Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sənan Ağayev: “Gənc şahmatçılar üçün Vüqar Həşimov şahmat akademikidir”
Sənan Ağayev: “Gənc şahmatçılar üçün Vüqar Həşimov şahmat akademikidir”

Vüqar Həşimov 1986-cı il iyul ayının 24-də Bakı şəhərində anadan olub. O, Azərbaycanın ən güclü şahmatçılarından biri kimi tanınırdı. Vüqar Həşimov yüksək peşəkarlığı və uğurları ilə Azərbaycan şahmatının inkişafına böyük töhfə verib.

O 2002, 2004, 2006 və 2008-ci illərin Şahmat Olimpiadalarında Azərbaycan yığmasının tərkibində çıxış etmişdir. 2009-cu ildə Azərbaycan yığmasının heyətində Avropa Çempionu adını qazanmışdır.

Vüqar Həşimov 2014-cü il yanvar ayının 11-də müalicə aldığı Almaniyanın Heydelberq şəhərindəki klinikada vəfat edib. Onun xatirəsi bu gün də şahmatsevərlər tərəfindən hörmətlə yad edilir.

  • Gənc şahmatçılar onun uğurlarından nə öyrənə bilərlər?

Bu barədə Bizimyol.info xəbər portalına danışan Xəzər rayonu, Şağan Olimpiya-İdman Kompleksi, məşqçi-müəllim Sənan Ağayev bildirib ki, Vüqar Həşimovun dünyanın ən tanınmış oyunçuları ilə möhtəşəm qələbələri var: “Vüqar Həşimov dəfələrlə Ümumdünya İntellektual Oyunlar qalibi, dəfələrlə Azərbaycan çempionu olub. Avropa Komanda yarışı Vüqarın sayəsində əldə edilib. Ensiklopedik biliyə malik şahmat bilicisi olub. Bir neçə xarici dilləri mükəmməl bilirdi. Şahmatda həm strategiyası, həm də taktikası olduqca yüksək səviyyədə olub. Onun dünya şahmat elitasının ən tanınmış oyunçuları üzərində möhtəşəm qələbələri var”.

Sənan Ağayev deyib: “Gənc şahmatçılar üçün Vüqar Həşimov şahmat akademikidir. Vüqarın hər oyunu, istənilən partiyası ən gözəl dərs mövzusudur və dəyərli nümunədir. Şəxsən mənim hər bir dərsimdə Vüqar Həşimovun bir oyunu təhlil edilir, şagirdlərə isə həmin oyunlarla bağlı mütləq ev tapşırıqları verilir.

2024-cü ildən Vüqar haqqında, onun yaradıcılığına həsr olunmuş iki cildlik əsər yazıram, bu ilin sonuna bitirməliyəm”.

Sənan Ağayev əlavə edib: “Vüqar Həşimov haqqında nə qədər danışsaq belə, yenə də bitməz. Bu insan olduqca yüksək intellektə malik zəka sahibi idi. Həm şahmat qabiliyyəti, həm də yüksək insani keyfiyyətləri ilə seçilən bir insan idi”.

Allah rəhmət eləsin!

Günel Həsənova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »