ABŞ və İran arasında qarşıdurma hərbi eskalasiya fonunda daha da dərinləşir.
Bizimyol.info xəbər verir ki, "The Wall Street Journal"ın yazdığına görə, hər iki tərəf münaqişəni genişləndirmək imkanına malik olsa da, həlledici üstünlük əldə etmək iqtidarında deyil. Analitiklər bunun müharibənin aylarla davam etməsi riskini artırdığını bildirirlər.
Nəşrin məlumatına görə, İrana bağlı Yəməndəki husilər Qırmızı dənizdəki Bab əl-Məndəb boğazından keçən gəmilərə hücumları artırıb. Bu isə dünya bazarında neftin qiymətinin iki ay ərzində ilk dəfə bir barel üçün 100 dolları keçməsinə səbəb olub.
Buna cavab olaraq ABŞ İran ərazisinə hava zərbələrini gücləndirib. Vaşinqton Tehranın Hörmüz boğazında gəmilərə hücumlarını davam etdirəcəyi təqdirdə nüvə obyektləri və mühüm infrastrukturun hədəfə alınacağını istisna etmir.
Ekspertlərin fikrincə, nə ABŞ, nə də İran hərbi yolla həlledici nəticə əldə edə bilər. Onların qənaətincə, tərəflər artıq hərbi imkanlarının son həddinə yaxınlaşıb və münaqişə daha çox qarşılıqlı təzyiq vasitəsinə çevrilib.
Qəzet qeyd edir ki, husilərin fəallaşması münaqişənin coğrafiyasını genişləndirərək beynəlxalq dəniz ticarəti və enerji bazarları üçün əlavə risklər yaradır. ABŞ isə paralel olaraq İrana qarşı iqtisadi təzyiqi artırmağa davam edir.
Analitiklər hesab edirlər ki, hazırkı vəziyyət tərəflərin hərbi deyil, siyasi və iqtisadi dözümlülüyünün sınağına çevrilib. Onların fikrincə, yaxın perspektivdə münaqişənin tezliklə başa çatacağına dair əlamətlər görünmür.
Bizimyol.info






