Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Rusiya Prezidenti Vladimir Putin iki ölkə arasında keçirilən XXII Regionlararası Əməkdaşlıq Forumu çərçivəsində ticarət və logistika sahəsində təqdim olunan rəqəmsal layihələrlə tanış olublar.
Bizimyol.info xəbər verir ki, Qazaxıstan liderinin mətbuat xidmətindən verilən məlumata görə, dövlət başçılarına mal dövriyyəsində şəffaflığın təmin edilməsi, daşınma proseslərinin rəqəmsallaşdırılması və avtomobil nəqliyyatında təhlükəsizliyin artırılmasına yönəlmiş layihələr təqdim edilib.
Təqdimat zamanı Tokayev və Putin məhsulların mənşəyinin təsdiqlənməsini və ticarət dövriyyəsinə nəzarətin şəffaflaşdırılmasını təmin edən rəqəmsal məhsul markalanması sistemi ilə tanış olublar.
Həmçinin prezidentlər daşınma prosesinin bütün iştirakçıları üçün vahid rəqəmsal platformanın yaradılmasını nəzərdə tutan Smart Cargo layihəsi və süni intellekt vasitəsilə nəqliyyat axınlarının fasiləsiz təhlilini həyata keçirən AI Jol vahid rəqəmsal platforması barədə məlumat alıblar.
Qazaxıstanın süni intellekt və rəqəmsal inkişaf naziri Jaslan Madiyev və Rusiya Baş nazirinin müavini Aleksey Overçuk xarici ticarətin səmərəliliyinin artırılması, eləcə də nəqliyyat-logistika infrastrukturunun inkişafı istiqamətində görülən işlər barədə məruzə ediblər.
Məlumata görə, Tokayev və Putin dəmir yolu, avtomobil və aviasiya sahələrində nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi üzrə birgə tədbirlər, həmçinin sərhəddə avtomobil keçid məntəqələrinin sinxron şəkildə modernləşdirilməsi perspektivləri barədə də məlumatlandırılıblar.
Bizimyol.info






