Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda futbol klubunun satılması yerli icmanın etirazına səbəb olub
Azərbaycanda futbol klubunun satılması yerli icmanın etirazına səbəb olub

Yeni mövsümdə Azərbaycanın futbol üzrə I Liqasında Qarabağın yalnız bir təmsilçisi olacaq. “Xankəndi” yüksək liqaya çıxmaq üçün mübarizə aparacaq. Klub oyunlarını məhz Xankəndi şəhərində keçirəcək. “Cəbrayıl” isə I Liqada yerini qorusa da, daha bu adda çıxış edən klub olmayacaq. Həmtəsisçilər klubu satmaq qərarı verib. Sövdələşmənin baş tutduğu bildirilir.

Bizimyol.info xəbər verir ki, “Cəbrayıl”ı I Liqada “Gəncəbasar” əvəz edəcək. Daha dəqiqi, Qarabağ təmsilçisinin hüququ varisi Gəncənin yeni klubu olacaq. Bir müddət “Kəpəz”in İdarə Heyətinin sədri olmuş Namiq Qədirov ölkənin ikinci şəhərində iddialı klub yaratmaq qərarına gəlib. Bu halda mübarizəyə Region Liqasından başlamalı olacaqdılar. Amma “Cəbrayıl”ı almaq həm də Premyer Liqaya vəsiqə qazanmaq şansı yaradır. Eyni zamanda iki illik vaxt itkisinin qarşısı alınır.

“Kəpəz”dən tanıdığımız İlqar Nadiri “Gəncəbasar”da icraçı direktor vəzifəsini tutacaq. İş orasındadır ki, Gəncə klubunun azarkeşləri uğursuzluğa görə Nadirini ittiham edirdi. Onun “Gəncəbasar”da necə fəaliyyət göstərəcəyi maraqlıdır.

“Cəbrayıl”ın satılmasını yerli icma sakit qarşılamır. Ciddi etirazlar var. Vaxtında klubunu yanında olmuş şəxslər təsisçilərin doğru davranmadığını, cəbrayıllıların əməyinə hörmət qoymadığını bildirir. Həmtəsisçilər – Cavid Hüseynovla Şahin Məmmədov böyük tənqidlərlə üz-üzə qalıb. Əvvəlcə klubun 400 min manata satıldığı bildirilirdi. “Cəbrayıl”ın keçmiş əməkdaşı Azər Telman 370 min manatlıq sövdələşmə həyata keçirildiyini deyir.

“Cəbrayıl” elə ilk cəhddə Region Liqasının çempionu olmağı bacarmışdı. Azər Telmanın sözlərinə görə, sonradan komandanın dirçəlməsində yerli icmanın böyük rolu olub. “Füzuli” ilə həlledici qarşılaşma üçün cəbrayıllılar 20 min manat toplayıblar. “Cəbrayıl” II Liqada gümüş medal qazanmağı bacarıb.

“Elə bilirdik ki, ən çətin yol geridə qaldı. Sən demə, əsl sınaq məhz bundan sonra başlayacaqmış. Əvvəl klubun adını dəyişmək istədilər. Rayon rəhbərliyinin dəstəyi ilə buna imkan vermədik. Sonra isə klubun satılmaması üçün son günə qədər mübarizə apardıq. Bu dəfə bacarmadıq. Çünki bizim üçün Cəbrayıl sadəcə bir ad deyildi. Cəbrayıl vətən idi. Doğma yurd idi. Mübarizə idi. Qürur idi. Amma görünür, bəziləri üçün Cəbrayıl cəmi 370 min manatlıq bir sövdələşmə imiş. Bəs bu illər ərzində rayon rəhbərliyinin, sponsorların və Cəbrayıl camaatının komanda üçün xərclədiyi yüz minlərlə manatın, çəkilən zəhmətin, tökülən alın tərinin taleyi necə oldu? Bu sualın cavabını kim verəcək? Çünki satılan təkcə bir futbol klubu olmadı. Satılan Cəbrayıl futbolunun illərlə qazandığı etibar idi. Satılan azarkeşlərin inamı, ümidləri, qüruru idi. 370 min manat bəlkə kimlərinsə hesabını böyütdü. Unutmasınlar: pul stadion tikə, komanda qura, oyunçu transfer edə bilər, amma pul ləyaqəti ala bilər, nə vicdanı, nə də insanların hörmətini”.

Yerli icma təmsilçilərindən Uğur İsmayılov deyir ki, bu illər ərzində camaatın topladığı vəsaitlər geri qaytarılmalıdır. Fərid Əhmədli isə bütün hallarda bu adda komandanın ölkə futbol səhnəsinə qayıdacağına inam ifadə edir.

Cavid Hüseynov artıq “Araz-Naxçıvan”la müqavilə bağlayıb, yeni mövsümdən klubun baş məşqçisidir. Həmtəsisçilər tənqidlərə heç bir cavab vermir.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »