İran Ukraynanı Xəzər dənizində İrana məxsus ticarət gəmisinə zərbə endirməkdə ittiham edib. Tehran hadisə nəticəsində bir ekipaj üzvünün öldüyünü, digərinin isə yaralandığını açıqlayıb.
Bizimyol.info xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda Ukraynanın hərəkətləri kəskin şəkildə pislənib.
“İran İslam Respublikasının Xarici İşlər Nazirliyi şənbə günü səhər saatlarında Ukrayna rejiminin Xəzər dənizində İranın ticarət gəmisinə hücumunu qətiyyətlə pisləyir. Hücum nəticəsində gəmidə partlayış baş verib, bir dənizçi həlak olub, daha biri isə yaralanıb”, – deyə bəyanatda bildirilib.
Tehran hesab edir ki, bu hadisə BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndinin pozulmasıdır və “aqressiya aktı” kimi qiymətləndirilməlidir.
İran Xarici İşlər Nazirliyi bildirib ki, ölkə Xəzər dənizindəki İran gəmisinə hücuma cavab olaraq qarşı tədbirlər görmək hüququnu özündə saxlayır.
Hadisə ilə bağlı Ukrayna tərəfindən rəsmi açıqlama verilməyib.
Bizimyol.info






