Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran XİN: "ABŞ-yə dəstək verən ölkələr İrana qarşı təcavüzün iştirakçısı sayılır"
İran XİN: "ABŞ-yə dəstək verən ölkələr İrana qarşı təcavüzün iştirakçısı sayılır"

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Beqai ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbərinin bəyanatına münasibət bildirib.

APA xəbər verir ki, İsmail Beqai bu barədə "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Onun sözlərinə görə, CENTCOM rəhbəri Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Qətər, Küveyt, Səudiyyə Ərəbistanı və İordaniyanın ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarında iştirak etdiyini açıq şəkildə bəyan edib.

"Əgər ABŞ-nin bu iddiası həqiqətə uyğun deyilsə, adıçəkilən dövlətlər bunu rəsmi və şəffaf şəkildə təkzib etməlidirlər", - Beqai vurğulayıb.

İran XİN sözçüsü bildirib ki, belə şəraitdə İran həmin ölkələrin ərazisində yerləşən ABŞ hərbi bazaları və obyektlərinə zərbə endirməklə özünün qanuni özünümüdafiə hüququndan istifadə edərsə, "İran bunu niyə etdi?" sualını vermək qeyri-səmimi və əsassızdır.

Beqai qeyd edib ki, regionda mövcud təhlükəsizlik böhranı və müharibənin əsas səbəbi ABŞ və İsrailin İrana qarşı davam edən hücumlarıdır.

O əlavə edib ki, sözügedən ölkələr öz ərazilərindən ABŞ-nin İrana qarşı hərbi əməliyyatları üçün istifadə edilməsinə imkan verməklə BMT Baş Assambleyasının 3314 saylı "Təcavüzün tərifi" qətnaməsinə əsasən özləri də təcavüz aktı törətmiş olurlar. Onun sözlərinə görə, bu addımlar həmçinin mehriban qonşuluq prinsipini və BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndini pozur.

İran rəsmisi sonda vurğulayıb ki, ölkəsinin qanuni özünümüdafiə tədbirləri bütün regionda təhlükəsizliyin və sabitliyin bərpasına yönəlib. (Apa.az)

Son xəbərlər
Bütün xəbərlər »