İran Yüksək Milli Təhlükəsizlik Şurasının baş katibi Məhəmməd Baqir Zülqədr İran qüvvələrinin hücumlarının davam edəcəyini açıqlayıb.
Bizimyol.info xəbər verir ki, İran rəsmisinin yaydığı bəyanata görə, ölkəsinin həyata keçirdiyi hərbi əməliyyatlar hədəfli şəkildə davam etdirilir.
“Bölgədə yüksələn hər tüstü sütunu ABŞ-a məxsus hərbi, təhlükəsizlik və ya maliyyə mərkəzlərindən birinin hədəfə alındığını göstərir”, – deyə Zülqədr bildirib.
Onun sözlərinə görə, İran döyüşçülərinin fasiləsiz hücumları “ayağa qalxan İran xalqının qlobal hökmranlıq sisteminə endirdiyi zərbələrdir”.
İran Yüksək Milli Təhlükəsizlik Şurasının baş katibi vurğulayıb ki, əməliyyatlar “düşmən tam təslim olana qədər” davam edəcək.
Zülqədr həmçinin Minabla Lamerd şəhərləri başda olmaqla, həlak olan uşaqların qanının qisasının alınacağını bildirib və hücumların “ilahi yardım sayəsində” davam etdiriləcəyini qeyd edib.
İran rəsmisinin açıqlamasında sözügedən hücumların konkret olaraq hansı tarixdə və hansı ərazilərdə həyata keçirildiyi barədə əlavə məlumat verilməyib. ABŞ və digər tərəflərdən isə bu iddialarla bağlı rəsmi açıqlama təqdim olunmayıb.
Bizimyol.info






