Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hüsamettin İnaç: "Türkiyə artıq NATO-nun əsas aktorudur, bu da İsraili narahat edir"
Hüsamettin İnaç: "Türkiyə artıq NATO-nun əsas aktorudur, bu da İsraili narahat edir"

İsrailin Diaspora naziri Amichai Chikli-nin “Türk ordusu ilə dənizdə birbaşa qarşıdurma yaşana bilər. Bu, mümkünsüz ssenari deyil, hətta sabah belə baş verə bilər” açıqlaması Ankara-Təl-Əviv xəttində gərginliyin yeni mərhələyə keçə biləcəyi ilə bağlı müzakirələri artırıb.

Sərt ifadələr iki ölkə arasındakı diplomatik və təhlükəsizlik böhranının daha da dərinləşə biləcəyi ilə bağlı narahatlıqları gündəmə gətirib.

  • Bəs bu açıqlamalar real hərbi qarşıdurma ehtimalına işarə edir, yoxsa daha çox siyasi və psixoloji təzyiq məqsədi daşıyır?

Türkiyəli politoloq Hüsamettin İnaç Bizimyol.info xəbər portalına bildirib ki, 2026-cı il iyulun 28-də Ankarada keçiriləcək NATO sammiti Türkiyənin beynəlxalq təhlükəsizlik sistemindəki rolunun dəyişməsi baxımından mühüm mərhələ olacaq.

Politoloqun sözlərinə görə, Türkiyə artıq NATO daxilində sadəcə qanad ölkəsi deyil, alyansın mərkəzi aktorlarından birinə çevrilir və Avropanın təhlükəsizlik və müdafiə arxitekturasının formalaşmasında əsas rol oynayacaq.

“Türkiyənin bu yüksələn mövqeyi İsrail-Türkiyə münasibətlərində gərginliyi artıran amillərdən biridir. Türkiyə 2023-cü il oktyabrın 7-dən sonra İsrailin Qəzzadakı siyasətini ən sərt şəkildə tənqid edən ölkələrdən biri olub və İsrailin hərbi əməliyyatlarını beynəlxalq platformalarda gündəmə gətirib.

Ankara İsrailin siyasətinə etiraz olaraq ticarət əlaqələrini dayandırıb, diplomatik münasibətləri məhdudlaşdırıb və Avropa, Yaxın Şərq və digər bölgələrdə İsrailə qarşı yaranan reaksiyanın əsas mərkəzlərindən birinə çevrilib”-deyə o bildirib.

Onun sözlərinə görə, 2025-ci ildə Şarm əl-Şeyxdə keçirilən görüşlərdə atəşkəs prosesində Türkiyənin mühüm rol alması və HƏMAS-la bağlı danışıqlarda vasitəçi kimi çıxış etməsi də İsrailin narazı qaldığı məsələlərdən biri olub.

“Livanda sabitliyin təmin olunması, atəşkəs prosesinin qorunması və regional təhlükəsizlik mexanizmlərinin yaradılmasında Türkiyənin aktiv mövqeyi də İsrail üçün ciddi geosiyasi çağırışdır.

ABŞ Prezidenti Donald Trampın Türkiyəyə qarşı tətbiq edilən bəzi sanksiyaların aradan qaldırılması, Türkiyənin F-35 proqramına geri qayıtması, F-16 modernləşdirilməsi və yeni nəsil F-16 təyyarələrinin verilməsi ilə bağlı müsbət mesajlar verməsi İsraildə narahatlıq yaradıb.

Uzun illər ərzində ABŞ Yaxın Şərqdə İsrailin hava üstünlüyünü qorumağa çalışıb. Hətta Körfəz ölkələrinə verilən hərbi texnologiyalar belə İsrailin üstünlüyünü qoruyacaq şəkildə məhdudlaşdırılıb. Lakin Türkiyənin milli müdafiə sənayesində əldə etdiyi uğurlar, öz döyüş təyyarəsi layihələri və Kızılelma kimi sistemləri inkişaf etdirməsi bölgədə hərbi balansı dəyişdirən amilə çevrilir”, - deyə Hüsamettin İnaç bildirib.

Politoloq vurğulayıb ki, bu proses İsrailin ABŞ daxilində əvvəlki təsir imkanlarının zəifləməsi kimi qiymətləndirilə bilər.

Onun sözlərinə görə, Vaşinqton və Təl-Əviv arasında son dövrlərdə müəyyən fikir ayrılıqları yaranıb və bunun əsas səbəblərindən biri Benyamin Netanyahunun siyasətidir.

“Netanyahu ABŞ-ın regional maraqlarından daha çox İsrailin təhlükəsizlik prioritetlərini ön plana çıxarır və Vaşinqtonun Yaxın Şərq siyasətinə təsir etməyə çalışır.

İran məsələsi də ABŞ-İsrail münasibətlərində ciddi fikir ayrılığı yaradan mövzulardan biridir. İsrail rəhbərliyi ABŞ-ı İranla bağlı daha sərt addımlar atmağa sövq edib, lakin proses gözlənilən nəticəni verməyib.

Bu vəziyyətdə Türkiyə ABŞ üçün alternativ və güclü regional tərəfdaş kimi ön plana çıxır. Türkiyənin Afrika, Yaxın Şərq, Qafqaz və Şərqi Aralıq dənizində həyata keçirdiyi siyasət, eləcə də müdafiə sənayesində qazandığı uğurlar Vaşinqtonun diqqətini çəkir”, - deyə politoloq bildirib.

Hüsamettin İnaç deyib ki, Türkiyənin regional təsirinin artması İsrail üçün ciddi geosiyasi çağırışdır.

Onun sözlərinə görə, İsrail uzun illər ərzində hava üstünlüyünü əsas güc elementi kimi istifadə edib, lakin Türkiyənin hərbi texnologiyalar sahəsində inkişafı bu balansı dəyişə bilər.

Politoloq deyib ki, xüsusilə Suriyada Türkiyənin artan rolu İsraildə narahatlıq yaradan əsas məsələlərdəndir. “Türkiyənin Suriyada yeni siyasi proseslərdə aktiv iştirakı və təhlükəsizlik məsələlərində artan təsiri İsrailin bölgədəki planlarına təsir edir.

Türkiyə ilə İsrail arasında birbaşa hərbi qarşıdurma ehtimalı aşağıdır.

ABŞ belə bir qarşıdurmanın baş verməsinə imkan verməyəcək, çünki bu, bütün region üçün böyük təhlükə yaradacaq və Vaşinqtonun Yaxın Şərqdəki mövqelərinə ciddi zərbə vura bilər.

İsrailin Cənubi Kipr və Yunanıstanla hərbi əməkdaşlığını genişləndirməsi də Türkiyədə narahatlıq doğuran məsələlərdəndir”-deyə o əlavə edib.

Şərqi Aralıq dənizində formalaşan bu əməkdaşlıq formatları Ankara tərəfindən Türkiyənin regional maraqlarına qarşı addım kimi qiymətləndirilir.

Hüsamettin İnaç hesab edir ki, Türkiyə son illərdə müdafiə sənayesində böyük inkişaf əldə edib, xarici asılılığını azaldıb və regional çağırışlara daha müstəqil cavab vermək imkanına sahib olub.

Politoloqun sözlərinə görə, Türkiyə ilə İsrail arasında genişmiqyaslı müharibə ehtimalı yoxdur, lakin siyasi və diplomatik gərginlik davam edəcək. O qeyd edib ki, İsrailin bölgədə əvvəlki güc balansını qorumaqda çətinlik çəkməsi yeni geosiyasi reallıqların formalaşdığını göstərir.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »