Hava proqnozlarının dəqiq olmaması təkcə gündəlik planları pozmur, həm də insanların psixoloji vəziyyətinə ciddi təsir göstərir. Xüsusilə yağış proqnozuna görə həftəsonu planlarını ləğv edən insanların sonradan günəşli hava ilə qarşılaşması məyusluq və narazılıq hissi yarada bilər.
Bizimyol.info xəbər verir ki, Cənubi Koreyanın Pohanq Elm və Texnologiya Universitetinin alimləri bu reaksiyaların elmi əsaslarını araşdırıblar. Tədqiqatçılar 2023-cü ildə Yaponiya və Cənubi Koreyaya təsir göstərən "Khanun” tayfunu zamanı hava proqnozları ilə insanların emosional reaksiyaları arasındakı əlaqəni təhlil ediblər.
Araşdırma çərçivəsində 613 meteoroloji müşahidə stansiyasından əldə olunan məlumatlar sosial şəbəkələrdə paylaşılan 43 mindən çox mesajla müqayisə edilib. Nəticələr göstərib ki, proqnozlar reallığı əks etdirmədikdə insanlar fərqli emosional reaksiyalar nümayiş etdirirlər.
Tədqiqata əsasən, yağıntının faktiki vəziyyətdən daha çox proqnozlaşdırıldığı qərb bölgələrində insanlar saatlarla mümkün fəlakət qorxusu ilə yaşayıblar. Bu ərazilərdə narahatlıq və psixoloji yorğunluq hissi üstünlük təşkil edib. Yağış yağmasa belə, gözlənti nəticəsində yaranan stress insanların emosional tükənməsinə səbəb olub.
Əksinə, yağıntının olduğundan az proqnozlaşdırıldığı şərq bölgələrində insanlar gözlənilmədən baş verən əlverişsiz hava şəraiti ilə üzləşərək çaşqınlıq, acizlik və utanc hissi keçiriblər. Alimlər bildirirlər ki, proqnozdakı səhvin xarakteri insanların reaksiyasına birbaşa təsir göstərir
Müasir texnologiyalara baxmayaraq, hava proqnozları niyə bəzən doğru çıxmır?
Hava proqnozunun səhv çıxması nədən olur?
Bu barədə Bizimyol.info xəbər portalına danışan iqlimşünas, ekoloq Məhərrəm Mehdiyev bildirib ki, proqnozların səhv verilməsi bir reallıqdır: “Orda deyilir ki, alimlər bildirir ki, proqnozdakı səhvin xarakteri insanların reaksiyasına birbaşa təsir göstərir. Bəyəm hansı səhvin xarakteri insanların reaksiyasına təsir etmir? Məncə bütün səhvlərə qarşı reaksiya göstərilir.
Müasir texnologiyalara baxmayaraq, proqnozlarda səhvlərin verilməsinə gəldikdə, bu da bir reallıqdır. İndi dünyada baş verən iqlim dəyişiklikləri, vulkanik proseslər, La Nina və El Nino hadisələri milyon illərdir davam edən təbii proseslərdir. Bütün bunlar atmosferdə, yerin altında və yerüstü mühitdə baş verən dəyişikliklərə təsir göstərərək iqlimin, hava axınlarının və temperaturun dəyişməsinə səbəb olur.
Hazırda, keçən ilin əvvəlindən El Nino hadisəsinin təsiri ilə atmosferdə temperatur yüksəlməyə başlayıb. Sakit okeanda, Çili sahillərində baş verən bu hadisə Avropa istiqamətində təsir göstərərək orada temperaturun qalxmasına səbəb olub. Hazırda Fransa, İspaniya və başqa Atlantik okeanının sahil ölkələrində artıq temperaturun necə yüksək olması ilə müşahidə olunur”.
Məhərrəm Mehdiyevin sözlərinə görə, əvvəllər təbiət hadisələri fəsillərə uyğun olaraq dəyişirdi: “Ona görə də, məsələn, bu gün temperatur 32-33 dərəcədirsə, sabah Bakıda və ya rayonlarda onun 8-10 dərəcə aşağı düşməsi və ya 5-6 dərəcə yüksəlməsi kimi proseslər baş verə bilər. Bunların hamısı nisbilik nəzəriyyəsinin nəticələridir.
Yəni deyə bilərik ki, əvvəllər təbiət hadisələri necə baş verirdisə, buna uyğun olaraq yaz, yay, payız və qış fəsillərində temperatur da normal qaydada dəyişirdi. Əslində indi də belə olmalıdır. Halbuki görürük ki, artıq vəziyyət əvvəlki kimi deyil.
Bütün bu dəyişmələr, hadisələr hətta mən deyərdim ki, Amerika ilə İran arasında baş verən hərbi gərginlik zamanı raket və dronlardan istifadədə, yəqin ki, atmosferdə küləklərin istiqamətinin dəyişməsinə səbəb olur.
Azərbaycan üçün isə vəziyyət belədir ki, ölkəmizə əsasən şimaldan və cənub-qərbdən atmosfer hava cərəyanları gəlir və hava şəraiti də bu cərəyanların istiqamətindən asılı olaraq dəyişir”.
Məhərrəm Mehdiyev vurğulayıb: “Hal-hazırda Qara dəniz və Aralıq dənizi istiqamətindən atmosfer hava cərəyanları gəlir. Bu isti hava kütlələri tədricən Azərbaycana, buradan isə Orta Asiyaya doğru hərəkət edir. Daha sonra Orta Asiyadakı yüksək dağların maneəsi nəticəsində həmin hava axınları əks istiqamətdə dönərək yenidən Azərbaycana, buradan isə Qara dəniz və Aralıq dənizi istiqamətinə yönəlir. Bu prosesləri dəqiq müşahidə etmək çətindir. Hava axınlarının nə vaxt gələcəyini və nə vaxt geri qayıdacağını dəqiq proqnozlaşdırmaq mümkün olmur.
Bunlar mürəkkəb proseslərdir. Ona görə də temperaturu və ya yağıntını tam dəqiqliklə proqnozlaşdırmaq çətindir. Hərçənd,
Hidrometeorologiya Xidməti son 5-10 il ərzində proqnozların dəqiqlik səviyyəsini xeyli artırsalar da, 95-100 faizə çata bilməzlər. Çünki müxtəlif təbii hadisələr və proseslərin gedişi həmişə hava şəraitinin göstəricilərini dəyişdirəcək”.
Məhərrəm Mehdiyev əlavə edib: “Bu mənada tədqiqatlar normal nəticələr əldə edib. Belə də olmalıdır. Bu həyatın nəbzidir, həyat tərzimizdir. Əlbəttə, kimin xoşuna gələr ki, proqnoz səhv olsun. Tutaq ki, adam bilet alıb ki, Qəbələyə gedəcək və proqnoz verilib ki, aydın gün, yağışsız hava və s. olacaq. Bir ətək pul verir, ancaq görür ki, yağış yağır, külək əsir, çölə çıxmaq olmur. Ona görə düşünürəm heç təcrübə aparmadan da, bu reallıq bunu göstərir. Aparılan bu tədqiqat özü elə bir əziyyətdir”.
Günel Həsənova, Bizimyol.info






