Hindistanın paytaxtı Yeni Dehlidə tələbə etirazlarının davam etməsi ilə əlaqədar təhlükəsizlik tədbirləri artırılıb.
Bizimyol.info xəbər verir ki, etirazlar imtahan materiallarının sızması ilə bağlı qalmaqaldan sonra başlayıb. Polis mənbələrinə istinad edən ANI agentliyi bildirib ki, şəhərin Cantar-Mantar meydanı və ətrafında orta hesabla 10 minə yaxın aksiya iştirakçısı toplaşır.
Asayişin qorunması üçün əraziyə 3 min polis əməkdaşı cəlb olunub. Etirazların keçirildiyi mərkəzi hissədə əlavə maneələr quraşdırılıb.
Səhər saatlarından etibarən Yeni Dehlidə 18 metro stansiyası bağlanıb. Həmçinin şəhərdə spirtli içkilərin satıldığı mağazaların axşam adi vaxtdan iki saat əvvəl bağlanmasına qərar verilib.
İyulun 25-də hökumət nümayəndələri ilə Cockroach Janta Party (CJP) hərəkatını təmsil edən etirazçılar arasında növbəti danışıqlar raundunun keçirilməsi planlaşdırılır.
Etirazçıların əsas tələbləri arasında təhsil naziri Dharmendra Pradhanın istefası, imtahan sızması səbəbindən intihar edən abituriyentlərin ailələrinə kompensasiya ödənilməsi, tələbələrə qarşı polis şikayətlərinin geri götürülməsi və məhkəmə proseslərinin dayandırılması yer alır.
Narazılıqlar ölkə üzrə tibbi qəbul imtahanının suallarının sızması ilə bağlı qalmaqaldan sonra başlayıb. Sızmaya görə may ayında keçirilməsi nəzərdə tutulan imtahan iyuna təxirə salınıb. Həmin imtahanda Hindistanın 550-dən çox şəhərindən 2,2 milyondan artıq gənc iştirak edib.
Polisin məlumatına görə, Yeni Dehlidə keçirilən aksiyalar zamanı 130 hüquq-mühafizə əməkdaşı və təxminən 65 tələbə xəsarət alıb. Hadisələrlə bağlı 15 cinayət işi qeydə alınıb.
Bizimyol.info






