Çin Sədri Si Cinpinin ABŞ-yə sentyabr ayında planlaşdırılan səfəri Çinin xarici işlər naziri Van İ və ABŞ-nin dövlət katibi Marko Rubionun Maniladakı danışıqlarının əsas mövzularından biri olub.
"Report" xəbər verir ki, Rubio və Van İnin Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) xarici işlər nazirlərinin görüşü çərçivəsindəki danışıqları təxminən saatyarım davam edib.
M.Rubionun sözlərinə görə, tərəflər Si Cinpinin Vaşinqtona qarşıdakı səfərinə hazırlığı, eləcə də uğurlu danışıqların əsası ola biləcək əməkdaşlıq istiqamətlərini müzakirə ediblər.
O qeyd edib ki, Vaşinqtonla Pekin arasında fikir ayrılıqları qalmaqdadır, lakin hər iki tərəf onların həlli üzərində işləmək və əməkdaşlıq yollarını axtarmaq niyyətindədir.
Öz növbəsində, Van İ iki ölkə liderlərinin əldə etdiyi razılaşmalara əməl edilməsinin, ikitərəfli münasibətlərdəki maneələrin aradan qaldırılmasının və əldə olunmuş konsensusun praktiki şəkildə reallaşmasına nail olmağın zəruriliyini vurğulayıb.






