Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputatdan sərt reaksiya: "Azərbaycan xalqının qanını tökəni necə siyasi məhbus adlandıraq?"
Deputatdan sərt reaksiya: "Azərbaycan xalqının qanını tökəni necə siyasi məhbus adlandıraq?"

Milli Məclis ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsində müzakirə olunan H.R. 9087 saylı qanun layihəsinə edilən Azərbaycan əleyhinə düzəlişləri qətiyyətlə rədd edib. Bəyanatda bu təşəbbüsün erməni lobbisinin təsiri ilə irəli sürüldüyü, Azərbaycanın suverenliyinə və məhkəmə sisteminə müdaxilə cəhdi olduğu vurğulanıb. Milli Məclis ABŞ konqresmenlərini beynəlxalq hüquqa hörmət etməyə və Cənubi Qafqazda sülh prosesinə zərər vura biləcək addımlardan çəkinməyə çağırıb.

  • Milli Məclis ABŞ Konqresində müzakirə olunan H.R. 9087 saylı qanun layihəsinə qarşı hansı əsas arqumentləri irəli sürüb?

Milli Məclisin deputatı Hikmət Babaoğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, təəssüf ki, Amerika Birləşmiş Ştatları kimi dünya siyasətini müəyyən edən superdövlətin Konqresində lobbiçilik fəaliyyəti bir növ ənənə halını alıb.

“Hər kəsə aydındır ki, bu proses müəyyən maliyyə təminatı müqabilində baş verir.

Ermənilər də uzun illərdir Konqresdə formalaşmış bu ənənədən Azərbaycan əleyhinə faydalanmağa çalışırlar. Lakin o hesab edir ki, indiki cəhd yersizdir və artıq ABŞ–Azərbaycan münasibətlərinə zərbə vurmaq imkanları aradan qalxıb.

Bu cür bəyanatlar sadəcə bəyanat olaraq qalır və onların hər hansı icra mexanizmi yoxdur. Onun sözlərinə görə, hüquqi baxımdan ABŞ Konqresində qəbul edilmiş hər hansı bəyanatın Azərbaycana təsir imkanları demək olar ki, sıfıra bərabərdir.

Məsələnin ən mənfi tərəfi beynəlxalq ictimai rəydə və bu məsələlərlə əlaqəsi olmayan siyasətçilər arasında Azərbaycanı antidemokratik ölkə kimi təqdim etməkdir.

Azərbaycanda guya hərbi əsirlərin olduğu, guya siyasi məhbusların olduğu barədə informasiyalar dövriyyəyə buraxılır. Bu ifadələri dırnaq içində işlədirəm. Məqsəd Azərbaycanın beynəlxalq imicinə kölgə salmaqdır. Məsələnin mahiyyəti də məhz bundan ibarətdir", – deyə o vurğulayıb.

H.Babaoğlu deyib ki, "siyasi məhbus" termini ümumiyyətlə beynəlxalq hüquqi terminologiyada mövcud deyil.

"Biz bunu dəfələrlə Avropada da bu məsələni manipulyasiya edən hüquqşünaslara, insan hüquqları təşkilatlarına bildirmişik. Amma yenə də bu proses davam edir. Bunun özündən də aydın olur ki, bu, Azərbaycana qarşı qərəzli mövqedir", – deyə deputat əlavə edib.

Onun sözlərinə görə, bütün hallarda Azərbaycana qarşı hər hansı bəyanat verilirsə, buna mütləq cavab verilməlidir.

"Mən düşünürəm ki, Azərbaycan tərəfi də, Milli Məclis də buna layiqli cavab verib. Çünki bizdə nə siyasi məhbus var, nə də hərbi əsir var", – deyə o bildirib.

H.Babaoğlu vurğulayıb ki, əgər bir ölkədə yaşayan hər hansı şəxs həmin dövlətin ərazi bütövlüyünü pozmağa çalışırsa, əlinə silah alaraq terrorçuluq fəaliyyəti ilə məşğul olursa, Azərbaycan torpaqlarını işğal edirsə, onu cinayətkar hesab etməmək mümkün deyil.

Deputat deyib ki, əgər dövlətə qarşı siyasi məqsədlər qoyulursa, Azərbaycanın bir hissəsində qeyri-qanuni silahlı birləşmələr yaradılır və həmin birləşmələrə rəhbərlik edilirsə, sonradan bu şəxslərin məsuliyyətə cəlb olunması onların qəbul etdikləri siyasi qərarlara görə deyil, törətdikləri əməllərə görə baş verir.

"Biz Azərbaycan xalqının qanını tökən, torpaqlarını işğal edən işğalçını və terrorçunu necə siyasi məhbus adlandıra bilərik?" – deyə deputat sual edib.

Sonda H.Babaoğlu bildirib ki, Amerikada da bunun fərqindədirlər. Bununla belə, onun fikrincə, ermənilər bu cür manipulyasiyaları davam etdirmək niyyətindədirlər.

"Ancaq əlbəttə ki, bunlar nəticəsiz qalacaq", – deyə deputat fikrini tamamlayıb.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »