Ukraynanın pilotsuz uçuş aparatlarından (PUA) geniş və effektiv istifadə etməsi müasir müharibənin gedişinə ciddi təsir göstərib. Lakin bu, dronların müharibədə həlledici silah olduğu anlamına gəlmir.
Bizimyol.info xəbər verir ki, "Politico" nəşrinin yazdığına görə, Ukraynanın təcrübəsi NATO ölkələri üçün mühüm nümunə olsa da, təkcə PUA-lara güvənmək təhlükəli yanaşmadır.
Məqalədə qeyd olunur ki, Ukrayna son aylarda dronlardan istifadə etməklə Rusiyanın neft emalı zavodlarına, neft terminallarına, hərbi obyektlərinə və "kölgə donanması"na aid gəmilərə zərbələr endirib. Bu əməliyyatlar uzaq məsafələrdə həyata keçirilib və nisbətən aşağı maliyyətlə böyük nəticələr verib.
Bu uğurlar səbəbindən bəzi ekspertlər dronları Avropa üçün "möcüzə silah" adlandırır və müdafiə strategiyalarının əsasını onların təşkil etməsini təklif edirlər. Bildirilir ki, bu yanaşma reallığı tam əks etdirmir.
İsveç Silahlı Qüvvələrinin Birləşmiş Əməliyyatlar Komandanlığının rəhbəri, vitse-admiral Eva Skuq Haslum bildirib ki, Ukrayna dron texnologiyalarının inkişafını sürətləndirsə də, pilotsuz sistemlər yalnız ümumi hərbi imkanların bir hissəsidir. Onun sözlərinə görə, gələcəkdə lazer və yüksək enerjili mikrodalğalı silahlar kimi yeni texnologiyalar dronlara qarşı effektiv vasitələrə çevrilə bilər.
İsveç Hərbi Dəniz Qüvvələrinin keçmiş zabiti Hans Qranlund isə xatırladıb ki, Ukrayna dronlar sayəsində Rusiyanın Qara dəniz donanmasını geri çəkməyə nail olsa da, öz donanması olmadığı üçün dənizə tam nəzarəti ələ keçirə bilməyib.
Bildirilir ki, dronlar zərbə, kəşfiyyat və logistika baxımından mühüm rol oynasa da, onlar tankları, artilleriyanı, hava hücumundan müdafiə sistemlərini, raketləri və hərbi gəmiləri əvəz edə bilməz.
Ukrayna daxilində də bu məsələyə yanaşmaların fərqli olduğu vurğulanır. Bildirilir ki, ölkədə bəzi hərbi və siyasi dairələr dron istehsalının daha da genişləndirilməsini dəstəkləsələr də, digərləri ənənəvi silahların və klassik ordunun hələ də həlledici əhəmiyyət daşıdığını düşünür.
Gələcəyin orduları pilotsuz sistemlərdən daha geniş istifadə edəcək. Lakin qələbə yalnız müxtəlif silah növlərinin, müasir texnologiyaların və ənənəvi hərbi imkanların birlikdə tətbiqi ilə mümkün olacaq. Dronları yeganə çıxış yolu kimi təqdim etmək siyasətçilərdə yanlış təsəvvür yarada və müdafiə xərcləri ilə bağlı səhv qərarlara səbəb ola bilər.
Bizimyol.info






