Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ən qısa lətifə: Lavrovun vicdanı
Ən qısa lətifə: Lavrovun vicdanı

Bunu, gör, kim deyir - Rusiyanın xarici işlər naziri Sergey Lavrov. Özü də Filippində ABŞ-ın dövlət katibi Marko Rubio ilə 35 dəqiqəlik görüşdən sonra.

Həmin görüşdə Rubio Lavrova anladıb ki, Ankoric razılaşmaları bitib, qüvvədən düşüb. Yeni razılaşmalar lazımdır. Yəni ABŞ Ukraynanın ərazi güzəştlərinə getməsi şərti üzərində qurulmuş anlaşma düsturundan imtina edir. Çünki vəziyyət dəyişib; müharibədə hərbi təşəbbüs Ukraynanın tərəfinə keçib.

Lavrov isə otaqda bunu necə qarşılayıb, nə deyib, bilmirəm. Sadəcə, təxmin etmək olar. Amma çıxıb mikrofon qarşısında şirə-pəlıngə dönüb: "Bizim vicdanımız təmizdir" deyib. Yəni Marko Rubionun arxasınca danışıb, faktik olaraq, "vicdansız" elan edib.

"Vicdanımız təmizdir" deyəndə Sergey Viktoroviç təkcə özünü deyil, birinci növbədə öz prezidenti Vladimir Putini, Təhlükəsilik Şurasının katibi (keçmiş müdafiə naziri) Sergey Şoyqunu, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Valeri Gerasimovu və bu qəbildən olan başqa "yoldaş"ları da nəzərdə tutur. Hə, bir də əgər axşam çox içməyibsə və Lavrov açıqlama verəndə ayıq olubsa, TŞ sədrinin müavini Dmitri Medvedyevin vicdanı da tər"təmizdir". Lavrova inansaq, rus müharibə telekanalizasiyasının məşhur xadimini və xadiməsini - Solovyovla Simonyanı da unutmaq olmaz: onların da vicdanı təmizdir. Əlbəttə, əgər varsa.

"Utanmasan oynamağa nə var" deyəcəkdim, bunlarda utanan üz də yoxdur. Ukraynaya hücum edənlər, təcavüzü törədənlər, hər iki tərəfdən ümumilikdə (ən azı) 2 milyon adamın ölümünə, yaralanmasına, əsir və itkin düşməsinə, milyonlarla dinc insanın qaçqın və köçkün vəziyyətinə salınıb evsiz-eşiksiz, əsir-yesir qalmasına bais olanlar deyir: "Bizim vicdanımız təmizdir". Ukraynada onlarla şəhəri, yüzlərlə kəndi yer üzündən silənlər, on mindən çox Ukraynalı uşağı oğurlayıb aparanlar deyir: "Vicdanımız təmizdir". Xəstəxanaya raket atanlar, uşaq evini bombalayanlar, körpələrə belə aman verməyənlər deyir: "Bizim vicdanımız təmizdir"...

Qəribədir: yerli-dibli olmayan bir şey necə təmiz ola bilər?!

Seyid Əhmədli, bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »