İranda saxlanılan iki Fransa diplomatı iyulun 22-də ölkəsinə geri dönüb.
Bizimyol.info xəbər verir ki, Fransanın xarici işlər naziri Jan-Noel Barro bildirib ki, diplomatlar hadisədən sonra şok vəziyyətində olublar və onlara lazımi dəstək göstərilir.
Fransa səfirliyinin əməkdaşları İranda vətəndaş cəmiyyətinə dəstək proqramlarının hazırlanması ilə məşğul olublar. Barro onların heç bir əsaslı səbəb olmadan saxlanıldığını və təxminən dörd saat ərzində rabitə vasitələrinə çıxış olmadan tutulduqlarını bildirib.
Nazirin sözlərinə görə, diplomatlardan biri İran hakimiyyətinin nümayəndələri tərəfindən təzyiqə, kobud rəftara və fiziki zorakılığa məruz qalıb.
“Diplomatlara qarşı hücumlar qəti şəkildə yolverilməzdir və pislənilməlidir”, – deyə Barro bildirib. O qeyd edib ki, baş verənlər Fransanın İran vətəndaş cəmiyyətinə dəstək fəaliyyətinə qarşı yönəlmiş addımdır.
Fransanın xarici işlər naziri İranın hərəkətlərini “qanunsuz və qəbuledilməz” adlandıraraq, Parisin hadisəyə cavab olaraq bütün mümkün variantları nəzərdən keçirdiyini bildirib.
Bununla yanaşı, Barro Fransanın vəziyyət imkan verən kimi Hörmüz boğazına qüvvələr göndərməyə hazır olduğunu açıqlayıb. Onun sözlərinə görə, məqsəd minalardan təmizləmə əməliyyatları aparmaq və dəniz nəqliyyatının təhlükəsizliyinə kömək etməkdir.
Qeyd edək ki, Fransanın İrandakı səfirliyi əməkdaşlarının saxlanılması barədə məlumatı Jan-Noel Barro iyulun 20-də açıqlamışdı.
Bizimyol.info






