsində qazanc əldə etməlidir.

Amma insan qazandığı maddi imkanları hansı məqsədlə əldə etdiyini də unutmamalıdır. O, ailəsi, övladları və dəyər verdiyi insanlar üçün qazandığını əsas gətirib onlara 'mən sizə baxıram, siz də mənə qulluq etməlisiniz, mənim qarşımdan əskik olmamalısınız' düşüncəsi ilə yanaşmamalıdır.

Bu yanaşma kişi psixologiyasının cılızlaşmasına gətirib çıxarır. Əslində belə düşüncə kişini güclü və məsuliyyətli obraz kimi deyil, daxili olaraq çarəsiz və zəif mövqedə göstərir. Kişi pul qazanmalı, ailəsini təmin etməli, amma bunu ailəsi üzərində üstünlük vasitəsinə çevirməməlidir", – deyə o əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »