Müsahibim sözün cazibə qüvvəsi ilə cəmiyyətin düşüncəsini doğru istiqamətə yönəldən publisist, yazıçı Bahəddin Həzidir.
Öz doğum günündə mənə hədiyyə etdiyi “Göyün cazibə qüvvəsi” kitabı ilə yaxından tanıdım Bahəddin Həzini. Uzun illərdən sonra mənə hədiyyə edilən ilk kitab oldu. İmzasını rəğbətlə izlədiyim jurnalistin həm də publisistikası ilə tanış olmaq imkanım yarandı. Adının mənasını hər səhifəsində, hətta hər cümləsində doğruldan bu kitabın cazibə qüvvəsi mütaliəyə doymaq bilməyən aclıq hissi yaratdı.
Müəlliflə tanış olmağımızın səbəbkarı Seyran Səxavət (təmtəraqlı təqdimata ehtiyacı olmadığından, sadəcə, adını qeyd etdim) kitabın ön söz yazısında deyir:
“... arzu şəkilli bir “iradım” da doğuldu, gərək əvvəldə yazaydı: “Əsəbi zəif olan adamların oxumağı məsləhət deyil”... Ancaq yenə özü bilən məsləhətdir – Sözə qarşı o cür “qəddar” olan müəllifin “humanistliyinə” inanmağım gəlmədi.”
Mən isə Sözə “yazığı gəlməyən” bu “qəddar” müəllifi oxucunun zehninə, qəlbinə ziya toxumu səpən, zəhmətsevər bir Əkinçiyə bənzətdim. Səpdiyi toxumların tez ya da gec, amma mütləq cücərəcəyinə inanan Əkinçi – Bahəddin Həzi.
- Bahəddin bəy, Seyran Səxavət Sizdən niyə şübhələnib?
Bahəddin Həzi: Seyran Səxavət hamıdan "şübhələnir". Elə özündən də.
- Özündən niyə?
B.H: Niyəsini deyim. Məsələn, bir cavan oğlan və ya qız gəlir yanına, Seyran Səxavət onun şeirini oxuyur, gələcəyindən "şübhələnir": şair olacaq bu gənc, ya yox? Yaxşı şübhədir. Məndən isə ona görə "şübhələnib" ki, deyəsən, bundan əvvəl Yer üzünə artıq bir neçə dəfə gəlmişəmmiş.
Mən niyə ondan "şübhələnmişəm" deyə soruşsanız, o da başqa sualdır.
- O zaman, elə o “başqa sualı” da cavablandırın, zəhmət olmasa.
B.H: Həə... Mən də onun yubileyinə bir yazı yazmışdım, başlığı da belə idi: "Ədəbiyyat-adamdan niyə şübhələndim?!" Orda bu suala cavab vermişəm: "mən də səksən yaşlı bu cavan oğlandan "şübhələndim": deyəsən, axı bu talantlı yazıçının "ömür sayğacı" tərsinə işləyir - təqvim səksən yaş göstərir, özü isə bu rəqəmin yarısını. Nə iş?! Bəlkə "sayğac"a "müdaxilə" var?!"
- Bahəddin bəy, tez-tez "şübhələnirsiz"?
B.H: Demək olar həmişə.
- Nədən və ya kimdən? Niyə?
B.H: İnsan ən çox özündən şübhələnir. Vicdanınla danışmaq bu şübhədən doğur. İnsan üzdə dünyanı, içəridə özünü həmişə sorğulayır. Bu, normaldır. Siyasət də şübhə üzərindədir: vətəndaş hökumətindən şübhələnməsə, onu dəyişmək istəməz ki Demokratiyanın mayasında şübhə var. Bir insanı yanlış yoludan döndərməyin ən doğru yolu onda getdiyi səmtə şübhə yaratmaqdır. Uşaqlar da şübhəyə düşmüşdülər: it hürən tərəfə getsinlər, ya işıq gələn tərəfə?! Cırtdandan soruşdular, o da işıq gələn tərəfi göstərdi. Ancaq gedib, Divə rast gəldilər. Aristotel məntiqi işıq gələn tərəfi göstərirdi. Bir də Lütvi Zadə məntiqi var: it hürən tərəfdə işıq da gələ bilər. Çünki it ev heyvanıdır, evdə isə işıq olur. Gecə o işıq sönmüş ola bilər, o demək deyil ki, yanmayacaq. Siyasətə elə-belə toxunmadım: müxalif insanın şüuruna təsir etməklə ondakı fanatiki analitikə, sonunda, skeptikə çevirirsən ki, doğru seçim edə bilsin. Neytralı da həmçinin. Çünki neytral - ən şübhəli adamdı.
Bir əlavə edəcəm: mən həmişə şübhələnirəm: doğrudanmı, doğru yaşayıram?
Bir essemdə yazmışdım: "Biz bəzən həyatımızı insanlarla o qədər çox doldururuq ki, yaşamaq üçün özümüzə yer qalmır". Şübhədir, elə deyilmi?!
- Bəlkə yalnızlıqdan qorxduğumuz üçün həyatımızda özümüzə yer saxlamırıq?
B.H: Ən böyük yanlışımız da elə budur: yalnızlıqdan qorxmaq! Yalnızlıq - yalnız deyil. Cürbəcür yalnızlıqlar var. "Tənhaların planeti"ndə yazmışdım: "Yaradıcılıq xoşbəxt, ya da elə bədbəxt tənhalığın olayıdır. Allah özü də yaradıcı yalnızlığın gücüdür". Biz yalnızlıqdan bir bədheybət düzəltmişik. Ancaq özü ilə tək qalmağı bacaran insan ən güclü insandır. Biz isə, dediyim kimi, bəzən həyatımızı insanlarla o qədər çox doldururuq, axırda o izdihamın içində tənha qalırıq. O boş çoxluqda "yoxa çıxırıq". Əslində isə Artur Şopenhauerin sözləri ilə desəm, biz təkcə sahib olduqlarımızla yox, sahib olmadıqlarımızla da varlıyıq. Mənim ölkənin çox yerində sahib olduğum öz evim yoxdur, ancaq ölkənin çox yerində mənə sahib çıxacaq ev var: doğmalarımın evi, dostlarımın evi, oxucularımın evi. Mən ölkənin harasına getsəm, açmağa bir qapım var. Varlı olmaq bu deyil?!
Yeri gəlmişkən, bəşəriyyət Şopenhauerin: "Xoşbəxt olmaq üçün çox şey lazım deyil" düsturu üzrə yaşasaydı, korrupsiyanın kökünü çoxdan kəsərdi.
Dünyanı filosoflar idarə etmədiyi üçün dünya getdikcə idarəetmədən çıxır. Gah o ağaca çırpılır, gah o qayaya, gah o daşa...
Sizcə, dünyanı kim idarə edir?
- Kim?
B.H: "Dünyanı keçmişdəki kimi filosoflar idarə etmir artıq. Heç filoloqlar da idarə etmir. Dünyanı degenerat generallar, siyasi polismenlər və həris biznesmenlər idarə edir. Ona görə də dünyanın bir yerində atılan güllə hər yerində hər kəsə dəyir".
Bunu bir essemdə yazmışam.
Dünyanı bəşəriyyətin 90 faizinin yaratdığı dəyəri mənimsəmiş 10 faiz idarə edir. Üstəlik Tanrının verdiyi bütün təbii sərvətlərin üstündə oturub dimdikləyən quzgun sürüsü.
- Bəlkə də dövrümüzdə filosof və ziyalının mənəvi dəyəri ucuzlaşdırılıb, bir status, bir mövqe səviyyəsinə endiyi üçün prosselər bu cür irəliləyir?
B.H: Biz əvvəlcə anlayışları bir-birindən ayırmağı öyrənəcəyik. Kimdir filosof? Kimdir ziyalı? Dostlarla görüşdə də bu məsələyə ötəri toxundum: biz əksərən ayrı-ayrı faktlara fokuslanmışıq, ayrı-ayrı hadisələrə köklənmişik. Əslində isə proseslərin daxili məntiqini tuta bilmirik. Hər halda çox zaman. Biz ağaca baxırıq, arxasındakı meşəni görmək istəmirik. Problem burdadır. Biz ayrı-ayrılıqda necə yaşaya biləcəyimizin qovğasına düşəndə bölünüb, xırdalanıb bir-birimizlə didişəcəyik, amma əksinə cəmiyyət kimi necə yaşayacağımıza fokuslansaq, daha sıx birləşəcıyik. Antik düşüncə insanın təklikdə necə xoşbəxt ola biləcəyi üzərində qurulmuşdu, XIX əsrdə fəlsəfə dedi, yox, xoşbəxtlik - kollektiv axtarışın məhsuludur. Ancaq XXI əsrin əvvəlində Corctaun Universitetində Hilari Koen yeni bir hərəkat başladı, o vaxtdan insanlara neoliberal düşüncə aşılanır və dünya yenidən ifrat fərdiyyətçiliyə qayıdır. Bu, çox şeyi dəyişir. Çox zaman da çox pis tərəfə dəyişir.
- Bəlkə də ayırmaq əvəzinə, bir-birinə kor-koranə caladığımız üçün mutant anlayışlar yaranır ?
B.H: Calaq etməkdən söhbət getmir, yox. Hər qız da vaxtı gələndə öz ata evindən ayrılır, ancaq başqa bir ocaqda çıraq yandırmağa gedir. Ayrılığa neqativ anlam yükləmişik. Folklor, klassik, lap elə modern poeziya ayrılığı o qədər tündləşdirib ki! Oddan qorxan kimi qorxuruq.
- Yaxşı, bəs, ümumiyyətlə, kimlər ziyalı sayıla bilər?
B.H: Hə, yaxşı sualdır: ziyalı kimdir?
Səhv etmirəmsə, professor Xudu Məmmədov zamanında ziyalının tərifini üç prinsip əsasında verib: 1. Ziyalı - öz sahəsini dərindən bilən, bu sahədə avtoritet olan, öz sahəsinə yenilik gətirən şəxsdir; 2. Öz məktəbini yaratmış (davamçıları olan) şəxsdir; 3. Vətəndaş mövqeyi olan şəxsdir.
Filosof, ziyalı - əslində bunlar hamısı bir anlayışın içərisidir. Anadolu türkləri buna "içərik" deyir. Bunlar intellektual gücün içərisində barınan anlayışlardır. Ziyalı daha geniş məfhumdur. Filosof isə "mənanı sevən" deməkdir. Fəlsəfə - anlam sevgisidir. Bir var, sözə sevgi, bir də var, sözün mənasına sevgi. Həyat, ölüm, hər şey haqqında fundamental düşüncə sistemi, mexanizmi, nə deyirsinizsə, deyin artıq. Yəni fəlsəfə də, ədəbiyyat da, başqa yaradıcı güc elementləri, düşüncə fabrikləri hamısı o "intelligent" anlayışının içərisindədir.
- Bir az əvvəl dediniz ki: "...ölkənin çox yerində sahib olduğum öz evim yoxdur, ancaq ölkənin çox yerində mənə sahib çıxacaq ev var..." Əlavə edim ki, hətta o qədər sahiblənirlər ki, Yerin və Göyün cazibə qüvvələrinin də gücü çatmır Sizi onlardan ayırmağa.
B.H: Cazibə qüvvəsi, bəli, fizikanın anlayışıdır. Ancaq cazibə qüvvəsinin ən dəqiq adını soruşsanız, mən "Sevginin gücü" deyəcəm. Heç bir şey Sevginin gücü qədər yaradıcı talant daşımır. Göy üzünə atılan daşı Yer üzü sevməsə, çəkib öz sinəsinə salmaz. Təkcə ona görə deyildi ki, "Göy üzü daş saxlamaz". Bu misranı yazan şair də bilir ki, Göy üzü daşla doludur. Yerin sevgisinin gedib çatmadığı Göy nahiyələrində nə qədər istəsən daş var. Yerin cazibəsi öz daşına olan Sevginin gücüdür. Sevgi - qoruyucu, əzizləyici gücdür. Amma, bax, keçən əsrdə Avropanı nifrətin gücü iki dəfə Cəhənnəmə çevirdi, amma Sevginin gücü yenə üstün gəldi - Cənnət yaratdı. Hirosimaya, Naqasakiyə atom bombasını atan nifrətin hikkəsi idi, ancaq bugünkü Yaponiya sevginin meyvəsidir, elə deyilmi?! İnsan - Sevgiyə inananda insandır, sevgisizliyə tapınanda vəhşidən fərqi qalmır.
Bəlkə də cavabdan uzaqlaşdım. Sevginin cazibəsinə düşəndə, hər bir başqa güc gücsüz qalır qarşında.
- Bahəddin bəy, "Ştaynhof klinikası" barədə məlumat verərdiniz oxuculara.
B.H: Elfreda Yelinekun "Pianoçu qız" romanındakı "Ştaynhof klinikası" Aşağı Avstriyada yerləşir. Bu klinika yaxınlıqda yaşayan hamının ağlını itirməsində maraqlıdır. Axı ağlını itirmiş adamların müalicəsindən bu klinika pul qazanır. Romanın sonlarına doğru görürük bir oğlanın ağlını başından almaq üçün əlindən gələn hər şeyi edən pianoçu qız axırda özü "yaratdığı" ağılsızın zorakılığının qurbanı olur. Biz cəmiyyətin dərin düşüncə mühərrikini söndürsək, intellekt gücünü öldürsək, ağlını başından alsaq, özümüz bir gün öz yaratdığımız monstrın əlində qalacağıq. Artıq əlamətləri var. Biz vaxtilə Qərbin kütləvi mədəniyyət fenomenindən qorxurduq, indi daha pisi gəldi - kütləvi mədəniyyətsizlik sindromu.
Pərvanə xanım, hərdən mənə elə gəlir, çox qəliz sularda üzürük. Sualtı qayalara çırpılmaq qorxusu var. Bəlkə də çox adam oxuyanda anlamayacaqlar.
- Haqlısınız. Mən də üzə bilmədiyim üçün, boğulmaq riskim daha çoxdur. Sahillə irəliləsək yaxşıdır.
Öz sözünüzlə desək, "qəhrəmancasına dəlilik" etmisiniz?
B.H: Qəhrəmanlıq etmədiyim üçün bunu deyə bilməyəcəm. Çünki bilmirəm. Mən müharibə müxbiri olmuşam, amma buna işimin bir parçası kimi baxmışam. Müharibənin "şəklini" çəkmişəm. Bircə onu bilirəm ki, öz torpağında gedən savaşın "rəssamı" olmaq çox ağırdı, çox ağır...
- Təvazökarlıq edirsiniz. Elə "təvazökarlıq" demişkən, insan hansı məqamlarda təvazökar olmalı və ya olmamalıdır?
B.H: Təvazökar deyiləm. Çünki təvazökar adam yoxdur. Foklorumuzda da bunun kodu var: "Heç kimsə ayranına turş deməz". Bu anlayışları, ümumiyyətlə, nəsə yaxına buraxa bilmirəm. Həm də çox kələ-kötür sözlərdir e bunlar, Pərvanə xanım. Təvazökar, qeyri-təvazökar. Elə bil asfaltdan çıxıb, daşlı, kəsəkli yolla gedirsən. Mənə görə dürüst insan var, bir də dürüst olmayan. İnsan özünə qarşı, özgəyə qarşı dürüst olanda həmin o Siz verdiyiniz sualın əlində əsir-yesir qalmayacaq. Başına-gözünə döyməyəcək ki: "Ay aman görəsən təvazökaram, ya yox?!" Artıq qayğılardır axı bunlar. Min dənə iş-güc, dərdimiz-odumuz var. Bu cür suallara niyə boş yerə vaxt itirməliyik?! Bir iş əlindən gəlir, de, əlindən gəlmir, de, alayarımçıq bacarırsan, onu da de. Vəssəlam. Bitdi, getdi. Məsələn, mən yazı yaza bilirəm. Başqa bir şey də bacarmıram. Seyran Səxavət dediyi kimi, heç maşın sürməyi də "bilmirəm".
- İnanmaq istədiyiniz adamları tez-tez sınayırsınız?
B.H: Yox. Mən kimsəni sınamıram. Sadəcə, müşahidə edirəm, sakitcə nəticə çıxarıram. Deyə bilmərəm, həmişə düz nəticə çıxarıram. İstənilən halda oyun oynamağı xoşlamıram, istəmirəm. Bacarmıram da.
- Çaplinin dediyi kimi, leysan yağış altında gəzdiyiniz vaxlar olubmu?
B.H: Göz yaşlarımı gizlətmək üçün?
- Bəli.
B. H: Vallah Bakıya yağış yağanda şəhəri su basır. Göz yaşlarımız da sel olub axır.
Doğrusu, bizdə göz yaşını gizlətmək də olmur. Bizə güclü olmağın yox, güclü görünməyin yollarını öyrədiblər. Ancaq insanıq, bir gün güclü olarıq, bir gün zəif. Bir gün xoşbəxt olarıq, bir gün bədbəxt. Bildim: mənim "Bədbəxtlik indeksi..." essemdən sual verirsiniz. Özünü davamlı olaraq bədbəxt sayan, ancaq İnstagramda xoşbəxt görünməyə can atan insanların cəmiyyətiyik. Bizi necə olmaq yox, necə görünmək narahat edir. Necə yaxşı yaşamaq yox, necə yaxşı yaşayırmış kimi görünmək. Bəlkə də hamıdan daha yaxşı... "sürünmək". O essemdə yazmışdım: şəhərdə gəzirsən, bilmirsən kim kimdir? Hamı cərrahi əməliyyatla özünü dəyişməyə çalışlb. Dəhşət içində bu nəticəyə gəlmişdim: özü ilə, üzü ilə barışıq olmayan, gör, sənə nə edər! Biz süni intellektlə işləməyə heç belə can atmırıq, süni zahiri effektə can atırıq. Bir mərasimə, məclisə, şənliyə-filan dəvət alanda, çox vaxt eləcə deyirik: "Gedim, heç olmasa, görünüm". Mən kimisə görüm, ünsiyyət, tanışlıqlar, bəlkə gələcək dostluqlar qurum" yox, görünüm. Sadəcə, görünmək üçün vaxt, enerji, pul, bəzən lap əsəb xərcləyirik. Görünürük. Çoxumuz məscidə də Allaha görünmək üçün gedirik. Ya da ən azı camaata görünmək üçün. Desinlər, filankəs də Allahın yoluna gəlib. Day demirlər: " Filankəs öz yolundan elə çıxmayıb ki..."
- Görünmək istəyi və ya görünməmək qorxusu niyə bizi bu qədər narahat edir ki?
B.H: Bizdə "daim üzdə olmaq" ehtiyacı var. Bir nəfər bu günlərdə mənə birbaşa sual verdi: "Niyə üzdə deyilsiniz?" Dedim: "Dənizə baxın: üzdə nə var, dərində nə var?!" Dəniz demişkən, fikir verirsiniz: dəniz sahilində yaşayan millətik, hələ də dənizin dilini öyrənə bilmirik. Üzməyi öyrənmirik. Bilirsiniz, niyə?!
- Sizcə, niyə?
B.H: Siz deyin...
- Batmaqdan qorxuruq, biraz da tənbəlik, özümüzə əziyyət vermək istəmirik.
B.H: O öz yerində. Dənizin dilini öyrənmədiyimiz üçün yay başlayandan bəri 3-5 gündən bir kimsə batır. Biz, ümumiyyətlə, dərindən qorxuruq. İstər dəniz olsun, istər elm olsun, istər yaradıcılıq - heç birində dərinə getmirik. Nəsə bir problem olanda da dərinə gedib, kökünə enmirik. Daim nəticə ilə savaşırıq, səbəblə yox. Fəlsəfi mətnləri niyə az oxuyuruq, lağlağını çox?! Çünki fəlsəfi mətnlər dərindir axı. Üzgüçülük kursuna da getməkdən qorxuruq. İrrasional qorxudur, amma qorxudur bu. Düşünürük, üzməyi öyrənsək, sahildən çox uzağa gedəcəyik və... batacağıq. Ali məktəbə də çoxumuz elə diplom üçün getmişik. Bizdə üzdən getmək xəstəliyi var. Bir də, dediyim kimi, həmişə "üzdə olmaq" ehtiyacı. İstəyirik, hamı bizi tanısın, küçədə barmaqla göstərsinlər, desinlər: "Bir bax, filankəs gəlir..." Əslində bu fantom məşhurluq insana heç nə qazandırmır. "Fotogenom"da geniş yazmışam.
- Ölüm qorxuludur ya həyat?
B.H: Həyat daha qorxuludur. Bununla bağlı Kamyü, başqaları da yazıb. Ancaq belə bir fikir geniş yayılıb: "Mən ölümdən qorxuram, amma həyatdan daha çox qorxuram". Səhv etmirəmsə, Zolyadan oxumuşam. Mən "Həyat və ölüm dərsləri" adlı essemdə bu suala əslində geniş cavab vermişəm. Həmin essedə belə bir hissə var: "Bəs birdən "Gertsman sindromu"na uduzsam?!
Bax, bu, nəinki pensiyaya çıxmaq, tamam sıradan çıxmaq demək olardı. Bu, ölümün özündən də qorxuludur; həmin gün mənim üçün Həyatın çox erkən və daha əzablı sonu deməkdir. Bundan da daha qorxulusu romanda xatırlanan prozopaqnoziya kimi nevroloji pozğunluğa uğramaqdır. Bu xəstəliyə tutulan təkcə başqasının deyil, elə özünün də sifətini unudur. Bu, bir anlamda sifəti itirməyin kliniki adı olsa gərək. Əgər çox dramatikləşdirmədimsə. Hərçənd həyat onsuz da dramatikdir. Həm də ölümcül dərəcədə..."
"Gertsman sindromu" yəqin bilirsiniz nədir. Yazı yazmaq qabiliyyətini tam və ya qismən itirmək. Yazıçı üçün bu sindromla yaşamaq yaxşıdır, ya ölüm? Əlbəttə, ölüm. Mən oxucunun yerinə olsaydım, Pol Kalanitinin "Hava nəfəsə qarışanda" romanını yerin altından da olsa, tapıb oxuyardım. Amma yeri qazmaq lazım deyil, "Qanun" nəşriyyatı buraxıb, orda var.
"Həyat və ölüm dərsləri" essemi bu roman haqqında - bu əsərin üzərindən yazmışam. Peşəkar və fədakar həkimlərə həsr edərək...
- Arzularınız çox çin çıxıb, yoxsa qorxularınız?
B.H: Bunu məşhur yazıçı deyib: "Arzularınızla ehtiyatlı olun: onların çin çıxmaq kimi bir xasiyyəti var". Amma mənim arzularımın xasiyyəti, deyəsən, bir az tündməcaz, bir az da dəyişkəndir. Jurnalist olmaq istədim, bir az oldum, yazıçı olmaq istədim, lap az oldum. Ancaq elə arzular var, arzu olaraq qaldı. Yazıçı niyə "ehtiyatlı olun" deyir?! Çünki Lenin bir yeni, daha yaxşı quruluş arzuladı, arzusu çox pis çin oldu - sonu qanlı diktatura ilə bitdi. Hitler Almaniyanı dünyanın ağası kimi görmək arzusundaydı, arzusu ürəyində qaldı, on milyonlarla insan həyatını itirdi. Almaniya ən azı əlli il geri düşdü. Bu cür arzular da var. Çin olan, çin olmayan. Yəni bütün arzuların çin olmaq haqqı və ya şansı yoxdur...
- "İnsan körpəlikdə aldığı heç bir travmanı həyata borclu qalmaq istəmir."- yazmısınız. Bəs Siz həyata nəyi borclu qalmaq istəmirsiniz?
B.H: Əksinə həyat mənə borcludur. Məndən aldığı doğmalarımı. Bir də tarixin qasırğalarında itirdiyim cavan illərimi. Mənim də aldığım yaralar var. Ancaq o yaraların hesabını başqalarına ödətdirmək istəyəcək qədər zəif və aqressiv yetişmədim. Aleks Mixaelidesin personajı isə öz travmalarına yenilmişdi. Belələri həyatda var: uşaqlıqda almadığı sevgini başqalarına da qısqanır. Körpələrə və uşaqlara sevgi vermək gərəkdir. Nə versən, bir gün geri dönür.
- "Süni intellekt dəbə minəndən, təbii intellekt dibə düşüb." - deyirsiniz. Süni intellektin təbii hiss və duyğuları dibə endirməyi kimi bir təhlükə varmı?
