Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Məscidləri yandırmağa cəhd edirlər" – Britaniyadakı vəziyyət narahatlıq doğurur
"Məscidləri yandırmağa cəhd edirlər" – Britaniyadakı vəziyyət narahatlıq doğurur

Böyük Britaniyada məscidlərə qarşı hücumların və müsəlmanlara qarşı nifrət cinayətlərinin artması dini dözümlülük və ictimai təhlükəsizliklə bağlı narahatlıqları gücləndirir. Hökumət məscidlərin mühafizəsi üçün əlavə maliyyə ayırsa da, vəsaitlərin əldə olunmasındakı bürokratik maneələr və islamofobiyanın yüksəlişi problemin miqyasını göstərir. Mütəxəssislər hesab edirlər ki, təkcə təhlükəsizlik tədbirləri deyil, cəmiyyətdə nifrət ritorikasının qarşısının alınması da vacibdir.

  • Böyük Britaniyada artan islamofobiya ölkənin insan hüquqları və dini azadlıqlar sahəsində beynəlxalq imicinə necə təsir göstərə bilər?

Politoloq Əli Mustafa Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Böyük Britaniyada islamofobiya problemi mövcuddur və son dövrlərdə bir sıra radikal sağçı qrupların fəaliyyəti cəmiyyətdə müsəlman icmalarına qarşı mənfi rəyin formalaşmasına səbəb olur. Bu cür çağırışlar bəzi hallarda zorakılıq və terror xarakterli əməllərin ortaya çıxmasına şərait yaradır.

Onun sözlərinə görə, Böyük Britaniya demokratik dövlətdir və burada insan hüquq və azadlıqlarının qorunması yalnız deklarativ xarakter daşımır, dövlətin əsas prinsiplərindən biri hesab olunur. Buna baxmayaraq, son vaxtlar müsəlman icmalarına və məscidlərə qarşı vandalizm halları artıb. Məscidlərə hücumlar edilib, onlara zərər vurmağa, yandırmağa cəhd göstərilib, terror xarakterli hadisələr törətməyə cəhdlər olub.

“Dövlət bu hadisələrin qarşısını almağa çalışır. Onun sözlərinə görə, Britaniya hökuməti təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə təxminən 150 milyon dollardan çox vəsait ayırıb. Lakin bu addımlar kifayət etmir. Daha çox cəmiyyətdə nifrət ovqatı yaradan çıxışların və radikal ritorikanın qarşısı alınmalıdır. Bu proseslərdə birbaşa Britaniya hökumətindən daha çox ictimai qruplar, xüsusilə radikal sağçı mövqedə olan qüvvələr, eləcə də Yaxın Şərqdə baş verən hadisələrdən narazı olan şəxslər fəallıq göstərirlər. Bununla belə, rəsmi dairələrin də baş verən hadisələrin səbəblərini və məqsədlərini bildiyi şübhə doğurmur”, - deyə o bildirib.

Politoloq hesab edir ki, bu xoşagəlməz halların qarşısını almaq hökumətin əsas vəzifələrindən biridir. Vandalizmi kimin törətməsindən asılı olmayaraq, ölkədə təhlükəsizliyin təmin olunmasına görə məsuliyyət dövlətin üzərinə düşür. Bu hadisələr təkcə Britaniyanın daxili sabitliyinə deyil, həm də beynəlxalq nüfuzuna mənfi təsir göstərir.

O vurğulayıb ki, dünyada milyardlarla müsəlman yaşayır və Britaniyada baş verən belə hadisələr bütün müsəlman dünyasında narahatlıq doğurur, müsəlman icmalarını incidir. Bu isə Böyük Britaniyanın müsəlman ölkələri və müsəlman cəmiyyətləri arasında nüfuzuna mənfi təsir göstərir.

“İslam ölkələri də ingilislərə qarşı bu cür ritorika sərgiləmir. Buna görə də Britaniya hökuməti bu məqamı nəzərə almalı, ölkədə yaşayan müsəlmanların can və mal təhlükəsizliyini təmin etməklə yanaşı, radikal sağçı qrupların fəaliyyətinə qarşı daha təsirli tədbirlər görməlidir. Cəmiyyətdə gərginliyin artmasına imkan verilməməli, insanların normal həyat şəraitində yaşaması təmin olunmalıdır. Britaniya cəmiyyətində müəyyən sosial narazılıqlar və problemlər mövcuddur. Bəzən bu problemlərdən diqqəti yayındırmaq üçün müsəlmanlara qarşı aqressiv münasibətin gündəmə gətirilməsi cəhdləri müşahidə olunur. Bu yanaşma düzgün deyil və rəsmi qurumlar belə meyllərin qarşısını qətiyyətlə almalıdır”, - deyə o bildirib.

Əli Mustafanın fikrincə, ayrı-seçkiliyə, nifrətə və gərginliyə səbəb olan fəaliyyətlərə imkan verilməməlidir. Böyük Britaniyanın kifayət qədər resursları, nüfuzu və institusional imkanları var. Əgər ölkədaxili problemlər mövcuddursa, onlar açıq və dürüst şəkildə həll edilməlidir. Sosial problemlərin məsuliyyətini müsəlman icmalarının üzərinə yönəltmək və onları cəmiyyətin hədəfinə çevirmək doğru yanaşma deyil.

Politoloqun qənaətincə, dövlət beynəlxalq hüquqdan və öz qanunvericiliyindən irəli gələn öhdəlikləri tam yerinə yetirərsə, radikallaşma və vandalizm hallarının da qarşısı alınar. Böyük Britaniyada yaşayan müsəlmanların əhəmiyyətli hissəsi həmin ölkənin vətəndaşlarıdır və onlar heç bir ayrı-seçkiliyə məruz qalmadan, təhlükəsiz və rahat şəkildə həyatlarını davam etdirməlidirlər: “Böyük Britaniyanın yeni hökuməti və yeni baş naziri bu məsələləri nəzərə alaraq daha ciddi korrektələr edəcək və islamofobiya meyllərinin qarşısının alınması istiqamətində daha təsirli addımlar atacaq”.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »