151 il əvvəl əsası qoyulan Azərbaycan milli mətbuatı bu gün də cəmiyyətin informasiya təminatında və ictimai fikrin formalaşmasında mühüm rolunu qoruyub saxlayır. Sürətlə dəyişən informasiya mühitində medianın üzərinə düşən məsuliyyət daha da artıb, peşəkarlıq və analitik yanaşma əsas tələblərdən birinə çevrilib. Milli mətbuatın keçdiyi tarixi yol, qazandığı nailiyyətlər və müasir dövrdə üzləşdiyi çağırışlar isə bu gün də aktual müzakirə mövzusu olaraq qalır.
Milli Məclisin deputatı Hikmət Babaoğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, milli mətbuatımız 151 illik tariximizin səlnaməsini yaradıb.
151 il ərzində ölkəmizin tarixində, mədəniyyətində, sosial həyatında, ictimai həyatında baş verənləri qəzet səhifələrinə daşımaqla mühüm bir mərhələni başa vurub.
Deputatın sözlərinə görə, hazırda isə ənənəvi klassik mətbuatımızın davamçısı olan yeni media subyektləri eyni fəaliyyəti müxtəlif formatlarda, müxtəlif texniki vasitələr üzərindən həyata keçirir.
Ona görə də 151 il ərzində əgər analiz etməyə çalışsaq, Azərbaycan mətbuatı çox müxtəlif mərhələlərdən keçib, bəzən yeni funksiyalar qazanıb, bəzən yeni imkanlar əldə edib, bəzən təqdiblərə məruz qalıb, bəzən qlavlitlərdən, bəzən senzuralardan keçməli olub.
Amma bütün bunları yaşaya-yaşaya həm də əsas qayəsini həyata keçirib, cəmiyyəti məlumatlandırmağı, maarifləndirməyi bacarıbdır.
Hikmət Babaoğlu bildirib ki, milli mətbuatımızın 1 əsr yarımlıq tarixində ən yadda qalan mərhələlərdən biri müstəqillik dövrüdür: “1996-cı ildə Ulu Öndər Heydər Əliyev tərəfindən senzuranın ləğv edilməsidir və 1995-ci ildə Azərbaycan Respublikasının Birinci Milli Konstitusiyasında söz və mətbuat azadlığının konstitusion səviyyədə tanınması və hüquqlaşdırılması, hüquqa çevrilməsi hadisəsidir”.
Deputat deyib ki, bu gün Azərbaycanda peşəkar jurnalistlərin qələminin məhsulu olan milli media məzmunu var; müxtəlif media subyektlərinin səhifələrində, qəzet səhifələrində və digər internet resurslarında bu məzmun, bu kontent, şübhəsiz ki, ilk növbədə məlumat əldə etmə, ötürmə funksiyasını yetirsə də, amma hazırkı mərhələdə daha yeni funksiyalar və imkanlar əldə edib.
Onun sözlərinə görə, bu gün jurnalistlərin işi bir qədər daha da çətinləşibdir, çünki onlar istəsələr də, istəməsələr də, informasiyaya sadəcə informasiya kimi baxa bilmirlər; çünki informasiya mətbuatın xammalı olmaqla çox maraqlı bir vasitədir: “ İnformasiya müəyyən mesajla yüklənir, insanın psixoloji əhval-ruhiyyəsinə təsir edəcək kontent verilir; milli mövqenin və milli mənafelərin qorunmasının əleyhinə olan sətraltı məzmun yüklənir və beləliklə, bu gün hər hansı bir xəbərin xammalı hesab olunan informasiyanı emal edib, təhlil edib, onu oxucuya çatdırmaq daha da çətinləşib”.
Hikmət Babaoğlu bildirib ki, bu mənada bu gün Azərbaycan media mənsublarından yüksək intellekt, analiz etmə qabiliyyəti, analitik təfəkkür tələb olunur və sevindirici haldır ki, bu gün Azərbaycan media mənsubları bunun öhdəsindən gələ bilir, informasiya təhlükəsizliyimizi təmin edə bilirlər.
“Bu səbəbdən də milli mediamız həm dövlətimiz tərəfindən himayə edilir, həm də xalqımız tərəfindən sevilir”-deyə deputat fikrini yekunlaşdırıb.
İradə Cəlil, Bizimyol.info