B.H: Sosial şəbəkə platformaları da həyatımıza daxil olanda qorxularımız var idi. İndi o qorxular gerçəyə çevrildi. Əlbəttə, çox üstünlükləri də var. Süni intellektin lap çox. Ancaq məni narahat edən həmişə bir nüans var: süni intellekt bir çox sənətləri əlimizdən alır. Alsın. Ancaq axı bizim adil və güclü sosial müdafiə sistemimiz yoxdur. Kütləvi işsizlik yaransa, necə olacaq? Uşaqpulu ala bilmədiyimiz yerdə kimdir işsizlərə "böyükpulu" verən?! Süni intellekt emosional intellekti hara, haraya qədər sıxışdıracaq və hansı küncə sıxacaq?! Cəmiyyətdə əlavə gərginlik xətləri, təzə çatlar yaranmayacaq ki? Bunlar süni intellektlə bağlı təbii narahatlıqlardır. Yoxsa biz (haşa!) texnologiya düşməni deyilik.
- Bəlkə də elə" böyükpulu"muz uşaqpulu miqdarında olduğu üçün uşaqpulunu da ala bilmirik.
BH: Nə bilim...
- Texnologiya inkişaf etdikcə nədə irəli gedib, nədə geri getmişik?
B.H: Baxır, nədə irəli getmişik, nədə geriləmişik. Bəzən görürsən, nə irəliləmişik, nə geri getmişik. Bu, daha qorxulu vəziyyətdir.
- 50 yaş kamil insan ömrüdürmü? Və ya 50 yaşını keçən hər insan kamil ola bilirmi?
B.H: Zaman -yaşanan illər kamilləşmək üçün şansdır. Ancaq bu, heç də o demək deyil ki, 50 yaşa çatan hər kəs kamilləşir. Xeyr. Kamilləşmədə çox faktor rol oynayır. Zaman bu faktorlar arasında bəlkə də ən axırıncılardandır. İnsanın aldığı tərbiyə, təhsil, böyüdüyü mühit, özünə formalaşdırdığı çevrə, mütaliəsi, dünyagörüşü, düşüb çıxdığı situasiyalar - həyatdan aldığı dərslər və sair və ilaxır burada əsas faktorlardır. Ümumiyyətlə, insanın həyatına, xarakterinə təsir edən amillər sonsuz saydadır.
- Sükutla dialoq quranda söhbətə kim birinci başlayır və nə deyir?
B.H: Sükutla dialoq mövzudan və situasiyadan asılıdır. İnsan bəzən susaraq danışır, bəzən danışa-danışa susur. Qədim yapon fəlsəfəsində var: susmaq - heç nə deməmək deyil, həqiqəti deməməkdir. Bir narrativ isə bizə "pıçıldayır": elə həqiqətlər var, söyləmək üçün deyil.
- Bahəddin Həzi oxuculardan nə gözləyir və nə istəyir?
B.H: - Oxuculardan gözləntim: imkan tapan kimi oxusunlar. Texnologiya sürətlə irəli sığıyır, kitab sanki artefakta çevrilir, elə bil həyatımızdan çıxır. Jan Bodriyar deyirdi: "Artıq getdikcə daha çox informasiyanın, daha az mənanın olduğu dünyada yaşayırıq". Bu postulat doğrudursa, deməli, Dünya getdikcə informativləşir və mənasızlaşır. Ancaq bu, uzun müddət davam edə bilməz ki. İnsanlar nə zamansa yenə mənaya, mahiyyətə, narrativə qayıdacaq.
Oxuculardan istədiyim odur ki, bu çətin zamanda hakimə və həkimə işləri düşməsin. Hə, bir də nə vaxtsa oxucularıma bir sual verəcəm...
- Bəlkə o "nə vaxtsa" elə indidir?
B.H: Yox, o "nə vaxtsa"nın öz vaxtı var.
- Söylənməyən həqiqətin və nə vaxtsa verəcəyiniz sualın intizarı ilə yekunlaşan müsahibəmizə, maraqlı və maraqla verdiyiniz cavablar üçün təşəkkür edirəm, Bahəddin bəy.
B.H: Siz sağ olun.
Pərvanə Eyvazqızı






